TOLERANTLIĞIN GERÇƏK CARÇISI BİZİK
Müsəlman haqq aşiqidir.
Müsəlman olan məkanda ədalət hakimlik edər. Mərhəmətlilik ali qayəmizdir. Həzrət
Peyğəmbərimiz buyurmuşdur ki, məbadə müsəlmanı söyəsən, günahkara itaət edəsən,
doğru danışanı təkzib edəsən və ya yalançını dəstəkləyəsən. Həmçinin gizlində və
ya aşkarda etdiyin hər bir bəd əmələ, səhvə görə tövbə etməlisən. Əfsus ki,
adını müsəlman qoyub içində müsəlman qayəsini yaşatmayan bəzi dövlət
başçılarının xatakarlığı beynəlxalq aləmdə bizə həyatın hər üzünü göstərir. Bu
səbəbdəndir ki, başımıza açılan bəlaların ardı kəsilmir. Sanki kafirliyin iki
növü əmələ gəlib. Onların üzü də tez-tez
dəyişir, daxili aləmi də. Kafirlik siyasi dolanbaclarda eybəcər formalar alır,
şeytanlığın yeni səhifələri yazılır.
Özgədən nə gözləyəsən?! Ona
görə də yadların pisliyini, xəyanətini təbii qəbul edirik. Böyük güclərin
başçılığı altında xristian toplumunun vahid mövqedən çıxış edərək dinc yaşayan
müsəlman dövlətlərinə qarşı “səlib yürüşü” açıq kart kimi çoxdan ortaya
qoyulub. Gözümüzə girən, beyin qurdumuzu tərpədən bu həqiqətlər düşmənimizi
daim xoşlandırır. Onlara qarşı açıq mübarizə nə qədər dar miqyaslı olsa da, çox
şükür ki, mövcuddur. Lakin çoxumuz qəflət yuxusundadır. İslam aləminə yönəldilən
iqtisadi-siyasi təzyiqlərə cavab verə biləcək güclərimiz öz arxasında inam və
inadlı dayaqları görə bilmirlər. Müsəlmana necə gəldi qarayaxan, müqəddəs müsəlman dəyərlərini gözü
götürməyən qüvvələr gözümüzün qabağında kor atı minib köndələn çapırlar. Mən
demirəm ki, onlara ucdantutma yox deyək. Əsl müsəlman insanlığı inkar edə bilməz.
Bəs, bu bezikdirici haqsızlığa nə qədər göz yummaq olar.
Əsl müsəlman təkcə
özününkülərə deyil, o cümlədən xristian əqidə sahiblərinə xüsusi ehtiram göstərməyi özünə bəşəri borc
hesab edir və bu məqsədlə əməli işlər görür. Ölkəmiz bu sahədə xüsusi nümunə
göstərir. Tolerantlığın gerçək carçısı bizik. Daim yıxılan xristianın əlindən
tuturuq. Bizə nankorluq etməyi özünə gündəlik iş bilən ermənilərə azmı xeyir
vermişik? Bugünkü erməni dövləti bizim torpaqlarımız hesabına hasilə gəlib.
Onlara qarşı rəhmdilliyimiz göz önündədir. Biz həmişə onları bağışlamışıq,
lakin onlar müsəlman qanı içməkdən doymurlar.
Nədəndir ki, bizim
yaxşılığımız cavabsız qalır. Demokratik dəyərlərdən, fikir və söz azadlığından
dəm vuran bəzi xristian əqidəli dövlət rəhbərləri müntəzəm bir tərzdə müsəlman
faciələrini kölgə altına salmağa cəhd edir və bizə qarşı uydurma soyqırımlar
yaradırlar. Böyük tribunalarda açıq-açığına gunahkara, yalançıya, qəddar
insanlara haqq verilir, müsəlman dövlətləri isə süni yollarla, cürbəcür fitnə
törətməklə qan içində boğulur. Biz dini toleranlığımızla öyünürük, onlar isə
yerli-yersiz müsəlmançılığı ölüm hədəfinə çevirirlər. Görəsən, bəzi müsəlman
dövlətləri bu haqsız münasibətlərə qarşı haçan barışmaz mövqe tutacaqlar?!
