...KƏŞF OLUNMUŞ ÜRƏK



Zabit Fərzalı Rəhimov əsl hərbçidir və onun icraçılıq qabiliyyəti, yüksək işgüzarlığı, vətənpərvərliyi, prinsipiallığı imkan verir ki, “N” taborunun ön cəbhə ilə arxa cəbhə arasındakı çoxşaxəli əlaqə yükünü çiynində saxlaya bilsin.
Bu ilin əvvəllərində Kəlbəcərdə keçirilən uğurlu hərbi əməliyyatların əsas qüvvə mənbələrindən biri də “N” taborunun arxa cəbhə işinin mütəşəkkil qurulması idi. Bu sanballı müvəffəqiyyətə görə Fərzalı Rəhimov “Hərbi xidmətlərə görə” medalına layiq görüldü. Təbii bir sual ortaya çıxır: Nə üçün arxa cəbhə zabitlərindən təkcə Fərzalı mükafatlandırıldı?
...Şamil Əmirovun igidləri Qamışlı kəndinin tövləsində gizlənmiş erməni quldurlarını mühasirəyə almışdılar. Fasiləsiz döyüşdə əsgərlərimizin patronu tükənmişdi. Ön xətlə operativ əlaqə saxlayan Fərzalı bu məlumatı alan kimi təminat taqımının 6 əsgəri ilə birlikdə işə başladı. Qar dizə çıxırdı. Onlar çətin dağ yolları ilə patron dolu yeşikləri əllərində, çiyinlərində daşıyırdılar. Gecə saat 3 tamamda tapşırıq yerinə yetirildi. Fərzalı ön xəttə qədər öz əsgərləri ilə getdi. Bölüyün igidləri yubanmadan döyüşü davam etdirərək mühasirədə qalsalar da, təslim olmaq istəməyən erməni faşistlərini cəhənnəmə göndərdilər. Bu hadisədən iki gün sonra Murov yolu qar uçqunundan tutulmuşdu. Texnikamızın hərəkəti mümkün deyildi. Hərbi əməliyyatlarımız isə davam edirdi. Fərzalı yaman əlimyandıda idi. Nə gecə, nə də gündüz yata bilirdi. Bəzən yolun qarını saatlarla təmizləməyə məcbur olurdular. Çiçəkli dağı istiqamətində isə “ZİL-131” markalı maşında qəzaya uğradılar. Fərzalı bu yolu nagüman gəlmişdi. Ürəyi dözmürdü. Yolun sürüşkənliyindən maşın dərəyə aşdı. Fərzalı da içində idi. O, bərk əzilsə də, gecəykən ətrafa dağılmış ərzağı cəsur əsgərləri ilə təcili toplayıb, piyada ön atəş xəttinə çatdırdı.
Fərzalı ilə bir cəbhə həyatı yaşayan, əsgəri haqq-salamı olan zabit Əli Bayramovun fikri yazımıza daha dəyərli söz dayağı verə bilər:
- Mən Fərzalını ancaq arxa cəbhə zabiti hesab edə bilmərəm. Fikrimi əsaslandırmaq üçün bir döyüşü xatırlayım. Yanvarın 22-dəki hücum zamanı Qamışlı kəndi erməni quldurlarından təmizlənərkən elə vəziyyət yarandı ki, piyada qüvvələrimizə ehtiyac duyduq. Fərzalı həmin dəqiqələrdə ön atəş xəttində idi. Yemək-içmək gətirmişdi. O, böyük həvəslə döyüş tapşırığını aldı. Mən ehtiyat etdim. Dedim ki, qaş düzəltdiyimiz yerdə göz çıxardarıq. Fərzalı isə öz əsgərləri ilə mövqe seçib döyüşə atıldı, mümkün qədər düşmənə hərbə-zorba gəldilər. Doğrudan da, fədakarlıq etməyi bacarmayan insan tam mənəvi yüksəlişdən məhrumdur. Fərzalı Vətən eşqinə özünü fəda etməyi bacarır. Buna görə başına cürbəcür bəlalar gəlsə də, Allah onu hifz edir və öz istəyinə qovuşmaqda ona yardımçı olur. Həmin döyüşdə ələ keçirdiyimiz hərbi qənimətlərin bir hissəsini Fərzalının igidləri tapmışlar. Qərəz, necə deyərlər, Fərzalının kölgəsini daim üstümüzdə hiss edirik.
Laçın rayonunun Mişni sərt dağ kəndində də Fərzalı maşınla qəzaya uğrayıb. Təxminən bir ay qan qusub. Lakin yenə sağalaraq öz istəkli cəbhədaşlarının yanına qayıdıb.
Hər ürək kəşf olunmamış bir dünyadır. 1962-ci ildə Gədəbəyin Əyrəvəng kəndində döyünməyə başlayan Fərzalı ürəyini nə Leninqrad gizir məktəbində təhsil alanda, nə də keçmiş SSRİ-nin hərbi hissələrində texnik işləyərkən kəşf edə biliblər. 1992-ci ilin sentyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başladığı vaxtdan etibarən Fərzalının bütün mənəvi varlığı açıqlanıb. Çünki Vətən müharibəsi, səngər ömrü insan qəlbinin məhək daşıdır. Onun qəlbində düşmənə qarşı güclü nifrət və qəzəb dalğası daim şahə qalxır. Fərzalı hərbi hazırlıqlı, ədalətli, qəlbiyumşaq, cəsarətli cavandır, erməni işğalçılarının tapdağına çevrilmiş torpaqlarımızın azadlığı naminə bütün varlığı ilə çalışan bir igiddir...

14 sentyabr 1994-cü il

                                                                                                            İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”