DƏRMAN İSTƏYƏNƏ DƏRD VERMƏK OLMAZ
Altmış yaşımı haqlamışam. Ömrümün yarısı
sovet dövründə, yarısı da müstəqil məmləkətimizdə keçib. Üstün və əskik cəhətləri
ilə çox təzadlı diskussiya yaradan bu fərqli iki yaşayış aləmini hərə öz qavrayış
bucağından qiymətləndirir. Narazı qüvvələrin
hələ də səsi kəsilmir. Hətta bəzən müstəqilliyimizə kor baxanlar sosial şəbəkə profillərində sovetizmin bəzi adətlərini
xatırlayaraq kövrəlir və öz gileyli fikirlərini açıqlayırlar. Sözün açığı, mən
haqqı itirən deyiləm. Hər iki dövrün öz xeyirli çəkisi var. Mən müstəqilliyin
vurğunuyam. Suverenlik milli mənliyimizi özümüzə tam qaytarıb, bizi kifayət qədər
varlandırıb. Dövlətimizin halal sahibi olmuşuq. Ayrı sayaq təhlilə nə ehtiyac? Müstəqilliyimizin
bizə bəxş etdiyi imkanlar tarixi ləkələrimizi tamamilə silib. Yazdığımız əsl
tarixi daha Moskva redaktə etmir. Çəkilən sənədli və bədii filmlərimizə
sovet-daşnak möhürü vurulmur. Qazandığımız mənəvi çəki ölçüyəgəlməzdir. Bir hərbi
jurnalist kimi bu fərqli nüansları ordu mövzusu ilə bağlı publisistik
yazılarımda o qədər çək-çevir edir və tutarlı real faktları ortaya qoyaraq
çalışıram ki, haqqı itirənlər haqqa qayıtsınlar.
Qətiyyən
tənqidin əleyhinə deyiləm. Yaxşını üzə çıxarmaq, nöqsanı isə hədəfə almaq niyə
pis sayıla bilər? İnkişafımıza təkan verən tənqidi qeydləri mən həmişə dəstəkləyirəm.
Ümumən desək, tənqid ürəkdən gələn köməkdir, mənafeli tərif isə yalnız maneədir.
Gərək hər əməlində ədalət həddini gözləyəsən. Sənin tənqidin hökmən kiminsə
karına gəlməlidir. Əgər milli dövlətçiliyimizə qarşı deyilən iradlar, yazılan təhqiramiz
böhtanlar bizi gözü götürməyənlərə xeyir gətirirsə, neynirəm o müxalifətçiliyi?!
Axı, dərman istəyənə dərd vermək olmaz.
Açıq etiraf edirəm ki, inkişafımıza mane
olan nöqsanlara qarşı müxalifəm, amma müxalifətçi deyiləm. Müxalifətçilik
sarıdan nəsə bəxtimiz gətirmir. Onlar indi elə bir biabırçı görkəmə düşüblər
ki, kamil və yetkin mübarizə ustalığı tələb edən siyasəti küçə söyüşləri ilə
iyrənc bir hala salmışlar. Milli əxlaqını ayaq altına salan bir kəs dövlətimizin
şərəfinə yalnız ləkə sala bilər. Həqiqət nə qədər kölgələnsə də, öz həqiqiliyini
itirmir. Siyasi cəhətdən yolunu azmış bəzi insanlar hətta öz ata-anasına, şəxsi
ailəsinə də qahmar çıxa bilmirlər. Biz onlara necə bel bağlaya bilərik?!
Müşkül sosial sarsıntılar, ağrılı
iqtisadi böhranlar, cürbəcür siyasi təbəddülatlar doğuran keçid dövrümüzdə çox
bəlalar yaşamışıq. Ordu quruculuğumuzda dağıdıcı rol oynayan bəzi siyasi qüvvələr
cəbhələşməyə yuvarlanaraq xalq arasında elə ikitirəlik yaratdılar ki, özümüz
özümüzə güllə atdıq. Keçid bəlalarını xirtdəkləmək, mənfur düşmənə qarşı bir el
səngərində güc toplamaq əvəzinə daxili çəkişmələr yaradan, nifaq salan şər qüvvələrin
xəyanəti nəticəsində xalqımızın başına nələr gəlmədi?! Sanki səngərdə erməni
yadımızdan çıxmışdı. Mən bir müharibə veteranı kimi çox təəssüflənirəm ki, bu
gün güclü dövlətə sahib çıxsaq da, o müxalifətimiz həmənki müxalifətdir. Onlara
xalqımız arxivləşmək vəsiqəsi versə də, susmaq istəmir, qarayaxma əməllərini tərgitməyi
özlərinə “ar bilirlər.”
Dağlıq Qarabağ probleminin həlli ilə
bağlı aparılan sülh danışıqlarının hədsiz uzun çəkməsi bu gün müxalifət tənqidinin
baş mövzusuna çevrilib. Dövlətimiz səngər sıxıntısı ilə yaşayan məmləkətimizin
inkişaf sürətini artırmaq və daha üstün dəyərlərə sahib olmaq məqsədilə
apardığı təmkinli və müdrik siyasət xeyli ürəkaçan nəticələr versə də, erməni tərəfinin
çoxüzlü və murdar mövqeyi ucbatından sülh danışıqları əhəmiyyətsiz və mənasız
bir əməl kimi qiymətləndirilir. Daha ictimai nüfuzu bir qara qəpiklik olan müxalifət
deyil, xalqımız da səbir kasasının tamam tükəndiyini bəyan edir. Vaxt vardı ki,
rahat bir tərzdə səbrli olmağı ağıllı olmağa bərabər tutur və deyirdik ki, hələ
dözməyə dəyər, səbr ağlın xəzinəsidir, səbr acı olsa da, meyvəsi şirin olur. İndi
səbr deyənə acıqla baxılır. Sözün açığı, biz veteranlar da daha hövsələdən
çıxmışıq. Mövcud xoşagəlməz duruma istinadən azacıq siyasi fürsət qazanan müxalifət
öz harayını heç kəsmək istəmir. Söz yox ki, onların harayının əsl mayasını
siyasi mənafe təşkil edir. Hakimiyyət sahibi olduğu zaman onların vətən
sevgisinin nədən ibarət olduğunu yaxşıca aşkar etmişik. Bilirik ki, o haray Dağlıq
Qarabağ harayı deyil, boş qalan ciblərini doldurmaq harayıdır. Amma xalqımızın
narahatlığı ciddi qəbul edilməlidir. Daha erməni nazı ilə oynamağın vaxtı
deyil. Dağlıq Qarabağ ağrı-acısını hacanadək qurtum-qurtum içməliyik?!
İnanıram ki, müdrik xalqımızın belə bir
hikmətli məsəli ilə əksəriyyətimiz razıdır: “Səbr ən zəiflərin və ən güclülərin
silahıdır.“ Həqiqətən dərin mənalı fikirdir və super güclərin siyasi kart
oynuna çevrilmiş Dağlıq Qarabağ probleminin həlli prosesində aparılan
ucandırıcı sülh danışıqlarının mahiyyətinə də uyğun səslənir. Düşmən tərəf də,
biz də səbr etməkdəyik. Onlar ən zəif tərəf kimi fikirləşirlər ki, “zavallı”
Ermənistanın savaşa gücü çatmır, danışıqlar uzun çəksə, bəlkə, işğal istəklərinə
“beynəlxalq qapı” açıldı. Bu fikir əslində murdar nəfsli erməninin anadangəlmə
qənaətidir. Yəni onların səbr hədəfi atəşkəsi ömürlük etməkdir. Bu tərzdə ermənilərin
Dağlıq Qarabağ klanı nəsillikcə var-dövlət sahibi olacaq. Sadə erməni isə bu
gedişlə ömrü boyu yalnız qan qusacaq.
Şəxsi həyatımızda səbretməni hamıya təlqin
etsəm də, dədə-baba torpağımızın işğalına əvvəlki kimi dözə bimirəm. Hərbi
jurnalist yaradıcılığım, demək olar ki, kitab halındadır. Əvvəllər bir təhər təmkin
göstərə bilirdim. Daha uzandıqca uzanan sülh danışıqları təhqiramiz bir mahiyyət
daşıyır. Hətta “səbr” sözünü eşitməkdən
də zəhləm gedir. Bizim umacaq yerimiz özümüzdədir, qüdrətli ordumuzdadır. Ermənistanın “inqilabi hakimiyyəti” də artıq duyuq düşübdü. Erməni diplomatları rəsmi
bəyan edirlər ki, Azərbaycanın
səbri tükənməz deyil, müharibənin başlanması labüddür, amma döyüşlərin
nə vaxt başlanacağını heç kəs bilmir. Ermənistan
parlamentinin keçmiş deputatı Azat Arşakyan “Lragir” xəbər
potalında verdiyi müsahibəsində sözaltı Rusiyanı qınayır: “...Azad və suveren Ermənistanı tanıyan ölkələr
Rusiyanı “təpikləyir”, o isə incik şəkildə bizə mesajlar verir. Buna qatlaşmaq lazımdır”. Bu
mövqeyə nə cür qiymət vermək olar? Əvvəla, çoxüzlü daşnak siyasətinin geri
qayıdan oxlarına sancılan Ermənistan qatlaşmaq gücünü tapa bilmirsə, dilini
dinməz yerinə qoymalıdır! İkincisi, sözümü açıq deyirəm: ay sərsəm dığa, daha
Azərbaycan o Azərbaycan deyil, vaxtında bilin ki, Moskvanın hədələrinə qatlaşa-qatlaşa
o ağlı kəsik başınız təpik altında əzilərək yox olacaqdır.
Azərbaycan Ordusunun rəhbər
heyəti ilə keçirdiyi xidməti müşavirədə Müdafiə nazirimiz general-polkovnik
Zakir Həsənovun ön atəş xəttində son zamanlar düşmənin
təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən
başlanması ehtimalının kəskin artmasına əsasən hərtərəfli döyüş hazırlığı barədə göstərişlərindən xəbər tutan düşmən qüvvələri
çox vahiməyə düşüblər. 2 may 2020-ci il tarixində “Lragir” xəbər potalında icmalçı Akop Badalyanın
yayımlanan “Bakıda vəziyyət mürəkkəbdir: əks-zərbəyə hazır olmaq lazımdır”
sərlövhəli yazısında vurğuladığımız həyəcan siqnalı aydın sezilməkdədir. O, müharibə
xofundan boğularaq yazır ki, guya Azərbaycan hakimiyyətinin
qolları arasında kəskinləşən mübarizə hərbi əməliyyatlara start veriləcəyinə bir
sübutdur. İzah edir ki, bir tərəfdən neft qiymətlərinin aşağı düşməsi, digər tərəfdən
isə Azərbaycanın yeni böhranlı durumda enerji alternativinin rolunu itirməsi müharibə
ocağının alovlanmasına səbəb ola bilər. Akop Badalyan yazını belə tamamlayır: “Belə
bir şəraitdə sərhəddə ehtimal edilən təxribatların hərbi əməliyyat şəklində deyil,
lokal avantüra şəklində törədilməsi tamamilə mümkündür. Ermənistan nəinki
müdafiə olunmağa, həm də əks-zərbə vurmağa hazır olmalı, Bakının istər daxili,
istərsə də xarici məkanda hərbi şantajın dadını hiss etməsinə imkan verməməlidir.”
Ermənistan Müdafiə naziri Davit Tonoyanın da qarnına
yaman ağrı girib. Nə hərəkətini bilir, nə də danışığını. O, təcili
surətdə Dağlıq Qarabağa gedərək hərbi komandanlıqla
görüşlər zamanı döyüş təhlükəsi ilə bağlı məsələni müzakirə etmişdir. Üzdə
inamlı danışır, amma əməli işdə özünü təsdiqləyə bilmir. Bu hərəkətlərin heç
bir səmərəsi olmayacaq. Dağlıq Qarabağ probleminin təkcə ölkəmizdə və düşmən tərəfdə
deyil, həm də beynəlxalq qurumlarda doğurduğu biabırçı vəziyyət çox çəkə bilməz.
Bu problemin dinc yolla nizamlanacağına iynənin ucu qədər də inam qalmayıb...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyaatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий