ORDU HƏQİQƏTLƏRİ
Ordu və onun qüsurları haqqında hər
deyilən söz həqiqətdirmi? Əgər bütün deyilənləri, təsadüfi atmacaları nəzərə
alsaq, lap belə doğru mənbə kimi qəbul etsək, o zaman heç bir orta məxrəcə gəlib
çıxa bilmərik. Bəs kim doğru söz sahibidir? Həqiqətən fikirlər çox müxtəlif, həm
də ziddiyyətlidir. Hərə öz prizmasından baxır. Həqiqət isə birdir. Əsl həqiqəti
yalnız ordunun özü bilir. Əlbəttə, bu cür xətalı münasibət Vətən eşqli könüllərdə,
səngərləşən əqidələrdə özünə yer tapa bilməz. Elə hal ola bilər ki, həqiqət
sapmalarına, əsassız möhürlənmiş fikirlərə
hərbi xidmət yükünü çəkə bilməyən, xidmətdən yayınmağa meyil göstərən, cinayət
törədən əsgərlər yol verirlər. Ordu haqqında sızan yalan informasiya və məlumatlar da ötəri biçimdə əsgər
dünyasına yamaqlanan hadisələr fonunda beləcə yayılır. Başı bu və ya digər
siyasi mənbəyə bağlanmış münasibətə görə deyilən həqiqət isə həqiqət sayıla
bilməz. Filosoflardan biri çox gözəl deyib ki, heç bir şey haqqında özgə fikrinə
əsasən mühakimə yürütmək olmaz, çünki həyatda insanlar müxtəlif qayələrə malik
olduğuna görə onların fikirləri də rəğbətdən və ya ədavətdən doğa bilər.
“N” hərbi hissəsinin gənc zabiti qətiyyətsiz
Aqşin Məmmədov zəif iradə sahibi olduğuna görə həm təmsil etdiyi şəxsi heyəti,
həm də valideynlərini məyuslandırıb. Onu hərbçi şərəfindən iraq salan səbəb nədədir?
Bəlkə, gənc zabitə xidmət prosesində kimsə əks-təsir göstərir? Atasını, özünü və
həmkarlarını dinləyərkən bir sıra səbəblər
yığını ilə üzləşdik. Leytenant Aqşin Məmmədovun özü açıq söylədi ki, evlərində
yaranmış problemlərdən narahat olaraq hərbi hissəni özbaşına tərk edib. Əlbəttə, onu da yaxşı anlayıb ki,
bu ağılsız hərəkətlə cinayət əməli törədib. Hərbi hissə komandirliyi mövcud
qanunvericiliyə əsasən onun sənədlərini hərbi prokurorluğa göndərib. Övladının
səhv addımından pərt olmuş atası Arif Məmmədov əsas səbəbi oğlunun ərköyünlüyündə
görür, yəni odudan incikliyi yoxdur. Cəbhədaşları da təkid edirlər ki, gənc
zabit Aqşin Məmmədov Murovdağ kimi çətin şəraitdə xidmət göstərməyə dözmür, mərhumiyyətlərə
tab gətirə bilmir, zəifdir. Səbəblər inandırıcıdır. Hər halda o fakt gercəkdir
ki, Aqşin cəzaya məhkumdur. Hərbi məhkəmə məhəmət göstərərək onu qanunlara uyğun olaraq yenidən özünü doğrultmaq üçün hərbi hissəyə
göndərib. Bu, gənc zabitə göstərilən axırıncı güzəşt kimi qiymətləndirilib.
Lakin kənarda müşahidəçi mövqeyində duran qonşular, tanışlar, eləcə də orduya kəm
baxan siyasət bazlar bu məsələyə tamam
başqa sayaq rəng vururlar. İndi gəlin bu qədər fikirlərin, arqumentlərin içərisində əsl həqiqəti arayaq. Axtarış çətinləşir. Söz
yox ki, əsl gerçəklik boyalı ideyaların kölgəsində dumanlanır, ordunun ünvanına
yerli-yersiz deyilən hədyanlara meydan açılır, nöqsan və çatışmazlıqlar
şişirdilir, xaos yaradılır. İndi kimə inanaq, hansı sözə dayaqlanaq?!
Doğrudan da, ordumuzun həqiqətləri bəzilərinin
beynində nə qədər anlaşılmaz, bir qisim qrupun gözündə nə qədər kölgəli və
yalnız eyiblərdən ibarət olsa da heç vaxt ölməyəcək, zərrə qədər əyilməyəcəkdir.
Çünki öz əsgərinə ləkə yaxan, öz ordusunun nöqsanını çeynəyənlərə züy tutan,
yaxşı cəhətlərinə barmaqarası baxan adamların sayı yüksək ideyalı ordusevərlərin
sayından çox azdır. Şübhə yoxdur ki, zaman gec-tez hər kəsi öz yerinə qoyacaq, öz qiymətini
tarixə yazacaq.
Xalq yolunda şərəfə dönmək istəyən bir
əsgər ailəsi ilə tanış olaq. Əsgər Nəsib Vəliyev ön xətdə yerləşən “N” hərbi hissəsinin
bacarıqlı, cəsur rabitəçisidir. İki ildən çoxdur ki, namuslu, mərd ömür sürür–səngərdədir.
Öz səadətini Vətənin azadlığında axtarır. Ana torpağa məftunluğu yeniyetmə
çağlarından başlayıb. Bu, azərbaycanlılara xas fitri cəhət deyilmi? Fikrimizdə
vurğulanan məntiqlə bağlı bir hikmətli
mühakimə var: insanda yaxşı nə varsa, günəş şüalarında və ana südündədir–bizdə
həyat məhəbbətini doğuran budur. El duyumlu Nəsib kimi oğula da bu əxlaqi
keyfiyyətlər ana südündən hopub. O, Koroğlu, Ömər kimi sıldırımlı uca dağlarda
hərbi əməliyyat zamanı buzlu cığırları qət edərkən qara düşüb. Ağır donvurma dərəcəsinə
məruz qalsa da nə həyacandan boğulub, nə də qara fikirlərə təslim olub.
Hospitalda müalicəsi uzun çəksə də, mənəvi
bahadırlığı fiziki azarını məğlub edib. Axı, Nəsib öz əsgəri xidmətini davam
etdirməsəydi, bəlkə də, dünyasını dəyişmək həddi səviyyəsində əzab çəkərdi.
Nəsibin atası Məcid kişi ilə döyüş
bölgəsində görüşdük. Öz can-ciyərinə baş çəkməyə gəlmişdi. Fikir yumağına
dönmüş bəzi naxələf əsgər ataları kimi bədbin görünmürdü. Üz-gözündən əsl mərd əsgər
atası hissləri yağırdı.
Söhbət zamanı orduya qarşı yersiz,
qeyri-səmimi tənqidin mövzu ilməsini açmazdan əvvəl Məcid kişinin özü öz
narahatlığını açıqladı:
– Öz ordusunu sevən kəs ordusuna şər atmaz. Bəli, mən bu əməli şər adlandırmaqla yanaşı öz-özünə söyüş kimi
qiymətləndirirəm. Çünki dövlətimizin Silahlı Qüvvələri xalqımızı təmsil edir,
biz onu necə sevməyək? Ona ünvanlanan hər nahaq söz həm də mənə tuşlanır. Axı,
iki oğlum ordudadır. Biri bu Nəsibdir ki, Siz tanış oldunuz. Digəri Goranboy
istiqamətində düşmən önündə dayanıb. Hər
ikisi öz vətəndaşlıq borcunu namusla yerinə yetirir. Mən oğullarımı əsgərliyə
yola salanda demişəm: kürəyindən güllə dəysə, mənim oğlum deyilsən. Əgər güllə
sinəndən dəysə, təkcə mənim deyil, həm də öz xalqının oğlusan. Mənim fikrimcə,
insanın kamilliyi Vətənə sədaqətli xidmətində və bu xidmətin mayaladığı mənəvi
qüvvələrin vəhdətindədir. Bu vəhdəti içində yarada bilməyən kəs, yəqin ki, ordusunu
da sevə bilməz.
