ƏSGƏR QƏLBİNİN HARAYI





22 yaşlı Adil həyatda çox sarsılıb: qardaşı Dursunəli kiçik yaşında əlil olub – Adil yanıb-yaxılıb. Bacısı vaxtsız dünyasını dəyişib – onun qəlbinə bir yara da düşüb. Vətən dərdi, şəhid ağrısı Adili daha çox sıxıb, amma igidlik mayası, könül dünyasının qeyrət işığı əksilməyib. Nəticədə yenilməz döyüşçü kürsüsündə oturub. İndi Adil hamının həsəd apardığı medallı bir əsgərdir, şanlı el müdafiəçisidir.
Gizlənməyi özünə ar bilən Adil Dursun oğlu Məmmədov “N” taborunun qumbaraatan əsgəridir. O taborun ki, 6 il bundan öncə ev yıxmağa, ocaq qaraltmağa başlayan namərd erməni quldurlarına qənim kəsilib. Adil 1993-cü ilin fevralında orduya könüllü gəlib. Onda taborun bir il dörd aylıq yaşı vardı. Müharibə dövründə bu, heç də az vaxt deyil. Təcrübəli döyüşçülər ona məsləhət gördülər ki, öz ixtisası üzrə xidmət göstərsin. Adil sürücü olsa da, bu sənəti özlüyündə o qədər də dəyərli hesab etmirdi: “Mən düşmənlə üz-üzə, göz-gözə döyüşmək istəyirəm”, - deyə ən çox xoşuna gələn silahı – qumbaraatanı özünə döyüş yarağı seçdi.
Qumbaraatan silahın döyüş biçimli öz çantası var. Döyüşçü hərbi qaydalara görə, ön atəş mövqeyinə çıxarkən bu çanta ilə 3 qumbara (mərmi) götürür, birini isə silaha taxır. Savaş vaxtı qumbaraatan əsgərin ayrıca köməkçisi olur ki, o da müntəzəm mərmi daşıyır, həm də yoldaşını qoruyur. Şəxsi dözüm nümunəsi göstərən Adil isə öz bildiyi kimi yaraqlanır. Çanta əvəzinə iri kisə götürür. İçinə 7-8 qumbara qoyur və çiyninə keçirir. Kisənin ağırlığından az qalır ki, çiyni yerə dəysin. Adil bu əziyyətə mətanətlə dözür. Deyir ki, kisənin kəməri çiynimdə yara açsa da, qaniçən düşmən qarşısında silahsız qalmaram. O, bəzən döyüşə köməkçisiz atılır və öz məharəti, oxşarsız rəşadəti ilə erməni faşistlərinə qan uddurur.
...Qışın oğlan çağı idi. Komandanlıq başı buludlara dəyən Koroğlu dağının ən yüksək zirvəsinə qalxıb düşmənə qəfil həmlə etmək əmrini verdi. Adil öz köməkçisi Məhbus Quliyevlə 16 dəfə atəş açdı. Soyuqdan dişi-dişinə dəyən bu igidlər özlərini itirməyərək çevik hərəkət etdilər. Mərmilər hədəfə dəyib bir-birindən dəhşətli nərilti qopartdı. Düşmənin ön postu çaxnaşmaya düşdü. Komandirin əmri ilə Adil orta cinahda vuruşan Elmangilin bölüyünə qoşuldu və Yol evinə doğru cəsarətlə irəlilədi Onun iki mərmisi qalmışdı. Düşmən qarşısında özünü sındırmadı. Atəş vəziyyətini seçib, düşmən ZDM-ini nişan aldı. Mərmi texnikanın altına dəydi. Ermənilərin bir əsgəri məhv oldu, üçü isə ağır yaralandı. Adil ikinci mərmini də hədəfə vurdu, lakin ZDM yerindən tərpənə bildi, onun arxa qapıları açıq idi. Adil bu vaxt Məhbusu harayladı:
- Tez ol, sursat gətir, əclaflar texnikanı sürüb aparırlar.
Məhbus bir az ləngidi. Adil yol kənarında yerləşən erməni blindajına soxuldu. Ürəyinə dammışdı ki, bu boş qalmış erməni yuvasında silah olmalıdır. İstədiyini tapdı. Silahını cəld sahmanlayıb ZDM-in düz açıq qalmış arxa qapısından vurdu. Texnika dayanıb möhkəm tüstüləndi. İkinci dəfə tətiyi çəkmək istəyəndə digər ZDM gözünə sataşdı. 5 erməni əsgəri maşının üstünə minməyə can atırdı. Adil özünü itirməyib atəş açdı. Düşmən əsgərləri qorxub texnikadan uzaqlaşdılar. ZDM hərbi qənimət kimi ələ keçirildi. Adilin daha qumbarası yox idi. Döyüş isə artıq sona çatmışdı. 20 atəşdən sonra Adilin sağ qulağı tutulmuşdu. O, bir daş üstündə oturub dərindən ah çəkdi və öz-özünə danışmağa başladı:
- Zəhmətim hədər getmədi. Az da olsa, dığaları cəhənnəmə vasil etdim. Heyf, o biri zirehli texnikanın boğazını üzə bilmədim...
Murov dağı uğrunda qanlı döyüşlərdə göstərdiyi igidliyə görə Qəbələ rayonunun yetirməsi, sıravi əsgər Adil Dursun oğlu Məmmədov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.
Torpaqlarımızı qana boyayan düşmənə qarşı Adil çox inadcıl əsgərdir. Onun qranit inadı şəhid olmuş igid əsgər dostlarının ruhundan maya alıb. Adil zabit İlqar Dadaşovdan, digər bacarıqlı zabitlərdən çox razılıq edir: “Bizim kollektivdə döyüşə bilməyən əsgər yoxdur. Başqa bölgələrdə vuruşan əsgərlərlə söhbətim düşəndə deyirəm ki, hər gün döyüşdə olmasına baxmayaraq, iki ay ərzində bizim tabor cəmi 10 şəhid verib, hamısı da qəhrəmancasına həlak olub, açığı, mənə inanmadılar. Dedilər ki, 2 aylıq döyüşdə bu qədər az itki olmaz. Bizim tabor həqiqətən döyüşkən tabordur. Qəhrəmanlıq göstərməyi, basılmazlığı, hətta bu medalı da mənə taborun hünərli igidləri bəxş ediblər. Onlar döyünən ürəyimdir”.
Adil bu sözləri çox səmimi deyir. O, təvazökar bir insandır. Dostluqda çox möhkəmdir. Qorxu onu təkləyə bilməz.
Gecə döyüşü... Adilin xoşladığı, savaşdan ləzzət aldığı anlar qaş qaralanda olur. Ona görə ki, belə məqamlarda düşmənin beş addımlığına qədər getmək olur. Onun şücaəti ilə 16 yanvar 1993-cü il tarixdə Kəlbəcər dağlarında erməni quldurlarının 3 qapalı postu gecə vaxtı alınıb.
...Qar dizəcən çıxmışdı. Adilin bədəni buz bağlamışdı. Ayaq və əllərini şaxta aparmışdı. Silahını çətinliklə çiyninə qaldırdı. Birdən gördü ki, ay işığı silahını parıldadır. Ehtiyatla hərəkət etdi. Çünki hər an snayper onu vura bilər. Ayağa durub bir addım atdı, ikinci addıma gücü çatmadı. Dizi ilə yeriməyə başladı. Qəfildən erməni danışığı eşitdi. Ağ xalatla yaxşıca maskalandı. Döyüşçülərimiz gözləyirdilər ki, Adil qumbaraatan silahla erməni postunu dağıdacaq, sonra isə hərtərəfli hücum başlanacaq. Adil dizi ilə 40 metrədək yol qət etdi. Bir neçə saat əvvəl şəhid olmuş komandiri Samir Nadirlinin nurlu sifəti göz önündə kino letni kimi canlandı: “Samir, sənin qanını yerdə qoymaram. Bir az da döz. Gör qardaşın erməni quldurlarına necə dərs verəcək...”. O, düşmənin ön atəş xətti ilə öz mövqeyi arasındakı məsafəni gözəyarı yoxladı: “Daha çatmışam. 4 qumbaraya bu üç postu alt-üst edəcəyəm”. Özünə təsəlli verə-verə Adil yerini dəyişməklə 4 çarpaz atəş açdı. Dördü də hədəfə sancıldı. Əsgərlərimiz hücuma keçdilər. Düşmən itki verə-verə geri çəkildi.
Adil Samirin qanını almışdı...
Medallı əsgər Adil Məmmədov döyüş xatirələrini belə danışır. Səsindən qeyrət nuru tökülür. Onun əzablı, çətin günləri də nurludur, uğurlu döyüşləri də. Çünki Adil növrağı pozulmuş, bağrı qana dönmüş Vətən uğrunda ədalətli el savaşına şəxsi təmənna ilə gəlməyib. O, azad Vətən, müstəqil məmləkət harayındadır. Bu haray narahat və namuslu bir əsgər qəlbinin harayıdır.

26 mart 1994-cü il

P.S. ADİL MƏMMƏDOV BASILMAZ BİRİNCİ TABORUMUZUN CƏSUR VƏ İGİD ƏSGƏRİ OLMUŞDUR. MƏN HƏMİŞƏ BU TABORUN YÜKSƏK SAVAŞ QABİLİYYƏTLİ DÖYÜŞÇÜLƏRİ İLƏ QÜRUR DUYMUŞAM. İNANIN Kİ, ONLARIN RƏŞADƏTLİ DÖYÜŞ FƏALİYYƏTİ, MİSİLSİZ FƏDAKARLIĞI SAYƏSİNDƏ NƏİNKİ DAĞLIQ QARABAĞI, BÜTÜN İTİRİLMİŞ QƏRBİ AZƏRBAYCAN TORPAQLARIMIZI MURDAR DAŞNAK NƏFƏSİNDƏN TƏMİZLƏYƏ BİLƏRDİK. AMMA...
                                                                                  
                                                                                                 İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”