HƏLƏ HƏMLƏ DƏMİ DEYİL
Bölük səngər
yuxusunda, kapitan çəkir yeni plan,
Dayan, əl saxla,
komandir, hələ həmlə dəmi deyil.
Biri sevda sorağıyla
dad almamış kal yuxudan,
Dayan, əl saxla,
komandir, hələ həmlə dəmi deyil.
Nəmli səngər
qucağında dar əsgər yataq kisəsi,
Gözü yolda gözəllərin
kəsilməz nigaran səsi,
Əl çək savaş
yaxasından, dər xəfif sevgi nəfəsi,
Dayan, əl saxla,
komandir, hələ həmlə dəmi deyil.
Mürgü döymə, oyan,
tez ol, acıqlanır tərs kapitan,
Ürəyinə daş bağlama,
gələcək sən deyən zaman,
Dad qələbə
sevincini, sən güc al qadir Tanrıdan,
Dayan, əl saxla,
komandir, hələ həmlə dəmi deyil.
Müharibə xatirəsi,
dil açır hər qan kəlməsi,
Səngər yavan duz-çörəyi,
qurumuş pendir tikəsi,
İştaha gəl, ayrı nə
var, əlavə dişə çəkəsi?!
Dayan, əl saxla, komandir,
hələ həmlə dəmi deyil.
Dodaqaltı zümzümələr,
torpağın gözəl qoxusu,
Hələ yol gəlir, tələsmir,
bu günün əcəl qorxusu,
Niyə bitmir, tez
qurtarmır əsgərlərin eşq yuxusu?!
Dayan, əl saxla,
komandir, hələ həmlə dəmi deyil.
İbrahim
MƏSİMOĞLU

Комментарии
Отправить комментарий