PAKLIQ
Məhəd ermənilərə
qonşu gözü ilə baxırdı. Güman etmirdi ki, qonşusu ona silah qaldırar, dədə-baba
ocağını kor qoyar. 1988-ci il öz gəlişi ilə Məhədə didərgin taleyi bəxş etdikdə
isə onun az qaldı ki, ağlı başından çıxsın. Əvvəlcə Məhədgilin kəndində -
İcevan rayonunun Polad kəndində bir cavan oğlana qəsd edildi. Qoyun dərisi
geymiş qurd ermənilər bir-birinin ardınca azərbaycanlılar yaşayan kəndləri
odladılar. Polad camaatı Qazax rayonunda sığınacaq tapdı. Məhəd burada orta təhsilini
tamamlayıb Bakıya sənət öyrənmək məramı ilə getdi. Bir il 31 nömrəli texniki
peşə məktəbində oxudu. Radio texniki kimi Bakı radio cihazları zavodunda təcrübə
keçdi. Əsgərlik vədəsi yetişdi. Sovet ordusunda xidmət etməyə göndərildi.
Çavuşlar kursunu bitirib ordu həyatının qayda-qanunlarına, manqa komandiri səriştəsinə
yiyələndi...
Yeni formalaşan
ordumuzun qeyrətli əsgərləri sırasında 1992-ci il aprelin 6-dan etibarən Məhəd
Tağı oğlu Tağıyev də durdu.
Baş çavuş Məhəd
Tağıyev sorğu-sual edildi. Didərgin könlündə erməni işğalçılarına qarşı nifrəti
zabit Nəriman Zeynalov onun gözlərindən oxudu. Məhədi inamla manqa komandiri vəzifəsinə
qoydu. İlk döyüşə - Capar kəndinin azad edilməsi əməliyyatına hazırlıqsız getmək
əmri alanda da dinmədi. “Vətən qan ağlayır, biz onun övladıyıq. İndi döyüşməyib,
bəs haçan döyüşəciyik?! Əmr verilibsə, orası-burası yoxdur, ölüm də olsa,
tapşırıq yerinə yetirilməlidir”, - düşündü.
...Ağdərənin Çapar kəndi
uzaqdan kiçik bir qaraltı kimi görünürdü. Məhədin manqası döyüş düzülüşünə
açılaraq sürətlə irəli yüyürdü. Eyni zamanda taqım komandirinin işarələrinə müşahidəçi
təyin edildi. Ürəkaçan hava var idi. Döyüşçülər taxıl zəmisini sürün-sürünə
keçib kəndin girəcəyində səngər qazdılar. Məhəd döyüşqabağı sözlərini söylədi:
- Düşmənin aşını
biş-düş eləmişik. Bircə qalıb yeməyə başlamaq. Öndə özüm gedirəm. Bəri başdan
deyirəm – geri qalan olsa, başına arvad ləçəyi bağlayacaq.
Bu təsirli sözlərdən
sonra kim qorxuya baş əyər?! Vuruş ilk dəqiqələrdən müvəffəqiyyətlə başladı.
Düşmənin ZDM-i döyüş düzümündə irəliləyən cəngavərlərimizi dəf edə bilməyib
qaçdı. Kəndin içərisində qumbaraatan silahdan atılan mərminin qəlpəsi Məhədi
qolundan yaraladı. Lakin yaralı vəziyyətdə daldalanacaq yer tapıb döyüşə nəzarət
etdi və düşmən canlı qüvvə sarıdan itki verərək Çaparı tərk etmək məcburiyyətində
qaldı.
Qolunu çırmayıb
döyüşə ürəklə atılan Məhəd üç dəfə yaralanıb. Hər yara ona bir dərs verib. Əsgər
vəzifəsində durmaq istəsə də, həmişə komandir postunu ona təklif edirdilər. Məsuliyyət
altından qaçmaqla “qorxaq” adını eşitmək ehtimalından çəkinərək razılaşırdı.
Ona görə də silahdaşları Məhədə “məcburi komandir” – deyə ara-sıra söz atır,
zarafatlaşırlar.
...Qozlunu ələ
keçirmək asan olsa da, Tərtər çayının üstündəki körpünü erməni gavurları
dağıtdığına görə həmlə etmək problemə dönmüşdü. İşin tərsliyinə bax ki, həm də
güclü yağış yağmışdı. Tərtər çayının adi axını selə çevrilmişdi. Təbii əngəli dəf
etməyin çəmi tapıldı. Döyüşçülər əl-ələ verməklə çayın dayaz sahəsindən o taya
adladılar. İkinci problem azuqə ilə bağlı idi. Yemək-içməyi çay üzərindən necə
ötürəsən? Zabit Qurban Qurbanovun və Məhədin təklifi ilə üç günlük xoş məramlı
“aclıq” elan edildi. Onlar meşənin təbii çətiri altında oğrun-oğrun Qozlunun
arxasına keçdilər. “Aclıq” müddəti də qurtardı. Məhəd təşəbbüs göstərdi ki,
çayın enli axarından çörək keçirmək mümkündür. Onun sözünə dayaq verən manqa
döyüşçüləri tapşırığı can-başla yerinə yetirdilər. Üstəlik, dağ başında yiyəsiz
qalmış erməni topunu işə salmaq üçün artilleriyaçı Əbdül Həsənov da gəlib özünü
yetirdi. Beş saatlıq döyüşdə Qozlunun yarısı düşməndən təmizləndi. Məhədin
manqası 10-a qədər erməni məhv etdi, beş ədəd avtomat silah ələ keçirdi. Q.
Qurbanov bir əsir tutdu. Məhəd isə yenə yaralandı.
Bığ yeri təzəcə tərləyən
“məcburi komandir” döyüşlərdə çox sınandı. Necə deyərlər, onu dəyirmanın
boğazından ölü saldılar, diri çıxdı. Buz baltası kimi möhkəm, səriştəli bir cəngavər
oldu. Əvvəl taqım komandirinin müavini təyin edildi. 1993-cü ilin avqustunda isə
taqım komandiri kimi vuruşdu. 1994-cü ilin yanvarında Kəlbəcər dağlarında
uğurlu hərbi əməliyyatlara görə Məhəd Tağıyevə kiçik leytenant hərbi rütbəsi
verildi və öz doğma taborunda taqım komandiri vəzifəsinə təsdiq olundu.
Məhədin özünü dinləyək:
- Döyüş taktikası
mürəkkəb bir elmdir. Açıq demək lazımdır ki, bu elmi o qədər də yaxşı bilmirik.
Məncə, nə qədər öyrənsək, yenə də azdır. Bəzən biz ancaq partizan kimi
vuruşuruq. Elə hal olur ki, ön atəş xəttinə çıxan 100 əsgərdən 50-si döyüşür.
Qalan qüvvələr ya xamlıq edir, ya da ipə-sapa yatmırlar. Söz yox ki, düşmənimiz
də taktikanı yaxşı bilmir. Ona görə də bir mövqedə gah biz qələbə qazanırıq,
gah düşmən. Əgər taktika elmini dərindən öyrənib tətbiq etsək, tez qələbə çalıb
müharibəyə son qoyarıq. Düşmən isə öz növbəsində əvvəl-axır bilməlidir ki, onun
əsgəri nə qədər yüksək hərbi taktikaya yiyələnsə də, işğalçı əsgərlə öz ana
yurdunu qoruyan əsgər arasında fərq tez üzə çıxacaq. Qarabağ bizim torpaqdır.
Onun azadlığı uğrunda axıradək vuruşacağıq. Düşmən əsgərləri isə çoxdan beziblər.
Bunu biz görürük. Deməli, güc bizdədir, qələbə öz əlimizdədir.
...Məhədin yenilməz
taqımı düşmən mövqeyinə həmləqabağı öz dayaq məntəqəsinin müdafiəsini möhkəmlətdi.
Müşahidə və atəşaçma şəraitini yaxşılaşdırmaq məqsədilə 12 əsgər Susuzluq
dağından Bozlu istiqamətinə sarı aşağı endi. Bu kənd 3 yaşayış məntəqəsinə “arxa
qapı” hesab olunurdu. Ətrafa qatı duman çökmüşdü. Döyüşçülərimiz ağır-ağır
addımlayırdılar. Bozlunun üst cinahında erməniləri görüb pusqu qurdular. Elə
pusqu ki, bundan heç şeytan da baş çıxara bilməzdi. Düşmən bixəbər olaraq səhər
tezdən dağda qurulmuş posta qalxırdı. Öz taqımına güvənsə də, Məhəd azacıq geri
çəkilmək əmri verdi. Taqımın döyüşçüləri ağ maska geyindiklərinə görə onların hərəkəti
kənardan gözlə seçilmirdi. Məhəd qısa məsləhətləşmədən sonra göstəriş verdi ki,
düşmən aramızda 15 metr məsafə qalanadək qabağa buraxılsın. Məhədin özü, Turan
Ellazov, Vaqif Qədirov və Rəşid Həsənov lap irəlidə durdular. Sağ və sol
cinahdan atıcılarımız döyüşə girişdilər. Rahat mövqe seçən Məhəd iki atışmada
iki dığanı yerə sərdi. Qumbaraatan əsgərimiz 5 piyadanı bir yerdə susdurdu. Elə
bil, ermənilərin başına kisə keçirildi. Hara gəldi qaçdılar. Yaralılar
tullana-tullana Bozluya sarı düşüb qeyb oldular. Bozlunun azadlığı da belə
başladı. Məhəd isə cəsur əməllərinə görə vətənin yüksək mükafatına – “Azərbaycan
Bayrağı” ordeninə layiq görüldü.
Didərgin həyatına
düşdüyü gündən xain erməni cəlladlarının qətlinə fitva verən döyüşçü Məhəd
Tağıyev səbirsizliklə qələbə gününü gözləyir. Bu şad, mübarək günə gedən yolda
qan-tər axıdan Məhəd itirdiklərini yenidən qazanacağına böyük inam bəsləyir. O,
komandir olmaq istəmədi – lakin dözümlü xarakteri onu “məcburi komandir” etdi.
Mükafatdan, şan-şöhrətdən yan qaçdı. Lakin döyüşçü şücaətini yüksək qiymətləndirən
dövlətimiz ona orden verdi. Çünki Məhəd öz mənliyini torpağının, millətinin və
müstəqil məmləkətinin mənliyi ilə bahəm qoruyan behiştlik insandır.
Ordenli zabitimiz Məhəd
Tağıyev adının mənasını bilmir. Nə qədər axtarsa da, tapmayıb. Bu adı ona atası
qoyub. “Məhəd” ata babasının adıdır. Mən ona söz verib axtardım və dilçi
yoldaşımın köməyi ilə öyrəndim ki, “məhəd” ərəbcə “məhd” sözündən götürülüb. Mənası
“beşik” deməkdir. Məna tutumunda haradasa müqəddəslik çaları var: bütün
insanlar beşikdə pak olurlar. Kimi bu paklığı qəbir evinədək saxlayır, kimi də...
Məhəd bu paklığın qədrini
bilən, onu ləkələrdən daim qoruyan Azərbaycan əsgəridir!
4 may 1994-cü il
P.S. MƏHƏD TAĞIYEV DOĞMA
MƏMLƏKƏTİMİZ ÜÇÜN ALIŞIB-YANAN ƏSL VƏTƏN ÖVLADIDIR. O, VƏTƏNƏ VURULAN HƏR BİR YARANI ÜRƏYİNİN
DƏRİNLİKLƏRİNDƏ HİSS EDİR. ODUR Kİ, HƏMİŞƏ ÖZÜNÜ VƏTƏN UĞRUNDA BAŞLANACAQ
HƏLLEDİCİ DÖYÜŞLƏRƏ HAZIR SAYIR...
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий