ƏSGƏRİN MƏNƏVİ İDEALI


                                                     
 
           Hər bir yeniyetmə  orta məktəb illərindən başlayaraq öz istək və arzularına uyğun  bir idealın izinə düşür. Ən gözəl, ən yaxşı, ən mükəmməl nümunənin sorağı ilə daim araşdırma aparır. Əksər hallarda sevimli kitab və filmlərin qəhrəmanlarının obrazları nümunə seçilir. Həyatının bütün dolanbaclarında həmin nümunəni təqlid etməyə səy göstərən yeniyetmə bəzən istəyinə çata bilməyəndə möhkəm sarsılır, bəzən isə qəlbinin dərinliyində yeni bir ideal istəyi baş qaldırır.
Azərbaycan əsgərini cəlb edən, ordu həyatının mənasını və rolunu müəyyənləşdirən ideya və idealların yoxluğu barəsində düşünmək səhv olardı.  Çünki idealsız yaşam tərzi insana maraqsız bir dünya bəxş edir. Ordu isə hər bir gənc üçün mənəvi sınaqların ən böyük meydanıdır. Bu müqəddəs mənəvi aləmdə ideallar üçün qida verən çox gözəl şərait mövcuddur.
Əgər belə demək mümkündürsə, əsgərlik həyatında ideallar müəyyən mənada hərbiləşir . Bu və ya digər məqsəd naminə göstərilən cəhdlər və ümidlər əsgərin lazımi istiqamət götürməsini səciyyələndirir. Əsgərin hərbi xidməti, ordumuzun məqsədyönlü inkişafına onun şəxsi töhfəsi, nəhayət, vətəndaşlıq mövqeyi onun şəxsi idealının məzmunundan asılıdır. Mənəvi ideal hərbi and içdikdən sonra əsgərin mənəvi inkişafını sanki layihələndirir. Buna görə də əsgərin hansı şəxsi layihəyə əsasən formalaşması, onun bir ideal olaraq nə kimi örnəklər yaratması, hansı mənəvi məziyyətlərin onu cəlb etməsi, hərbi əxlaqi tələblərin əsgərin mənəvi dəyərləri ilə necə əlaqələnməsi ordumuz üçün əhəmiyyətsiz  məsələ sayıla bilməz.
“N” saylı hərbi hissədə hərbi andiçmə mərasimindən sonra  asudə dəqiqələrdə bir neçə əsgərlə sorğu-sual keçirən zaman öz idealı üçün alışıb-yanan oğullarımızla ünsiyyətdən xeyli mənəvi rahatlıq tapdıq. “İdealın varmı?”, “Kim olmaq istəyirsən?”, “Həyatda özün üçün hədəf seçmisənmi?”, “Yaşamağın mənasını nədə görürsən?” və s. suallarımız cavabsız qalmadı.
Əsgər Osman Səfərli:
- Mən Azərbaycanın  ikinci Mübarizi olmaq istəyirəm. Mili Qəhrəman olmaq heç vaxt dəyişməyən idealımdır. Əsgər həyatına başlamağım məni çox sevindirir. Əlimə fürsət düşübdür. Yaxşı anlayıram ki, öz idealıma çatmaq üçün ən güclü döyüşçü  kimi yetişməliyəm. Şükürlər olsun ki, ordumuz çox inkişaf edibdir. Ağıllı, vətənpərvər və ədalətli komandirlərimizin köməyi sayəsində döyüşçü sənətinə tam yiyələnməyə can atacağam. Söz yox ki, hər şey öz əlimizdədir. Əgər Ali Baş Komandanımız hücum əmri versə, erməni işğalçılarına tutarlı dərs verəcək və öz idealıma qovuşacağam.


Əsgər Natiq Məmmədli:
- Gələcəkdə ölkəmizin ən dəyərli iqtisadçılarından biri olmaq istəyirəm.  İlk cəhdim baş tutmasa da ruhdan düşməmişəm. İndi əsgərlik sınağına çəkilirəm. Bu mühüm sınaqdır. İnanıram ki, əsgərlik şərəfini  uca tutaraq müqəddəs hərbi borcumu can-başla yerinə yetirəsəyəm. İdealım ölkəmiz üçün ən yaxşı azərbaycanlı olmaqdır. Məncə, bu ideal  hamının mənəvi ehtiyacını tam ödəyə bilər. Ola bilər ki, əsgərlikdən sonra iqtisadçı olmaq şansım baş tutmasın. Bəlkə də, taleyimdə başqa yeni yol açılacaq. Lakin hansı sahədə olsam da əsas idealım ən yaxşı azərbaycanlı olmaqdır. Millətin adı, onun ləyaqət və heysiyyəti ilə bağlı bütün sahələrdə nümunə olacağam. Şübhə etmirəm ki, bu yolda heç kim mənə əngəl ola bilməyəcəkdir.
Əsgə Nizami İslamzadə:
- Ölkəmizdə aparılan tikinti işlərinin miqyası genişdir. Ən ucqar dağ rayonlarımızda  da tikinti-quruculuq işləri vüsətlənməkdədir. Bakımız dünyanın ən gözəl şəhərləri ilə bəhsləşmək gücündədir. Bu tikinti yüksəlişi məndə qürur hissini artırır. Bu səbəbdəndir ki, mən memar olmaq fikrinə düşmüşəm. İdealım ölkəmizin paytaxtında ən yaraşıqlı  və əsrarəngiz bir tikintinin layihə müəllifi kimi milli memarlıq tarixinə öz adımı yazmaqdır. Təbii ki, indi bütün gücümü hərb sənətini öyrənməyə yönəltmişəm. Bu, hər bir azərbaycanlı üçün çox müqəddəs bir vəzifədir. Əminəm ki, öhdəsindən gələ biləcəyəm.
Əlbəttə, ideal zirvələri müxtəlif, düşüncələr mənalı, qərarlar qətiyyətlidir. Necə deyərlər, ideal yalnız seçilmiş bir hədəfdir, həyat yolunun yüksəlişini təmin edən başlıca səbəb isə məqsəddir. Elə anlayırıq ki, idealsız əsgərin mənəvi əsası ola bilməz. İdeal - əsgərin mənəvi nailiyyətidir.
Hədəflərə doğru gedən yol kiminə qısa, kiminə uzaq görünür. Əsgərin subyektiv əlamətləri – iradə, özünə qarşı tələbkarlıq, səbatlılıq, əzmkarlıq, məqsəd aydınlığı, özünü məhdudlaşdırmaq bacarığı, fəallıq və digər şəxsi keyfiyyətlər yoxdursa, seçilmiş ideal uzaq və cəlbedici bir obraz kimi qalır. Kimin qəlbində ideal həsrəti yurd salmışdırsa, demək, o, tərəqqinin  ən  azı start xəttində durmuşdur. Hiss və duyğular qaynamağa başlayan zaman sürət həddi müəyyən edilir.
Şəxsi heyət üzrə komandir müavinləri bu istiqamətdə məqsədyönlü iş aparmaq üçün fərdi söhbətlərdən səmərəli istifadə etməlidirlər. Onlar hər bir gənc əsgərə diqqətli münasibət bəsləməli, habelə prinsipial mövqedə duraraq bu və ya digər əsgərə yalançı, qeyri-real əsaslı baxışlardan, təsəvvürlərdən azad olmaq üçün kömək əli uzatmalı, yeri gələndə qardaş yardımı göstərməlidirlər. Əsgərlərin ideal seçdikləri qəhrəmanlara özlərini necə oxşatmaq istədiklərini  təlimlər zamanı müşahidə etmək olar. Ordu həyatında ideallara oxşamaq meyilləri daha çox güclənir. Belə ki, əlinə silah alan gənc özünü qüdrətli bir qüvvə sanır və bu zaman mücərrəd mənəvi təkmilləşmə onun karına gəlir. O, xüsusi olaraq ehtiyac duyduğu mənəvi xüsusiyyət  və keyfiyyətləri mənimsəməyə, özünü onlara uyğunlaşdırmağa cəhd göstərir. Beləliklə zərrə-zərrə əxz edilən əxlaqi dəyərlər, nəcib istəklər nikbin, şən ovqat yaradaraq əsgərin qəlbinə nəhayətsiz olaraq zövq verir.
23 yanvar 1993-cü il tarixində Kəlbəcər rayonunun strateji əhəmiyyətli Çiçəkli dağı uğrunda döyüşün həlledici məqamında ordumuzun ilk  briqadasının zabiti - bu günümüzün general-mayoru Qorxmaz Qarayevin döyüşçülər qarşısında odlu-alovlu çıxışını yaxşı xatırlayıram:
- Mənim igid əsgərlərim, biz çox məsul bir hücumu başa çatdırmalıyıq. Bu hücum bir tayı bizdə, digər tayı düşmən əlində qalan Kəlbəcərin Çiçəkli dağı uğrunda gedir. Bu vacib yüksəkliyi hökmən ələ keçirməliyik. Yaxşı baxın, bu tayda nə varsa, hamısı bizim üzümüzə gülür. Sanki hər qaya-dağ parçası, adi çınqıl daşı da dil açıb bizdən imdad diləyir. Biganə qalmağa haqqımız yoxdur. Çünki biz bu torpağın əsl sahibiyik və ulu vətənimiz Azərbaycan üçün doğulmuşuq.  Azərbaycan varsa, biz də varıq. Azərbaycan yoxdursa, biz də yoxuq. Biz necə dözə bilərik ki, düşmən əlində əsir qalmış dağlarımızın damarından qara qanlar axır. İşğala biz son qoymalıyıq. Ona görə ki, xalqımız bizim gücümüzə, qüdrətimizə ümid bəsləyir. Hiss edirsinizmi: azad etdiyimiz Murovdağın qaya süzgəcindən süzülüb qaynayan bulaqlardan içdikcə daha çox qüdrətlənirik. Əlbəttə, bu hal yalnız doğmalıqdan, halallıqdan irəli gəlir. Biz hökmən qalib gəlməliyik. Çünki ulu keçmişi ilə yanaşı genetik sərvəti ox vıyıltısı və qılınc cingiltisi sayılan şanlı türkün övladlarıyıq. Türk üçün qəhrəmanlıq fövqəladə bir əməl deyil, adi bir işdir. Gəlin özümüzü yaxşı tanıyaq və özümüzə qayıdaq. Bu hücümda mən sizə ölməyi yox, öldürməyi əmr edirəm. Qələbəmizin istinad nöqtəsi sizin qəhrəmanlığınızdır! Mən sizə güvənirəm, mənim igid əsgərlərim!
Döyüşçülərin varlığını silkələyən bu çıxış hücumun uğurla tamamlanmasına  səbəb olmuş və mənəvi-psixoloji ovqatla yanaşı əsgərlərin mənəvi ideallarını  zənginləşdirmişdir. Doğrudan da, döyüşün qanlı-qadalı dəqiqələrində əsgərin daxilində səslənən həyəcanlı fikirləri onun gözlərindən oxumaq, bəzi təzadlı məqamlarda isə əsgərin ruhi-psixoloji sarsıntılarını hiss etmək son dərəcə həssas psixoloji duyum tələb edir. Söz yox ki, bu zaman komandirin qəlbindən əsgərin “duyğu şüaları” təbii bir axarla  gəlib keçmirsə, o komandir şəxsi heyətin çox mürəkkəb emosiya dalğalarında çaşıb qalacaq və niyyətinə sahib ola bilməyəcəkdir. Belə situasiyalarda əsgərin mənəvi idealı komandirin harayına çatır.
Ordumuzun ilk briqadasının döyüşçü idealı kimi Azərbaycanın Milli Qəhrəmanı  Yunis Nəcəfovun  əziz xatirəsi  bu gün  də müharibə veteranlarının  qəlbində yaşamaqdadır. Qarabağ uğrunda gedən qanlı-qadalı döyüş əməliyyatlarında Yunis adlı misilsiz qəhrəmanlıq zirvəsinə yetişmək üçün  fərqli-fərqli fədakarlıq nümunələri göstərmiş igidlər ilk briqadanın şanlı tarixinə öz adlarını yazmışlar: kəşfiyyatçı zabit Rəhman İsgəndərov, istehkamçı əsgər İlham İsmayılov, tankçı əsgər  Səməd Orucov, topçu zabit Hicran Abbasov, atıcı əsgər Mobil Qarsalanoğlu, zabit Əbülfət aƏliyev, zabit Elman Quliyev... Bu igidlərin sırasını çox artıra bilərik. Bəzən ən ağır dəqiqələrdə döyüşçülərimiz Yunisin müqəddəs ruhuna müraciət edərək ondan kömək istəmişlər. “Səslə Yunis ruhunu, tükənməsin gücümüz” kəlmələri indinin özündə  də veteran döyüşçülərin dilində bir aforizmə çevrilmişdir. Əslində  bu aforizmin əsl müəllifi Milli Qəhrəman Yunis Nəcəfovun tabeliyində olan medallı zabitimiz Elman Həsən oğlu Quliyevdir. O, bu gün mülki həyat yaşasa da daim öz idealına doğru can atmaqdadır və Qarabağın azadlığı uğrunda başlayacaq son həlledici döyüşlərdə öz idealına qovuşmaq niyyətindədir. Mən sonralar  məşəqqətli səngər həyatının canlı iştirakçısı kimi qələmə aldığım yurd sevgili şeirlərimdən birində həmin aforizmdən rədif kimi istifadə etmişəm.  
Açıq etiraf etməliyik ki, orta təhsil illərində uğur qazana bilməyən, passiv həyat yaşayan gənclər ordu həyatında da müəyyən çətinliklər çəkir, hətta mənəvi idealın mahiyyətini doğru-düzgün anlaya bilmir,  bu barədə verilən sualları cavabsız qoyurlar. Ordumuzda öz şüurunda mənəvi ideallardan adi iz, müəyyən cizgi salınmayan əsgərlərə də təsadüf edirik. Bu istiqamətdə dönüş yaratmaq, ürəkaçan hər hansı bir irəliləyişə nail olmaq üçün şəxsi heyət üzrə komandir müavinləri öz xidməti fəaliyyətinə yaradıcı yanaşmalı və əsgər qəlbini ələ almaq naminə ən incə üsullardan istifadə etməyə can atmalıdırlar.
Əsgərin mənəvi idealı onun vətəndaşlıq mövqeyi, dünyagörüşü ilə sıx əlaqədardır. Hər hansı əsgərdə vurğuladığımız mövqe, həmçinin bununla bağlı adi bilgilər yoxdursa, onların varlığında mütləq mənada mənəvi boşluq, ruhi eroziya və düşkünlük əmələ gələcəkdir. Necə deyərlər, bu boşluğun doldurulmasında şəxsi heyət üzrə komandir müavinlərinin üzərinə çox məsuliyyət düşür. Hər bir halda unudulmamalıdır ki, ideal zorla qəbul etdirilə bilməz. Bu, həssas yanaşma tələb edir. Əsgər üşün ordu həyatında səciyyəvi mənəvi keyfiyyətlərin aşılanması sözügedən məsələnin çözümündə aparıcı rol oynaya bilər.
Haqlı bir suala cavab tapaq: Azərbaycan əsgəri mənəvi ideal axtarışında özünü gücsüz saya bilərmi? Mənəvi etalon obrazlarımız çox olduğuna görə heç bir halda gücsüzlük faktı ilə razılaşmaq istəmirik. Azərbaycan xalqının gen yaddaşında Dədə Qorqudun müdrik zəkası, Nizaminin misilsiz fəlsəfi hikməti yaşayır. Mənəvi dünyamıza Tomrisin sınmaz qeyrəti, Nəsimi cəsarəti, Fizulinin dərin bədii idrakı, Babəkin əyilməz ruhu, Əcəminin ülvi memar dərrakəsi, Tusinin elmi qüdrəti, Uzun Həsənin sərkərdəlik istedadı, Sara xatının diplomatiya incəliyi, Şah İsmayıl Xətainin dövlətçilik və dil sevgisi, Cavad xanın əyilməz dəyanəti, Mirzə Fətəlinin maarifçilik nuru, Həsən bəy Zərdabinin vətənçilik məfkurəsi, el atası Tağıyevin hüdudsuz səxavəti,  Üzeyirin heyrətamiz musiqi biliciliyi, Mehdi qorxmazlığı, ümummili liderimiz Heydər Əliyevin ölçüyəgəlməz dahiliyi hakimlik edir. İndi siz nəticə çıxarın: silahlarımızda Qazan xan qılıncının təpəri, qollarımızda Koroğlu gücü necə tükənə bilər?!
Xəyallarımızda yaratdığımız və gerçəklikdə təcəssüm olunan ideallarımız bizi mənəvi cəhətdən gen-bol təmin etməkdədir. Bizim süni ruhlandırmaya ehtiyacımız yoxdur. Yeganə yol budur: hər birimiz özümüzə qarşı, öz daxıli mənimizə qarşı tərbiyəedici, təlqinedici qüvvəyə çevrilməliyik. Gənc əsgərlərin mənəvi aləmində əxlaqi qüdrətin rüşeymlərinin yetişdirilməsi üçün əməli fəaliyyət göstərməliyik.
                                                             İbrahim MƏSİMOĞLU
                                                              hərbi yazıçı-jurnalist

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”