“RÖVŞƏN TABORUMUZUN CƏSARƏT TİMSALIDIR...”
Nəmirli kəndinin
qurtaracağında düşmən piyadalarının ağzı açıq qalmışdı. Doğrudanmı onlar bir Azərbaycan
əsgərinn cavabını verə bilmirlər? Bəli, bu doğru idi. Sağ və sol cinahımız irəli
gedə bilməsə də, qumbaraatan döyüşçü Rövşən Əli oğlu Allahverdiyev dığaların səngərini
odlayırdı. O, ilahi bir güclə döyüşürdü. Adi bir kənd evinin arxasında gurultu
qoparan düşmən tankından çəkinsə də, özünü cəsur göstərməyə çalışırdı. Köməkçisi,
kiçik çavuş Qarifulla Arazbəyov da onunla addımbaaddım irəli gedir,
silahdaşının uğurlu həmləsinə dayaq verirdi. Rövşən xeyli qabağa getdikdən
sonra özünü bir çuxura saldı. Cəld maskalanma işi apardı. Bir neçə aldadıcı hərəkət
etdi və silahını atəşə hazır vəziyyətdə saxladı. Bayaqdan üzü görünməyən düşmən
PDM-i irəli sıçradı. Rövşən onun çıxış nöqtəsini əvvəlcədən duymuşdu. Barmağı tətikdə
idi. PDM-i düz altından odladı. Düşmən tankı risk edərək birinci bölüyümüzü atəşə
tutanda Rövşən növbəti qumbarasını sahmanladı və cəld nişan alıb atdı. Qumbara
tankın tırtılını bağırsaq kimi bir-birinə doladı. PDM-in ekipajı məhv olsa da,
gözləri hədəqəsindən çıxan tankçılar zorla canlarını qurtarıb qaçdılar. İti sürətlə
yaxınlaşan düşmən “UAZ”ı da Rövşənin əlindən salamat çıxa bilmədi. Ermənilərin
qışqırığı ərşə qalxdı. 10 dəqiqə ərzində düşmənin üç texnikasını məhv edən
igidimizin döyüş əzmi azalmaq bilmirdi. Nəhayət, dığalar Rövşəni snayperin köməyi
ilə vurdular. Güllə onun sağ əlindən dəydi. Öz əsgərinin taleyi üçün narahatlıq
keçirən qayğıkeş və təcrübəli taqım komandiri Bəhruz Şahbazov səsinə sərtlik
verib hökmlə qışqırdı:
- Rövşən, geri
qayıt! Əmrə tabe ol!
Rövşən əlindən qan
süzülə-süzülə geri sürünməyə başladı. Ağır çarpışmadan təngə gəlmiş Bəhruz
müşahidə məntəqəsində dura bilmədi. Rövşənə sarı yüyürdü. Sanitar təlimatçısından
qabaq özünü yetirib igid əsgərinin əlini sarıdı. Təcili olaraq onun hospitala
aparılması barədə göstəriş verdi...
Rövşənin yarası ağır
deyildi. Lakin müəyyən qədər vaxt lazım idi ki, müalicə olunsun. Hövsələsi
çatmadı. İki dəfə cəhd göstərdi ki, hospitaldan qaçıb öz səngər qardaşlarının
yanına getsin. Amma həkim mane oldu.
Cəsarəti, döyüş
qabiliyyəti ilə komandir və əsgərlərin rəğbətini qazanmış baş çavuş Rövşən
Allahverdiyevlə ön atəş xəttində görüşdüm. Yarasının qabığı təzəcə düşmüşdü.
Kefi kök idi.
- Necədir,
barmaqlarının hərəkəti bərpa olunubmu?
- Boş şeydir.
Dığalarla təkəlli də döyüşərəm.
- Qəhrəmanlığına görə
sənə orden vermək üçün təqdimat hazırlanıb. Bu xəbəri eşidib səndən yazmağa gəlmişəm.
- Cənab kapitan, çox
sağ olun. Amma xahiş edirəm ki, döyüşçü yoldaşlarımdan da yazın. Mənim qəhrəmanlığım
onlarsız yaranmır. Samuxlu Elxan Sadıqov, Ülfət İmanov, Nurəddin Qələndərov, əslən
Qaxdan olan Eyvaz Məmmədov, İsmayıllıdan gəlmiş Elçin Babayev, şəmkirli Qənbər
Musayev döyüşdə mənim ürəyim, dirəyimdirlər. Biz birlikdə güclüyük.
- Döyüşlərdə həmişə
qumbaraatan silahdan istifadə edirsən?
- Heç vaxt
qumbaraatan silahı əlimdən yerə qoymamışam. 1992-ci il martın 19-dan könüllü
olaraq orduya gəlmişəm. Füzuli rayonunun Korqan kəndi uğrunda döyüşdə hərbi qənimət
kimi ələ keçirdiyim bu silahın ayağı çox sayalıdır. Bunu əlimə götürəndən bəri
xeyli dığanın canını almışam. Düşmənin öz silahı özünə qənim kəsilib.
Bu gün bəzi ərənlərimiz
döyüş təcrübəsinə, düşməni darmadağın etmək bacarığına qətrə-qətrə yiyələnirlər.
Rövşən isə çoxdanın döyüşçüsüdür. Qafan rayonunun Zeyvə qəsəbəsində - öz ata
ocağında ermənilər onun sinəsinə yanar dağ basan gündən, didərgin köçünə
qoşulan andan əli silah axtarıb. Ordumuzun sıralarına üzv olmaqla arzusuna
çatıb. Füzuli, Zəngilan, Beyləqan, Kəlbəcər və Ağdam bölgələrində düşmənə qarşı
amansızcasına vuruşub. Beyləqanın “N” yüksəkliyi Rövşənin iki sərrast qumbara
atışı ilə düşməndən təmizlənməyə başlayıb. Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi ətrafında
düşmənin uzunmüddətli müdafiə səngərləri Rövşən kimi igidlərin döyüş məharəti
ilə tərksilah edilib.
Bəhruz Şahbazovun
gözündə Rövşən ən cəsur əsgərlərdəndir:
- Rövşən taborumuzun
cəsarət timsalıdır. Əmri yerinə yetirməyə iki nəfərlə də getsə, on nəfərlə də
getsə, fərqi yoxdur, qabağa Rövşənin özü çıxmalıdır. Düzdür, buna görə onu bəzən
danlayıram. Ehtiyatlı olmağı tələb edirəm. Amma Rövşən döyüşdə vəziyyətə görə hərəkət
edir. İstəyi bircə ondan ibarətdir ki, hansı rayonda, kənddə vuruşuruqsa,
oranın sakini bələdçilik etsin, yolu-izi ona nişan verə bilsin. Deyir ki,
döyüşdə əsas şərtlərdən biri ətrafı öyrənməkdir. Sonra dığaları “dənləmək” asan
olur. Təəssüf ki, vətənpərvər bələdçilər kifayət qədər deyil.
Erməni vədinə şübhə
ilə yanaşan 24 yaşlı igidimiz R. Allahverdiyev hazırda atəşkəsə əməl etsə də, səngərdə
daim döyüşə hazır vəziyyətdə dayanıb...
İbrahim
MƏSİMOĞLU
27 iyul 1994-cü il

Комментарии
Отправить комментарий