ƏYİLMƏZ BAYRAQ



Sənədli hekayə

Çox ehtimal ki, Mobilin heç bir xidmət qüsuru, elə fiziki əmması yox idi. Lakin taborun aşbazı təyin edilən gündən etibarən özündən razılıq edə bilmir, komandirin nə vaxtsa ona minnət qoyacağından çəkinirdi. Öz gözündə özünü eybəcərləşdirən tabor aşbazının canında bu cür hisslər, bəlkə də, onun cəbhədaşlarının hər sözünə qarşı həssaslığından, həddindən ziyadə nazikürəkliyindən çözələnirdi. Özünü öz içində nə qədər sorğu-sual etsə də, Mobilə heç kim söz atmırdı. Heç kim demirdi ki, kişi xörək bişirməz, avtomatını əlinə alıb nankor dığalardan xalqının hayıfını çıxar. Tənəli sözləri Mobil Qarsalanoğlu yalnız tənha qalıb duyğulananda özünə deyirdi. Bir qələt eləmişdi ki, tabor komandiri Qurban Qurbanlı “kim yemək bişirməyi bacarır”  - soruşanda ixtiyarsız olaraq şeşələnmiş və “mən hər işi bacarıram”, - demişdi. Bir dəfə cəsarət edib təsadüfən düçar olduğu “qələt” barədə komandirə ürəyini boşaltmağa cəhd göstərmək istəyərkən elə ilk kəlmələrdən dili topuq çaldı, sözlərinin dalını gətirə bilmədiyinə görə mövzunu dəyişdi. Komandir də onun pisikmiş halda büzüşdüyünü hiss etdi, lakin bütün bu əhvalın nədən törəndiyini bilmədi. Dərdini artırmamaq, daha da şiddətləndirməmək üçün bu barədə söz deməyə daha cürət göstərmədi.
Mobilin ürəyinəyatan, xətir qoyduğu cəbhədaşları çox idi. Lakin Fariz Əhmədli ilə əsl həmdəmlik, əsl sirdaşlıq edirdi. Sözləri yaman düz gəlirdi. Bir-birinə sual verəndə də qeyri-ixtiyari olaraq qəlblərinin dərinliyində gözlədikləri cavabları verir, söz-söhbətləri tez uyuşurdu. Ayrı-ayrı taqımlarda olsalar da, komandirin razılığı ilə ikisi bir əsgər çadırında yatırdı. Fariz səngər təəssüratlarını həvəslə köçürdüyü xatirə dəftərçəsini, gizli saxladığı əşyaları posta gedəndə yalnız Mobilə etibar edirdi. Mobilə nisbətən zarafat etməyi çox xoşlayırdı. Lakin zarafatın şitini çıxarmır, olsa-olsa bir dilxoşluğu, könülaçıqlığı yaradan atmacalarla öz dostluq dairəsində lağlağalıq səhnəsi qururdu.

***

Axşam saat 10 radələrində postdan yorğun-arğın qayıdan Fariz yuyunub təmizləndikdən sonra elə yataq kisəsinə girmək istəyirdi ki, Mobil ciddi bir sual verib onu söhbət çəkdi:
- Ay Fariz, deyirəm biz nə təhər tabor sayılırıq: bir bayrağımız, ya bir emblemimiz-zad yoxdur? Bəlkə, var, mən xəbərsizəm.
Fariz onun bu sözlərinə qəşş eləyib güldü:
- Avam-avam danışma, bütövlükdə hərbi hissənin bir döyüş bayrağı olar, onu da hamı göz bəbəyi kimi qoruyar. Eh... Sənin yemək bişirməkdən haçan başın açılır ki... O günü bölük komandiri Elman Quluzadə bu barədə bizə məşğələ keçirdi. Dedi ki, hələ briqadamıza döyüş bayrağı verməyiblər. Çünki ordumuz tamam-kamal formalaşmayıb. Bilirsən, döyüş bayrağı oğurlananda, düşmənin əlinə keçəndə adamın başına nə oyun açırlar?!
- Çox hayıf ki, o məşğələdə mən olmamışam. De qurtar, mənim də sözüm var.
- Bayrağı əldən gedən hərbi hissə ləğv olunur, adı da millətin qara dəftərinə yazılır.
- O qanunu düz yazıblar, doğrudan da, bayraq döyüşçünün kişilik rəmzidir. Bayrağı yoxa çıxanın özü də yox olmalıdır, vəssalam!
- Çox şükür, deyəsən, bayraq dərsini tez başa düşdün. Daha məni dindirmə, mən yatıram.
- Fariz, qadan alım, bir sözüm də var, onu deyim eşit, sonra nə qədər köpürsən köp.
- Tez ol, zəhləmi aparma, yuxum gözümdən tökülür.
- Mən döyüş bayrağını yox, üçrəngli dövlət bayrağımızı deyirəm. İstəyirəm ki, tabor döyüşə gedəndə bayrağı mən əlimdə aparım. Yaman olar ha! Bilirsən, müstəqil dövlətimizin bayrağına baxanda adamın ürəyi nə boyda dağa dönür!
- Dövlət bayrağını hər bir manqa götürə bilər. Amma onun məsuliyyəti, cavabdehliyi o birisindən qat-qat ağırdır.
- Sən də məni lap avam yerinə qoydun ha. Guya mən heç məktəb-zad oxumamışam. Dövlətin bayrağıdır, gerbidir, bir də himnidir, bunlar çox müqəddəs rəmzlər sayılır. Hər üçü milli mənliyimizi ifadə edir. İstəyirsən, lap sənə bayraqdan dərs də keçim.
- Mənə sənin dərsin lazım deyil. Özü də astadan danış. Manqanın yuxusu pozulsa, vay halına! Onda komandir sənə ayrı dərs verəcək.
- Araya söz qatma. Heç bilirsənmi, bayrağımızda əks olunan rənglərin mənası nədir?
Farizin hövsələsi daraldı. Ona arxasını çevirib əllərini qulaqlarına bərk-bərk sıxdı ki, heç nə eşitməsin. Amma cavab almasa da Mobil öz aləmində qalmışdı. O təkidlə söhbətini uzadırdı:
- Yəqin, bilmirsən o mənaları. Ona görə söhbətdən qaçırsan ha, ay mənim döşünə döyən savadlı əsgərim! Eşit deyirəm, göy rəng türklüyə işarədir, yəni bizim soy-kökümüz türkdür. Yaşıl rəng İslamın rəmzidir, bunu da bilirsən nə deməkdir. Qırmızı rəng isə mədəniyyətə, müasirliyə bir işarədir, yəni bizim dövlət geriyə yox, qabağa gedən, həmişə inkişaf etməyi sevən bir dövlətdir.

***

Yanşaq döyüşünün beşinci günü Mobilgilin taboru sanki yel atına minmişdi. Elə iti sürətlə irəliləyirdilər ki, o cür Murov şaxtası, o təhər sıldırımlı dağlar döyüşçülərimizin həmləsi qabağında mülayim bir ab-havaya, asan keçilən bir yol-izə dönmüşdü. Torpağımızı qamarlayan haramzada erməni qəsbkarları bəzi mövqelərdə çətinliklə müqavimət göstərə bilir, lakin qəzəbi kükrəyib-qaynayan igidlərimizin hücumuna tab gətirməyib qaya-səngərlərdəcə tələf olurdular.
Düşmən göz açıb-yumunca başının üstündə Murov bahadırlarımızın yumruğu düyünlənirdi. “N” yüksəkliyini azad etmək üçün zəruri sayılan əsas dörd yüksəklik ələ keçirilmişdi. Haçaqaya istiqamətində hücum ləngiyirdi. Bunun da səbəbi onda idi ki, həmin nöqtələrdə yerini bərkitmiş düşmən qüvvələri yuxarıdan bizim mövqeləri asanlıqla atəşə tuta bilirdilər. Taborun ikinci bölüyü tutarlı həmləmizə əngəl olmuş həmin iki postu dağıtmaq komandası alanda komandir kömək üçün yeni qüvvə istədi. Ləngimək məğlubiyyətə bərabər ola bilərdi. Onlara ən yaxın bir yerdə atəş mövqeyi seçmiş artilleriya zabiti Aslanşah Mehdiyev fikirləşmədən təcrübəli döyüşçü, xüsusilə dağ şəraitində vuruşmanın çəmini yaxşı mənimsəmiş Akif  Hüseynlini “N” yüksəkliyinə göndərmək qərarına gəldi. Bəs, Akifə rabitəçi kimi olacaq? Rabitəçiliyə namizəd çox çıxdı. Amma kim getsə yaxşıdır? Bu xəbərin əks-sədası maddi-təminat taqımına da gedib çatdı. Dövlət bayrağımızı yüksək fəxr hissi ilə daşıyan Mobil Qarsalanoğlu heç kəslə məsləhətləşmədən komandirə sarı yeridi və vüqarlı bir görkəm alaraq əsgəri qaydada müraciət etdi:
- Yoldaş komandir, icazə verin bu tapşırığı mən yerinə yetirim.
Bu sözlər komandir üçün gözlənilməz olduğuna görə duruxdu, nəsə deməkdən ötrü içində söz axtardı:
- Mobil... sənin cəsarətinə bir yağlı “beş” düşür. Amma bilirsənmi ki, bu tapşırıq ağır tapşırıqdır. Mən istəmərəm ki, təcrübəsiz əsgəri bu əməliyyata qoşum.
- Komandir, mən əsgərliyimin çox vaxtını yemək bişirməyə sərf etmişəm. Amma təlimlərdə çox şey öyrənmişəm. İndi kişilik dəmidir. İcazə verin, kişilik göstərim. Akifə rabitəçi ola bilərəm.
- Axı, sənin döyüş təcrübən azdır.
- Yoldaş komandir, düz deyirsiniz, təcrübə əsas şərtdir. Xahiş edirəm mənə də fürsət verin. Döyüşçü olmaq mənə çətin gəlmir. Nahaq demirlər ki, Azərbaycan əsgərinin acizi yoxdur, sadəcə olaraq qabiliyyətinin, qəhrəmanlığının qatı açılmayanı var. Şərait verin, öz cəsarətimi, öz hünərimi göstərim.
Həqiqətən, hünərsiz əsgər özgəyə güvənər, hünərlisi özünə. Komandirin hüzurunda Mobilin bu sayaq hünərli sözləri Aslanşahı yaman tutdu, bayaq qəti söylədiyi hökmü dəyişməyə meyilləndi. Cəsarətli əsgər təşəbbüskarlığını hansı komandir dəyərsizləşdirə bilər.
- Yaxşı hazırlaş, amma bayrağı qərargahda qalan əsgərlərdən birinə təhvil ver, - deyə komandir məmnunluq görkəmi aldı.
- Komandir, icazə verin bayrağı da özümlə aparım, o bizə möhkəm dayaq olar...
Çətin döyüş tapşırığının icrasında iştirak edəcəyinə, həmçinin ona şöhrət gətirməyən aşbazlıq postunu təhvil verdiyinə görə  qırışığı açılan, dodağında təbəssüm qönçələnən Mobilin danışığı da, hərəkəti də bir andaca dəyişildi. Yerişində, duruşunda, gülüşündə yalnız vüqarlılıq, məğrurluq, hətta bir qədər təşəxxüslu ahənglər də duyulurdu. Özünü qəhrəmanlıq aləminə bənd etmişdi. Bilirdi ki, bu şöhrətli dünyada – Azərbaycan ordusunda kişiliyi, qeyrəti olan hər kəsə yer var.
Təbii ki, rabitə aparatı ilə bayrağı bir tutmaq, dağ aşırımlarından keçmək, yüksəkliyə dırmaşmaq çətinlik törədəcəkdi. Bir də ki, elə təhlükəli nöqtələrdən keçmək lazım gələcəkdi ki, düşmən yaşıllı, göylü, qırmızılı bayrağı uzaqdan rahatca sezib onları hədəfə ala bilərdi. Mobil bu ehtimal olunan halların aqibətini yaxşı anlayırdı. Lakin buna baxmayaraq, fikir-xəyal içində batıb qalmadı. Sanki qaibanə bir şəxs onun qulaqlarına pıçıldadı: “Sapını çıxardıb əlində tut, parçasını da yun gödəkçənin altından bədəninə sarı, bayraq sənə həm qalxan, həm də mənəvi dayaq olacaq”. Beyninə qəfildən girən bu fikirdən xoşlandı, üzünü xəfif təbəssüm bürüdü. Üstəlik, bir də ona görə xatircəm oldu ki, sürüşməsi, qar uçqunu olsa da, yüksəkliyə axşam qaranlığında getmək əmri verilmişdi. Qaş qaralanda güllətutan ərazini himayəsiz keçəcəklərinə tam əmniyyət əldə etmişdi.
Yeməyin dadı duzdadır, dünyanın dadı gözdə. Göz içində cilvələnən Kəlbəcərin ulu seyrangahlarına heç top, güllə səsi yaraşırmı? Gözlər nə qədər heyran-heyran baxsa da, doymur bu dağ möcüzəli gözəlliklərdən. Mobil bəzən gözlərinin doyumsuzluğundan özünü elə itirirdi ki, tankların nəriltisi, minaatanların hayqırtısı o boyda dağları silkələyib yerində oynatsa da, onun gözlərinin təmkinini poza bilmirdi. Mobil gözlərinin sözünə, hökmünə tabe olmuşdu. Vətənsevər baxışlara savaş hərbə-zorbası nə edə bilərdi?!
Mobilin gözlərini əməliyyatqabağı ərəfədə yolun yuxarı başında ucalan, zümrüd dağlarla xısınlaşan boylu-buxunlu bir palıd ağacı cilovlamışdı. Gün elə əyilmişdi ki, sanki palıdı aparıb əllə günəşin qabağına qoymuşdular. Təbiətin bu ağac şahidi parlaq şüaların fonunda nəsə göydən asılmış bir əcaib çilçırağa bənzəyirdi. Palıdın gövdəsini top mərmisi elə üzüb dağıtmışdı ki, o cür qollu-budaqlı ağac bircə kiçicik qabığın üstündə dayaqlanmışdı. İkinci bir mərmi ona tuş gəlsə, güman ki, duruş gətirməyəcək. Amma Mobilin möcüzə yaratmağa gücü, qüdrəti çatsaydı, onun qəlbini kəməndləyən yaralı palıdın gövdə şikəstliyini yox edərdi, didiklənmiş budaqlarına məlhəm qoyub uyuşdurardı... Amma elə qüdrəti çatmırdı. Şükür tanrının kərəminə ki, o palıdı belə vaylı günə salmış erməni qulduruna gücü çatırdı...
                                                        *     *     *
Akif ehtimal olunan uçqun, töküntü, qar sürüşməsi və digər təbii əngəllərin yerini, həmçinin onları dəfetmə qaydalarını yaxşı bilirdi. Mobil də ona arxayın idi. Düşmənin nəzarəti altında olan ərazini sürünə-sürünə keçmək yüz faizli ölüm təhlükəsi yaradırdı. Odur ki, hər ikisi yaxşı maskalanmışdı. Axşamın qaranlığında qarın içində özünə yol açıb yavaş-yavaş irəliləyən bu igidləri düşmən görə bilməsə də, həmin ərazini arabir avtomat silah atəşinə tuturdu. Dağların gündöyən bir yamacında dayana-dayana sürünürdülər. Bura ayın işığı düşüb azacıq aydınlıq gətirirdi. Bu zaman müşahidəçilər ağı-qaradan tez seçdilər. Onların qaraltısını görən dığalar təkcə avtomat silahla deyil, həm də snayperlə güllə yağdırmağa başladılar. Düşmən duyuq düşmüşdü. Mobilgili hədəfə ala bilməsələr də, onları təyin olunmuş posta girməyə imkan vermirdilər. Akif də, Mobil də özlərinə iri daşlar seçib istehkam qurdular. Yaxşı daldalanan Mobil silaha əl atmaq istədi. Lakin Akif icazə vermədi. “Atəş açsan yerimizi öyrənərlər” - dedi. On dəqiqə səssizcə dayanıb durdular. Atəşlər ara verəndə sıçrayıb postlara doğru qaçdılar.
Akif bölük komandiri ilə rabitə əlaqəsinə girdi:
- “Kəpəz”, mən “Bayrağ”am, məni necə eşidirsən, qəbul.
- “Bayraq”, mən “Kəpəz”əm, səni yaxşı eşidirəm, qəbul.
- “Kəpəz”, bizdən arxayın olun, mövqeyimizdə durmuşuq, məni necə başa düşdün, qəbul.
- “Bayraq”, mən “Kəpəz”əm, səni yaxşı anladım...
Akif hər dəfə efirə çıxıb “Bayraq” sözünü məxfi siqnal kimi səsləndirəndə Mobilin fərəhdən ürəyi uçunur, sanki heç bir zaval görməyəcəyini hiss edirdi. Aşbazlıq xəcaləti qəlbində buz kimi əriyib yox olurdu. Bir də ona sevinirdi ki, rabitə stansiyasının şərti adı da Mobilin təşəbbüsü ilə qoyulmuşdu. Dövlət bayrağını bədəninə sarımasından Akifin xəbəri vardı. Söhbəti tez-tez bayrağın üstünə gətirib deyirdi ki, bizim məğlub olmağa haqqımız yoxdur. Mövqe tutduqları postda onlar gələnəcən manqamız son nəfərədək şəhid olmuşdu. Vəziyyətin beləcə davam etməsi təhlükəli idi. Akif ehtiyat qüvvənin göndərilməsi barədə qərargahdan xəbər alsa da, sakitləşmədi. Mobilə ciddi-ciddi deyindi:
- Manqadan heç olmasa üçü salamat qalsaydı, yaman olardı. Cəmi iki nəfərik. Kömək gələnədək postu saxlaya biləcəyikmi?
Mobil onun həyəcanına məhəl qoymayıb sonsuz bir inamla dilləndi:
- Səhv eləmə, biz bu postda üç nəfərik. Deyəsən, “Bayrağ”ı yaddan çıxarırsan!
Hava yavaş-yavaş işıqlaşırdı. Bəyaz çalmalı iri dağlar sabahın nurlanan simasına orijinal bir şəffaflıq gətirirdi. Akif cəbhədaşının sözünə qulaq asa-asa düşmən tərəfi müşahidə edirdi. Çal-boz qayaların arasında dığaların mövqeyi uzaqdan sezilirdi. Hiyləgər düşmən öz mövqeyində dik vəziyyətdə gəzişməkdən çəkindiyinə görə hədəfləri aşkarlamaq işi çətinləşirdi.
Bu strateji postun taleyini düşünən döyüşçülərimiz yemək-içməyi də tamam yadırğamışdılar. Dözüm nümunəsi göstərən Mobilə Akif heyran qalmışdı: “Doğrudan da, Mobilin könül dünyası kiçik duyğular məskəni yox, əsl ali hisslər yurdu imiş”. Akifin qulağına yaxın bir məsafədən qar xışıltısı dəydi. Nəfəsini içinə çəkib səs gələn səmtə gözlərini zillədi. Heyvərə bir erməni quldurunun onlara sarı boylandığını görən kimi Mobilə xəbərdarlıq etdi. “Ayıq ol, bizi izləyirlər” - dedi. Dığanı vurub gəbərtməyə imkan vardı. Lakin tələsmədi:
- Gəl, ay dığa, yaxına gəl, deyəsən əcəlin yetişib, bilirsənmi, güllə yaxından adamın içini yaxşı dağıdır? Hə, dillən görək... Yox, dillənə bilməzsən, bu torpaq sənə haramdır, biz ölmüşük ki, sən burada ağalıq etmək istəyirsən?! Bu dəqiqə sənin yediyin nə varsa, hamısını qusduraram.
Mobil:
- Qoy mən vurum. Başını hədəfə almışam.
Fəndgirliyi, sərrast atıcılıq məharəti ilə seçilən Akif cəbhədaşının sözünü yarımçıq kəsdi. Qəfil açılan güllə ilə erməni beyninin qatığını çölə tökdü.
- Yaman vurdun ha! Bir dəfə də mənə fürsət ver, - deyə Mobilin əlinin gərginliyi, əsəbləri azacıq boşaldı, sanki yanıqlı ürəyinin üstünə soyuq su səpdilər.
- Əgər boş dayansaq, bizi məhv edərlər. Məndən aralı dur və eyni vaxtda hücuma keçək.
- Bu dəqiqə onları elə hoydu-hoyduya götürərəm, elə fısqırığa basaram ki, güllə dəyməsə də, qorxudan ürəkləri partlayar.
Yarım saat aramsız döyüş getdi. Lap yaxınlıqda yerləşən erməni postunu iki cəngavərimiz misilsiz bir mərdliklə ələ keçirdi. Bu mövqe nisbətən hündürdə idi. Post savaşında üç erməni yerindəcə gəbərdi. Dördü qorxub qaçdı. Elə təlaş içində qaçdılar ki, bəlkə də, Mobil demişkən, yolda vahimədən ürəkləri ya partlatdı, ya da döyüş dəlisinə çevrilib öz güllələrinə tuş gəldilər.
Alınmış postda dayanmaq, müdafiə istehkamı qurmaq yalnız çox çətinliklər hesabına başa gələ bilərdi. Yəni hərbi taktika tələblərini ödəmək üçün lazımi şərait yox idi: həm köməkçi qüvvələrin gəldiyi yol, həm də postun özü zərbə altında yerləşirdi. Dayanmaq olmazdı. Ancaq həmlə edib yüksəkliyə qalxmaq və müdafiə qurğusu yaratmaq vacib idi. İgid ya tər altda, ya yer altda. İgidlik zirvəsini fəth etmiş Akifin də, Mobilin də beyni yaman qızmışdı. Şıdırğı döyüşün istisi havanın soyuğuna elə üstün gəlirdi ki, cəsur döyüşçülərimizin bədənindən tər süzülürdü. Düşmənin digər postundan növbə ilə şaqqıldayan “PK”ların əlindən nə arxa tərəfdən bizim köməkçi qüvvələr çınqıllı yoxuşu qalxıb gəlir, nə özləri taktiki yönümdən dəyərli qaya bükümlərinə çıxış yolu tapır, nə də düşmən yırtıcı ehtirası ilə şığısa da, onun postumuza əli zorla çatırdı. Çatan əllər də kəsilirdi.
