“KOMANDİR SƏRT OLMALIDIR”
Mətləb xatırlayırdı
ki, cəbhəyə gələndən bircə dəfə də ağır hərbi əməliyyatdan geri çəkilməyib. Xəstə
olanda da yataqda çox uzanmayıb. Bəs bu gün niyə onu əməliyyata aparmadılar?
Adi soyuqlamaya görəmi?.. Suallar onu rahat buraxmırdı. Nəhayət, özünü ələ alıb
ayağa durdu. Qərargahdan öyrəndi ki, 5-ci tabor bu gün üç dəstəyə bölünüb. Bir
dəstəyə Ağdərədən gələn yola nəzarət etmək tapşırığı verilib. Digər dəstələr
Yanşaq istiqamətində strateji yüksəklikləi ələ keçirməlidirlər. Cəmi iki ədəd
60 mm-lik minaatan qurğusu vardı. Biri Kamran Mustafayevdə idi, digərini isə Mətləb
götürüb yola düzəldi.
Mövqe seçdikləri Keçəldağdan
Mətləbin gözü su içmirdi. Düşmən buranı görə bilərdi. O, təzəcə xəbərdarlıq etmək
istəyirdi ki, zirvəyə bir mərmi düşüb partladı. Əsgərlərimiz daş-qaya arxasında
sığınacaq tapıb yerə uzandılar. Qurban Əliyev alnından yaralandı. Mətləb əsgərlərinə
yerlərini dəyişməyi əmr etdi. Dalbadal atılan mərmilərdən onlar özlərini
itirmişdilər. Mətləb soyuqqanlıqla irəli yeridi. 60 mm-lik minaatan qurğunu çiyninə
götürdü. “Mən hərəkət etməsəm, bunların qorxusu çəkilməyəcək”, - deyə düşünərək
irəliyə süründü. Özünə təhlükəsiz yer seçib “iş”ə başladı. 6 dəfə atəş açdı. Bu
vaxt hava telefonu xəbər verdi:
- Mətləb, işin avand
olsun, əla vurursan!
Mətləb tez-tez
yerini dəyişirdi. Güllə elə yağırdı ki, sözlə deyiləsi deyildi. Bu vaxt Natiq Cəfərov
özünü onun yanına çatdırdı. Mətləb atəş istiqamətini müəyyən edir, minaatan
qurğunun dəstəyindən tutur, Natiq isə minaları lüləyə doldururdu. 10-15 dəqiqədən
sonra ermənilər yenə atmağa başladılar. Düşmən minasının qəlpəsi Mətləbin sol əlinin
baş barmağını yaraladı. O, döyüşə aludə olduğundan bunu hiss etmirdi. Əgər
Natiq deməsəydi...
Mətləb Ələsgərov
Mingəçevirdəndir. 31 yaşı var. Azərbaycan Silahlı Qüvvələri sıralarına 1993-cü
ilin aprel ayından daxil olub. Bundan əvvəl Mingəçevir şəhər yol-tikinti
maşınlarının təmiri zavodunda yığıcı çilingərlər briqadasının briqadiri olub.
Evində 2 “əsgər” böyüyür. Əmək cəbhəsində sayılıb-seçilən Mətləb Ələsgərov
döyüş cəbhəsində də öz hünəri ilə də ad çıxarıb.
Mətləb cəbhəyə hazır
gəlmişdi, yəni ona təlim keçmək, hərbi nizamnamələri əzbərləmək lazım deyildi.
İki illik əsgərliyini Almaniyada keçirən bu igid hərbi qulluğa çox tez
alışmışdı. Döyüşlərə də öz işini gözəl bilən əsgər kimi atılmışdı.
- Mətləb, hansı
minaatan yaxşıdır: 60 mm-lik, yoxsa 120 mm-lik? – deyə igid eloğlumuzla söhbətə
başlayıram.
- Minaatan elə
silahdır ki, onun yaxşı və ya pisi yoxdur. Hamısı döyüşdə düşmənin piyada qüvvələrinin
qənimidir. Amma səriştəli və yaxud naşı minaatan əsgər ola bilər.
- Hansı döyüşdə daha
çox şücaət göstərmisən?
- Öz-özümü tərifləyə
bilmərəm. Lakin danılmaz həqiqətdir ki, batareyamız bütün əməliyyatlarda öz
adına layiq döyüşüb. Füzuli bölgəsində bizim əlimizdən düşmən nə zenit
qurğusunu, nə də iriçaplı avtomat qumbaraatanı qura bilirdi. Natiq Cəfərov hədəf
göstəricilərini elə dəqiq verirdi ki, döyüşçülərimiz düşməni ürəyinin başından
odlayırdı. Minaatanlarımız atəşə başlayan kimi ermənilər çaxnaşmaya düşürdü.
Aşağı Əbdürrəhmanlı kəndində düşmənin 4 səngər qurğusunu dağıtmışıq.
- Haçandan zabit
olmusan?
- Açığı, həmişə
zabit vəzifəsini icra etmişəm. Bu il fevralın 19-dan – ilk zabit rütbəsi
aldıqdan sonra isə rəsmi olaraq vəzifəyə təyin edilmişəm.
- Səncə, komandir əsasən
hansı keyfiyyətlərə malik olmalıdır?
- Ən birincisi
bacarıqdır. Hərbi taktikanı bilməyən komandirdən heç nə gözləmək olmaz.
İntizamlılıq, vətənpərvərlik, təşəbbüskarlıq, cəsarətlilik də zəruri keyfiyyətlərdir.
Lakin mən sərtliyi də çox sevirəm. Komandir kobud, qaba yox, sərt olmalıdır. Bəzən
sərtlik pis qarşılanır. Məsələn, bizim bir tabor komandirimiz vardı. Sərtliyinə
görə bəzi əsgərlər onu bəyənmirdilər. Lakin bu, ümumi işə çox fayda verirdi...
Müharibə qeyrətli, vətəncanlı
igidimiz Mətləb Ələsgərovun həyatına öz təsirini çox göstərib. Bununla belə, o,
ömrünün döyüşdə keçən anlarını qiymətli hesab edir. Çünki Vətən qovğasında
insan daxilən təmizlənir, saflanır və ən nəhayət, ona həyat verən torpaq
qarşısında borcunu ödəyir.
21 oktyabr 1994-cü il
P.S. Mətləb dəyərli səngər qardaşlarımızdan
biridir. Döyüş təcrübəsi kifayət qədər var. Minaatan silahın dilini tam mənimsəyib.
Onun atdığı minaların yalnız birincisi hədəfdən azacıq aralı düşə bilərdi.
İkincisi birbaşa dığanın başında partlayırdı. Biz belə mərd və yüksək səriştəli
zabitlərimizlə daim fəxr edirik.
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий