“ELSEVƏRDƏN YAXŞI ZABİT ÇIXAR”




Elsevərə evdən xəbər gətirmişdilər ki, qardaşı Veysəl haqqında hərbi prokurorluq cinayət işi qaldıracaq, özünün “fərariliyi” barədə isə rayonun müvafiq təşkilatına məktub verilib. Elsevər bu sözləri eşidəndə az qaldı ki, ürəyi partlasın.
- Dağıl, a dünya, mən də fərari olarammış! – deyə baş çavuş Elsevər Xankişi oğlu Səfərov dərindən bir ah çəkdi.
1992-ci ilin oktyabrından Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan, uğurlu əməlləri müqabilində “Hərbi xidmətlərə görə” medalına layiq görülən, 5-ci taborun mayakına çevrilən bir igidin ünvanına söylənən bu ittiham hansısa bir anlaşılmazlığın nəticəsi deyildimi? Qardaşı Veysəl döyüş təcrübəsinə görə Elsevərlə ayaqlaşa bilməzdi. Amma o da fərari kimi biabırçı bir ada layiq oğlan deyildi. Bəs evdən gələn xəbər nədir?
Elsevər səngərdə özünə yer tapa bilmirdi. Onu yandırıb-yaxan bu idi ki, cəbhədə qorxmaz igid kimi tanınsa da, qonum-qonşunun, rayon camaatının ağzını yummaq çətin olacaqdı.
Sıxıntılı bir həftə ötdü. Elsevər həm özünün, həm də qardaşının xidməti barədə hərbi hissənin arayışını lazımi yerlərə göndərdi. Nəhayət, qonşular da bildilər ki, Elsevər adicə əsgər yox, medallı döyüşçü imiş.
...İki gün idi ki, üzüm bağının üst tərəfində yerləşən düşmən postu az itki ilə güclü müqavimət göstərirdi. Ermənilər uzunmüddətli səngər qurğusu yaratmışdılar. Axşam Elsevər fikirlər burulğanına düşmüşdü: “Nə qədər mövqe döyüşü aparmalıyıq? Sağ cinah qabağa gedir, biz isə...”.
Komandir Elsevəri həyəcanla çağıranda ilan vurmuş kimi yerindən sıçradı. Elə güman etdi ki, kəşfiyyata gedənlərimiz uğursuz qayıdıblar.
- Elsevər, yorğun deyilsən? – deyə komandir onun yanında əyləşdi.
- Döyüşdə nə yorğunluq?! Kəndi azad etməyincə bizə dinclik haramdır.
- Ürəyimdən dedin. Sənə quzu kəsim. Bilirsən hansı komandanı almışam?
- Deyərsiniz, bilərəm.
- Gecə saat 3-də qarşıdakı düşmən postunu əl qumbaralarından istifadə etməklə almalıyıq. Post alınan kimi 5 tankımız hücuma keçəcək. Qərara gəlmişəm ki, gedən dəstəyə sən başçılıq edəsən.
- Mən hazır, amma gedən döyüşçüləri özüm seçəcəyəm, - deyə Elsevər ayağa durub əlavə etdi. – On nəfər kifayətdir.
Elsevərgil yola düşəndə onları himayə edəcək “PK”çılar öz atəş nöqtəsində sayıq durmuşdular. Hamı döşlüyün bütün ciblərinə qumbara doldurmuşdu. Elsevər özü ilə “PK” da götürmüşdü. Ara-sıra mövqelərdən atəş açılırdı. Elsevərgil düşmən postuna sürünə-sürünə elə yaxınlaşdılar ki, ermənilər heç nə hiss etmədilər. Qumbaranın havada və səngərin içində - düşmənin başı üstündə partlamasını təmin etmək üçün lazımi atəş nöqtələri seçildi. İlk qumbara postun lap yaxınlığından atıldı. Növbəti partlayışdan sonra cavab atəşi açıldı. Döyüşçülərimiz yəqin etdilər ki, düşmən piyadaları səngərin içindən qazılmış lağımda gizləniblər. Odur ki, posta müxtəlif istiqamətlərdən qumbara yağdırmağa başladılar. Erməni döyüşçüləri axır ki, itki verə-verə üzə çıxası oldular. Bu zaman “PK”çılarımız fasiləsiz atəş açdılar. Lakin düşmən qumbaraları yaxınlıqda mövqe seçən 6 igidimizin həyatına son qoydu. Postun uzunluğu 200 metr olardı. Bu qədər əraziyə nəzarət edə-edə qumbara döyüşünə çıxmaq çox çətin idi. Elsevər axırıncı 4 qumbarasını yaxın məsafədə gəzişən düşmən döyüşçülərinin üstünə atdıqdan sonra hava telefonu ilə komandirə məlumat verdi ki, müvəqqəti olaraq neytral zonada – arxın içində gizlənib manevr etmək lazımdır. İtkimiz çoxalsa, yeni marşrut seçməyə, ehtiyat mövqe hazırlamağa imkan qalmaz. Komandir Elsevərin taktiki səriştəsinə bələd olduğuna görə təkliflə razılaşdı. Amma manevr müddəti bəzi səbəblər üzündən uzun çəkdi və səhərin gözü tez açıldığına görə plan yarımçıq qaldı. Həmin gün Elsevərgil sakitcə keşik çəkib havanın qaralmasını gözlədilər. Yaxşı ki, düşmən onların yerini müşahidə edə bilmədi. Elsevər səhərdən-axşamacan özünü iynə üstündə oturan adam kimi hiss etdi.
Planın ikinci mərhələsi iki tankımızın qəfil həmləsi ilə başladı. Piyadalarımız postu hər tərəfdən gülləborana tutdular. Elsevər “PK” arxasına keçmişdi. 2 düşməni özü vurdu. Səhər saat 10 radələrində post düşməndən büsbütün təmizləndi və üzüm bağından Aşağı Əbdürrəhmanlı kəndinə həmlə yolu açıldı.
Baş çavuş E. Səfərov qorxmaz igiddir. Döyüşün ən dəhşətli məqamında da özünü ələ almağı bacarır. Suvorovun məşhur sözlərini tez-tez təkrarlayır: “Qorxmusansa – yarıya kimi məğlub edilmisən”. Acıqlı-acıqlı onu da söyləyir ki, dədə-babalarımızın qəbrini yerlə-yeksan edən, milli qeyrətimizə toxunan düşməndən qorxub qabağından qaçmaq – biabırçılıqdır!
Mayor Bəhrəm Ləzimov igid döyüşçüsü Elsevər haqqında fikrini qətiləşdirib. O deyir ki, Elsevər Səfərovdan yaxşı zabit çıxar. Növbəti tədris ilində onu hərbi məktəbə göndərmək üçün briqada komandirinə təqrir yazacağam.
Komandirin qərarı Elsevərin ürəyindəndir:
- Düşmən aman vermədi ki, traktorun sükanı arxasında dinc həyat sürüm. Biz hərbçi olmasaq, nankor, xain qonşumuz çəkilib öz xarabasında yaşamayacaq...

29 oktyabr 1994-cü il
P.S. ELSEVƏR HEÇ VAXT ÖZ FİKRİNDƏN GERİ ÇƏKİLƏN DEYİL. O, BÜTÜN DÖYÜŞÇÜ YOLDAŞLARINI XAİN QONŞUDAN  İNTİQAM ALMAĞA SƏSLƏYİR...
                                                                          
                                                                                                  İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”