QEYRƏTLİ VƏTƏN ÖVLADLARINA BORCLUYUQ!
Fransa Müqavimət Hərəkatının lideri Şarl de Qoll
demişdir ki, müharibəni yaralılar udur. Cahan savaşları bu fikri dəfələrlə
sübuta yetirib. İstər ağır, istərsə də yüngül yaralı döyüş incəliklərini ağrı çəkən,
görüb-götürən bir əsgər kimi yaxşı öyrənir. Bütün müharibələrin sonunda sağ
qalanların əksəriyyəti yaralanıb arxaya gedən və sağalaraq yenidən cəbhəyə
qayıdan əsgərlər olub. Demək, müharibə dövründə hərbi təbabətin rolu böyükdür.
“N” hərbi hissəsinin tibb bölüyü, necə deyərlər,
Milli Ordunun ilk qaranquşlarından biridir. Hissə təsis edilən gündən etibarən
orduya tibbi xidmət göstərən hərbi həkimlər əsgərlərlə çiyin-çiyinə çalışmış və
yaddaqalan döyüş yolu keçmişlər.
Hissənin tibb xidməti rəisi, mayor Əhliman Əliyev
Qurabağ uğrunda döyüşlərdə nə qədər hərbi uğursuzluqlara məruz qalsaq da, ötən
döyüş yolunu, əldə edilmiş təcrübəni yüksək qiymətləndirir:
- Hərbçi həyatının
başlıca əxlaq prinsipi odur ki, yaralını döyüş yerində qoymaq olmaz. Bu
prinsipi əsgərlər müəyyən dərəcədə qoruya bilsə də, həkimlərin, tibb işçilərinin
üzərinə böyük məsuliyyət düşür. Söz yox ki, ən bacarıqlı hərbi həkim müharibədə
ən azı bir taqımlıq əsgər gücünə bərabər iş görür. Bizim hərbi hissə döyüşlərdə
indiyə kimi 7 tibb işçisi itirib. Hamısı əsl qəhrəmanlıq göstərib. Həkim Kamil
Əliyevin, feldşer Tofiq Qocamanovun, sanitar Yalçın Köçərlinin, feldşer Əli
Orucovun, sanitar sürücülər Cəsur Hüseynovun, Azər Qurbanovun, sanitar-təlimatçı
Əsgər Əsgərovun əziz xatirəsi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Əslində
onlar həkim-tibb işçisi kimi yox, döyüşçü kimi həlak olmuşlar. Tibb işçilərimiz
hazırda öz gündəlik fəaliyyətində şəhid qardaşlarımızın işini bacarıqla davam
etdirir və qəhrəmanlıq göstərmək niyyətilə onlara oxşamağa can atırlar. Xeyli təcrübə
qazanmışıq. Özü də bu təcrübə od-alovun içərisində əldə edilib. Lakin ümumi
işimiz hərbi təbabətin tələblərinə cavab vermir. Nizamnaməyə əsasən taborda
feldşer, bölüklərdə isə sanitar-təlimatçılar fəaliyyət göstərməlidir. Ancaq
kadrlarımız yoxdur. Bu işi həll etməyi biz öz öhdəmizə götürmüşük. Hərbi hissə
komandirliyindən vaxtaşırı olaraq tibb kadrları yetişdirmək üçün əsgər ayırmağı
xahiş edirik. Həmin əsgərlərə müəyyən qədər səhiyyə biliyi veririk. Yara yerlərini
sarımaq, zədə alanları döyüş sahəsindən çıxarmaq, uçqunlara düşən əsgərlərə kömək
etmək və digər tapşırıqları bizim öyrətdiyimiz əsgərlər yaxşı yerinə yetirirlər.
Təəssüf ki, bütün bölüklərdə bu iş lazımınca həyata keçirilmir. Vaxtında
hazırlıq görmək əvəzinə komandirlər döyüşə gedəndə həkim istəyirlər. Belə dar məqamda
isə həkim təkbaşına çox çətinlik çəkir.
Həkimlərin, tib işçilərinin köməyilə çox igid əsgərimiz
ölümün ağzından çıxarılıb. Hər bir tibbi yardım, necə deyərlər, ayrıca qəhrəmanlıq
tarixidir: Baş leytenant Məzahir Sadıqov Umudlu kəndində ağır yaralanmışdı. Gərgin
döyüş şəraitində özünü güllə qabağına verən həkim İlham Həyatov və sanitarlar Məzahiri
Goranboya aparmışlar. Onlar dağ, meşə yolu ilə 3 gün ərzində 80 kilometrə qədər
yol qət etmişlər. Yaxşı ki, əziyyətləri itmədi. Son nəticədə Məzahirin ağ ciyərinin
bir hissəsi kəsilsə də, sağ qaldı.
Bəzən döyüşlər zamanı kəskin qan çatışmazlığı
meydana gəlir. Çox fəxrlə demək olar ki, həkim və sanitarlar imkan olmadıqda öz
qanlarını verməli olur və hər cür imkandan bacarıqa istifadə etməyə çalışırlar.
Tibb bölüyünün komandiri, baş leytenant İmran
Qurbanov dedi:
- Mən heç vaxt istəmirəm
ki, həkim yoldaşlarımızın arasında hər hansı bir fərq axtarım. Hamı müqəddəs Vətən
borcunu ödəyir. Cəbhəyə də ondan ötrü könüllü gəlmişik. Həkim cərrahlardan Zakir
Həyatovun, Teymur Əlləzovun, Kərim Orucovun və Habil Şirinovun əməyini qiymətləndirməmək
olmaz. Hamısı bacarıqlı və vətənpərvər hərbçidir. O cümlədən
anestezioloq-reanimatoloqlar Qalib Əmirov, Qulam Rüstəmzadə, İlham Həyatov da
azğın düşmənə qarşı döyüşlərdə mərdliklə hərəkət edirlər. Yeri gəlmişkən, deyim
ki, bölüyümüzdə həkimə ehtiyac çoxdur. Dişi ağrıyan əsgəri arxa cəbhəyə göndərməli
oluruq. Psixo-nevroloq həkimlərin də yeri görünür. Tibb bacıları çatışmır.
Terapevtimiz yoxdur. Rentgenoloq həkim olmasa da, sağ olsun, gizir Ərəstun Əsgərovun
texnik kimi əlindən hər şey gəlir. Tibb bölüyümüz ön hospital səviyyəsində iş
görür. Əslində isə Milli Ordumuz üçün ön hospitalın özü ayrıca yaradılmalıdır.
Təəssüf ki, bu barədə iş görən hələ tapılmayıb. Hərbi səhra cərrahiyyəsində
xeyli təcrübə toplamışıq. Əksər əməliyyatlarda ilkin yardımı göstərə bilirik. Dərman
sarıdan korluq çəkməsək, xəstələrin çoxunu elə ön cəbhədəcə müalicə edə bilərik.
Lakin dərman qıtlığı ümumi işə çox ziyan vurur. Xəstələr arxa hospitala gedir.
Pisimiz də, yaxşımız da bu gün bizə ibrətdir.
Buraxılan səhvləri təkrar etməməliyik. Qızıl kimi qiymətli Milli Ordu
tariximizin indiki məqamında hərbi təbabətimiz naşılıq mövqeyindən çıxa bilmişsə,
bizdən ötrü bu, çox əhəmiyyətli faktdır. Buna görə qeyrətli Vətən övladlarına
borcluyuq. Allah sizə yar olsun, hərbi həkimlər!
İbrahim MƏSİMOĞLU
24 iyul 1993-cü il

Комментарии
Отправить комментарий