FİZİKİ KASIBLIQ OLMAYAN YERDƏ...
Cəsarətli
döyüşkən əsgər, kamil, mətin hərbçi necə yaranır? Mənəvi bütövlüyün, döyüşçü
xarakterinin ən mühüm elementlərindən biri olan bədən tərbiyəsi yoxdursa və yaxud birtərəfli inkişaf edirsə, qarşıya
qoyduğumuz suala dolğun cavab tapa bilmərik. Əxlaqi, intellektual, emosional,
estetik zənginlik fiziki kasıblıqla tamamlanarsa, çox çətin ki, belə əsgərə
döyüşçü qüdrətinin zirvəsini görmək qismət olar. Fiziki nasazlıq bütün mənəvi dəyərləri
tükəndirir, insanı ölü canlar cərgəsinə qoyur. Odur ki, qoşun növlərindən asılı
olmayaraq hərbi hissələrimizin hamısında idman təlimatçısı ştatının varlığı,
fiziki hazırlıq saatlarının daim izlənilməsi, onlara diqqət və qayğı müstəsna əhəmiyyətə
malikdir. Silahlı Qüvvələrimizdə hərbçi həyatının hərtərəfli dolğunluğu üçün zəruri
olan şərait yüksək səviyyədə yaradılmalı və qorunmalıdır.
1993-cü
ilin axırlarında Murovdağda yalnız mövqe döyüşü aparırdıq. Eyni zamanda hücum əməliyyatına
ciddi hazırlıq gedirdi. Taktiki təlimlərlə yanaşı şəxsi heyətin fiziki hazırlığı da unudulmamışdı.
Ehtiyata çıxan taborlar hər gün dağlıq ərazidə on kilometr kros qaçışı qət edir, idman qurğularında gərgin
məşqlər keçirir, səngərdə mövqe tutanlar, bir qayda olaraq, səhərlər xüsusi
idman proqramını yerinə yetirməklə yanaşı bədənlərini beldən yuxarı qarla
yuyurdular. Bundan ötrü şərait də vardı. Belə bir minvalla həkimə müraciət edənlərin
sayı get-gedə azalırdı. Hərbi hissə kimandiri Valeh Rəfiyev hətta bir neçə dəfə
nümunə olaraq özü də qarla yuyunma zamanı döyüşçülərə qoşulmuşdu. Bunun səmərəli
nəticələrini Murovdağı aşıb, Kəlbəcər istiqamətində hücuma keçərkən çox gördük.
Əsgərlər əsl dözüm nümunəsi göstərirdilər. Bədəni qarla möhkəmlənmiş döyüşçülər
döyüş vaxtı elə qızışırdılar ki, bəzən buşlatsız çevik hərəkət etməyi üstün
tuturdular. Qaçışda, idman tədbirlərində ayaq, bədən və əl əzələləri güclənmiş əsgərlərimiz
Murovdağ kimi çətin, sıldırımlı qayaları, geniş, eniş-yoxuşlu təpələri quş kimi
aşıb keçir, kəndirlərin köməyi ilə uca zirvələrə dırmaşıb əlveriçli atəş
mövqeyi seçirdilər.
Təmizlik
əsgər orqanizminin normal inkişafının, döyüşçü dözümlülüyünün başlıca şərtidir.
Təbabət alimlərinin verdiyi məlumata görə insan dərisinin bir kvadrat
santimetrində orta hesabla 40 mindən çox ziyansız mikroorqanizm mövcuddur. Müəyyən
çirkli mühitdə həmin mikroorqanizmlər irinli zədələr, cürbəcür mərəzlər törədən
parazitlərə çevrilə bilər. Təbabət göstərir ki, duş qəbul etməklə dəridən
85-1200 mikrob yuyulur. Səhərlər əl-üz yumaq, dişləri təmizləmək, bədəni
qurşağa qədər soyuq su ilə yumaq, yatmazdan əvvəl ayaqlara su çəkmək də bu
baxımdan mikroblara qarşı mübarizədə labüd yardımçı şərtlərdir. Arxayın ola bilərik
ki, əsasən bölüyün baş çavuşunun xüsusi nəzarəti altında olan bu
sanitar-gigiyena qaydalarına ordumuzda ciddi əməl edilir. Narahatlıq doğuran
hallara yalnız hərbi adaptasiya dövründə
təsadüf olunur. Bu, təbii prosesdir. Sərbəst mülki həyatdan dəmir intizama söykənən
ordunun sərt həyat tərzinə keçid müvəqqəti xarakter daşıya bilər. Müşahidələrimizə
görə indiki çağırışçılar arasında fiziki cəhətdən zəifləri də olur. Bu səbəbdən
mülki və ordu həyatı arasında uyğunlaşma müddəti çətinliklə ötüşür. Keçid
anlarında əsgərdə öz orqanizminə şüurlu münasibət bəsləmək, cansağlığını idman
və istirahət rejimi ilə möhkəmlətmək, baş verən xəstəliklərin qarşısını almaq
bacarığı zəriri hal kimi tez formalaşdırılmalıdır. Qidalanma rejimi də mühüm
amil hesab edilir. Təbiidir ki, orduda bu amil dövlət tərəfindən tənzimlənir.
Bu günlərdə “N” bölüyündə qısa bir araşdırma apardıq. Öncə onu qeyd edək ki,
biz mücərrəd ümumiləşdirmələrin əleyhinəyik. Söhbət təkcə bir bölükdən gedir.
İzlədikcə məlum oldu ki, əsgərlərin 80 faizi fiziki cəhətdən möhkəm və
sağlamdır, bəs bölüyün qalan hissəsinin çatışmayan cəhəti nədir? Axı, onlar bir
süfrə arxasında eyni çörəyi, eyni xörəyi yeyir və eyni şəraitdə xidmət göstərirlər.
Ali təhsilli bir əsgərimiz çatışmazlıq mənbələrini açıqlamaqda bizə müəyyən
fikirlər söylədi:
– Əsgərlərin
bir qismi gündəlik rejimdə ancaq siqaretə güc verir, idmanla az məşğul olur,
elementar sanitar-gigiyenik qaydalara əməl etmirlər. Eləsi var ki, dırnaq
saxlamağa vərdiş edib. Açıq demək lazımdır ki, hər bir əsgər özünə qarşı həkim
olmasa, zəif əsgərlərin kökü kəsilməyəcək.
Biz
ayrı-ayrı əsgərlərin fiziki inkişafına əngəl olan səbəblərin konkret xüsusiyyətlərinə
toxunaraq uzun-uzadı fikir yürütmək məqsədində deyilik. Amma ordu həyatının
müxtəlif sahələrində gedən mənəvi, habelə anatomik-fizioloji hadisələri
xarakterizə etmək və real cavabdeh şəxslərin–tibb xidməti rəislərinin, idman və
sanitar təlimatçılarının, bölüyün baş çavuşlarının, eləcə də bu işdə məsul olan
şəxslərin diqqətini bir daha bu problemə yönəltməyə çalışdıq.
İbrahim
MƏSİMOĞLU

Комментарии
Отправить комментарий