DÖYÜŞ ƏN BÖYÜK MƏKTƏBDİR
Zabit Bəhram Ləzimov əslən Ermənistanın Krasnoselsk
rayonunun Əmirxeyir kəndindəndir. Azərbaycan Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsini bitirib. Bir müddət Cəlilabad rayonunda müəllim
işləyib. Sonra Bakı məişət kondisionerləri zavodunda usta, baş usta kimi əmək fəaliyyətini
davam etdirib. 1991-ci ildən Azərbaycan ordusunda xidmətdədir.
- Cəbhəyə 1991-ci il noyabr ayının 1-dən gəlmişəm,
- deyə Bəhram Ləzimov bildirir. - O vaxt ordumuz yenicə yaranmağa başlayırdı.
Yaxşı yadımdadır. Nərimanov rayon hərbi komissarlığından bir zabit zavodumuzun
akt zalında ordu quruculuğu haqqında təbliğat aparırdı. Çıxışının axırında “Kim
könüllü olaraq orduya yazılmaq istəyirsə, buyura bilər” təklifi ilə əmək
adamlarına müraciət etdi. Beş nəfər könüllülər siyahısına yazılsaq da, təyin
olunmuş yerə məndən başqa heç kəs gəlmədi. “Mənəm-mənəm” deyən iş yoldaşlarımın
yalançılığından məyus oldum. Lakin geri çəkilmədim, yollandım hərbi hissəyə. Elə
o vaxtdan təcavüzkar erməni quldurlarına qarşı vuruşuram. Səngər həyatı mənə
çox şey öyrətdi. Müharibəni içəridən yaşadım. Məncə, ehtiyatdan gələn zabitin
peşəkar zabit kimi yetişməsi üçün çox vaxt lazım deyil. Hərbi kafedra qurtarmış
zabitə döyüş ən əvəzsiz məktəbdir.
- Belə
döyüşlərdən birini xatırlaya bilərsənmi?
- Ən çox təcrübə qazandığım vuruşlar Ağdərə
rayonunun Çapar, Getavan, Vaquas yaşayış məntəqələri ərazisində olub. Laçın
döyüş bölgəsində Hoçaz dağı uğrunda baş verən məşhur vuruş təcrübə baxımından
xüsusilə dəyərlidir. Sonralar Kəlbəcər rayonunda apardığımız Yanşaq, Təkəqaya və
Çopurlu əməliyyatlarında da çox şey öyrənmişəm. Saydıqlarım döyüşlərin hər biri
ayrıca qəhrəmanlıq tarixi, yaddaqalan qanlı-qadalı bir ömür yoludur.
- Ötən döyüş yolunda
şəxsən siz hansı səhvlərə yol vermisiniz?
- Döyüş yolumda iki böyük səhv buraxmışam. Biri
gündəlik yazmamağımdır. Bunu özümə bağışlaya bilmirəm. Amma yaxşı yaddaşım var.
Gələcəkdə vaxtım olsa, mənalı döyüş günlərimi vərəqlərə köçürəcəyəm. Bu
baxımdan zabit dostum Çingiz Əliyevə qibtə edirəm. O, gələcək nəsillər üçün
müharibə xatirələrini yazır. Bu, gənc nəslin tərbiyəsi ilə yanaşı, müstəqil Azərbaycan
dövlətinin hərb tarixindən ötrü çox sərfəli bir sənədli mənbəyə çevriləcək.
İkinci səhvim belə olub: 16 iyul 1992-ci il tarixdə Vaquas kəndinə hücuma
keçmişdik. Qəflətən 30-a qədər erməni qulduru ilə üz-üzə gəldik. Planın
pozulmaması naminə onları qırmadıq. Gərək qıraydıq. Sən demə, plan elə
özümüzünkülər tərəfindən artıq pozulubmuş və bizə bu barədə xəbər verən
olmayıbmış. İndi belə bir səhvi etməyə real əsas yoxdur. Çünki ordumuzun bütün
komponentləri var. Rabitəmiz babat işləyir. Döyüş prosesində bütün atəş mövqelərinin
vəziyyəti ilə operativ əlaqə yaradılır.
- Ən yaddaqalan
döyüşünüz barədə danışın.
- Ən yaddaqalan döyüşümüz Laçında olub. Hoçaz dağı əməliyyatını
deyirəm. Bu əməliyyatı bütün təfsilatı
ilə qeyd dəftərçəmə yazmışam. Əgər lazım bilsəniz, verərəm, mətbuatda da çap
etdirərsiniz. Çox maraqlı və uğurlu əməliyyat idi. Bu mənim üçün ona görə qiymətlidir
ki, özüm 5 cəsur əsgərimlə düşmənin 3 ədəd “T-72” markalı tankı və 1 ədəd PDM-i
durmuş atəş mövqeyinin 150 metrliyinə qədər cəsarətlə gedib çatdıq. Güclü
qarşıdurma oldu. Biz elə çevik manevr etdik ki, düşmən bizim qüvvəmizin 6 nəfərdən
ibarət olduğunu anlaya bilmədi. Erməni döyüşçülərinin hamısını məhv etdik. Üstəlik,
həmin texnikaları sağ-salamat ələ keçirdik. Həmin texnikaların köməyi ilə bir
ay ərzində Hoçaz dağına düşmənin 6 güclü hücumunun qarşısını aldıq. Ürəkdən
deyirəm: o günlərin dəyəri ölçüyəgəlməzdir. Uğurlarımızın sevincindən
hönkür-hönkür ağlayırdıq.
- Təcrübəli zabit
kimi, qorxu hissi barədə fikrinizi bilmək maraqlı olar.
- Cəbhədə qorxu başqa şeydir, ehtiyat başqa şey.
Əsgər o zaman qorxur ki, onun komandiri zəifdir, çətin anda özünü itirir. Bir də
görürsən ki, bir əsgər minalanmış sahəni yoxlaya-yoxlaya keçir, ehtiyatlı tərpənir.
Biri isə minaya qarşı laqeydlik göstərir. Ehtiyatlı keçənə deyirlər ki,
qorxaqsan. Digərini isə əsl igid, ölümdən qorxmaz oğul adlandırırlar. Mən bunun
əksinə fikirləşirəm: minaya qarşı diqqətli, həssas olan əsgər igiddir, özünü
orduya, millətə lazım bilir, təsadüfi xoşbəxtliyə bel bağlamır. Digəri isə sadəcə
olaraq yekəxanadır, eqoistdir, özünü nümayiş etdirmək istəyən bir lovğa əsgərdir.
Bu, sübut olunmuş həqiqətdir. Bəzən görürsən ki, kiminsə laqeydliyi ucbatından
mina partlayır və hansısa yekəxana bir əsgər özü ilə birlikdə bir neçə
döyüşçünü də şikəst edir. Ehtiyat igidin yaraşığıdır. Bunu unutmaq olmaz. Çox
müşahidə etmişəm: əsgər ilk döyüşə gedəndə təbii olaraq həyəcanlanır, qorxur.
Elə ki, döyüş başlandı və azacıq üstünlük qazanıldı, onda oğulsan, gəl Azərbaycan
əsgərinin qabağında dur. Məsələn, Füzuli bölgəsində taborlarımızdan biri əvvəlcə
çətinliklə döyüşürdü. Həmin tabor düşmənin birinci mövqeyini yardıqdan sonra əsgərlərin
əlini saxlamaq mümkün deyildi. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, savadlı,
bacarıqlı komandirin əsgəri həmişə qorxuya güc gələ bilir.
- Cənab zabit,
müharibədən sonra orduda qalıb işləmək fikriniz varmı?
- Təki sağlıq olsun, müharibə qələbəmizlə
qurtarsın. Bu qədər əziyyət çəkdikdən sonra, bu qədər döyüş təcrübəsi
qazandıqdan sonra ordunu tərk etmək, məncə, insafsızlıq olar. Mənə elə gəlir
ki, tək mən yox, hazırda döyüş əməliyyatlarında iştirak edən zabitlərin əksəriyyəti
öz bilik və bacarığını gələcək nəsillərə öyrətmək üçün, Azərbaycanı güclü bir
dövlətə çevirmək üçün orduda qalıb xidmət edəcək. Əminik ki, buna biz nail ola
biləcəyik.
İbrahim MƏSİMOĞLU
8 iyun 1994-cü il

Комментарии
Отправить комментарий