“QORXDUM Kİ, VURUŞA BİLMƏRƏM”



Məlhəmini Qarabağ savaşı uğrunda qazanılmış uğurlarda araya-araya ürəyi ip kimi nazilmiş Mərdan kişi uzun sürən xəstəliyə və oğlu Şahvələdin cəbhə nigaranlığına dözməyib dünyasını dəyişdi. Atasının 7-si çıxan günün səhəri Şahvələd əsgər libasını geyinəndə anası göz yaşlarını saxlaya bilmədi:
- Bala, bu dəfə getmə, daha bəs deyilmi?! 8 aydır vuruşursan. Ailəni dolandırmağa gücüm çatmır. Barı qal, öz arvad-uşağına yiyə dur.
Saf ürəkli Şahvələd doluxsundu. Acı taleli atasının çöhrəsi gözlərinin qabağına gəldi. Anasını qucaqlayıb dedi:
- Ana, özünü ələ al. Onu bil ki, mən döyüşçü yoldaşlarımın yanına qayıtmasam, özümü kişi saya bilmərəm. Axı onların da anası var. Onlar da mən günlüdür. Bir də ki, dünənki əsgər deyiləm. Döyüşün dilini bilirəm. Gərək bir-birimizə arxa olaq, düşməndən biryolluq can qurtaraq.
Məğrur sifətli, polad biləkli Şahvələdin şəxsiyyətinə çoxdan bələdəm. Gəncə beton zavodunun namuslu, işcanlı fəhləsi idi. İndi iş yeri – Vətən səngəridir. Qətiyyətsizlik təbiətinə yaddır. Sözünün ağasıdır. Keçən ilin aprelindən ordudadır. Dünənədək bir həşəratı belə öldürməyə ürək etməyən Şahvələd indi Kəlbəcər dağlarında gedən qanlı döyüşlərdə cövlan edir, qudurğan erməni faşistlərinə qan uddurur. Bu günlərdə bir oğlu dünyaya gəlib. Adını Xəyal qoyublar. Ürəklərə köz basan, gül balaları vaxtsız yetim qoyan müharibənin məhvini axtaran Xəyal. Bir yandan bağlayan, bir yandan açan qovğa qədəmli fələyi öz xəyali qılıncı ilə qana boyayır bu süd qoxulu körpə. Çörəyi diz üstə olan qonşu savaşının dərdi, övlad narahatlığı babasını köç elədi. Barı atasını giriftar olduğu bu qan-qada dünyasından Allah hifz eləsin!
Bağırlı kəndi barlı-bəhərli, uca dağları ilə gözəldir. Bu dağların çəmənzar yollarına, seyrəngah yamaclarına quldurlar daraşandan bəri Bağırlı yarımcan olub. Yanvarın 28-də Şahvələdgilin bölüyü kəndi azad etməyi öz üzərinə götürmüşdü...
Bölüklə briqadanın “komissarı” İntiqam Mirzəyev də gedirdi. Bağırlıya yolu Bağırsaqdan açdılar. Kəndin aşağı ətəyində gördülər ki, Bağırlı yaşayış məntəqəsinin içərisində 5 nəfər onlara əl eləyir və ana dilimizdə bizi səsləyir:
- Bizə yaxın gəlin, tez olun.
Mayor İntiqam Mirzəyev hava telefonu ilə qərargahdan öyrəndi ki, bu 5 nəfər erməni quldurudur. Çünki həmlə planına görə, Şahvələdgilin bölüyündən savayı heç kim Bağırlıya girməli deyildi. Döyüşçülərimiz sərvaxt tərpəndilər. Üç-bir, beş-bir uçuq-sökük evlərə doluşdular. Kələyi baş tutmayan 5 quldur sayıqlığımızı hiss edib gözdən itdi. Mayor İ. Mirzəyev təcili topçularımıza koordinatlar verdi. Artilleriyamızın mərmiləri yeni bülövlənmiş kərənti kimi düşmənin ön atəş xəttində yerləşən piyadaları kəsib doğradı. Həmləmizin çətinliyi onda idi ki, dığalar kəndin yüksəkliklərini zəbt etmişdilər və aşağı düşməyə cəsarət göstərmirdilər. Hərbi əməliyyat 4 saat uzandı. Şahin baxışlı iki igidimiz – qumbaraatan Rəhim və snayperçi Rasim şəhid oldu. Biri snayper, biri isə “PK” gülləsindən öldü. Şahvələd özünə möhkəm sipər axtara-axtara vuruşurdu. Çünki 10 nəfərimiz dağılmış evlərdə daldalanırdı. Digərləri isə əlverişsiz təpəliklərdə mövqe seçmişdilər. Yeni mövqeyə keçəndə Şahvələd sağ ayağında istilik hiss etdi. Ayağı tutuldu. İlan kimi qıvrıldı. Lakin silahı yerə atmadı. Elə zənn etdi ki, ayağı soyuqdan qıc olub. Lakin qan şalvarın üzünə çıxanda yaralandığını yəqin etdi. Güllə diz qapağının altından keçmiş və içəridə qalmışdı. Vəfalı səngər qardaşları Ayaz və Kamran onu vaxtında hospitala çatdırdılar.
Sən demə, həmin gün, həmin dəqiqələrdə ciyərparası Xəyal da ölümlə üz-üzə dayanıbmış. Allah kömək olub...
Dosta dost, düşmənə qənim kəsilən Şahvələd Musayevlə Gəncədə - hospitalda görüşdüm. Ordu həyatına könüldən mübtəla olan bu igidə əhsən, min əhsən! Cavanlıq şövqünü, qurub-yaradan çağını, gənclik çılğınlığını, ümumən desək, bütün varlığını Vətənin müdafiəsinə “xərcləyir” və bir an da usanmır.
- Vaxtında gəlmisiniz, cənab kapitan, bu gün həkim ayağımın gipsini çıxaracaq. Qorxdum ki, şikəst olaram, daha döyüşə bilmərəm. Şükür, yaxşılaşmışam. Yeni güc yığmışam. Bölüyümüzün uşaqları necədir?
Ona bəd xəbərləri deməyə ürəyim gəlmədi. Yalnız uğurlarımızdan söz açdım. Təsəlli verdim. Dedim ki, cavan talelərə kölgə salan qara buludların dağılmasına az qalıb. Tez sağal, səngər yoldaşlarının yanına qayıt. İndi ordu sıralarında sənin kimi vətənpərvər, yenilməz, qeyrətli oğulların yeri görünür.

İbrahim MƏSİMOĞLU
26 mart 1994-cü il



Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”