“MƏN ORDUMUZUN QOCA QARTALIYAM”
Bu sözləri deyə-deyə
döyüşçü həyatı ilə öyünən 40 yaşlı Arif Bilal oğlu Məmmədov ömrü boyu özünü çox
sınağa çəkib. Dincliyinə qənim kəsilə-kəsilə həmişə hər işdə, hər əməldə
birinci olmaq sevincini yaşayıb. Bəzən gözə gələndə, bəzən də zəiflik göstərib
səhv buraxanda içində yanıb yaxılsa da, ümidini, inamını itirməyib. “Kişinin
başı qalmaqalda olar”, - deyən Arif öz ömür tarixçəsinə təbii ilmələr atır, oda
düşən qisməti ilə öyünməyi bacarır. Bu səbəbdəndir ki, Azərbaycan ordusunun ilk
şanlı taborunun ilk starşinası olub. Bu səbəbdəndir ki, əvvəllər gizir kimi
xidmət edən Arif 40 yaşında zabit rütbəsi alıb. Bu yaxınlarda “Azərbaycan
Bayrağı” ordeni ilə təltif olunan hərbçilər sırasında Arifin də adı var.
...1992-ci ilin isti
avqust ayı idi. Azğın düşmən Ağdabanı güclü top atəşinə tutmuşdu. Birinci top batareyamız
mövqeyini tərk etmişdi. Arif döyüşçülərə ərzaq gətirirdi. Vəziyyətdən xəbərsiz
idi. Kəndə yaxınlaşanda kapitan Kamal onun qabağına çıxdı və həyəcanla dedi:
- Arif, yaxşı ki,
vaxtında gəldin. Birinci batareya mövqeyi tərk etdi, tək qalmışıq. Ermənilər
bundan xəbər tutmamış tədbir görmək lazımdır.
Arif tez silaha
sarıldı və “dalımca”, - deyə ikinci batareyanın əsgərlərinə ön səngərə keçib
döyüş mövqeyi tutmağı əmr etdi. Toplarımızdan altı cavab atəşi açıldı. Hədəflər
düzgün nişanlanmışdı. Ona görə düşmənin atəşi seyrəldi. Bu zaman “N” postundan
Elməddin adlı bir əsgər “kömək edin”, - deyə çığıra-çığıra topçuların səngərinə
doğru gəlirdi. Arif əsəbi halda soruşdu:
- Nə olub?
- Baş çavuş Şəmsəddin
Əbdülrəhmanov, bir də 6 əsgərimiz köməksiz qalıb. Ermənilər üstümüzə yeriyirlər.
- Bu dəqiqə əncam çəkərik.
Arif 10 əsgərlə
birlikdə od-alov içərisində sürünə-sürünə posta çatdı. Şəmsəddin onu görcək
sevincindən ağladı:
- Gəl bir səni öpüm.
Bildim ki, gələcəksən.
“PK”-lar eyni məqamda
işə düşdü. Düz 10 lent patron boşaldı. 3 saatdan sonra gizir İslam Babakişiyev
başda olmaqla birinci bölüyün döyüşçüləri özlərini ön atəş xəttinə yetirdilər.
Düşmən basıldı...
Arifin yaddaşında
yatan döyüş xatirələri zəngindir. Daşaltı əməliyyatı ürəyinə bir qara xal
salıb. Ağdərədə zəfər çalmağın çəmini öyrənib. Laçında, necə deyərlər, ölüb
ölümdən qayıdıb. Kəlbəcər xatirələri acılı-şirinlidir. Təhlükəli bir gecədə
Çapardan Zərdəxaca xeyli top mərmisi daşıyıb. Çaparda 6 əsgər və 1 topla düşmənin
qabağını kəsib. Kəlbəcər faciəsi zamanı qaçanlara qoşulub aradan çıxmayıb. Yiyəsiz
qalan 3 “Ural” maşınını, 3 topu və 18 avtomatı lazımi yerə təhvil verib.
Starşina olsa da, çox vaxt komandir postunda oturub qəfil döyüş tapşırıqlarını
bacarıqla yerinə yetirib. Nəhayət, Arifi batareyada taqım komandiri vəzifəsinə
təyin ediblər.
- Hansı döyüşləri
özün üçün uğurlu hesab edirsən? – deyə ondan soruşuram.
Arif zabitə xas
qürurla cavab verir:
- Hansı döyüşdə ki,
düşməni məhv edə-edə irəliləyirik, ona uğurlu döyüş deyə bilərəm. Əvvəllər çox
döyüşlərdə olmuşam. Əfsus ki, qazanmaq əvəzinə itirmişik. Ötən ilin son günündən
başlayan vuruşlarımız isə mənə qol-qanad verib. Murovdağ əməliyyatında
qarlı-boranlı qayaları 4 saat ərzində kəndirlə keçdik. Minaatanlarımız 3 saat
dayanmadan atəş açdılar. 8 erməni gəbərtdik. Sağ cinahda elə güclü mövqe
tutmuşduq ki, bir nəfər də itki vermədən düşməni əzdik. Yanşağın alınmasında isə
əsl fədakarlıq göstərdik. Mən sağ gözümün üstündən kiçik zədə alsam da, əsgərlərimiz
düşməni göz açmağa belə qoymadılar. Azğın erməni piyadaları pərən-pərən olub
geri çəkildilər. Ümumi nəticədə 12 kəndimizi düşməndən azad etdik. Bax, bu, əsl
uğurlu döyüşümüzdür.
Kiçik leytenant Arif
Məmmədov Bakının Binə qəsəbəsində doğulub. İki qızı var. Ailə şərəfini, el
vüqarını, Vətən qeyrətini hər şeydən uca tutur. Qaçqın adı ilə orada-burada baş
girləyən cavanlardan yaman gileylidir: “Vətən dardadırsa, başına papaq qoyan
kişilər çayxanalarda, kef məclislərində yox, döyüş səngərlərində can
qoymalıdırlar. Məndən olsa, kişi qaçqına bir qara qəpik də vermərəm. Kişi
xeylağı qaçqın olmaz”.
Arif, zabit
qardaşım, ordenin mübarək! Gün o gün olsun ki, səninlə döyüşdən yox, dinc həyat
qayğılarından söz salaq, Vətəni azad, xalqımızı xoşbəxt görək!
9 fevral 1994-cü il
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий