“ƏSL DÖYÜŞ İMTAHANI QABAQDADIR”
Zabit Çingiz Cavan
oğlu Əliyev Ermənistan torpağını tərk edən, bəlkə də, ən axırıncı azəri türkü
olub. Bunun əsas səbəbi Çingizin o zaman hələ dağılmamış Sovet ordusu
sıralarında xidmət etdiyi hərbi hissənin Kirovakanda yerləşməsiydi. Ermənistandan
– öz dədə-baba ocağından soydaşlarımızın qovulmasını ürəyində dərd kimi gəzdirən
Çingiz çalışırdı ki, sənədlərini yerbəyer etdikdən sonra Dağlıq Qarabağın
müdafiə işində xidmət göstərməyə getsin. Əsl-nəcabəti Dilican torpağından olan
bu igid eloğlumuz daşnakların dabbaqda gönünə bələd idi. Odur ki, daim təqib və
təhqirə məruz qalsa da, hirsini boğub axıradək dözə bildi.
Nəhayət, xain qonşu
ilə haqq-hesab dəqiqələri yetişdi. Əfqanıstan müharibəsində 2 il 6 ay zəngin
döyüş təcrübəsi qazanmış Çingiz erməni quldurları ilə elə ilk döyüşlərdə
bacarıqlı, qorxmaz zabit olduğunu sübut etdi. O, ehtiyatdan gələn zabitlərlə
böyük şövqlə işləyir və bundan xüsusi zövq alırdı. Tale elə qismət etdi ki,
Çingizin tabeliyində xidmət göstərən zabitlərdən biri də mən oldum. Mənimsədiyim
hərbi biliklərə görə Çingiz Əliyevə mən də bir hərbçi-jurnalist kimi mənən
borcluyam. Odur ki, respublika prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il
tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş döyüşçülərin
sırasında Çingizin adını oxuyanda ən çox şad olan hərbçilərdən biri də mən
idim.
3 mart 1994-cü il.
Çingizin vücudunu dəhşətli bir intiqam hissi bürümüşdü. Dişlərini bir-birinə
sıxmışdı. “Bəlkə sol cinahdan əks-həmləyə keçək?” “Geri çəkilsək, düşməni
azdıra bilərikmi?” Söylənilən ehtimallara əhəmiyyət vermədi. Özü müstəqil qərar
çıxardı. Amma bu qərarı hələlik bölük və taqımlara çatdırmamağı əmr etdi. Bəs səbəb
nə idi? Çünki komandir düşmənin həmlə istiqamətinin zəif və güclü nöqtələrini
bir daha dəqiqləşdirmək fikrinə gəlmişdi. Ətrafına toplaşan zabitlərin isə
arxayınlığı onda idi ki, Çingizin özü döyüşdə iştirak etmək istəyirdi...
Düşmənin həm Horadiz,
həm də Dörd Çinar kəndləri tərəfindən Horadiz qəsəbəsinə güclü hücumu
başlananda Çingiz indiyədək ürəyində ölçüb-biçdiyi qərarı dərhal komanda ilə ön
atəş nöqtələrimizə çatdırdı.
Səhər saat 7 radələri
idi. Qorxunc səsli toplar ağız-ağıza vermişdi. Havada tüstü zolaqları
dalğalanırdı. Güclü əks-həmləmiz barədə əmr verildi. Bir saat ərzində düşmənin
2 taboru 800 metr geri çəkilməyə məcbur oldu. Lakin ermənilər, deyəsən, duyuq
düşmüşdülər. Onlar yeni manevr etmək istəyəndə Çingiz Əliyev real vəziyyətə görə
hərəkət etməyə başladı. Mənəvi-psixoloji döyüş ruhunu yüksəltməkdən ötrü özü
üçüncü səngərdə dayanmışdı. Güclü müqavimətə, aramsız artilleriya zərbələrinə
baxmayaraq, onun operativ siqnalları əsasında atəş xətti dəyişdirildi və eyni
zamanda “tank ovu”na çıxan qumbaraatançılarımız 2 düşmən texnikasını birinci həmlədəcə
vurub sıradan çıxardılar. Elə həmin vaxt işğalçı susmaq məcbiryyətində qaldı və
üstəlik 1 ədəd PDM də itirdi.