Necə deyim, mən 1948-ci ildə tarixi
torpaqlarımızdan–indiki qondarma Ermənistandan qovulmuş, covet rəhbərliyinin
icad etdiyi didərginlərdənəm. Ulu Vedi obamızın Şıxlar kəndində həyətimizdə iki
tut ağacı vardı. Atam sağ olanda özü gedə bilməsə də, həmişə mənə təkid edirdi
ki, vaxraşırı gedib həmin ağacları ziyarət edim. O ağacları atam öz əli ilə əkmişdi.
Hər ziyarətdən sonra sanki cavanlaşır, yeni qüvvə toplayırdım. Atam son nəfəsdə
“Vedini unutmayın” deyib can verdi. Çünki dədə-baba yurdunubütün varlığı ilə
sevirdi. Biz onun mənəvi varisləriyik. Hazırda ölkəmizin sərhəd bölgəsində
yaşayırıq. Boş vaxtlarda mənim ailəm odun-ocaq işində sərhədçi əsgərlərə dayaq
verir. Bilirik ki, əsgərinə, zabitinə, öz ordusuna güvənməyən, ona kömək etməyən
adamın taleyi didərginlik taleyinə dönə
bilər.
Məcid kişinin taleyinə bənzər ailələr
aramızda azdırmı? Bu, bizə göpk deyilmi?! Haçanacan orduya oğul vermək, ona
qahmar çıxmaq əvəzinə naqqallıq edəcəyik. Lovğa, təkəbbürlü siyasətbazlar, özünə
pərəstiş edənlər, şöhrətpərəstlik mərəzinə tutulan xudpəsənd müxalifət qüvvələri
əgər siyasi hakimiyyət nəfsinə qurban kəsiləcəklərsə, tez ayılsınlar, daha
xalqımız o aldanan xalq deyil, bir para həmin kəslər öz eqoist fikirlər
girdabında məhv olacaqlar.
Ağdamın Güllücə kəndindən qaçqın
düşmüş Cəmaləddin Məmmədov da iki əsgər atasıdır. Bir oğlu Murovdağ döyüş
zonasında, digəri isə Naxçıvanda xidmət göstərir. Ordunun məişəti, güzəranı barədə
onun rəyini öyrənmək istərkən fikirdə bizi qabaqladı:
– Eşidəndə ki, ordumuzda əsgər aclıq
keçirir, vərəmə tutulur, pal-paltarsız qalıb, vallah şübhə məni basır. Odur ki,
imkan tapan kimi oğlum Fəqnəbinin yanına gəlirəm, görürəm ki, deyilənlər yalan
imiş. Özü də mənim oğlanlarım fiziki cəhətdən də gözəgəlimlidirlər. Hər şey bir
yana qalsın, məgər ətli-kök əsgər olmaq əsas şərtdir ki, ordunu tənqid edənlər
birinci növbədə arığlığa irad tuturlar?! Arıqlıq və ya köklük hər bir insanın
özünəxas fiziki əlamətidir. Əsas odur ki, sağlam olsun, düşmənin başına zərbə
endirməyə gücü çatsın. Bu da ki, maşallah, bizim oğullarımızda var. Naxçıvanda
xidmət edən oğlum Nizaməddinin yanına uzaq olduğuna görə gedə bilmirəm. Amma məktubu
gəlib çatır. Onun da gileyi yoxdur. Bəs, görəsən, ordunu tənqid edənləri nə
qane etmir?
Bax, əsas ziddiyyət bu “qane etmir”
ideyasının əmmasındadır. Əmma da bəllidir: ordunu şərləyib qarmaqarışıqlıq
salmaq, reallığı təhrif etmək, siyasi
sabitliyi pozmaq və fürsət tapıb ali kürsülərə sahib olmaq. Ağır ordu güzəranına
qulp qoymaq vəzifə hərisliyinə tutulanların əməlidir. Həmin kəslərə əsgər
ataları adından deyirik: siz deyən siyasi küləklər, siyasi fırtınalar öz ömrünü
başa vurubdur. Biz təmiz vicdan səsini eşidirik. Təmiz vicdan nə saxta sözlərdən,
nə haçalı yalanlardan, nə şayiələrdən, nə siyasi dedi-qodulardan, nə də keçid
dövrünün çətinliyindən qorxmayacaqdır.
İbrahim MƏSİMOĞLU,
müharibə veteranı, ehtiyatda olan
polkovnik-leytenant

Комментарии
Отправить комментарий