Erməni saytlarının verdiyi
məlumatlara görə inkişaf yolu tapa bilməyən Ermənistanda iqtisadi məsələlər
indi də epidemiya maneələri ilə üzləşmişdir. “Armeniasputnik.am” saytı yazır
ki, koronavirus epidemiyası ilk növbədə Ermənistan iqtisadiyyatının iki sahəsinə
– turizm və daşımalara güclü zərbə vurmaqdadır. İrəvan şəhərində keçirilən
müvafiq mətbuat konfransında bu fikri iqtisadçı Suren Parsyan dilə gətirib. Ermənistanda
koronavirusun yoluxması ilə bağlı 3 yeni hal qeydə alınıb (son məlumata görə həmin
rəqəm 52-yə çatıb). Onun sözlərinə görə, hazırda Ermənistanda turizm sahəsi
ciddi ziyan içindədir. Adətən mart ayında İrandan 30-50 minlik turist axını
olurdu. Hesablamalara görə, Ermənistanda hər bir turist orta hesabla 1000
dollar xərcləyir. Əgər 30 min turistin Ermənistana gəlmədiyini düşünsək, belə nəticə
çıxar ki, ölkə artıq 30 000 000 dollar
itirib. Bununla yanaşı, bir qayda olaraq, Ermənistanda Novruz günlərində – yəni
martın 21-dən əvvəl və sonra İrandan xüsusi axın müşahidə olunurdu.
Ermənistan rəhbərləri dəfələrlə
bəyan etmişlər ki, İran olmasa erməni xalqı yaman günlərə düşər. Bu gün Ermənistanda
ticarət sahəsində 600-dən çox İran şirkəti fəaliyyət göstərir. Hətta onlar tərəfindən
beynəlxalq qanun müddəalarının pozulması
hallarına göz yumulur. İranlı sanki erməninin böyük qardaşı sayılır. Budurmu
müqəddəs Quran hökmlərinə söykənmək?! Laqeyd bir görkəmdə İslam qardaşlığını
ayaqlar altına atanlara “salaməleykim” deməyə dəyərmi? Azərbaycanlılara qarşı
çox qəddar bir vəhşiliklə törədilmiş Xocalı soyqırımına görə İranın imanlı
ruhaniləri işğalçı Ermənistana etiraz səsini
ucaltmaq əvəzinə nə üçün əlavə pənah əlini uzadırlar. Əksinə olaraq İran-Ermənistan
əməkdaşlığı ildən-ilə çiçəklənir: nə müsəlman təəssübkeşliyi yada düşür, nə də müsəlmancılıq şərəfi!
28 sentyabr 2002-ci il
tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş zamanı ulu öndərimiz
Heydər Əliyevin dini və siyasi kontekstdə rusiyalı həmsədr Nikolay Qripkovla
ibrətamiz dialoqonu yada salmaq istəyirəm: “Orada (Şuşada) çoxdan bir kilsə
vardı. Zaman keçdikcə bir qədər uçulub-dağılmışdı, sonra sovet dövründə mən
burada işləyəndə bu kilsəni bərpa etdilər, orada Azərbaycan məscidi də var. Bu,
ötən əsrin 70-ci illərinin ortalarının söhbətidir. Mən Şuşaya getdim, bütün
bunları gördüm. Məscidlərin hamısını və təbiidir ki, bu kilsəni də bərpa etmək
üçün tədbirlər gördüm. Lakin bu kilsə Şuşa üçün çox böyük idi, çünki orada ermənilər
bir o qədər yaşamırdı. İndi isə bilmirəm, siz görmüsünüz, yoxsa yox, prezident
Koçaryan dedi ki, onlar orada daha bir kilsə tikiblər.
