1994-cü il NƏMİRLİ VƏ ŞURABAD DÖYÜŞLƏRİ




...Zabit Hicran Abbasov yenə də döyüş taktikasını dəyişməyib. Artilleriyanın hədəf göstəricilərini yalnız öz gözü ilə görmək, öz əli ilə qeyd etmək üçün ön atəş xəttinə çıxıb. Ağdamın Nəmirli və Şurabad kəndlərini diqqətlə müşahidə edir, kirpiklərini qırpmadan “cızmaqara”sını aparır. Havanın dumanlı-çiskinli olması onun “atüstü” əməliyyatını uzadır. Lakin adəti üzrə tələsmir. Düşmən postlarını gözəyarı qeyd etdikcə səngərdə əsəbi-əsəbi qurcalanır: “Bir az səbr edin, baxarıq kim nəyə qadirdir!”.
“N” taborunun igidləri yarım saatlıq məsafəni 15 dəqiqə ərzində qət edib müdafiə istehkamlarını qururlar. Taqımla hücum mövqeləri seçilir. Taborun xüsusi hörmətini qazanmış zabit Əli Bayramov hələ narahatdır. O, zabitlərlə səngər məsləhətləşməsi aparır:
- Şamil, ümidim sənədir. Sağ cinah donuq qalsa, atəşi kəsmə... Yusif, sən də mənimlə əlaqəni möhkəm saxla, bir mina da havayı atılmasın... Şər qarışan kimi səngərdən çıxırıq. Bir az nəfəs alın, həm də kəndin yan-yörəsini nəzərdən keçirin ki, erməni hiylə işlədə bilməsin...
Şıdırğı döyüş gedir. Tərtəzə yarpaqlı üzüm tənəkləri minaların, mərmilərin zərbindən lərzəyə gəlir. Yarpaqlar torpağa vaxtsız qarışır. Üzüm kollarının cərgələri arasında palçıq dizə çıxır. Nəinki sürünmək, yerimək belə çətinləşir. Cəsur cəngavərlərimiz isə yalnız irəli gedir, düşmən hədəflərini aramsız atəşə tuturlar. Müharibə əzabına çoxdan alışmış sıravi əsgər Təbabət Hüseynov müşahidə edə-edə qabağa çıxır. Arxaya qanrılıb təkrar-təkrar pıçıldayır:
- Burada gərək dördgöz olaq ki, tələyə düşməyək.
Tankımız özünü çatdırır. Tutarlı həmlə məqamıdır. Düşmən müdafiəsi qəflətən yarılmasa, itkimiz çox ola bilər. Tankımız iri bir bataqlığa keçir. İrəli və geri hərəkəti alınmır. Tankın əlacsızlığını görən T. Hüseynov cəbhədaşlarını xəbərdarlıq edib yenə qabağa atılır. Qəddini əyə-əyə ağaclığın arxasına burulur. Mağmın dığalar onu görcək səngərdən əkilirlər. Təbabət sürünərək düşmənin boşalmış birinci postuna girir. Gəbərmiş dığaların silahlarını toplayır. Gülləyə tutulanda səngərə atılır. Son anda Təbabət ayağından yaralanır. Yalnız bir fakt ona qəribə görünür:
- Üç silah bu ölmüş üç dığanınkıdır. Bəs ikisinin sahibi hanı?
Məlum olur ki, sağ qalan dığalar qaçıb canlarını qurtararkən silahlarını da atıblar...
Zabit H. Abbasov müşahidə məntəqəsində döyüşün gedişinə uyğun olaraq bayaq qeyd etdiyim hədəflərin koordinatlarını təmkinlə topçularımıza xəbər verir. Mərmi gurultuları az qalır adamın beyninin qapağını qopartsın. Zabit Rza Poladoğlu da operativ kəşfiyyat siqnallarına əsasən Hicrana köməklik göstərir. Düşmənin dörd postu darmadağın edilir. Beşinci postun yalnız ətrafındakı atəş nöqtələrini odlayan Hicrana Rza təkidlə deyir ki, evin özünü də hədəfə çevirsin. Çünki evin taxtapuşunda erməni quldurları mövqe tutub piyadalarımızın qarşısını kəsirlər. Beşinci postun da koordinatları düzgün seçilir. Kəşfiyyatçılar hava telefonu ilə çığırırlar:
- Həmin hədəfə bir mərmi də atın. Çox əla alındı. Ən azı 5 dığa məhv oldu.
Şurabad kəndi istiqamətində piyadalarımızın amanını qıran bir ZDM-in aradan götürülməsində xüsusi igidlik nümunəsi göstərmiş tank ekipajı haqqında döyüş məlumatını zabit Şükür Tağıyevdən alıram. O, zirehli cəngavərlərindən fəxrlə söhbət açır:
- Bu gün bizim tank zədəli-zədəli vuruşaraq düşmənin bir zirehli döyüş maşınını dağıtdı. Təxminən saat 15.30 radələri idi. Düşmənin ön atəş xəttinin lap ağzına gedib çıxmışdıq. Qumbara atəşinə tutulduq. Tankımız iti sürətlə manevr etsə də, vuruldu. Amma ekipaj özünü itirmədi və zədəli halda döyüşü davam etdirdi. Qəbələ rayon sakini, tuşlayıcı Cavid Yaqubov hədəfi dəqiqləşdirərkən tank ikinci mərmiyə də məruz qaldı. Artıq yanacaq çəni deşilmişdi. Yanacaq içəri axırdı. Tank komandiri Eldar Quliyev dedi ki, ya tankla birlikdə məhv olmalıyıq, ya da düşmən ZDM-i susmalıdır. Bu sözlərdən sonra ekipajın sanki ikinci nəfəsi açıldı. Cavidin dəqiq nişan alması nəticəsində ZDM çilik-çilik oldu. Komandirin əmri ilə tankımız geri çəkildi. Bu dəfə bizi doldurucu Nemət Mustafayevin sayıqlığı ölümdən xilas etdi. Ekipaj tankdan çıxanda Eldar şlemofonu başından çıxarmamışdı. Ona görə də tankın düz 15 metrliyində yerə çırpılan düşmən minasının səsini eşitmirdi. Nemət çevik hərəkətlə öz komandirini yerə yıxdı ki, qəlpə ona dəyməsin. Təəssüf ki, onun özü yüngül qəlpə yarası aldı. Onu da əlavə edim ki, bu ekipaj əvvəl Füzuli döyüş bölgəsində də bir düşmən tankını məhv etmişdi.
Zabit Mahir İbrahimov neçə vaxtdır ki, dincliyini itirib. Çox qayğılı görünür. Üzünü tük basıb. Demək olar ki, son günlər onun gecəsi də, gündüzü də ön atəş xəttində keçir.
- Bu bölgədə düşmənin kürəyini haçan yerə vuracağıq? - deyə ondan soruşuram.
- Onun da vaxtı var. Döyüşümüzün əsas prinsiplərindən biri odur ki, torpağımızı işğal altından az itki ilə xilas edək. Çünki gələcəkdə azad torpaqda qurub yaradan oğullara çox ehtiyacımız olacaq. Düşmənimizin isə öz xalqına yazığı gəlmir. Onlar Ermənistanda nə qədər əli silah tutan varsa, hamısını ucdantutma zorla gətirib döyüşə basır, qırdırırlar.
Söhbətimizin şirin məqamında birinci taborun rabitəçisi şad məlumat çatdırır:
- Ordenli çavuşumuz, Neftçala torpağının məğrur oğlu Etibar Rza oğlu Sadıqov qumbaraatan silahla bir düşmən tankını tamamilə dağıtmış və dörd erməni quldurunu öldürmüşdür...

İbrahim MƏSİMOĞLU
18 may 1994-cü il

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”