BİR ƏSGƏR-ANA, DÖYÜŞÇÜ-QADIN VAR



Qadının bir müqəddəs borcu varsa, o da ana olmaqdır. Şəxsi həyatı keçməkeşli, acısı şirinindən çox olan Bəsti xanımı tay-tuşları ona görə qınayırlar ki, müqəddəs borcunu yerinə yetirmiş ana kimi onun cəbhəyə getməsi vacib deyil: “Qadın hara, cəbhə hara?! Düşmən qabağına qadın çıxarmaqla özümüzü təhqir etmiş olarıq!”
Bəsti xanım töhmətlənsə də, onun ürəyindən keçənləri açmağa dilmanc tapılmır. Daxili sızıntılarının, şəxsi həyat problemlərinin səsi eşidilmir. Özünəməxsus təbəssümlə gülümsəyir, özgənin dərdini çəkir, lakin özününkünü heç kimə vermək istəmir. Əldə-ətəkdə qurdalanmağı öz ləyaqətinə sığışdırmayan bu qadın cəbhəyə gəlişini belə yozur:
- Laçının Güləbird kəndində yaşayan rəfiqəm Qətibəyə görə laçınlılarla çox ünsiyyətim olub. Hər dəfə qonaq gedəndə deyirdim ki, erməni quldurları Laçını işğal etsələr, Milli Orduya keçib bacardığımı edəcəyəm. Əhdimi pozmaq istəmədim. Laçınlılardan ibarət könüllü tabor yaranan kimi özümü ora yetirdim. Hərb işində naşı  idim. Məni orduya götürmək istəmirdilər. Tabor komandiri Süleyman Əhmədov mənim hisslərimi yaxşı anladı və razılıq verdi ki, bir ana kimi xidmət göstərim. Komandir hərbi akademiyanı bitirmişdi. Ondan çox şey öyrəndim. Allah rəhmət eləsin, Hoçaz  əməliyyatında komandirimiz şəhid oldu. Mən lazım olan bilgiləri artıq mənimsəmişdim. Orduya gəlişimlə günah işlətmişəmsə, bu mənə xoşdur.
Baş çavuş Bəsti Cəfər qızı Quliyeva özünü sadəlövhcəsinə günahkar hesab etsə də, onun orduda döyüş ruhunun mühafizəsində, əsgərlərin psixoloji hazırlığının möhkəmləndirilməsində xidmətləri dəyərlidir. Briqada komandiri Valeh Rəfiyev qorxaq əsgərləri tənbeh edəndə Bəsti xanımı misal çəkir. Ordu həyatının ağır dəqiqələrində bəzən nə komandir məzəmməti, nə ərkyana silahdaş məsləhəti, nə də qanunların sərtliyi kara gəlir. Haradasa bacı köməyi, ana öyüdü, qadın ləyaqəti boşluğu hiss olunur. Bu boşluğu Bəsti xanım doldurur. Bəstiyə kimi “xanım”, kimi “bacı”, kimi də “xala” deyə müraciət edir. Acı sözündən heç kim incimir. Hər ünsiyyətin mərkəzində mehribançılıq, səmimiyyət, doğmalıq duyğuları çağlayır.
Avqustun 31-də Vəng uğrunda döyüşlər gedirdi. Qərargah rəisinin nizami hissə üzrə köməkçisi təyin edilsə də, Bəsti xanım sakit, biganə otura bilmədi. Döyüş bölgəsinin qaynar nöqtələrinə yollandı. Döyüşçülər onu görüb narahat oldular:
- Bəsti xanım, sən Allah, geri qayıt. Ermənilər elə bilərlər, biz arvadları da döyüşə gətirmişik. ayıbdır, qayıt qərargaha!
Bəsti bu sayaq yerli-yersiz deyilən danlağa məhəl qoymadı. Yaralılara kömək əli uzatdı. Bir yaralı əsgər ondan titrək və zəif səslə səmimi xahiş etdi:
- Bəsti xala, səhərdən dilimə çörək dəyməyib. Xahiş edirəm, mənə bir tikə çörək tap. Döyüş uzun çəksə, aclıqdan dizimin taqəti kəsiləcək. Qadan alım, ana əvəzində mənə yardım göstər, halallıq ver.
Əsgərin xahişanə yalvarışı onu qəhərləndirdi. Bilmədi nə etsin. Çörəyi haradan tapaydı. Təminat taqımı uzaqda yerləşirdi. Hər halda söz verib hövlnak geri qayıtdı. Qayıdanbaş Mingəçevir taborunun bir neçə əsgəri ilə üzləşdi. Ordudaxili narazılıqdan, güllə təminatının zəifliyindən, yaxud qorxaqlıqdan, nədəndirsə məlum deyildi: çaşqın bir neçə əsgər döyüş bölgəsini tərk etmək istəyirdi. Bəsti xanım həyəcanla çığıra-çığıra onların qabağını kəsdi:
- Yekə kişisiniz, hara gedirsiniz? Barı məndən utanın. Mən qadınam. Özü də silahsızam. Siz isə bəhanə ilə qaçmaqmı istəyirsiniz?!
Birini qucaqladı, birinin üzündən-gözündən öpdü, birini də ərkyana geri itələdi. Nəhayət, həmin əsgərlər yeni döyüş ruhu ilə ön mövqeyə yan aldılar. Bəsti xanım öz adəti üzrə şəhid olanların adını dəftərçəsinə yazıb cibinə qoymağa başladı. Yaralı əsgərə çörək yardımını da unutmadı. Təminatçılarla əlaqə saxlayaraq yaralılara çörəyin tez çatdırılmasının vacibliyini açıqladı. Bir qədər sonra gördü ki, get-gedə atəş səsləri yaxından eşidilir. Hiss etdi ki, nəsə ön xətdə vəziyyət ürəkaçan deyil. Məxfi sənədləri özü ilə götürdüyünə görə narahat olmağa başladı. Hər ehtimala qarşı sənədləri bir yaralı əsgərə verib saxlamağı tapşırdı. Bir az da irəlilədi və yaralılardan birinin avtomatını götürüb çiyninə keçirtdi. 10 dəqiqə keçmədi ki, bir düşmən mərmisi onun yaxınlığında partladı. Üzü üstə yerə yıxıldı. Qəlpələr ondan yan keçmişdi. Yerdən necə qalxdığını, geriyə haçan qaçdığını bilmədi. Aydın hiss etdi ki, bizimkilər nədənsə basılıblar. Bir dəqiqəliyə yaman vahimələndi. Sən demə, düşmən qüvvələrinin bir hissəsi ona sarı gəlməkdə idi. Sənədlər yadına düşdü, ürəyində müqəddəs duaları pıçıldaya-pıçıldaya allahdan kömək dilədi və öz-özünə deyindi:
- Özüm cəhənnəm, məxfi sənədlər erməni əlinə düşsə, komandirə nə cavab verərəm. Gərək qərargahda oturaydım. Axı mən ön xətdə nə gəzirəm?!
Qınayıcı fikirlərlə geriyə üz tutdu. Təngnəfəs halda nişanə qoyduğu yolla sənədləri verdiyi əsgərin yanına gəlib çatdı. Gözlərinə inanmadı. Əyilib əsgərin nəbzini yoxladı. Əsgər mərmi qəlpələrindən yaralanıb köməksiz olduğuna görə keçinmişdi. Dərindən bir ah çəkdi: Allah rəhmət eləsin! Sənədlər isə salamat idi. Bayaqdan sanki yuxu görürdü. Yerində quruyub qalmışdı. Handan-hana başına nəsə damcıladığını hiss etdi:
- Bu yağış damlasıdırsa, bəs hanı yağış?!
Öz başına əl gəzdirdi. Əli qana bulaşdı. Ehtiyatla ətrafa boylandı və həyəcanlı baxışlarla gözlərini yuxarı dikdi. Ağacın budaqlarına ilişib qalan əsgər bədəninin dəlik-dəlik olmuş əzalarından qan süzülürdü. Sifətinin rəngi boğulub qapqara oldu. Bu an özünü yetirən əsgər Vahid Həsənov Bəsti xanımı arxa tərəfdən iki əli ilə silkələyə-silkələyə dedi:
- Dəli olmusan, nədir? Görmürsən erməni gəlir, qaç!
Elə bil, yuxudan ayıldı. Bir düşmən piyadası onun gözünə sataşdı. Bəsti cəld surətdə ağac kötüyünün arxasında gizləndi. Avtomatı erməniyə sarı tuşlayaraq güllə xəzinəsini birnəfəsə boşaltdı:
- Deyəsən, vurdum...
Baş çavuş Bəsti Quliyeva 4 uşaq anasıdır. Amansız tale elə gətirib ki, uşaqlarına tək baxır: həm anadır, həm də ata. Əhd etdiyinə görə, torpaqlarımız işğaldan azad edilməyincə döyüşçü paltarını əynindən çıxarmaq istəmir. Ali təhsillidir. Müharibədən əvvəl pedaqoq-psixoloq işləyirdi. Cəbhə həyatına, əsgər ömrünə mehrini elə salıb ki, bu istək onu hərb işindən uzaqlaşdıra bilmir.
Əsgər-ana, döyüşçü-qadın... Milli psixologiyamıza tam uyğun gəlməsə də, bu anlayışların müharibə həyatında real əsası mövcuddur. Baş çavuş Bəsti xanım Azərbaycan Ordusunda belə bir addımı atıb. İnsafən, az iş görməyib.

                                                                              İbrahim MƏSİMOĞLU
20 fevral, 1993-ci il,
Kəlbəcər rayonu, Yanşaq kəndi.


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”