Nikolay Qripkov: Biz kilsədə
olmuşuq, deyilənə görə, o 1880-ci ildə tikilmişdir.
Heydər Əliyev: Bəs oraya gələnlər
varmı?
Nikolay Qripkov: Hər halda
orada arxiyepiskop, keşişlər var. Ora gələnlər barədə deyə bilmirəm, biz orada
olanda heç kim yox idi.
Heydər Əliyev: Bəli,
arxiyepiskop var. Məsələn, İrəvanda gözəl bir Azərbaycan məscidi var idi,
vaxtilə mən orada olmuşdum.
Nikolay Qripkov: Biz İrəvanda
hər halda iki məscid gördük.
Heydər Əliyev: Münaqişənin
ilk dövründə onlar da dağıdılmışdı. Sonra onlar məscidləri iranlılara verdilər
və indi deyirlər ki, bunlar Azərbaycan məscidi yox, İran məscididir. İranlılar
da müəyyən şəraiti nəzərə alaraq, təbii ki, onları yenidən qurdular və bərpa
etdilər. Bəs indi? Onlar bomboşdur, iranlılar isə oraya molla təyin ediblər.
Molla məsciddə oturur, orada isə bir nəfər də müsəlman yoxdur ki, məscidə
girsin...”
Sadalanan bu faktlar müsəlman
qardaşlığının çox ağır təzahürüdür. Belə olan halda İrana müsəlman ölkəsi deməyə
dilimiz necə gələr?! Ermənistan sənin dindaşlarını soyqırıma məruz qoyur, sənin
mədəni-dini abidələrini təhqir edir, sən isə ona heç bir irad bildirmir, əksinə
təmənnasız yardım və dayaq göstərirsən. Mən belə başa düşürəm ki, bu sayaq
kafirlik İran müsəlmanlarının işi deyil. Bu, erməniləri özlərinə qohum sayan
fars rejiminin bir xainlik əməlidir.
Altıncı çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasında möhtərəm Prezidentimiz İlham
Əliyevin erməni vandalizmi və saxtakarlığı barədə açıqladığı mühakimələr məhz əqidə
dəyərlərini itirən müsəlmanların açıq xainliyindən xəbər verir: “XX əsrin əvvəllərində
Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki,
orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki
torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları,
orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman
ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər
tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm.
Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu
geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan
rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki,
təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə
elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı
kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır.”
Söz yox ki, diplomatik mərifət
qaydalarına uyğun olaraq ölkə rəhbərimiz konkret ad çəkmir. Müdrik bir halda məsləhətini
bəyan edir ki, bəlkə, müsəlman qardaşlığını ucuz tutan nakəslər gizlində və ya
aşkarda etdiyi hər bir bəd əmələ, səhvə görə tövbə edərək haqq yoluna
qayıdarlar. Bu hallar həqiqətən bir müsəlman kimi bizi çox narahat edir.
“Humanist İslam vəhdəti”
deyilən bir dəyərli məsələyə beynəlxalq müstəvidə biganə baxış yalnız təəssüf
doğurur. Sözün açığı, say sarıdan korluq çəkmirik. Amma ideya düşmənlərimizə
qarşı təsir gücümüz sayımıza uyğun deyil. Mənəvi gücümüzə isə güc çatmaz.
Bitib-tükənməyən mənəvi qüdrətimizin sadə xristian aləmində yaratdığı məmnunluq
bizləri çox rövnəqləndirir, ruhumuzu oxşayır. Rus xalqının böyük yazıçısı Lev
Tolstoy demişkən, istənilən şüurlu insanın son dayanacaq nöqtəsi İslamdır. Bu
hikməti dərk etməyin özü bir böyüklükdür...
İbrahim MƏSİMOĞLU
müharibə veteran, ehtiyatda olan
polkovnik-leytenant

Комментарии
Отправить комментарий