Güllələri tükənən bahadırlarımız hirsdən, hikkədən dodaqlarını çeynəyirdilər. Sağ qalmaq ümidindən gen düşmüş Mobili bayraq dərdi bürümüşdü. Akifin beyninə ölüm havası dolmuşdu. Bu faydasız postda ləng tərpənməyi özünə bağışlamırdı:
- Bu qəzanı özümüz öz başımıza açdıq. Əslində bu postu götürməsək də öz-özünə düşmən əlindən azad olardı. Nə edəsən?! Deyəsən, çanaq öz başımızda sınacaq! Qəzadan riza gərək! Doğru deyiblər ki, qəzanın beş barmağı var, işini işlədəndə ikisini adamın gözlərinə soxar, ikisini qulaqlarına, birisini də ağzına, adam nə görər, nə eşidər, nə də danışa bilər.
Çəpəki və çoxyaruslu atəşlərin intervalı azaldı. Lakin ürəklərin ağır döyüntüsü kəsilmirdi. Qəfil manevrləri çətinləşdirən bir yerdə qərar tutmaqla çıxış yolu tapmağa az güman qalırdı. Mobil özünü ələ almaqdan ötrü bəzən silahı yerə qoyub xırda-xırda qaya çınqıllarını ovcuna yığır, ağrı hiss edənədək əlində sıxırdı. Bəzən də yaxasını azacıq açıb bayrağa cavabdehli bir baxışla baxa-baxa köks ötürür, dodaqlarını çeynəyə-çeynəyə deyinirdi: “Bayrağımız düşmən əlinə keçsə, təhqir edəcəklər, yandırıb kül edəcəklər. Yox... qoymaram bayraq yansın! Özüm yanaram, onun düşmən odu ilə yanmasına yol vermərəm. Əgər sözümdən dönsəm, gün gözümü tutsun!”.
Mobil dəruni bir mehr saldığı bayrağı çıxarıb gizlətmək fikrinə düşdü. Bu an sağ cinahdan güllə yağışına məruz qaldı. Güllələr qayaları cırmaqlayıb qoparırdı. Qopan çınqılların səpələnməsindən göz də açmaq olmurdu. Mobil aldadıcı manevr edərək yerini dəyişəndə ayağından yaralandı. Fəqət, namərd güllə çevik hərəkət edən Akifdən də yan keçmədi. Nə mələşməsi dağlarda əks-səda verən atəş axını dayanırdı, nə də sızqa-sızqa süzülən qanları. Elə bil, hipnoz cazibəsinin təsiri altına düşmüşdülər. Heç biri danışmaq istəmirdi. Mənalı baxışlarla bir-birinə nəzər salıb səngərin dibinə qısıldılar. Sanki keyləşmə iynəsi vurmuşdular. Boğazları qurumuşdu. Çətinliklə udqunurdular. Nəhayət, taqətlənib hərə öz yarasını bağlaya bildi.
Nəmli səngər, isti yara, bir də qar və ümidsizlik soyuğu... İki nər igidin ömür çırağı öləziməkdədir. Güclü qarşıdurma isə səngimirdi. Yardımçı qüvvələr gecikirdi. Havaya qaranlıq çökəndən sonra iki azərbaycanlı döyüşçünün zəhminə basılmış düşmən cürət edib posta yaxınlaşmadı, silahlar səhərin gözü açılınca kirimiş qaldı. Ancaq sübh çağı çəpəki güllələr atıldı. Həmin ünvansız, axmaq güllələrdən biri Mobilin bədənindən ikinci həlledici ölüm yarasını açdı. O nagahan atəşdən sonra heç dil açıb üstündə nanə yarpağı kimi əsdiyi bayrağı cəbhədaşına əmanət qoyacağını da söyləyə bilmədi. Dar qaya-səngərdə möhkəm istinad nöqtəsi tapa bilməyən Akifin ruhi gərginlikdən sifəti qaralmışdı. Daha yalqız qalmışdı, həm də patronsuz. Düşmən elə zənn edirdi ki, onlar səssiz durmaqla təslim olacaqlarını bildirirlər. Gicbəsər işğalçı bundan artıq nə düşünə bilərdi ki! Ay səfeh erməni qulduru, sən saydığını say, gör fələyə boyun bükməyən Akif nə sayır. Akif öz ecazkar qeyrəti ilə təkcə düşməni yox, həm də ölümün özünü öldürməyə hazırlaşırdı.
Üz-gözündən xortdana oxşar bir erməni gavuru “PK” ilə posta sarı sürünərkən Akif tələm-tələsik Mobilin bədəninə sarınmış dövlət bayrağımızı açıb səliqə ilə bükələdi və əlində saxladı. Rabitə stansiyasını qoşub son sözlərini parolsuz, məxfi siqnallara istinad etmədən söylədi:
- Əlvida, qardaşlar, mən müqəddəs bayrağımızla əsir düşməkdənsə, ölümü üstün tuturam. Bayraq - dövlətimizin,  xalqımızın namus rəmzidir. Namus qoruyana ölüm qorxulu deyil. Bu ölüm əlçatmaz əbədiyyət zirvəsidir.
Akif səngərdə qalan son ümidini - qumbaranı düz ürəyinin başına sıxdı. Sakitcə duraraq düşmənin yaxınlaşmasını istehzalı təbəssümlə gözlədi. Kindən-qəzəbdən tamam doymuş bir igid qəlbi son sözünü deyirdi. O, vaxtsız tökülən payız xəzanının sədası deyildi. Ulu Murovdağ bahadırının əyilməzlik haqqında bəyannaməsini car çəkirdi. Öz mənəvi qələbəsinin nəşəsi ilə çırpınan Akif qumbaranın halqasını çəkərək ona yaxınlaşmağa cəhd göstərən daha iki erməni quldurunu cəhənnəmə göndərdi, özü isə xalqımızın əbədi könül dünyasına köçdü.
Bu, məğlubiyyət deyildi. Döyüşü müqəddəs nəfəsli ruhlar davam etdirirdi. Onların xofundan qorxan dığalar bir saat posta yaxın gedə bilmədilər. İgid qanına batmış qaya-səngər elə qorxunc ab-havalı savaş mənzərəsi kimi əks olunurdu ki, yaxın gedən xoflanırdı. Yalnız uzun müşahidə aparıldıqdan sonra düşmən qüvvələri çox qorxu hissi çəkə-çəkə postun başına gəlib çıxdılar. Rəzil dığalardan biri var gücü ilə cəhd etsə də Akifin bükələyib əlində saxladığı Dövlət bayrağımızı kilidlənmiş  barmaqları arasından çıxara bilmədi. Avtomatın qundağı ilə onu xırçınlamağa səy göstərərkən ehtiyat qüvvələrimizin qəfil həmləsi başlandı. Postu yenidən əsgərlərimiz ələ keçirdilər. Dünyasını dəyişmiş Mobil və Akifin ruhu səngəri tərk etməmişdi. Daha çılğın, daha qəzəbli bir cəngavər təbiəti ilə dolaşaraq qəsbkarları vahimə selinə salırdı. Elə bil, müqəddəs ruhlar öz doğmalarını gözləyirmiş. Çox qəribədir ki, ruhu canından yenicə çıxmış Akif də mənfur düşmən üzünə kilidlədiyi barmaqlarını yalnız öz döyüşçülərimizə açdı.
Mobilin son nəfəsədək qoruduğu bayrağı uca bir yerdə cazibədar iki qaya daşının qovuşuğuna sancdılar. Taxta sapı çıxarılmış bayraq elə gur bir küləklə dalğalanırdı ki, sanki onu kimsə əli ilə tutub yelləyirdi. Bu, Tanrının ədalət eşqinə yaratdığı bir möcüzə nümunəsi idi. Şəksiz olaraq anlaya bilərik ki, Dövlət bayrağını Akiflə Mobilin qoşa ruhu belə ucadan saxlayır, belə bir şövqlə yelləndirirdi.


                                                                       İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”