BAŞ ÇAVUŞ MİNA XANIM



Kövrək qəlbli, xoş niyyətli  Mina xanım müharibədən əvvəl qonum-qonşu uşağına iynə vurur, tibbi məsləhətlər verirdi. Yaşadığı məhəllədə yaxşı hörmət qazanmışdı. Həyatda ən böyük arzusu da sevimli sənəti ilə xalqına xidmət etmək idi.
Erməni təcavüzü başlayanda Mina xanım Kəlbəcər rayonunun mərkəzi xəstəxanasında işləyirdi. O zaman Ağdərə uğrunda gedən savaşlarda yaralanmış döyüşçülərimizin bir qismi Kəlbəcər xəstəxanasına gətirilirdi. Gecəli-gündüzlü cərrahiyyə əməliyyatlarında iştirak edən Mina xanım tezliklə əsgərlərin dostuna, daha sonra isə “qız qardaşı”na çevrildi.
- Həyatda hərənin bir qisməti var, - deyə tibb xidməti baş çavuşu Mina Əsədulla qızı Məmmədova öz həyat yolu barədə söhbətə başlayır. - Gözəl arzularım vardı. Amansız müharibə hamısını məhv etdi. Üstəlik, öz torpağımızda qaçqın bəndəyə çevrildik. Kəlbəcər faciəsi qəlbimdə elə dərd ocağı alışdırıb ki, hələ də korun-korun yanır. Keçirdiyim əzablı günlər yadımdan çıxmır. Bir dəfə İlham adlı bir yaralı döyüşçü gətirmişdilər. Əslən bakılı idi. Qəlpə bud sümüyünü tamamilə sındırmışdı. Deyirdi ki, qıçımı kəsməyin, yoxsa özümü öldürərəm. Qarın boşluğu qəlpə ilə dolu idi. Bəzi qəlpələri özüm çıxartdım. Onun dözümünü, kişilik qürurunu görməsəydim, bəlkə də, yaşadığım ağrıdan ürəyim dayanacaqdı. Ağdərə əməliyyatı zamanı neçə-neçə igidin sağ qalmasında mənim də əməyim olub. Heç evimə baş çəkməyə də vaxt tapa bilmirdim. Bəzən evimə gedib çatana kimi dalımca gəlirdilər ki, Mina xanım, durma, qayıt, sənsiz iş getmir. Çünki cərrahiyyə əməliyyatlarında iştirak edə bilən yeganə tibb bacısı mən idim. Müharibədə iki şey qazanmışam: bir dərd, bir də zəngin təcrübə. Dərdim deyiləsi deyil. Təcrübəyə gəldikdə isə deyim ki, cərrahiyyə əməliyyatlarında hələ heç bir həkim mənim işimdən narazı qalmayıb. Söz vermişəm ki, müharibə qurtarana kimi ön hospitalda xidmət edəcəyəm.
Ana torpaq qarşısında xidmətini yarımçıq qoymaq istəməyən Mina Məmmədova hazırda “N” hərbi hissəsinin tibb bölüyündə əməliyyat şöbəsinin baş cərrahiyyə tibb bacısıdır. Çox zəhmətsevər, səmini insan olan Mina xanım daim öz üzərində çalışır, tibb elminin sirlərinə yiyələnməyə can atır. Ailəlidir. Orduya, Azərbaycan əsgərinə rəğbəti böyükdür. Deyir ki, ordumuzun nəbzi bizim əlimizdədir. Hərbi tibb işçiləri öz xidməti yerində möhkəm dayansalar, canlı qüvvə sarıdan itkilərimiz az olar və düşmən bu güclü, tükənməz müqavimətə tab gətirə bilməyib geri çəkilər.

İbrahim MƏSİMOĞLU
29 oktyabr 1994-cü il


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”