GÜCLÜ İRADƏ
Əsl hərbçi Vətən
üçün yaşayır, demək, hamı üçün ömür sürür. Elə mənim yaxından tanıdığım Azər də
həmin uca niyyətlərlə döyüşçü – hərbçi adı altında öz yaşayışını qurub. Neçə-neçə
keşməkeşli, qanlı-əzablı, minbir yolağalı Qarabağ savaşı yaddaşında
yaşamaqdadır. Hər döyüşçüyə qismət olmayan mükafatını da möhtərəm Prezidentimiz
Heydər Əliyev cənabları bəxş edib. Azər Əhməd oğlu İbrahimov “Hərbi xidmətlərə
görə” medalına layiq görülüb.
Bayaq xüsusi olaraq
vurğuladım ki, kapitan Azər İbrahimovu yaxından tanıyıram. Döyüş bölgəsində
onunla bir hərbi hissədə xidmət etdiyimə görə silahdaşımın xarakterini izləmiş,
neçə-neçə örnəkli xidmət üsullarını şəxsən görmüşəm. Doğma ordumuzda hərbi xidmətimin
256-cı günündə Azərlə birgə iştirak etdiyim bir hərbi əməliyyatın hafizəmizdə
yaşayan anlarını xatırlayıram: Düşmənin top atəşlərinə tuş gəlirik – Azər təmkinini
pozmur. Ölüm ehtimalımız artır – Azər həyəcanını içində boğur. Rabitə xətlərində
nasazlıq yaranır – Azər çevik qərar çıxarır, yeni yol tapır. Silahdaşımız
yaralanır – Azər yardımçı rolunda çıxış edir. Minalı əraziyə düşürük – Azər təhlükəni
sovuşdurur. Bəli, mən Azəri belə bir zabit kimi tanıyıram. O, güclü bir iradə
sahibidir: qarşısına çıxan hər cür çətinliklərə, məhrumiyyətlərə
qatlaşa-qatlaşa öz muradına çatan bir igiddir. Təbiidir ki, qüvvətli iradəyə
malik olan insan da qətiyyətsiz mövqeyə, acizlik girdabına düşə bilməz, əksinə,
mətin hərəkəti ilə hərbi xidmət üzərində öz qüvvəsinin silinməz möhürünü vurur.
Demək, bu qısa təqdimatdan
sonra Azərin Azərbaycan Neft-Kimya İnstitutunu bitirib, mühəndis kimi əmək fəaliyyətinə
başladığı Elm İstehsalat Birliyində, eləcə də aspiranturada işini nə üçün yarımçıq
qoyması hamıya bəlli oldu. Gənc mütəxəssis həyatının bu dönümü 1992-ci ilin
mart ayına təsadüf edirdi. O təlatümlü
vaxt ki, Qarabağ savaşı millətimizin böyüklü-kiçikli hər bir üzvünü narahat bir
ovqata salmışdı. Sanki bütöv dünyamız çalxalanırdı. Azər belə bir vəziyyətdə
necə biganə qala bilərdi.
Xüsusi ağır tapşırıqları
operativ surətdə yerinə yetirən reyd dəstəsində rabitə xidməti rəisi vəzifəsini
aparmaqla yanaşı, gənc ordumuzda rabitəçi əsgərlərin yetişməsinə ciddi fikir
verirdi. Nə gecəsi bilinirdi, nə də gündüzü. Özü də hərbi rabitənin ona bəlli
olmayan sirlərini öyrənir, əlavə bilgilər əxz edir, həmçinin şəxsi heyətin mənəvi-psixoloji,
döyüş ruhunu gücləndirməkdən ötrü tərbiyə işinin mütərəqqi üsullarından bəhrələnirdi.
Azərin keçirdiyi
saysız döyüş həyəcanları, uğurlu hərbi əməliyyatlar mənalı anlarla doludur.
Onun döyüş xatirələrinə qulaq asmaq həmişə maraq doğurur:
- 1992-ci ilin iyun
ayında Gülüstan əməliyyatında iştirak edirdim. Fasiləsiz həmlələr nəticəsində
düşmən qarşımızda duruş gətirə bilmir, güclü olduğumuzu hiss edirdi. Lakin hər
məsələni istədiyimiz formada həll etməyə imkanımız çatmırdı. Ən pisi o idi ki,
ordumuz təlim keçmirdi. Dəstəmiz Gülüstan kəndini düşməndən azad edərkən qərargahla
rabitə əlaqəsi kəsildi. Daşnaklar bizi üstələyirdilər. Bu ağır dəqiqələrdə cəsur
döyüşçü Rasim Abdullayevin hərbi qəniməti karıma gəldi. Onun əldə etdiyi PDM-in
radiostansiyasını işə salıb qərargahla rabitə əlaqəsini təcili bərpa etdim.
Operativ komandalar verildi, bəzi əngəllər dəf olundu. Eyni zamanda düşmənin
“tezliyinə” düşərək onların danışığına qulaq asıb lazımi məxfi məlumatlar aldıq
və zəruri məqamlarda radio-kəşfiyyat əməliyyatı apardıq... Mən qeyri-səmimilik
göstərib deyə bilmərəm ki, hərbi rabitəçilikdə nəsə yenilik etmişəm. Yox, belə
deyil. Rəhbərlik etdiyim şəxsi heyət həmişə üzərinə düşən vəzifəni döyüşdə fədakarcasına
yerinə yetiribdir. Qaratəpə hündürlüyündə, keşməkeşli Kəlbəcər döyüşlərində,
qarlı-boranlı Çilyaz savaşında və bu sayaq digər əməliyyatlarda bəzən real təxribat
ucbatından rabitə əlaqəsi yoxa çıxsa da, biz özümüzü itirməyib onu bərpa edə bilmişik.
Axı, etibarlı rabitə qələbə təminatının yarısı deməkdir. Döyüşdə bəzən dağılmış
yaşayış məntəqələrimizin mülki təyinatlı xətlərindən, bəzən də düşmənin qurduğu
rabitə sistemində taktiki hiylə yolu ilə istifadə edirdik ki, qoşunlarımızın
idarəetmə zənciri qırılmasın. Bu isə xüsusi qəhrəmanlıq, bacarıq və dözüm tələb
edirdi. Mən istedadlı əsgərim olmuş Vahid Şəmiyevi yada salmaq istəyirəm.
Düşündüyüm imkanları o asanlıqla gerçəkləşdirirdi. Və yaxud, bir müddət əsgərlik
edib sonra gizir rütbəsinə layiq görülmüş Babək Ələsgərovu xatırlayaq. Onun əsl
rabitəçi kimi yetişməsində zəhmətim var. Gizirlər Firdovsi və Roman da o cümlədən
adımıza şərəf gətirən döyüşçü rabitəçilərdəndir. Mən daim tabeliyimdə olan şəxsi
heyətə arxalanmışam...
P.S. Böyük
vətənpərvər şairimiz Xəlil Rza Ulutürk gözəl demişdir ki, vətəndaş olmasa boş şeydir vətən! Beşgünlük, ongünlük güney qarıdır. Vətən məfhumunun özəyindəki Vətənin vüqarlı oğullarıdır! Ulu
Tanrımız mərd vətən oğullarımızı daim var etsin!
İbrahim
MƏSİMOĞLU

Комментарии
Отправить комментарий