KOMANDİR TƏRƏZİ GÖZÜNÜ BƏRABƏR SAXLAYARSA...
Qanlı-qadalı savaş güzəranı daxilində
hərbi xidmətin tərbiyəvi iş yükünü daşımaq kimsəyə asan gələ bilməz. Bu çoxcəhətli
mənəvi-psixoloji fəaliyyətin həmişə uğur gətirəcəyinə də ümid bəsləmək çətindir.
Ana südünə, ata çörəyinə yüksək qiymət verən döyüşçülərlə səmimi ünsiyyət dəqiqələrində
tez-tez vurğuladığımız ağsaqqal xeyir-duası, ağbirçək alqışı mənəvi dəstəyimiz
olmuşdur. Lakin dilinin altında gizlənən bəzi könüllülər bizi müşkül suallar
qarşısında qoyurdular. Danışığı ilə əsl xarakterini, xislətini büruzə verənlərin
kimliyini anlamaq çətinlik törətməsə də, necə deyərlər, hər hansı həvəsləndirmə
işi görmədən ideya generatorunu rahat yolla
işə sala bilmirdik. Birinin təkəbbürlü mövqeyi, birinin məğrur hərəkətləri,
birinin isə israrlı tələbləri operativ zəruri tədbirlərin icrasını labüd
edirdi. Ən adi problemlərin cözümündə ortaya bütün gücümüzü qoysaq da, müəyyən dilxor
fikirlərin qeyri-rəvanlığında fəaliyyətimizin
başlıca hədəflərinə zorla yetişirdik.
İlişdiyimiz məqamlar mükafatlandırma işləri ilə bağlanırdı.
Təcrübəli peşəkar hərbçilərlə söhbət
zamanı şəxsi heyərin mənəvi cəhətdən həvəsləndirilməsi ilə bağlı müxtəlif
müdrik kəlamlar səslənir: “Medal kiçik olsa da, onun sevgisi bütün ölkəni
bürüyür”, “Üç şey əsgəri şərəfləndirir: yara, qələbə və mükafat”, “ Ev hasarı
ilə deyil, ordenli oğlu ilə tanınır”, “Qəhrəman əməllər mükafatsız qalarsa,
yaddaşlardan tez silinər” və sair işıqlı sözləri azmı eşitmişik?! Xüsusi diqqət və sayğını sevən biz döyüşçülər
bu incə mənəvi məqamları tez-tez xatırlayırıq. Bilirik ki, mükafat layiqli əməlin
qarşılığı kimi dəyərli mənalar kəsb edərək təkcə mükafatçının özünün deyil,
onun ətrafında olan cəbhədaşlarının da yurd sevgili könül toxluğunu təmin edir.
Açıqladığım hiss və duyğuları daxilən
yaşadığıma görə belə anlayıram ki, döyüşçü ürəyinin acısı və təskinliyi bir-birini
əvəzləsə də, heç vaxt sönmür. 15 oktyabr 1993-cü il tarixindən etibarən “N” hərbi
hissəsinin bütün döyüşçülərinin könül hafizəsində mühəndis-istehkam bölüyünün əsgəri
İlham İsmayılov sözün həqiqi mənasında Milli Qəhrəman kimi yaşayır. Çünki onun göstərdiyi
igidlik qibtə ediləsi bir igidlikdir. O, Murovdağ silsiləsinin Ömər aşırımı
istiqamətində düşmənin patlatdığı iki minanı təzələyən zaman texniki qüsur
üzündən “sözə baxmayan” bir minanı işədüşmə məqamında qucaqlayaraq özünü qurban
vermiş və üç addımlığında dayanmış 8 nəfər
kəşfiyyatçı cəbhədaşını ölümdən xilas etmişdir. Hərbi hissə komandiri
polkovnik-leytenant Valeh Rəfiyev tərəddüd etmədən döyüş tapşırığını yerinə
yetirərkən fövqəladə igidlik göstərdiyinə görə istehkamçı əsgərimiz İlham
İsmayılova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə cəbhə
komandanlığı qarşısında vəsatət qaldırmışdı. Əfsus ki, bu təqdimat hansısa səbəblər
ucbatından Ali Baş Komandanımıza gedib çata bilməmişdi. Təqdimatın nəticəsizliyindən
doğan mənfi ovqatın təsiri motoatıcı briqada daxilində mənəvi-psixoloji tərbiyə
prosesinin müəyyən pozulma hallarını törətmişdi. Yaranmış ruh düşkünlüyünü daxili
həvəsləndirmə sisteminin imkanları hesabına birtəhər aradan qaldıra bilsək də, bəzən
həmin təqdimatla bağlı üstümüzə yönəldilmiş iradların kökü tamam kəsilmirdi.
Axı, döyüşçü beyninə həkk olunmuş bu igid sevgili yaddaş necə silinə bilər ?!
Əsla heç vaxt !
Səngər ab-havasında hər bir əsgər
özlüyündə bir qəhrəmanlıq tarixidir. Bu qürurlu tarixi yaradan həm özünü, həm də
təmsil etdiyi xalqın milli-mənəvi dəyərlərini, pozulmaz hərbi əxlaqi etiketlərini,
igidlik ənənələrini öz şəxsi imzası ilə əbədiləşdirir, könüllərimizə köçürür.
Əsgərin vətəncanlı canfəşanlığını, düşmənə qarşı cəsur həmlə cəhdlərini, xidməti
çalışqanlığını, komandir tapşırıqlarının icrasında canyandırıcı əməllərini,
heyrətamiz qeyrətkeşliyini qiymətləndirmək çox prinsipial əhəmiyyət daşıyır.
Əks halda mənfi təzahürlərin təlqinedici fonunda ana yurd təəssübkeşliyinə kölgə
düşə bilər, milli şərəf və heysiyyatımızı qoruyan hisslər soyuqlaşar.
Cəsur tankçı Səməd Sərdar oğlu Orucov
ötən Qarabağ savaşlarında ad çıxarmış döyüşçülərimizdən biridir. 2-ci Kəlbəcər əməliyyatı
zamanı əksər uğurlu həmlələrdə avanqard qüvvə kimi çıxış etmiş və neçə-neçə
düşmən tank heyətini murdar daşnak qanı içərisində boğmuşdur. 1994-cü il
yanvarın 25-də Qamışlı kəndi uğrunda gedən döyüşün son akkordları vurularkən hərb
tarixində görünməmiş tank lülə döyüşündə xüsusi qəhrəmanlıq göstərmişdir. İlk
döyüşlərdə Səmədin cəhənnəmə vasil etdiyi haramzada düşmən piyadalarının sayı tank
bölüyündə təxminən hesaba alınırdı. Sonra qeyd edilən rəqəmlər o qədər artdı
ki, nəticə etibarı ilə bir-birindən üstün göstəricilər daha saya gəlmədi. Bu mənada
Səmədin heç şöhrət həvəsi yox idi. O, ötən döyüşlərdə dörd düşmən tankını və
müxtəlif texnikaları sərrast atəşi ilə çilik-çilik etsə də, Füzuli hərbi əməliyyatında
Korqan uğrunda aparılan kəskin həmlənin gedişində sol əlindən ağır yaralanaraq
sağlamlığını xeyli itirsə də, bir kərə ağzına söz alıb nə şöhrətbazlıq edər, nə
də mükafatsızlığı özünə dərd sanardı. Lakin tabor komandiri Xaliq Vəliyev tərəfindən
Səməd Orucovun misilsiz igidlik nümunələrinə görə ali dövlət mükafatına layiq
görülməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsa da, heç bir nəticə
alınmamışdır. Müxtəsər desək, bu gün doğma
Qax rayonunda mənalı veteran həyatı yaşayan, vətənçilik missiyası ilə xüsusi
zövq alan Səməd Orucov varlığında ona
göstərilmiş biganəliyə bu və ya digər formada mənfi emosiyanın yoxluğuna
baxmayaraq onun qəhrəmanlıq əməllərinin qiymətləndirilməməsi əksər cəbhədaşları
tərəfindən mənəvi acılıqla yada salınır.
İgid tankçı Səməd Orucovu, necə deyərlər,
a-dan ze-yə qədər xeyli çək-çevir etsən də dilindən vətən ünvanlı bir giley
eşitməyərək onun içində dolaşan haqlı hökmləri ilə hesablaşmalı olacaqsan. Soyuq
könüllərin, etinasız münasibətin acısı budur. Əmələ görə layiqli mükafat
haqqını ala biləyən mərd xislətli yurddaşlarımızın daim qəlbimizi qubarlayan soyuq
gerçəkliyi budur! Hər bir halda Səməd əsl vətən oğludur. Təmənnasız yurd
aşiqidir! Ana Vətənimiz “öl” deyəndə ölən, “qal” deyəndə
dəyərli ömür sürməyə imza atan igiddir!
Mənəvi-psixoloji situasiyalarda çeşidli
yanaşma tələblərinə görə hər kəsə cəsur tankçı Səməd Orucovun gözü ilə baxmaq
münasib deyil. Fərdi ehtiraslar, şəxsi ideallar, təbii meyillər hamıda eyni cür
olmur. Biri təriflənməyi, biri qazanc əldə etməyi, biri müəyyən zövq almağı,
biri də daha üstün şan-şöhrətə sahib olmağı
özünə hədəf seçir. Tərbiyəvi işlər üzrə təcrübə sübut edir ki, komandir
cavabdeh şəxs kimi ordu adlı dəmir intizamın dayaqlarına söykənmiş müqəddəs bir
hərbçi kollektivində xidməti fəaliyyətin bütün məqamlarına, hərbi qulluqçuların
ən adi fərqli əməlinə də reaksiya verməsə,
kollektivdaxili ziddiyyətlərin çözümündə sahib olduğu zəruri mənəvi açarları asanlıqla
itirər. Mükafatlandırma elə bir incə məsələdir ki, qürurlu hərbçi dünyasının qaynar
həyat ritminə uyğun surətdə nizamlanan xidməti gündəlikdən çıxarıla bilməz. Xüsusən
zabit xidməti kontekstində rəhbər şəxslər dördgöz olmalıdır. Axı, zabit həm
tabe olur, həm də idarə edir. Bu iki mühüm yol axarında atılan addımların birində
axsaqlıq əmələ gələrsə, daim yeni şəxsi heyətlə təzələnən hərbçi kollektivi bir
reallıq kimi öz təkamül yolunu itirə bilər. Hər bir zabit bir psixoloji fərd
olaraq öz fəaliyyət mətləblərini lazımi səviyyədə dərk etməsə, hər şeyə şöhrət gözündən baxarsa, şəxsiyyət olaraq natamam qalar.
Bu gün ictimai həyatımızda vətən
ideyasının təbliğində fəal mövqe tutan veteran zabitimiz İntiqam Mirzəyev zəngin
döyüşçü və hərbi təlim-tərbiyə təcrübəsinə
malikdir. Yaxşı xatırlayıram. Bu peşəkar zabit hətta komandanlıq tərəfindən
onun üçün nəzərdə tutulan “Azərbaycan bayrağı” ordenini ön xətdə tutarlı uğur
qazanmış döyüşçü əsgərə verməyi təklif etmişdir. Veteran döyüşçümüz İntiqam
Mirzəyevin bu müdrik qənaətinin özü misilsiz mükafat dəyərində deyilmi?! Bu barədə
onun düşüncələri çox qiymətlidir:
– Soyuq səngər güzəranlığının görünməyən çox hərarətverici
bir ruzigarı var ki, onu yalnız əsl döyüşçü duya bilər. Varlığını doğma yurduna
qurban verməyə hazır olan döyüşçülərin
könül dünyası hədsiz dərəcədə nurlu olur. Mən çox şahidi olmuşam, igid döyüşçü
heç vaxt ilqarından dönmür. Yəni onu hər hansı fədakar əməlinə görə mükafatlandırsan
da, mükafatlandırmasan da, öz hədəfini itirən deyil. Lakin unutmaq olmaz ki, xarakterlər
müxtəlif olduğu kimi fərdi mənəvi ehtiyaclar, görünməyən, dilə gətirilməyən
daxili gərəkli istəklər bir-birindən fərqlənir. Hər nüansa uyğun olaraq şəxsi heyətin fərqli
üzvlərini müntəzəm həvəsləndirmək, xidməti işində dönüş yaradanları rəğbətləndirmək,
hansısa təsadüfi hadisələrin təsirindən bir qədər ümidsizliyə qapılanları şövqləndirmək,
səngər uğursuzluğuna görə kimisə ovundurmaq, bəzən isə qarşıya qoyulan məqsədlərə
tez yetişmək naminə bütün qüvvələri hərəkətə gətirmək üçün təşviqat işinə güc vermək lazımdır. Mən hərbçilərin
vaxtaşırı mükafatlandırılmasını labüd hesab edirəm. Xüsusən döyüşçülərin hər
bir fədakarlığı öz qiymətini almalıdır. Demirəm ki, təqdim edilən medal və ya
orden hökmən qızıldan, yaxud bahalı metaldan olsun. Razı olaram ki, döşə taxılan hər hansı təltif
nümunəsi adi bir paslı dəmir parçası olsun, amma nəsə... olsun!!!
Azərbaycanlıların ibrətamiz milli-mənəvi
psixologiyasının dərinliklərinə baş vura
bilən, onun incəliklərinə bələd olan komandir mükafatın hərbçi kollektivinin iç
dünyasında hansı rol oynadığını yaxşı anlayır. Bəzən gec elan edilən ”təşəkkür”
ağıllı idarəetmə ölçüsünün nizamlanma prosesində müəyyən qədər nasazlıq yaratsa
da, “umu-küsülü” durumu yox edir. Hərbçiyə gec, yaxud ötəri xarakterli müxtəsər
qiymət vermək olmaz. Onu ürəkdən müjdələmək gərəklidir. Layiq olduğu mükafatını
əsl xidməti fəaliyyətində arayan bəzi hərbçilər ürəkaçan əməli nəticələrə görə əvəz
görməyən zaman məyusluq girdabına düşürlər. İrəliləyiş üçün onların yenicə boy
atan ümidi üzülür, ovqatı tez-tez korlanır. Axı, yaxşı əməlin əks-sədası əksər
mənəvi problemlərin çözümü ilə bağlı nəyə desən layiqli cavab verir. Bəc, biganəlik
necə?! Bu mənada biganəlik heç nəyə qadir olmayan bir kölgə təsiri
bağışlayır... Mükafat alanın ürəyi isə sinəsinə sığmır, tel-tel olur. Qazanılan
xidməti müvəffəqiyyəti tarixləşdirmək üçün verilən fəxri fərman vərəqi, azacıq
maddi vəsait, yaxud hər hansı bir qiymətli bəxşiş qeyri-ixtiyari surətdə könül
toxluğunu təmin edir.
Hər qaldırılan vəsatətin arxasında
təmiz vicdan dayanmalıdır. Haqsızlıq hərbçi məğrurluğunu sındıra bilər. Ona görə
də mükafat ədalətli təyin edilməlidir. Mükafatın təyin edilməsi zamanı
komandir, necə deyərlər, tərəzi gözünü bərabər saxlayarsa, çox qiymətli sayılan
mənəvi hərbçi mizanı pozulmaz. Azərbaycan Silahlı Qüvvələrinin məşhur birinci
taborunun birinci bölüyü ilə bağlı mükafatlandırma faktları irəli sürdüyümüz
fikir və mühakimələrin gerçək təsdiqi sayıla bilər. Ötən Qarabağ savaşı ərzində
bu bölüyün 7 döyüşçüsü xüsusi qəhrəmanlıq əməllərinə görə
mükafatlandırılmışdır. Bölüyün ilk komandiri baş leytenant Yunis İsa oğlu Nəcəfov
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 1992-ci ildə Ağdərənin
Vaquas kəndində mühasirəyə düşmüş Ağdaş taborunu xilas etmək üçün erməni
quldurlarına qarşı tək döyüşmüşdür. Adi minik maşını özünə istehkam edərək düşmənin
bir manqasını son nəfəsinədək məhv etmiş və Ağdaş taborunu mühasirədən çıxarmışdır.
Lakin özünə yeni əlverişli mövqe seçərkən şəhid olmuşdur. Bölüyün növbəti cəsur
komandiri, bütün savaşlardan üzüağ çıxan kapitan Elman Həsən oğlu Quliyevə “Hərbi
xidmətlərə görə” medalı ulu öndərimiz Heydər Əliyev tərəfindən şəxsən təqdim
edilmişdir. Basılmaz bölüyün igid taqım komandirləri – ölməz dəliqanlı Əbülfət
Əliyev, döyüşçü paklığını uca tutan cəsur Məhəd Tağıyev, kəskin həmlələrdə öz
sözünün ağası kimi seçilən məğlubedilməz çavuş Etibar Sadıqov, öz adına layiq məğrur
əsgər Turan Ellazov “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırılmışlar.
Mahir və çox cəsarətli qumbaraatançı əsgər Adil Məmmədovun qisməti isə “Hərbi
xidmətlərə görə” medalı olmuşdur. Əndazəli mükafatlandırmanın bəhrələri bax beləcə
zənginləşir.
Son sözüm komandirlərədir: Gəlin
mükafata görə kimisə ruhdan salmayaq. Axı, insan ruhdan düşəndə onun atı da
çapa bilmir...
İbrahim MƏSİMOĞLU
ehtiyatda
olan polkovnik-leytenant,
hərbi yazıçı-jurnalist

Комментарии
Отправить комментарий