SƏNGƏR DÜŞÜNCƏLƏRİ
İctimai həyatımızda kimi dildə, kimi əməldə
öncüllük edir. Bəzən onların tanınmasında yalnışlığa yol verilsə də, kimin necə təqdim edilməsindən asılı olmayaraq
mənəviyyatımızın ana xəttini təşkil edən vətənçilik ideyası heç vaxt saxta
hissləri yaxına buraxmır. Ölkənin müdafiə savaşında formalaşan qəhrəmanlıq xarakteri elə bir davranış
ölçüsüdür ki, yalnız uzun illərin sınağından çıxan, yazılan və yazılmayan səngər
qanunlarına əsasən müəyyən edilir. Səngər rüzigarında cəsur döyüşçülərin tənəli
baxışları altında hər kəs qorxaq olmaqdan cəkinir. Səngər qardaşlığı
ab-havasında əmələ gələn bu çəkinmə seli sövqi-təbii olaraq içində qorxu
hissini boğanları qəhrəmanlıq aləminə
aparır. Bu proses çox rəvan gedir. Ona görə ki,
onların varlığında hakim olan yurd
sevgisi ürəyin təbii istəyindən doğan bir duyğudur. Ürək isə kimsə tərəfindən
aldadıla bilməz. Səngər ömrü yaşayan ürək tamam fərqli və ülvi dünyaya sahib çıxır. Bu
ürək ölümün üzünə dik baxmağa alışan ürəkdir. Onun qalxanı cəsarət, hədəfi qələbə sevincini dadmaq və taleyin hökmü ilə
son məqamda ölümsüzlüyə qovuşmaqdır.
XVII-XVIII əsrlərdə yaşamış fransız yazıçısı
və maarif xadimi Laroşfuko Fransua de belə fikir söyləmişdir: “Nə günəşin, nə də
ölümün üzünə dik baxmaq olmaz”. Bəlkə də, mən müharibə iştirakçısı olmasaydım,
bu fikirlə razılaşardım. Lakin Qarabağ uğrunda gedən ağır döyüşlərdə fərqli-fərqli
qorxmaz oğullarımızın hünərindən heyran olduğuma förə “ölümün üzünə dik
baxmağın” necə və nə cür olduğunu yaxşı anlayıram.
Ümumən desək, səngər həyatında yazılmamış mənəvi
qanunlardan biri ondan ibarətdir ki, torpaq işğalını qəbul edə bilməyənlər haqq
savaşında təmkin göstərmədən ölümü üstün tutur və qəhrəman şəhid adını
qazanırlar. Qəhrəman da ona görə qəhrəmandır ki, ölümün üzünə dik baxır. Ölümə
qalib gələn oğullarımızın sayı yüzlərlədir.
Düşmən üzərində qazandığımız uğurlar məhz onların hesabınadır. Hərbçilər yaxşı
anlayırlar ki, ölümün üzünə dik baxan
döyüşçünün baxışı düşmən tərəfdə təşviş hissini artıraraq qorxaq döyüşçülərin silah tətiyinə düyün salır və qorxuya boyun əyən
məğlub olur.`Kimsə ölümü müxtəlif məcazi və real fikirlərlə qarşılaşdıraraq
subyektiv rəy söyləsə də, məncə, səngər
mühitində ölüm düsturu dəyişməzdir. Onun öz səsi, öz nəfəsi, öz qoxusu, öz sifəti
var. Real məntiq odur ki, insan dünyada
cismən olaraq yalnız bir dəfə ölür. Lakin şəhidlərin ölümü əbədi ölümsüzlükdür.
Kəlbəcərin işğalı zamanı bir neçə dəfə
ölümlə üz-üzə duran və ölümə baş əyməyən döyüşçü zabit Rəhman İsgəndərov belə
düşünür:
– Hərbi əməliyyatlarda
ölümlə çox qarşılaşmışam. İlk anlarda təbii olaraq həyəcan yaşamışam. Əlbəttə,
həyəcan qorxu əlamətidir. Lakin sonrakı hallarda ölümlə üz-üzə dayanmağı adi
bir hadisə kimi qəbul etmişəm və tam anlamışam ki, biz hərbçiyik. Vətən uğrunda
savaş bizim həyatımızdır. Onu da yaxşı
bilirik ki, ağır vuruşma vəziyyətində ölümün nəfəsini kəsən yalnız cəsarətdir. Döyüşdə
cəsarət qədər ikinci güclü silah tanımıram. Tale elə gətirdi ki, cəsarətli hərəkətlərim
məni ölümün ayaqları altına salmadı, lakin ağır yaralandım.
Döyüş təcrübəsində dəfələrlə sübut olunmuşdur
ki, qorxaqlıq ölümün bələdçisidir. Kim bu həqiqəti vaxtında dərk edirsə, yüksək
döyüşçü rütbəsinə yiyələnir. Bayaq sözlərini misal çəkdiyimiz fransız
Laroşfukonun həmyerlisi – yazıçı, fizik
və filosof kimi tanınmış Blez Paskalın fikrinə də öz milli düşüncə bucağımızdan
rəy verməyə ehtiyac duyuram. Bley Paskal belə demişdir: “Gəlin ölümdən qorxaq:
lakin təhlükə anında deyil, bizi heç nəyin hədələmədiyi vaxtlarda qorxaq – qoy,
insan axıra qədər insan olaraq qalsın.” Əvvəla, qorxmazlıq, yaxud qorxaqlıq təbii
bəşəri hisslərdir. İstər təhlükəli, istərsə də hədəsiz məqamlarda kiminsə
qorxub-qorxmaması onun insanlıq mahiyyətinə
elə kəskin bir xələl gətirmir. Əsas məsələ odur ki, insan öz əməlində antibəşər
hərəkət etməsin. Üstəlik öz hisslərinə qalib gələn insan heç vaxt basılmaz,
daha mətin və dözümlü olar. Unudulmaz şairimiz Əli Kərim demişkən, “qorxudan
qorunmaq qüdrətin olsa, ölüm baş götürüb dünyadan köçər”.
Azərbaycan Ordusunun əsasını qoyan 701
saylı hərbi hissənin sıralarında ölümü öldürən döyüşçülərin qəhrəmanlıq əməllərinin
canlı şahidiyəm. Kəlbəcərli Ülfət Kərimovun şiranə həmləsi bu gün də dillərdə gəzməkdədir.
O döyüşçü sırasına durduğu gündən etibarən bütün səngər yoldaşları qarşısında
and içmişdi ki, “əgər Kəlbəcər işğal edilərsə, mənim yaşamağa haqqım yoxdur!” Ülfət
yurd sədaqəti naminə verdiyi vədə yalançı çıxmadı. 1993-cü ilin aprelində Kəlbəcərdə
ordumuzun ilk motoatıcı briqadası və
onun əmrində olan bölmələri bir neçə istiqamətlərdə özündən 12 qat üstün düşmənin
bütün cəhdlərini boşa çıxarsa da, son nəticədə ehtiyat qüvvəsi olmayan
briqadamız mühasirəyə düşmüşdür. Mərd döyüşçülərimizin dirənişi və dönməzliyi
hesabına ağır mühasirədən çıxdıqdan sonra dədə-baba yurdunu hər hansı bir
halda tərk etməyi öz şəninə sıxışdıra
bilməyən Ülfət düşmənin zirehli texnikalarının üzərinə şığımışdır. Onun dəhşət
doğuran cəsarəti düşmən gözlərinə ox kimi sancılmış və onları çaş-baş
salmışdır. Ülfət bir döyüş maşınını qumbara atəşi ilə oda bələdikdən sonra digər döyüş texnikasına hücum etmişdir. O, qumbaranı sinəsinə sıxaraq PDM-in altına
girmiş və özünə mərdanə ölüm hökmü vermişdir: kişi belə ölər!
Bəli, Ülfət Kərimovun məğrurluğu tək-tək
yaşanan məğrurluqdur.
İnsanlar bəzən taleyin hökmü qarşısında susurlar.
Qəhrəmanlar isə taleyin hər bir zərbəsinə dözür. Vətən uğrunda şəhid olmaq onlardan
ötrü ölmək demək deyil, insanın ikinci doğumudur və bu çox şərəfli doğum
sayılır. Əsl vətən döyüşçüsünün hədəfi düşmənə qarşı ölüm-dirim savaşında ya
qalib gəlmək, ya da qələbə naminə şəhid olmaqdır. Bu hədəfə doğru gedilən yolda
ölümü gözünün altına alır və daxili aləmində zərrə qədər də qorxu yaşamır. Bu yolda şəhidlər
olmadan doğma məmləkətin azad rüzigarı naminə zəfər nəğməsini çaldıra bilmərik.
Bu həm də döyüş qanunlarının dəyişməz sərt tələbidir.
Səngər həyatında hər bir döyüşçü üçün
bir ölüm imtahanı yaşanır. Ölümə qalib gələn igid döyüşçülərin qismətində belə
sınaqların sayı artır. Vətən savaşında bu imtahan yurd sevgili insan övladının əzəli
bir əmridir. Sual qətiyyətlə qoyulur: ya qazi olmalısan, ya da şəhid! Kim hansı
xislətə malikdirsə, ona verilən həyatı yaşamaq və gələn ölümü necə qarşılamaq
variantını öz fərdi təbiətinə uyğun seçir. Bəzən heç seçim şansı da ələ düşmür.
Yəni ölüm döyüş anında deyil, təsadüfən qarşılanır və hər şeyə ani olaraq nöqtə
qoyulur.
...1992-ci ilin sentyabr ayıdır. Savaşın
adi bir epizodu yaşanır. Laçın rayonunda Hocaz yüksəkliyi uğrunda gecə döyüşü
gedir. Tabor komandiri, cəsur və çox təcrübəli zabitimiz Çingiz Əliyev ön xəttə
təzəcə gələn taqım komandirinə irəli
getmək tapşırığını verərkən onun gözlərində qorxu işartılarını görür və tərəddüd
edərək fikrini dəyişmək istəyir. Lakin ehtiyat qüvvə olmadığına görə qərarını dəyişə
bilmir və qorxu elə ilk addımdaca öz sözünü diktə edir. Sanki öləcəyini
qabaqcadan yəqin edən taqım komandiri təyin edilən strateji nöqtəyə
çatar-çatmaz bilə-bilə təsadüfü atılan
bir güllənin “yoluna çıxır” və şəhid olur.
İnanın ki, cəmi üç döyüşdə bu təcrübəsiz
döyüşçü gülləyə tuş gəlməsəydi, daha sonra ölümə baş əyməzdi. Lakin qismət belə
imiş...
Savaş
təcrübəsi sübut edir ki, cəsarət kasıb ürəkdə yurd salmır. Daim ölümü inkar edərək
qəhrəmanlığa meydan açır. Cəsarət Allah vergisi deyil. Onu özün qazanmalısan. Lakin bu keyfiyyət elə
asanlıqla hasilə gəlmir. Savaş üçün gərəkli dəyərlərin hökmən qabaqcadan mənimsənilməsi
fikri əksər hallarda döyüşçü ruhunu ölgünləşdirir. Bütün müharibə iştirakçıları
bu məsələnin incə məqamlarını əldə edilən təcrübəyə əsasən yaxşı anlayırlar. Nəzərdə
tutulan məntiqi nəticə anlaşılandır: eyni bir şəraitdə müxtəlif intellektual və
iradə gərginliyi müxtəlif nəticələrə gətirib çıxarır. Necə deyərlər, kimsə cəsarətə
yaxın, kimsə cəsarətə çox uzaq məsafədə durur. İradə qıtlığı olan yerdə cəsarət
əldən uzaq yüksəklikdə dayanır. Bəzən hər hansı bir döyüş anı, bir təsadüfi həmlə
bu nizamı dəyişə bilməsə də mənəvi tərpəniş əmələ gətirir. Məşhur rus sərkərdəsi
A.V. Suvorovun məsləhəti yada düşür: “Kim qorxmuşsa, o yarıməğlub olmuşdur.
Qorxağı təhlükə ilə müalicə etmək lazımdır.”
Kifayət qədər mətanət, iradə və təkid göstərməmək
mənəvi enerjinin azalmasına, irəli sürülmüş başlıca məqsəddən imtina edilməsinə,
məyusluğa və pessimizmə səbəb ola bilər. Mərd döyüşçü verilmiş əmrə əsasən öz yoluna
doğru hərəkət zamanı mütləq mənada qabiliyyət qüvvəsinə inam hissi gətirən müvəffəqiyyət
olmalıdır. Bəzən bu müvəffəqiyyət baş tutmur.
Təbiidir ki, çətin sınaqlarla dolu hərbi
əməliyyatlarda döyüşçü xarakteri üç şərt əsasında pərvəriş tapır. Birinci şərt
irsiyyətlə bağlıdır. İkinci şərt döyüşçünün fəaliyyət göstərdiyi bölmənin şəxsi
heyətinin mənəvi-psixoloji durumundan qaynaqlanır. Üçüncü şərt döyüşçünün özündən
asılıdır və bu, optimal şərt hesab edilir. Belə ki, kimsə döyüşdə özünü yurdun azadlığı naminə qurban verməyə hazır deyilsə,
onu döyüşçü hesab etmək olmaz və belə düşünənlər tez sıradan çıxırlar. Lakin
kifayət qədər çətin başa gəlsə də döyüşçü sırasına duran insanın varlığında cəsarət
toxumları cücərməyə başlayır və tədricən bar verir. Bəziləri qısa ömürlü
qərarsızlıq içərisində öz ümidini taleyə bağlayırlar. Di gəl ki, tale cəsurlara
dar macalda öz kömək əlini uzadır. Tipik misal kimi 701 saylı hərbi hissənin
birinci taborunun döyüşçülərinin qəhrəmanlıq xarakterinin necə formalaşmasını
göstərə bilərəm. Bu, milli hərb tariximizdə öz imzasını qoymuş bir tabordur. Şəninə
mahnı da bəstələnmişdir. Onların döyüş uğurları çox ürəkaçandır. Ordumuzun ilk
taboru olduğuna görə burada döyüş dərsi keçərək yetişən əsgərlər sonra zabit
kimi digər hərbi qurumların təliminə cəlb
edilmiş və atəşkəs dövrünə qədər bənzərsiz ad-san qazanmışlar.
Bu
günlərdə axar. az saytında rusiyalı
telejurnalist, Rusiya Dövlət Dumasının keçmiş deputatı Alexander Nevrozov verdiyi
müsahibədə Dağlıq Qarabağ müharibəsi barədə xatirələrini bölüşmüşdür. Onun
fikirlərində iki məqam doğru
açıqlanmışdır. O səmimi olaraq bildirir ki,
bu və ya digər müharibədə haqlı-nahaq tərəf bölgüsü aparmaqdan daha imtina etmişdir. Şükürlər olsun ki, gec olsa
da obyektiv mövqeyə qayıtmışdır. A. Nevrozov Goranboy döyüşləri barədə
hazırladığı materiallardan danışarkən şəxsi həyatında gördüyü ən cəsur bir Azərbaycan
əsgəri barədə söz açır. Həmin əsgər tərtərli Vəzir Surxay oğlu Orucovdur.
Rusiyalı telejurnalist heyranlıqla qeyd edir ki, məni himayə etdikdən sonra ağır
ölüm təhlükəsi anlarında Vəzir elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o
cür gedə bilməzdi. Məgər, Alexander Nevrozov düşmənin güllə yağışına qarşı təkcə
Vəzirin cəsurluğunu görmüşdür?! Əlbəttə, yox! Ətraflı açıqlama əngəli ondan
ibarətdir ki, bizim həqiqətləri tam çılpaqlığı ilə qələmə almaq onlara sərfəli
deyil.
Əgər belə demək mümkündürsə, ön atəş xətti
kimi səngər döyüş bölgəsinin əsas tərkib hissəsi sayılır. Mənəvi ovqat ümumi
olsa da, səngər fərqli məqamları ilə tamam
üstün sınaq və mərdlik mövqeyidir. Düzdür, istər səngərdə, istərsə də döyüş
bölgəsinin digər nöqtələrində ölümün kölgəsindən kənara çıxmaq mümkün deyil.
Yerləşmə mövqeyindən asılı olaraq ölümlə
üz-üzə durmağın cürbəcür situasiyaları yaşanır. İkinci Kəlbəcər əməliyyatının
ilk günlərində şahidi olduğum bir epizodu yada salmaq istəyirəm. Gecə 10.00 radələri
idi. Düşmənin möhkəm müdafiə istehkamlarını bir həmlə ilə darmadağın edən
döyüşçülərimizin bir qismi ehtiyat bölmənin tərkibində “Yol evi” yaxınlığında
saman döşənmiş qar örtüyü üzərində bir-birinə dayaqlanaraq mürgüləyirdi. Mən də
fürsət ikən onların yanında uzanmışdım. Birdən kəskin və qısa bir ufultu səsi
eşidildi. Hamı diksinərək oyandı. Bir döyüşçü üzü aşağı halda tərpənməz vəziyyətdə qalmışdı. Cəbhədaşlarının çağırışına cavab
verməyəndə bir döyüşçümüz onun başını yuxarı çevirdi. Bu zaman boynundan dəyən
güllənin yeri göründü. Sən demə, uzaqdan ünvansız atılan bir güllə həmin
döyüşçünü təsadüfən yaxalamışdı...
Döyüşçü öz içində iztirab gəzdirə-gəzdirə
canlı kölgəyə çevrilərsə, ölümün üzünə dik baxa bilməz. Hərbi əməliyyatların cəsarət
tələb olunan məqamlarında qorxunu içində boğan əsl cəsur döyüşçü həmişə qalibiyyət
yolunun başında durur. O, əyilməz qeyrətkeşdir. Ümummilli mənafeləri daim şəxsi
mənafelərdən üstün tutur. Ona kimsə yuxarıdan aşağı baxa bilməz. Dərin və
dözümlü mənəvi təməli, zəruri mənəvi dəyərlərə
obyektiv baxışı mövcuddur. Onun xarakteri soyuq, quru, sərt ola bilməz.
O sevilməyə bilməz. O, əsl vətəndaşdır – yurdun asayişi üçün hər nə istəsəniz
ola bilər, heç zaman qeyri-insanlıq halına yol verməz. Siz ona hər bir zaman
inana bilərsiniz, ona layiqli dost ola bilərsiniz, daxili
həyəcan və hisslərinizi açıqlayaraq ona bəzi gizli sirlərinizi inamla
söyləyə bilərsiniz. O, xəyanət etməz. Cünki o, ana yurdumuzun halal övladıdır.
Tükdilli xalqların istifadə etdikləri
ortaq bir məsəl var: Cəngsiz ər yetişə bilməz.
Bu gün vətəndaş cəmiyyətimizdə çox böyük ərlər nəsli yetişmişdir. Onlar
Qarabağ müharibəsinin sınağından çıxmış və öz yurduna sadiq bir mərd övlad olduğunu sübuta yetirmiş
müharibə veteranlarıdır. Bu mənada təkcə müasir silah və zirehli texnikası ilə
deyil, şücaətli döyüşçüləri ilə Azərbaycan Ordusunu dünyanın güclü ordu sıralarında görürük.
Obrazlı desək, bizim ordu səngərdə doğulmuş və döyüşlərdə ərsəyə gəlmişdir. Zəngin
döyüş təcrübəsinə malik bir orduya sahib olduğumuza görə çox qürur duyuruq. Biz
sönməz cəsarət, əyilməz hünər sahibiyik.
İbrahim MƏSİMOĞLU
hərbi-yazıçı jurnalist, ehtiyatda
olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий