YUN CORAB
Sənədli
hekayə
Gəncliyi məmləkətimizin
müharibə dövrünə düşən, qabağında hələ dağ boyda əsgərliyi, döyüşçü taleyi
duran Mübariz heç kimə könül verib könül almaq xəyalını beyninə salmaq istəmir,
bəzi arzu və diləyini qıfıl altında saxlayırdı. Elə əfəl, əlindən iş gəlməyən
adam da deyildi. Bilmədiyi, bələd olmadığı işi üç-dörd günə can qoyub öyrənərdi.
Yaman mərc etməyi sevən cavandır. Lap desəydilər ki, Kür çayında üzmək üçün
qayıq qayır, yenə arxasını yerə vurmaz, qan-tərə batsa da, sözünün üstündə
durub qayığı hasilə gətirərdi. Amma olacağa çarəni, əlacı bir Allah tapır.
Mübariz deyinirdi ki, görünür, nə günah işlətmişiksə, o da bizdən üz döndərib.
Kaş millətimizi xətaya salan Qarabağ savaşının odu tez sönəydi. Həyatımızın elə
sahəsini tapa bilməzsən ki, müharibə ora nüfuz etməsin. Udulu kəndində də belə
idi. Qalmaqallı əyyamın tipik əlamətləri hər şeydə parlaq əks olunurdu. Bu
sayaq dəb düşmüşdü ki, kim müharibəyə gedib-gəlməzdən qabaq evlənsəydi, ona pis
gözlə baxar, tənəli sözlər tullayardılar. Toy edənləri lağa qoyan, bəyənməyənlərdən
biri də Mübariz idi:
- Vallah, düz etmirlər.
Nahaq evlənirlər. Müharibəyə gedən deyə bilməz “sağ qayıdacağam”. Subay olmağın
dərdi azdır. Vay onda ki, evli olasan. Şəhid oldunsa, bir gəlin dul, neçə-neçə
uşaq da yetim qalacaq. Hə, qardaş, bu dərdlərdən hansı yüngüldür?! Əlbəttə,
subaylığın dərdi. Qərəz, Allah var, rəhmi də var. Bir yandan bağlasa da, bir
yandan açar. Yəqin ki, bir gün bu millətçi ermənilərin başı da əhlət daşına dəyəcəkdir.
***
Mübarizin dayısı
oğlu Sahib müharibənin əvvəlində könüllü olaraq cəbhəyə getmişdi. O zaman qeyrət
damarı oyanan oğullar evdə dinc otura bilmirdilər. Təlimsiz, məşğələsiz əsgər
sırasında durur, hərbi əməliyyatları kor-koranə yerinə yetirirdilər. Həmin dövr
siyasi çəkişmələrin qızğın çağına təsadüf etdiyinə görə, necə deyərlər, ordunun
böyüyü-kiçiyi bilinmirdi. Döyüşçülərin başını hiylə ilə tovlayan vəzifəpərəst
siyasətçilər ordumuzun hərbi qayda-qanun, intizam cığırı ilə inkişafına pəl
vurur, hərbi əməliyyatları qəsdən pozur, cürbəcür mərdiməzarlıq əməlləri törədirdilər.
İşğal planı tutan düşmən də bu başıpozuqluqdan gen-bol istifadə edərək
torpaqlarımızı kəndbəkənd ələ keçirir, yaşayış məntəqələrimizi viran qoyurdu.
Sahib güllə yarası aldıqdan sonra belə ikitirəli, siyasi çəkişmə meydanına dönən
orduya qayıtmaq fikrindən qaçdı. Sağalıb hospitaldan çıxan kimi evlənmək qərarına
gəldi. Çünki yaşına görə ailə qurmaq vədəsi çoxdan ötmüşdü. Axı, Sahib sovet
ordusunda əsgərliyini çəkmişdi. Müharibəyə - öz torpaqlarımızın müdafiəsinə
könüllü getməsəydi, bəlkə də, ona heç çağırış vərəqi yazılmazdı.
Sahibin toy günü
Mübarizin baxışlarından ixtiyarsız olaraq yalnız məhəbbət odu şəfəq saçırdı.
Qız-gəlinlərin içərisində sakitcə oturan, hərdənbir dəvət edilsə də, oynamayan
və müğənninin xoş avazlı mahnılarına dərin maraq, sonsuz həvəslə tamaşa edən
qaraqaş, qaragöz, ortaboylu bir gözəldən gözünü yayındırmağa cürət etmirdi.
Birdən-birə doğulan sevgiyə qarşı, o sakit ruhlu gözələ qarşı zillənmiş gözlərinin
tamahkarlığı onu mat etmişdi. Sanki qara daşlar içində bir mirvari bərq
vururdu. Mirvaridən tikilmiş, bəzəyə tutulmuş bu fəthedilməz qala onu sehirləmişdi.
Bayaqdan Sahibin igidlik dolu döyüş yolundan masabəyi bəlağətlə danışdıqca, cəbhəyə
getmək istəyi baş qaldıran Mübarizin beyninə sevgidən, o gözələ qovuşmaqdan
savayı heç nə girmirdi. Bu ilk məhəbbət ovunun möcüzəsindən başqa nə ola bilərdi?
Qulağı musiqidə, gözləri o qara gözlü gözəldə qalan Mübarizi bu sehirli, lətafətli,
cadulu aləmdən yoldaşı Ramiz araladı:
- Ayə haranı
marıtdıyırsan?
Mübariz istədi ki, nəm-nüm
eləsin, onun fikrini azdırsın, lakin gördü ki, yoldaşı duyuq düşüb. Hər halda
soyuq cavab verməklə onu mətləbdən uzaqlaşdırmağa səy etdi:
- Sənlik deyil.
- Sənlik də deyil!
- Sən Allah, dayan
görək...
- Yox, əl çəkəmmərəm.
Ox atıb, yayını gizlətməzlər. Bəri başdan deyim ki, səhv edirsən. Bir əməlli-başlı
düşün. Əsgərliyə gedib-gəlməsən, heç kim sənə qız verməyəcək. Havayı gözlərini
yorma, ehtiyatlı ol! Evdə məhşər ayağına çəkərlər ha!
Düzdür, Mübariz üzdə
Ramizin sözlərinə məhəl qoymadı, lakin daxilində özünü acılasa da , mənəvi
istinad nöqtəsi tapdı:
- Deyirdilər, mənsə
inanmırdım. Doğrudan da, məhəbbət müqəddəs bir duyğudur. Od kimi istilik, hərarət
verən bir aləmdir. Lakin əsl kişi odur ki, lazım gəldikdə məhəbbətdən yüksəkdə
dayanmağı bacarmalıdır. Yüz il yüz ilə qala, bu gözəldən üz çevirmərəm. Elə
onun eşqinə düşməni məhv edəcəyəm. Elə o gözəlin sağlığı naminə cəbhədən
salamat, qalib əsgər kimi qayıdacağam. Ciddi deyirəm. O gözəl mənə könül versə,
vallah, bizim nəfəsimizdən qara daş da göyərər.
Mübarizin sevgi kəşfiyyatı
bir neçə dolayı yol qət etsə də, onun ağlını başından çıxaran gözəlin qəlbi
daşdan olmadı. Qonşu kənddən olan bu gözəlin adı Ülkər idi. İki könül arasında
gizlicə sevgi məktubları ayaq açdı. Bəhanə, təsadüf adı altında qurulmuş görüşlərdə
Ülkərlə Mübarizin bir-birinə olan sonsuz məhəbbəti sınamalar, xoş çəkişmələr
axarında daha möhkəmləndi. Onları dilə-dişə salan olmadı. Lakin eşqin közərən dəmində
hərbi komissarlıqdan çağırış vərəqi gəldi. Mübarizin üzündən nur yağan atası Səməd
kişi halal süd əmmiş övladını cəbhəyə toy-bayramla yola saldı. Amma nə atanın,
nə də anası Nigar xalanın xəbəri yox idi ki, cəbhəyə gedən övladları özü ilə
Ülkərin məhəbbətini də aparır. Heç kim bilmirdi ki, təzəcə dil açmış məcnunluğun
yolu odlu səngərdən keçəcəkdir.
Mübarizə hərbi
komissarlığın həyətində yolasalma mərasiminin axırında kiçik qardaşı Xəlilə ürəyini
açıb söylədi:
- Qardaş, sənə bir
sirrimi açıram. Mən gedəndən sonra atama da, anama da çatdırarsan. Bir gözaltım
var. Qonşu kənddəki Həsən kişinin nəvəsi Ülkəri deyirəm. Əsgərlikdən sonra
onunla evlənmək fikrindəyəm. “Hə”sini də almışam.
Xəlilə sözünü deyib
qurtarmışdı ki, gülümsər bir qız ona bağlama uzatdı:
- Ülkərdəndir. İçində
məktub da var...
***
Cəbhəqabağı baş
qaldıran sevgi macərası bir məktublamı sona yetişdi?! Əsla yox. Bu məktub sanki
aşiq olanların bir-birinə yazdığı vəfa duası imiş. Ülkərin var gücü ilə ağzını
möhkəm düyünlədiyi bağlamada bir dəyərli əmanət də var idi. Bu, özünün xüsusi
incəliklə toxuduğu yun corab idi. Dünyanı öz oduna yaxan eşqin sən demə uzaqgörənliyi
də var imiş. Ülkər, görəsən, haradan bilirdi ki, onun sevgilisi əsgərliyini
Murovdağda, başı qarlı dağlarda keçirəcək.
Həyata gözlüksüz
baxan Mübariz daxilən özünü təlqin edirdi ki, sevgidə səhvə yol verməyib.
Qaya-səngərdə keçirdiyi günlərdə daim Ülkəri düşünür, onun eşqi naminə hərbi vərdişlərə
möhkəm yiyələnir, bütün silahların dilini öyrənir və komandirin gözündə cəsur,
qeyrətli bir əsgər kimi böyüyürdü. Bəzən daxili hiss və həyəcanının sarsıdıcı ləngərində
uşaq təki kövrələrkən sakitliyə, tənhalığa qapılır, Ülkərin əmanət verdiyi yun
corabı çıxarıb oğrun-oğrun gözdən keçirir, heyrətamiz, əcaib bir duyğu ilə onu
qoxulayır və qoxuladıqca qeyri-adi nəşələrə qərq olurdu. Üşüsə də, can dərmanına
çevrilmiş yun corabı geymək istəmirdi. Nədənsə, çox ehtiyat edirdi. Qorxurdu
ki, geyinsə, son nəticədə cırıldıqdan sonra Ülkərin nəfəsi, incə əllərinin
qoxusunu necə alacaqdı?!
Öz-özlüyündə Allahın
bəxş etdiyi qismətə qane olan Mübariz sevgi duyğusunun ölçüsüzlüyündə məmnunluq
hissi, rahatlıq çəkməklə yanaşı dərdlənir, cavabdehli döyüşçü mənəviyyatının
dolanbaclarında usandırıcı bir tərzdə azırdı. Niyə? Niyəsi odur ki, onun
bölüyünə arxa cəbhədən imkanlı adamlar tərəfindən xeyriyyə boxçası gətiriləndə
hər bir əsgər nə lazımdırsa, götürürdü. Mübariz isə qoltuq ciblərində gizlicə
saxladığı yun corab ola-ola yun coraba ehtiyacını söyləyirdi. Komandir də nümunəvi
əsgər kimi Mübarizin sözünü yerə salmır, bölükdə birinci onun adını çəkirdi. Hərdənbir
çatmayanda Mübarizi dərin bir başağrısı bürüyürdü:
- Niyə bu boyda
insafsızlıq edirəm? Əgər təsadüfən qoynumdakı yun corabı görsələr, yoldaşlarıma
nə cavab verəcəyəm. Bilə-bilə dəyyusluq etmək olarmı?! Yox, yox,.. daha Ülkərin
yun corabını geyəcəyəm.
***
Hücum xəbərini gözləyən
“N” bölüyünün əsgərləri gecəni doyunca yatmamışdılar. Mübariz günəş doğmamış
özünü Bənövşə çayının kənarına yetirdi. Yorğun gözlərini dağ çayı ilə yuyaraq
ovxaladı ki, yarı canı dustaq olmuş Murovdağın qar ağlığına baxanda çaşmasın. Hər
dəfə üzünə su çəkəndə baş qaldırıb zirvələrə baxışını zilləyir, özünə güc toplayırdı.
Yatmasa da özünü çox narahat hiss etmirdi. Çünki daha yun corab dərdinin də
birdəfəlik əlacını tapmışdı: ehtiyatla ayağına geyir və tez-tez yuyub, təmizliyinə
ciddi fikir verirdi.
Həyəcan siqnalı
veriləndə səhərin gözü yeni açılırdı. İkinci tabor Koroğlu dağına yiyəlik
edirdi. Odur ki, Mübarizgilin bölüyü dayanmadan yüksəkliyə doğru hərəkətə
başladı. Sən demə, erməni ekspedisiya ordusunun pusqu quran dəstələri
maskalanaraq dağ-daş arxasında yerə yatıblarmış. Şübhə oyanmasın deyə, düşmən
qüvvələri güman edilən yerlərdə gizlənmişdilər. “N” yüksəkliyinin zirvələrinin ətəyindən
enən məqamda Mübarizgil pusquya düşdüklərini duydular. Atəşlər qəfil açıldı. Hər
tərəfdən yağmağa başlayan xəncəri güllələrdən qorunmaq üçün əsgərlərimiz hər
qaya daşını özünə bir sığınacaq seçdilər. Yaxşı ki, qabaqcadan
maskalanmışdılar. Hərbi ağ xalatda onları hədəfə almaq çətin idi.
Ölüm qoxusu cövlan
edən bu qayalıqlarda sonsuz emosional gərginliyə düçar olmuş Mübarizi tanımaq
olmurdu. Adi bir tərpənişlə hədəfə çevrilmək qorxusu çıxılmaz bir vəziyyət
yaratdığına görə çaşdırıcı atəş açmaqla yerini dəyişən Mübariz güllə yağışına
tuş gəldi. Lakin güllələr yan keçdi. İgidimiz havayı bir güllənin caynağına keçəcəyindən
çəkinirdi:
- Bir düşmən əsgərini
məhv etməmiş ölmək, səmtsiz bir güllə əlinə keçmək havayı ölümdür. Mən havayı ölmərəm.
Axı biz niyə belə arxayın hərəkət etdik?! Hiyləgər düşmənə qarşı bu qədər biganəlik
olarmı? Günahı kəşfiyyatımızda görürəm.
Beyninin qurdu tərpənmiş
igid taqım komandiri Mirəli Məmmədov quş kimi sıçrayaraq açıq atəş mövqeyinə
çıxdı. Düşmənə sarı bir “muxa” göndərdi. Bu amansız atəş bir dəqiqəlik sakitlik
yaratdı. Sıravi Mahir Əliyev qumbara atəşinə güc verdi. Mütəəssir olmaq, ölüm
qarşısında aciz qalmaq hissləri Mübarizi tərk etdikcə barmağı aramla tətiyə çəkilirdi.
Ehtimal ki, atılan güllələr öz faydasını verdiyinə görə düşmən piyadaları
susdurdular. Daha ölüm adlı bir anlayış gözünə öndüyüm Mübarizin beyninə yaxın
dura bilmirdi. Lakin qəsbkarlar haradansa hücum planımızdan xəbərdar imiş.
Taqım komandiri yəqin etmişdi ki, dörd tərəfdən vuruluruq. Mühasirə qorxusu
açıq-aydın duyulurdu. Mühasirə həlqəsini hökmən dağıtmaq vacib idi ki, əsgərlər
vahiməyə düşüb özlərini itirməsinlər.
* *
*
Döyüş hər iki tərəfdən
qızğınlaşdı. Mühasirə xofunu Mübariz öz cəsur hərəkətləriylə dağıtdı. Onun
iki-üç gülləsindən biri hədəfə dəyirdi. Yeganə çıxış yolu onda idi ki,
yaxınlıqdakı strateji əhəmiyyətli təpəyə ikinci taqımın çıxmasına şərait
yaradılsın. Lakin möhkəm mövqe seçmiş düşmən qüvvələrini susdurmaq çox çətinlik
törədirdi. Sıralarımız seyrəlirdi.
Mübarizin gözlərini
qan tamamilə örtmüşdü. O, kiçik fasilələrlə nəfəsini dərir, sonra cəsarətlə irəli
sıçrayıb atəş açır, düşməni gizlənməyə, atəşi dayandırmağa məcbur edirdi. Bayaq
havayı ölümdən çəkinən Mübarizin indi bir güclü hissi coşub-çağlayırdı. Bu onun
intiqam hissi idi. Şəhid qardaşlarının qanını almaq istəyi onu həddindən ziyadə
özündən çıxartmışdı. Avtomat silahının gülləsi tükəndiyinə görə əlinə cəbhədaşının
qumbaraatanını almışdı. Qənaət rejiminə keçmişdi. Düşmən gülləni-gülləyə düzsə
də, Mübariz arabir qumbaraatanla gözəyarı təyin etdiyi hədəfləri oda bələyirdi.
Mərmi düşən ərazilərdə
qarın rəngi qaralmışdı. Partlayış istisindən ərimiş qarın suyu nazik
şırnaqlarla üzüaşağı asta-asta axırdı. Mübariz mərmi düşən sahələri sayıb fikrə
getdi. Gözlərini sulanmış qar dənələrinin üzərində bərq vuran, oynayan günəş
şüalarına zillədi. Özünü çox tənha hiss etdi. Çünki cəbhədaşlarını daha görə
bilmirdi. Yalnız bir əlacı qalmışdı: mühasirəni yarıb düşmənin tələsindən yaxa
qurtarmaq. “Fürsəti fot eyləyən, aqil deyil, divanədir”, - deyərək Mübariz
ağlına güc verdi. Uzun-uzadı fikirlərlə qar soyuğundan-suyundan keyləşmiş
ayaqlarına güc gələrək 25 metr geri çəkildi. Birdən yumalanıb çökəkliyə düşdü.
Sanki gözlərinə qatı zülmət çökdü: “Mən niyə belə etdim? Bəs hanı top
gurultuları?!”. Üç tərəf dik qayalıqla əhatələnmişdi. Mübariz üzünü açıq tərəfə
tutdu. “Deyəsən, ümid yolum budur”, - deyə elə düşündü ki, onu daha görən və
yaxud izləyən yoxdur. Arxayınçılıq hissi uzun çəkmədi. Yan-yörəsinə sönən güllələr
dəydikcə əməlli-başlı duyuq düşdü ki, onu açıq-aydın görməsələr də, möhkəmcə
izləyirlər. Ətrafına odlu güllələr dəyəndə Mübariz var gücü ilə özünü iki daşın
arasına soxdu. Arxadan əşya kisəsi deşildi və yavaş-yavaş tüstüləməyə başladı.
Daş arasından çıxan kimi əşya kisəsini çiynindən çıxarıb xeyli uzağa tulladı
ki, tüstünün səmti ilə düşməni azdırsın. Lakin amansız bir ölüm onu daban
qırmadan izləyirdi. Yavaş-yavaş ölümü gözünün altına alan Mübariz Vətən səmasını
heyrətamiz bir baxışla gözdən keçirib yalvarıcı asta səslə “Allah, qadan alım,
məni namərdlərə təslim edib pisikdirmə! Yoxsa, özümü öldürərəm!” - dedi. Ülkərin
siması xəyalında canlandı. Əfsanəvi mələk kimi gözünə görünən sevgilisinin dərin
bir harayı qulaqlarına doldu. Qulaqları tutulan sayaq oldu. Ürəyinin telləri əsdi.
Sağ tərəfdən üç erməni döyüşçüsünün ona doğru əyilə-əyilə gəldiyini görəndə,
sanki disinib yuxudan ayıldı. Ehtimal ki, Mübarizi diri tutmaq istəyirdilər.
- İki qumbaram
qalıb. Siz öləsiniz ki, məni diri tuta bilməzsiniz. Qumbaralarım sizi qana qəltan
etməsə də, təslim olmaram, - deyə Mübariz öz-özünə danışıb sakitləşir, həyəcanını
yavaşıdırdı.
Sərrast atacağına əmin
olan Mübariz qumbaraatanını sahmanlayıb atəş vəziyyətində dayandı. Bəxti onda gətirdi
ki, düşmənin üçü də yan-yana gələrək onu güdürdü. Hamısını bir atəşlə məhv etmək
ehtimalı var idi. Onlar aramla qabağa gələndə Mübariz nəfəsini içəri çəkib
qumbaranı yola saldı. Amansız qəsbkarlar elə amansızcasına gəbərdilər ki, nə
inilti səsi eşidildi, nə də cavab zərbəsi gəldi. Ümumiyyətlə, qısa bir müddət
uzaqlarda da atəş səsləri kəsildi. Mübarizin ikinci döyüşçü nəfəsi açıldı. Yenə
imdad hissi ilə Allahın adını çağırıb təpəyə dırmaşmağa üz qoydu. Düzünə
dırmaşmaq cəhdi boşa çıxdı. Heç dörd metrlik məsafə qalmamışdı. Necə
çıxmışdısa, eləcə də aşağı sürüşdü. Bir az özünü danladı. Təlimdə öyrəndiyi
üsulu tətbiq edəndə daha bir addımlıq da geri sürüşmədi. Özünə mat qalmışdı.
Körpə uşaq kimi aramla iməkləyirdi. Təpənin yüksək nöqtəsində yerə uzanıb nəfəsini
doyunca dərdi. Başını qaldıranda gördü ki, soldan yenə onun qarasınca gələnlər
var. “Gəlin köpək uşağı, deyəsən, əcəliniz yetişib”, - deyə onların səmtinə
axırıncı qumbarasını göndərdi. Özü isə top kimi yumalanıb təhlükəsiz və gündöyər
kolluğa sarı tullandı. Təxminən yüz metrədək sürətlə dumarlanıb azacıq
qarlaşmış iri kol-kosun içində gözdən itdi. Onun dalınca qeyri-dəqiq güllələr
yağdırıldı. Doğma torpağa üzüqoylu, lal-dinməz qısılan Mübariz heç tükünü də tərpətmədi.
Pal-paltarı qar suyundan nəmlənsə də, kol-kosun dibindən yalnız qaş qaralanda
çıxdı. Oriyentir tapa bilməyincə yerini dəyişmədi. Ancaq atılan topların səsinə
görə öz yolunu müəyyən etdi. Gecə saat 24.00 radələrində qərargaha gəlib çatdı.