Yorğunluq Çingiz
Əliyevə güc gəlsə də, sübh çağı əks-hücumu davam etdirmək, qaniçən işğalçıların
dərsini lazımınca vermək istəyirdi. Kəşfiyyatçılarımızın gətirdiyi məlumatları
təhlil edib, fikrini səhər söyləməyi məqsədəuyğun saydı. Hərtərəfli hazırlıq
aparıldı. Axşam gözünə yuxu getmədi. Dünənki döyüşün təəssüratı altında səngərləri
bir-bir gəzib dolandı. Adəti üzrə döyüşdə fərqlənən əsgərlərə öz təşəkkürünü
elan etdi, onlara mənəvi dayaq durdu.
Martın 5-də düşmənin
piyada qüvvələri sağ cinahdan 11 ədəd tank və 5 ədəd PDM-in köməyilə üstümüzə
yeriməyə başlayanda Çingizin əmri ilə qarşıda duran taborumuzun döyüşçüləri
cavab atəşi açmadılar. İşğalçılar elə güman etdilər ki, biz qorxaraq, küyə
düşüb geri qaçmışıq. Düşmən fasiləsiz atəş aça-aça bilərəkdən susmuş taborumuzun
lap yaxınlığına gəlib çatan kimi cinahlardan gözlənilməz şiddətli həmləyə
başlayan piyadalarımız döyüşün taleyini öz xeyrimizə həll edə bildilər. Ermənilər
çaxnaşmaya düşüb daha 3 tank itirdilər. İşğalçıların murdar cəmdəkləri üst-üstə
qalandı. Bu savaşın uğurlu nəticəsinə görə təcrübəli, yüksək taktiki biliyə
malik Çingiz Əliyevin zabit rütbəsi bir pillə artırıldı.
...Çingiz Əliyev
yazı-pozu əhli olmasa da, gərəkliyini nəzərə alıb cəbhə gündəliyi yazır. Bu
gündəlik onun acılı-şirinli döyüş xatirələrini özündə əks etdirir. Cəsur zabit
deyir ki, vaxt gələcək, bu gündəliyi ətə-qana doldurub kitab şəklində oxuculara
təqdim edəcəyəm.
Ordenli igidimizin
milli hərbi terminlərə olan marağı da təqdirəlayiqdir. O, Orconikidze Ali Hərbi
Ümumqoşun Komandirləri Məktəbini bitirsə də, yəni rustəhsilli olsa da, həmişə
döyüşçülərimizin nizami düzülüşü önündə ana dilimizdə komanda verir və milli hərbi
terminologiyanın şəxsi heyət tərəfindən öyrənilməsi üçün bütün səy və
bacarığını əsirgəmir, bir çoxlarına nümunə olur.
...Müharibənin dəhşətlərini,
xalqımızın başına gətirilən müsibətləri unuda bilməyən Çingiz Əliyev böyük səmimiyyətlə
etiraf edir:
- Biz hələ əsl qəhrəmanlığı
etməmişik. Sadəcə olaraq, torpağımıza soxulan düşmənlə döyüşmüşük. Lakin
bununla öyünmək azdır. Əsl döyüş imtahanı qabaqdadır. Hər halda, mən belə
düşünürəm. Biz o zaman mənəvi rahatlıq tapacağıq ki, bir ovuc torpağımız, bir
damcı suyumuz belə ermənilərin əlində qalmasın...
27 may 1995-ci il
P.S. Çingiz Əliyev
döyüş akademiyasının cəsur məzunudur. Əsl türk oğlu kimi anadan döyüşçü
doğulub. Savaş meydanında yalnız qalibiyyət ruhunda döyüşməyi sevir. Bu gün
ehtiyatda olsa da, onun ürəyi daim doğma ordusunun ürəyi ilə birgə döyünür.
İbrahim
MƏSİMOĞLU

Комментарии
Отправить комментарий