NÜMUNƏNİN TƏSİR HÜDUDLARI
Tarix sübut edir ki, yaranışından etibarən insanlığın daim sabit şəkildə
qalan, dəyişilməz bir qanunu mövcuddur: Heç kim bu dünyaya hədər yerə gəlməmişdir.
Kimisə gərəksiz hesab edə bilmərik. Hər doğulan insan ulu Tanrı tərəfindən vəzifələndirilir.
Verilən ömür boş-boşuna axıb keçə bilməz. Yalnız içinə soxulmuş şeytana güc gələ
bilən, bədbinliyə qapılmayan, öz mənəvi və fiziki gücünə güvənən insanlar üzərinə
qoyulmuş vəzifələri layiqincə yerinə yetirirlər. Bu səbəbdəndir ki, keşməkeşli
həyat axarında güc mənbələrinin davamlı varlığından asılı olaraq kimi cinayətkar,
kimi nankor, kimi xain, kimi də layiqli insan kimi ona verilən ömrü başa vurur.
Bu mənəvi müxtəlifliyin təsiri bəzi peşə sahələrindən fərqli olaraq hərbçi
dünyasında özünəxas səpgidə təzahür edir. Ona görə də hərbi tərbiyə prosesi həmişə
rəvan getmir, ağır təzad və həyəcanlı dəqiqələrlə müşayiət olunur. Bəzən isə məyuslu
nəticələr fəaliyyətimizin uğurlu axarını əngəlləyir, düyünlü və çətinliklə düzələn münasibətlər doğurur. Vay o adamların halına
ki, həyatının mənasını anlaya bilmədiklərinə görə qara günlərə, qara niyyətə
meyillidir və dəyərli insanlarla birgə addımlamaq istəmirlər.
Həqiqi hərbi xidmət zamanı əldə etdiyim təcrübəyə əsaslanaraq deyə
bilərəm ki, hərbi qulluqçuların təlim-tərbiyə işində nümunə çox gərəkli
sayılır. Nümunə – təsirli yol göstərəndir. Nümunə – verilən çətin əmrin icra
sirləri barədə məlumatlı bir mənbədir. Nümunə – təmənnasız bir bələdçidir.
Nümunə təsirli tərbiyə metodu kimi təqlidetməyə əsaslansa da, onun hərbi
psixoloji əhəmiyyətindən doğan bəhrələr təkcə xoş məramlı təqlidetmə əməllərinin
stimullaşdırılmasına bənd edilmir. Birinci növbədə hərbçi şüurunun labüd
durğunluq nöqtəsindən çıxmasına təkan verir, onun hisslərinə güclü təsir göstərir.
Ona görə də komandirlə onun tabeliyində olan hərbi qulluqçular arasında
dayanmadan dövran edən tərbiyəedici münasibətlərdə hərbçi marağına və
ideallarına uyğun gələn məzmunlu nümunələr daha qiymətli hesab edilir.
Ortalıqda nümunəlik əməl yoxdursa, verilən bu və ya digər əmrin
icrası haqqında təsəvvür yarada biləcək örnək təqdir edilmirsə, şəxsi heyətin hər
bir üzvünün ruh yüksəkliyinin davamlılığı komandir tərəfindən hərtərəfli təmin
edilmirsə, idarəetmə prosesinin axsama ehtimalı labüddür. Ümumiyyətlə, tərbiyə
prosesində komandirin şəxsi nümunəsi xüsusi rol oynadığına görə onun üzərinə
daha məsul vəzifələr qoyulur. Komandir hərbi mərifət lütfkarlığı ilə öz əsgərini
mükafatlandırmaqla həlli vacib sayılan məsələləri nizamlayır, yersiz olaraq
ortaya çıxan maneələri dəf edir. Bütün məqamlarda hərbi-əxlaqi dəyərlər önə çəkilir.
Komandir əksər hallarda tabeliyində olan əsgərlərin qəlbində təqlidetmə üçün həm
əsas mənəvi ünsür, həm də sevilən bir ideal kimi çıxış edir. Hörmət edən, hörmət
qazanan və ərafını hörmətə mindirən komandir xoşxatir olur. Özünü dağ başına
qoyan komandir isə haçansa “təkəbbür nərdivanı”ndan yıxılaraq məyus hisslərə
qapılır.
...Xidmət etdiyim motoatıcı briqadada əsgər qəlbinə yol tapmaq “Azərbaycan bayrağı” ordenli igid zabitimiz
Sahib Aslanov üçün adi məsələ sayılırdı. O, kəşfiyyat bölüyünün komandiri kimi
çox uğurlu əməliyyatlar keçirmişdi. Bütün döyüşçülərin ruhunu oxşayırdı. Daşnak
işğal acısını ailəliklə çəkmiş bu yanşaqlı zabit yoldaşımızın düşmənə qarşı
intiqam hissləri heç vaxt sakitləşmirdi. Doğma Kəlbəcərin azadlığı üçün bütün
varlığı ilə alışıb-yanırdı. Bölükdə üç qız döyüşçümüz olduğuna görə onların
münasibətlərində milli dəyərlərimizə uyğun yüksək ədəb-ərkan havası hakimlik
edirdi. Ən asudə dəqiqələrdə də kimsə bölük daxilində maykalı gəzə bilməzdi.
Abır-həya pərdəsi ailə namusu tək qorunurdu. Bu əxlaqi nümunələr həm kəşfiyyat
rəisi Rəhman İsgəndərovun, həm də bölük komandiri Sahib Aslanovun çox nəcibanə
və pak niyyətli idarəetmə məharətinin əməli
nəticələri kimi hamını heyran edirdi. Bu bölükdə yurd sevgili ürəklər mənəvi
şah rolunda çıxış edərək çox fədakar bir ovqat yaratmışdı. Kollektivdə, demək
olar ki, zəif döyüşçü yox idi. Hər gün fiziki hazırlıq məqsədilə kəskin şəraitə
malik dağlıq-meşəlik ərazidə 10 km-lik qaçış təşkil olunurdu. Hər qaçışda
komandir öndə gedirdi. Hərbi əməliyyat zamanı da öncüllüyü əldən vermirdi. Onun
nümunəvi əməlləri Sahib xarakterli, Sahib amallı, Sahib düşüncəli döyüşçülərin
sayını artırmışdı. Bu səbəbdəndir ki, onlar bəzən üç-beş günlüyə, bəzən də bir
həftədən çox müddət ərzində düşmən arxasına sıldırımlı uca dağlardan, kəskin
enişli-yoxuşlu cığırlardan keçərək təhlükəli tapşırıqları cəsarətlə icra edir və
heç bir itkiyə yol vermədən dəyərli kəşfiyyat məlumatları ilə geri
qayıdırdılar. Onlar fiziki imkanları baxımından məhdud bir sərhəd tanımırdılar.
Bu bölüyün motoatıcı briqada miqyasında bəyənilən hərbi əxlaqi nümunələri təbii
bir axarla digər döyüş bölmələrinə də sirayət edirdi.
Murovdağ döyüş bölgəsində 1993-cü ilin son günlərini yaşayırdıq. 2-ci
Kəlbəcər əməliyyatına güclü hazırlıq işləri gedirdi. Şəxsi heyətin fiziki
qabiliyyətini artırmaq məqsədilə qarşımıza mühüm vəzifələr qoyulmuşdu. Hər səhər
bədənimizi qarla yuyaraq şaxtaya qarşı davamlılığımızı yüksəldir və ayaq əzələlərimizi
möhkəmlətmək üçün 10 km-lik qaçış tapşırığını yerinə yetirirdik. Briqada
komandanlığının nəzarəti altında keçən bu gərəkli tədbirin icrası zamanı
müşahidə etdiyim bəzi məqamları nümunə kontekstində açıqlamaq istəyirəm. Qaçış
zamanı bəzi bölmə komandirləri meşə daxilində gözdən itərək qaçışdan yayınır və
bunu görən bəzi əsgərlər də özünü xəstə kimi qələmə verərək qaçışı yarımçıq
qoyurdular. Bax, bu yaranmış situasiya
qüsurlu komandir nümunəsinin əsgər səhlənkarlığına rəvac verən azarlı bir
aqibətidir. Lakin həmin fiziki hazırlığın ümumi müsbət nəticələri son mərhələdə
başımıza gələn qarlı-çovğunlu mühasirə bəlasına qarşı mübarizədə göstərdiyimiz
yüksək dözüm və qəhrəmanlıq nümunələrində öz real əksini tapmışdı. Sağ
qalmasına şükür edən döyüşçülər öz fikrini belə əsaslandırırdılar: Hücuma
hazırlıq ərəfəsində hər səhər 10 km-lik qaçış sınaqları olmasaydı, biz bu ağır
dağlıq ərazidə nə davamlı döyüş əzmkarlığı göstərə bilərdik, nə də uca dağları
salamat aşıb-keçməyə taqətimiz olardı...
Komandir ona tabe olanların arasında hərbi əxlaqi dəyərlərin
qorunmasından tutmuş hərbi tapşırıqların icrasınadək hər bir sahədə birinci
olmalı, haqq dilində danışmalı, haqq səsini ucaltmalıdır. Əsl hərbçi bu məsələnin
həllini özünə problem saymır. Düzdür, bəzən elə müşkül vəziyyətə düşürük ki, öz
adımızı başqasından soruşmalı oluruq.
Bir azərbaycanlı kimi dünyanın elm xəzinəsinə bəxş etdiyi öz bənzərsiz
elmi təfəkkür məhsulları ilə bizə şöhrət gətirən Lütfizadənin qeyri-səlis məntiqi qeyd edilən nümunə barədə mühakimələrimizin
açımında çox gərəklidir. Bu məntiq solan
ümidləri göyərdən bir məntiqdir. Azmı şahid olmuşuq?! Bəzən hərbi tələbləri tam
ödəyə bilməyən və mənəvi baxımından mükəmməl olmayan bir əsgərin xidməti qüsurlarına son qoyaraq rəvan əsgərlik
nümunəsi yaratması bizi xeyli təəccübləndirmişdir.
...Əsgər Seymur Həsənli təzadlı xarakteri ilə təkcə komandirin deyil,
əsgər yoldaşlarının da xoşuna gəlmirdi. Yoldaşlıq münasibətlərində kiminsə xətrinə
dəyməkdən çəkinmir, hərbi intizam qaydalarını pozur və meydana gələn mübahisəli
vəziyyətlərdən uydurduğu bəhanələrlə birtəhər çıxırdı. Komandir bəzi müsbət cəhətlərini
nəzərə alaraq Seymura qarşı sərt mövqe tutmadı. Əksinə əsgərin yumşaq damarını
tutaraq müəyyən situasiyalarda bəzi pozuq hərəkətlərinə görə onu məzəmmət etməklə
kifayətləndi. Komandirin yüngül cəzalar hesabına onu düzgün yola cəlb etməsi əksər
əsgər yoldaşları tərəfindən qeyri-obyektiv qiymətləndirilsə də, öncül əsgərlərin
gözəl xidmət nümunələrinin təsiri altında Seymur Həsənlinin islah edilməsindən
sonra hamı komandirin güzəştli mövqeyindən məmnun qaldı.
Qədim çinlilərin ağıllı olmaq barədə bir məsəli bu günəcən söylənilməkdədir.
Həmin məsələ görə insan üç yolla başqalarından ağıllı ola bilər: Birinci yol təcrübə
yoludur. Bu yol ağır sayılır. İkinci yol təqlid etməklə başa çatır və asan yol
hesab edilir. Üçüncü yol düşüncəyə əsaslanır və bu yolla getmək nəcib əməl kimi
qiymətləndirilir. Mənim zənnimcə, bu üç yolun hamısı nəsib xarakter daşıyır. Bəs,
kim hansı yolu seçir? Keşməkeşli hərbi xidmətin ağır tələblərini, cürbəcür
yaşam çətinliklərini və təbii sayılan mərhumiyyətləri nəzərə alaraq deyirik ki,
güclü olmadan hərbçi kimi yetişmək mümkün deyil. Yəni hər kəs xüsusi hünər tələb
edən hərbi libası geməyə cəsarət etmir. Əgər taleyini hərbçiliklə bağlayırsansa,
hərbi borcunu yerinə yetirərkən öz qanını, hətta həyatını əsirgəməməyə hazır
olmaq istəyirsənsə, hökmən güclü olmalısan. Bu mənada hər hansı bir zabit və ya
müvafiq hərbi qurumda məsul vəzifə tutan komandir çinsayağı “ağıllı olmaq
konsepsiyasını” təşkil edən üç yolu eyni əzmkarlıqla qət etməlidir.
Özünü və tabeliyində olan bütün əsgərləri xarakter özəllikləri ilə
yanaşı adbaad tanımayan komandirin xidməti həyatında hərbi intizamın pozulması
ilə bağlı meydana gələn problemlər onu o qədər boğaza yığır ki, ixtiyarsız
olaraq müqəddəs ordu həyatının haqq yoluna yön alır. Adətən kiçik komandirlərin
bir qismi belə müşkül dalana düşür.
Qarşılıqlı münasibətlər fonunda əmələ gələn biganəlik atmosferi tədricən hərbi idarəetmə işinin müəyyən yollarını düyünə
salır. Əsgərini yadından çıxaran komandiri
əsgər də unudur və bu durum heç bir halda kimsə tərəfindən qəbul
edilmir. Komandir hər əməlində komandir kimi seçilə bilmirsə, o necə örnək ola
bilər?
Verilən hərbi tapşırığın icrasında necə hərəkət etməyin yollarını
açıqlamaq, zəif əsgərləri passivlik zolağından çıxarmaq, münasib məsləhətlər
vermək, şəxsi heyəti problemsiz dolandırmaq, ağıllı və düzgün qərarlar qəbul
etmək, gərəkli tədbirlərin nəticələrini izləmək – bu işlərdə komandir nümunə
olmalıdır. Hərbi tapşırıqların icra axarında komandir yalnız özü deyib özü
eşidirsə, onun səsi əsgər qəlbinə gedib cata bilməyəcəkdir. Komandir sözünün təsiri
və faydası deyilən kəlmələrin ilkin qəbulundan sezilir. Səmimi əsgər təbəssümü
qarşılıqlı əminlik yaradır. Ona görə də sözünün razılıq hissi ilə qəbul ediləcəyinə
əmin olan komandirin ucadan danışmasına ehtiyac qalmır. Nüfuzedici asta və qətiyyətli
səs öz ünvanına maneəsiz çatır. Azərbaycan Ordusunun ilk irimiqyaslı Goranboy
döyüş əməliyyatının ən fəal iştirakçısı olmuş cəsur motoatıcı qrup komandiri
Rasim Abdullayevin hücumqabağı şəxsi heyət qarşısında çıxışından bir məqamı
yada salaq:
– Mənim aslanlarım, biz doğma Azərbaycanımız
uğrunda müqəddəs savaşın şərəfli günlərini yaşayırıq. Yaş torpaq yatağımız,
daşlar balıncımız, göy üzü yorğanımızdır. Sabah yeni sınaq qarşısındayıq. Səhər
tezdən Bala Canbaz dağına hücum başlanır. Düşmənlə müqayisədə gücümüz bərabərdir.
Əsas çətinliyimiz odur ki, onlar yüksəklikdə, biz isə aşağı mövqedəyik. Amma o
yüksəklik bizim yurd yüksəkliyimizdir. Onlar işğalçı, biz bu ulu torpağın əsl sahibləriyik. Bu hücumda mən həm sizin kimi mərd döyüşçülərimə,
həm də müqəddəs vətənimizə, onun başəyməz dağına, daşına, çayına, bütün tükənməz
nemətlərinə güvənirəm. Söz verirəm: düşmən səngərinə birinci özüm girəcəyəm. Gəlin
hücum axarında elə toparlanaq ki, addım atdığımız hər yer titrəsin! Xain erməni daşnağının ayağı altında əzab çəkən
torpağımızı hökmən azad etməliyik. Allah ürəyimizə qüvvət, biləyimizə tükənməz
güc, ağlımıza parlaqlıq versin!
Motoatıcı qrup komandiri Rasim Abdullayev nəyə söz verdisə,
ona da əməl etdi. Onun düşmən səngərinə birinci girişindən sonra tabeliyində
olan əsgərlər sanki basılmaz qanadlı əjdahaya dönmüşdülər. Komandirin bir cəsarətli
əməlinə tay olası on hünər nümunəsi göstərdilər. Bu qaynar axarla Goranboy əməliyyatı
uğurla başa çatdı. Bax, cəsur ürəklərdən
güc alan əsl nümunələr belə yaranır...
Belə bir müdrik fikir var: “Heyf ki, dinləməyi tədris edən müəssisə
yoxdur. Axı, yaxşı idarə başçısı üçün dinləməyi bacarmaq danışmağı bacarmaq qədər
vacibdir.” Bu fikrin hərbi kollektivlə
bağlı uyarlı olmadığını iddia edənlərə çox rast gəlirik. Onlar iddia edirlər
ki, komandir həmişə amiranə ovqatda olmalı, müstəqil qərar çıxarmalı, dəyərli şəxsi
mühakimələri ilə seçilməli və şəxsi nümunə göstərməlidir. Düzdür, bu fikirlər
qeyri-obyektiv sayıla bilməz. Lakin onu da diqqətdən kənara qoymamalıyıq ki,
komandir həm də tabeliyində olan əsgərləri şəxsi nümunə göstərməyə sövq etdirməlidir.
Bax, bu məsələnin həlli əsgəri dinləməkdən keçir. Əsgərlərlə qurulan gündəlik
münasibətlərdə həmişə haqqın tərəfində olmalısan ki, onlar müəyyən məqamlarda təşəbbüskar
rolunda çıxış edərək şəxsi nümunə göstərə bilsin və dinləmə fürsəti layiqli bəhrə
versin.
1993-cü ildə xidmət etdiyim hərbi hissənin komandiri
polkovnik-leytenant Valeh Rəfiyevin əsgərləri dinləməyin səmərəsini çox
qazandığına və bu yolla onları şəxsi nümunə göstərmək üçün təhrik etdiyinə görə tabelikdə olan bütün komandirlərə bu məsələnin
həllində diqqətcil olmağı məsləhət görür, lazımi göstərişlər verirdi. İkinci Kəlbəcər
əməliyyatının planlaşdırılması zamanı bəzi uğurlu həmlələrlə bağlı döyüşçü əsgərlər
tərəfindən söylənilən taktiki hiylələrin xeyirli nəticələri məhz dinləmələrin nə
qədər sərfəli olduğunu sübut etmişdir. Bu cür münasibət əsgərləri təkcə əmr
gözləməyə deyil, həm də dərindən düşünməyə, həmlələrin icrasına yaradıcı
yanaşmağa vadar edirdi. Yəni dərk edirdilər ki, onlar həm icraçı, həm də
komandirin ideya köməkçisi kimi daha
güclü qələbə təminatı yaradaraq çox hörmət qazanır və şəxsi heyət üçün gərəkli
sayılırlar. Axı, bir yaxşı düşünən əsgər on əsgər gücünə bərabər gələr, bəzən də
lap çox...
Dəyərli nümunə göstərmək inkişafın əsas təkanverici qüvvələrindən
biri, dönüşün mənəvi təminatçısıdır. Bu məsələnin vacibliyini hərbi həyatda bərkdən-boşdan
çıxmış təcrübəli hərbçilərə xatırlatlamağa ehtiyac yoxdur. Öncə kiçik komandirlərə
tövsiyə edilməlidir ki, əlini dizinə vurmaq yox, əlini işə bənd etmək lazımdır.
Onların bəziləri bir-iki cəhdin nəticəsizliyi ucbatından geri çəkilir,
acizliyini boynuna almasa da, əsgərlərinin zəifliyindən gileylənirlər. Lakin məsələnin
həlli əksər hallarda tabe olanlardan
deyil, idarə edənlərdən asılı qalır. Hərbçi həyatımızın bir real həqiqəti də
ondan ibarətdir ki, nikbin komandir planlaşdırdığı bütün işlərin önündə yaşıl
işıq görür, bədbin komandir isə hansı tərəfə baxırsa, qırmızı işıq gözünü
deşir. Nə üçün yolun açıqlığı öz əlimizdə olmasın?...
İbrahim MƏSİMOĞLU
hərbi-yazıçı
jurnalist

Комментарии
Отправить комментарий