***
Ağır hərbi əməliyyatda
Mübarizin çəkmələrinin altı çatlamışdı. Ayağını isti saxlaya bilmirdi. Qar suyu
çəkmənin çatlarından sızıb yun corabını isladırdı. Soyuğa birtəhər dözürdü,
amma islanmış yun corabın bir-iki yerdən üzülməsi onu yaman dilxor etmişdi. Ürəyinə
min cür fikir gəlirdi:
- Kaş yun corabı
geyməyəydim... Allahın da işini bilmək olmaz. Bəlkə, yun corab, Ülkərin duaları
məni qoruyub. Amma yun corabın üzülməsi məni çox şübhələndirir. Ola bilsin ki,
Ülkərin başında bir bəla var. Axı niyə başqalarının yun corabı cırılmayıb?! Üç
həftə nədir ki? Bu qədər müddətə də yun corab üzülər? Komandirdən xahiş edəcəyəm.
Gedib-gəlməyə üç gün kifayət edər. İcazə versə, gedib Ülkərə baş çəkərəm. Bəs
hansı bəhanə ilə icazə alım? Əsgərə də öz sevgilisi ilə görüşməyə icazə verərlər?!
Deyəsən, lap ağlımı azmışam!
Mübarizin qəlbini təzədən
çulğalayan sevgi atəşi vücudunu sanki qaynar su içində qaynadırdı. Dərdini təkcə
ürək dostuna - etibarlı əsgər yoldaşı Qəzənfər Nəzərova açıb tökmüşdü. O da
susmağı məsləhət görmüşdü:
- Heç kimə ürək
sözünü açıb-bükmə. Sənin dərdinə əlac bir Allahdandır. Bircə o gözəgörünməzə
yalvar. Elə zənn etmə ki, döyüş dayanıb, atəşkəs uzun çəkəcək. Bu müvəqqəti bir
haldır. Ola bilsin ki, üç-dörd gündən sonra hərbi əməliyyatlar yenidən
başlayacaq.
Həqiqətən saf məhəbbətin
bir dayağı qarşılıqlı sevgi, vəfadarsa, səbəbkarı - əsas əl tutanı, ümidgahı o
gözəgörünməz İlahidir. İlahi gec-tez hər şeyi öz yerinə qoyur. Mübarizgilin
keçirdikləri hərbi əməliyyat qərargahda müzakirə edildikdən sonra komandirlik
göstərdiyi igidlik, dözüm, cəsarət nümunələrinə görə üç əsgərə qısa məzuniyyət
elan etməyi qərara aldı. Üç nəfərdən biri Mübariz idi.
Mübariz özü də hiss
etmədən elə bil quş qanadında yola çıxdı. Yolda heç ləngimədi. Axşamçağı Ülkərlə
daimi görüş yerində birsaatlıq söhbət ərzində yun corab macərasından tutmuş,
döyüşlərə qədər hər şey haqqında ürəyini boşaltsa da, son məqamda Ülkərin “ya
elçi göndər, ya da qaçırt” bəyanatı yenicə soyumuş daxili gərginlik nöqtələrinin
konfliktini düyünə saldı. Ülkərin “məni başqasına vermək istəyirlər” xəbəri onu
qəti addım atmağa məcbur etdi. Tərəddüdsüz-filansız Ülkəri yanına salıb evlərinə
gətirdi. Atası Səməd kişi də, anası Nigar xanım da qeyrətli döyüşçü oğlunun
könlünü sındara bilmədilər. Dünyagörmüş Səməd kişi oğlu ilə yalnız bir şərt kəsdi:
- Oğul, hələ toy
olmayacaq. Ülkər mənim evimdə doğma qızım kimi qalacaq. İnşallah, müharibə
qurtarar, qələbə çalarıq, sən də sağ-salamat qayıdarsan, onda sizə el adəti ilə
yaxşı bir toy çaldıracağam.
- Amin ya Allah! -
deyə Nigar xanım Ülkərin də, Mübarizin də üz-gözündən öpüb, onları gecikmiş şam
süfrəsinə dəvət etdi.
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий