İTİGÖZ FİLMAN
Sübh tezdən, Yanşaq
meşəsinin gül bülbülü, bülbül gülü çağıran bir çağında Filman və aslan ürəkli
silahdaşları hərbi əməliyyatın əsas “ilmə”sini düzüb-qoşurdular. Onlar düşmən
müdafiəsinin dərinliyində - qərargah yerləşən məktəb binasının arxa cinahında
durub ətrafı müşahidə edirdilər. Düşmənin bütün hərəkətinə ciddi göz qoyulurdu.
Yanşaq məktəbinin həyətində erməni qüvvələri səhər toplanışı keçirirdi. Zəngin
təcrübəli zabit Sahib Aslanov postlararası boşluqları dəftərçəsinə qeyd edə-edə
arxası üstə yerə uzanmış Filmana pıçıltı ilə dedi:
- Filman, uzanmaq
vaxtı deyil. Sol cinaha çəkil. Yola göz qoy.
İşğal altında qalmış
Yanşağın xəstəyə məlhəm olan saf dağ havası Filmanı məst etmişdi. Yurd
heyranlığından alışıb-yanan yarıyumulu gözləri ilə meyvə ağaclarının gözəlliyini
seyr edir, ruhən dinclik tapırdı.
- Cənab zabit, qadan
alım, beş dəqiqəlik mənə dəyməyin. Qoy qəribsəmiş meşəmizlə danışıb dincəlim, -
deyə Filman arxayın-arxayın dilləndi.
Filmanın xasiyyətinə
bələd olan Sahib dinmədi...
Əməliyyatın ilkin mərhələsi
qənaətbəxş idi. Düşmənin canlı qüvvəsinin sayı, postların məkanı müəyyənləşdirildi.
Sifəti bulud kimi qaralmış Filman meşənin kənarını asta addımlarla gəzərək düşmənlə
üz-üzə gəlmək istədi. “Dil” tapmaq həvəsi ilə özünü dağa-daşa çırpdı. Amma
ehtimal olunan dayaq məntəqələrində bir hənirti də hiss etmədi. Gecəni Qasımbinəsi
kəndində Sahibgilin evinin qənşərində keçirdilər...
Artıq bir həftəydi
düşmən arxasında idilər. Ehtiyat azuqə də qurtarmışdı. Mer-meyvə ilə gün
keçirirdilər. Səkkizinci gün Yanşağın girəcəyində - Zallar yaşayış məntəqəsində
iki ədəd traktor gözə göründü. Qəzəbindən nəfəsi boğazına tıxanmış Filman
Sahiblə atüstü məsləhətləşdi və təcili olaraq pusqu qurdu. Fəxri Əliyev və Bəxtiyar
Quliyev də onunla birgə meşənin təhlükəli cığırları ilə yolun kənarına düşdülər.
Traktorun yedəkləri qaçqın ailələrimizin ev-eşiyindən talan edilmiş məişət əşyaları
ilə yüklənmişdi. Özgə çörəyi ilə qarın otaran bu talançılar Ermənistandan gəlmiş
mülki ermənilər idi. Qabaqda gedən traktora bir, arxadakına isə iki dığa
minmişdi.
Fəxri quş kimi
sıçrayıb traktorun qabağını kəsdi. Haram tikə ilə harınlamış ermənini əli ilə
yanına çağırdı. Fəxri özünü arxayın apardığına görə dığa heç nədən təəccüblənmədi.
Etinasızcasına əyləci basdı. Sükan arxasından aramla düşüb Fəxriyə yaxınlaşdı.
Lakin iş ermənicə danışığa gəlib çatanda yelbeyin dığanın boğazı qurudu. Hiss
etdi ki, Fəxri azərbaycanlıdır. Özünü elə itirdi ki, müqavimət göstərə bilmədi.
Fəxri bircə atəşlə talançı dığanın bağrını qana boyadı. Filmanın səbri sanki
imtahana çəkilirdi. Axır ki, dözdü. Digər dığalar aradan çıxıb qaçmaq istəyəndə
isə Filman avtomatını işə saldı. Amma yol kənarında sıralanan iri qaya daşları
onun istəyinə əngəl oldu. Kim bilir, bəlkə də, ağır yaralandılar. Filman düşmən
dalınca qaçıb vəziyyəti öyrənə bilməzdi. Axı hər tərəf erməni postları ilə əhatə
olunmuşdu. Filman iti sürətlə traktorun kabinəsinə girdi. Bir göz qırpımında
axtarış apardı. Ən ucuz “Astra” siqaretindən savayı əlinə heç nə keçmədi. 30 dəqiqədən
sonra erməni döyüşçüləri qarğa-quzğun kimi hadisə yerinə şığıdılar. Lakin daha
gec idi. Filmangil “N” dağının dik yoxuşu istiqamətində gedərək əməliyyatı başa
çatdırdılar...
Filman Məhərrəm oğlu
Bədəlov “N” hərbi hissəsinin ordenli baş çavuşudur. 21 yaşlı bu dəliqanlı erməni
faşistlərinə qarşı çox yanıqlıdır. Çünki insanlığa qənim kəsilən daşnaklar onun
dədə-baba ocağını - Zəngəzur mahalının Gödəkli kəndini od vurub vəhşicəsinə
yandırmış, günahsız kənd əhlini öz halal ev-eşiyindən didərgin salmışlar. 8 nəfərdən
ibarət olan Bədəlovlar ailəsi ağır təhqirlərə məruz qalaraq Bakıya pənah gətirmişdir.
İndinin özündə də Filman Zəngəzur adını dilinə gətirəndə üzüntülü həsrətdən az
qalır ki, dodaqları çatlasın.
- Biz təhqir olunan
minlərdən biriyik. Ahımız yerdə qalmayacaq, - deyə Filman söhbətə başlayır. -
Beş qardaşıq. Hazırda üçümüz Vətən uğrunda qanlı döyüşlərdə intiqamımızı
alırıq. Mülki ixtisasım qaynaqçı-dəmirçidir. Bu sənəti Bakıda 10 nömrəli
texniki peşə məktəbində öyrənmişəm. Açıq deyim ki, torpaqlarımız azad
olunmayınca, quduz ermənilərdən intiqam almayınca nə dəmirçi olacağam, nə də
qaynaqçı. Ömür-billah bir sənətim olacaq: Vətən döyüşçüsü! Qardaşlarım da mənimlə
həmrəydir. Bu gün hər bir azəri övladı heç nədən qorxmadan, çəkinmədən əsl
döyüşçü kimi silaha sarılmalıdır.
- Filman, cəbhəyə
könüllü gəlmisənmi?
- Cavan yaşımda didərgin
olsam da, fəxr edirəm ki, əsgəri borcumu Azərbaycan ordusunda ödəməyə
başlamışam. Yəni əsgəri yaşım tamam olanda ordumuz da yarandı. Mən müstəqil
dövlətimizin ilk əsgərlərindən biriyəm.
- İlk döyüşü necə
keçiribsən? Heç qorxurdunmu?
- İlk döyüşüm məşhur
Hoçaz əməliyyatının bir həlqəsidir. Qorxu-zad bilmirdim. Məncə, o adam qorxar
ki, həyatında başı dərd-bəla çəkməyib. Mənsə Zəngəzurda çox zülm çəkmişdim.
Döyüş mənə ancaq rahatlıq gətirirdi. Taqım komandirim Sadıq Qurbanov idi. Lap əvvəldən
silahım “PK” olub. İlk gülləm də boşa çıxmayıb. Hoçazda palıd ağacının
arxasında mövqe seçmişdim. Dığalar zəncirvari düzülüb üstümüzə yeriyirdilər.
Əvvəl atmadım. O vaxtacan susdum ki, düşmən yüz metrliyimə qədər gəlib çatdı. Bəzi
silahdaşlarım elə zənn etdilər ki, guya mən qorxudan donub qalmışam. Amma mənim
fikrim özümdə, bir də ki, məni xam hiss edərək üstümə cuman dığalarda idi. İlk
atəşlə dördünü yerə sərdim. Güllə qatarım havayı yerə boşalmadı. Qaçışan düşmən
piyadalarının da kələyini kəsdim. Tuşlayıb onların arxasınca qısa fasilələrlə
atdım. Bəlkə də on nəfərə qədər dığa mənim güllələrimlə odünyalıq oldu. Sonra
Hoçaz kəndinin daş karxanasına göndərildim. Bu əməliyyatda komandirim
diribaşlığımı öz gözləri ilə gördü. Onun zəmanəti ilə başqa hərbi vəzifəni
yerinə yetirməyə başladım.
Silahdaşları Filmana
“itigöz” deyirlər. Döyüşdə onun gözündən heç nə yayınmır. Gülləsi çox vaxt hədəfə
dəyir. Ona görə hərbi əməliyyatlarda “start gülləsi”ni atmağı ona həvalə
edirdilər. Nədəndirsə, düşmən də üz-üzə gələndə onu qaralaya bilmir. Yalnız
bircə dəfə dığa gülləsi onu haqlayıb. O da papağını deşib keçib.
- Erməni döyüşçü həmişə
qarşı tərəfin gücünü hiss edən kimi özünü itirir, - deyə Filman həmin hadisəni
danışır. - Mənim də, maşallah, gözüm yaxşı görür. Fiziki hazırlığım ürəyin istəyən
kimidir. Döyüşün dilini də bilirəm. 1993-cü ilin aprelində Laçından Kəlbəcərin
Çaykəndinə qədər piyada gəlmişdik. Silahdaşlarımızın çoxunda güllə az idi. Mənim
“PK”mın qatarı isə dolu idi. Düşmən qəflətən qabağımıza çıxdı. Əksəriyyəti peşəkar
ruslar idi. Güclü qarşıdurma yarandı. Ermənilər rus meyitlərini PDM-in üstündə
daşıyırdılar. O zaman bizim arxa cəbhəmiz indiki qədər işləmirdi. Mən hər güllənin
qədrini bilirdim. Düşmənin neçə-neçə əsgərini qırdıq. Amma 250 güllə ilə nə qədər
vuruşa bilərdim? Son məqamda güllə papağımı deşdi. O zaman dilxor vəziyyətdə
keçirdiyim hissləri hələ heç bir döyüşdə yaşamamışam. Dəhşətli bir vaxt idi.
Arxasız döyüşçülərimiz arxalı ermənilərə qısa müddət ərzində divan tuta bilsələr
də, aqibətimiz pis oldu: Kəlbəcər işğal edildi. Sonralar elə Kəlbəcərin özündəcə
Yanşaq əməliyyatı zamanı deşik papağımın hayığını onqat aldım. Qumbaraatan
silahla düşmən zabitləri ilə dolu bir “UAZ”ı məhv etdim.
Deyirlər ki, Filman
təkcə döyüşdə yox, şəxsi həyatda da dosta dost, qardaşa qardaş bir cavandır. Dil-dil
ötən igidlərdən deyil. Çox iş görər, amma az danışar. Ona “Azərbaycan Bayrağı”
ordeni verilməsi üçün təqdimat yazılanda da etiraz etmişdi:
- Mən hələ
torpağımızın azadlığı üçün heç nə etməmişəm. Zəngəzur kimi yurdum əlimdən
çıxdı, Qarabağ kimi çənnətməkan oylağımız isə xaraba qalıb...
İbrahim MƏSİMOĞLU
15 iyun 1994-cü il
P.S. Səngər qardaşım Filman həmişə deyir ki, ermənidən sülh gözləmək bədbəxtlik gözləmək deməkdir. Ona görə də sülh
söhbəti düşəndə çox sarsılır. Dağlıq Qarabağ məsələsində Filmandan ötrü bir şad
xəbər mövcuddur. O da hücum xəbəridir... İnşallah, Filman bir gün ürəkdən tam
şadlanar!...

Комментарии
Отправить комментарий