BÜDRƏMƏLƏR VƏ CƏZA
Hərbi xidmətdə əsas məsələ – baş tənqidi
mövzu intizamsızlığa qarşı mübarizədir. Bu vacib mövzunun faktlarını bəzən təhlil
etmişik, bəzən də qapalı halda aqibətini
izləmişik. Silahlı Qüvvələrimizdə hərbi intizamın bütün məqamları – əxlaq və xasiyyət intizamı,
bilik, düşüncə və iradə intizamı, vəzifə
intizamı, görünüş intizamı aramsız olaraq diqqət mərkəzində saxlanılır. Ordu
güzəranında şüurlu surətdə dərk edilən hərbi
intizamın əks tərəfinin – intizamsızlığın cəzalı aqibəti də mövcuddur. Bu,
danılası dəlil deyil, ordu gercəkliyidir. Nə qədər istəməsək də , nə qədər təkrar
müşavirələr keçirsək də, seyrək-seyrək aşkarlanan intizamsızlıq faktlarının
kökü yerli-dibli kəsilmir.
Hərbi qulluqçu abstrakt deyil və fərdi
psixoloji xüsusiyyətlərə malikdir. Hər bir əsgər mürəkkəb insan xarakteri ilə fərqlənir.
Bu bəşəri mürəkkəbliyi hərbi intizam
ab-havası elə abadlaşdırır ki, həqiqi mənada sahmanlı ordu mühiti
formalaşır. Lakin inkar edə bilmərik ki, bu avand mühitin iqlim şərtliyinə,
qanunlaşmış cəza və məcburiyyət prinsiplərinə, acılı-şirinli təbii mərhumiyyətlərinə
müqabil surətdə bəzən büdrəmələr faktı
çözələnir. Heç zaman zorən gözümüzün üstündən bir qara pərdə asıb dana bilmərik ki, bizim sıralarımızda
büdrəməyən zabit, gizir, əsgər tapmaq çətindir və yaxud biz aydan arı, sudan
duruyuq. Əlbəttə ki, töhmətli hərbçilər də var və onların mərifətlənməsi,
buraxılan səhvlərdən nəticə çıxarması, habelə islahı üçün cəza növləri düşünülüb qanunlaşdırılmalıdır.
Qarşımızdasadə suallar durur: Cəza nədir?
Cəzasızlıq bizə xeyir gətirə bilərmi? Cəzaların hansı fərqləri var? Cəza bizə
hansı tərbiyəvi bəhrəni bəxş edir?
İntizam Nizamnaməsinin 43-cü maddəsində
deyilir: ”Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa,
komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə intizam cəzası
verməlidir. Bu vaxt komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət
etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı bir cəzanı verə bilər”. Həmçinin
göstərilir ki, hərbi qulluqçulara verilən
intizam cəzalarını yalnız bu cəzaları verən rəislər və intizam səlahiyyətləri
daha böyük olan birbaşa rəislər götürə
bilərlər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi
rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidməti ilə bunu sübut
etsin. Bu ölçülüb-biçilmiş müddəalar hərbi qanunlarımızın müəyyən etdiyi pozulmaz hədləridir. Xidmətin real mənzərəsində
isə bəzən bu normal hədlər əks olunmur, cəza öz tərbiyəedici gücünü itirir,
töhmət öz töhmətliyindən kənara çıxır.
Ordumuzun ilk cağını, 1991-93-cü illərini
xatırlayıram. Doyüş zonasında hərbi
qulluqçulara intizam cəzası kimi
verilmiş həbsin icrası həqiqi mənada ordu həyatına qarşı ikrah hissi doğururdu.
Həbs olunmuş əsgər dustaqxanaya göndərilmirdi. Özlərinə dərin quyu
qazdırırdılar. Quyudan yalnız kəndir ilə çıxmaq mümkün olurdu. Yağan yağış, əsən
küləyin toz-torpağı həbs olunan əsgərləri pərişan bir hala salırdı. Bu cəza
hansı tərbiyəvi bəhrəni verə bilərdi?! Əksinə bir tərəfdən fərariliyə şərait
yaradır, digər tərəfdən əsgər mənəviyyatına vuraraq onu daha ifrat
intizamsızlığa sövq etdirirdi. Çünki bu cür icrası təhrif edilmiş cəza çox fəsadlar
törədən ən təhlükəli cəzadır.
Mən elə zabit görmüşəm ki,
tabeliyində olan əsgəri cəzalandırarkən ləyaqət hədlərini aşıb. Mən elə
komandirə təsadüf etmişəm ki, həbs etdiyi əsgərini təhqiramiz bir halda maşının
baqajına soxub dustaqxanaya aparıbdır. Mən elə bir rəisə rast gəlmişəm ki,
tabeliyində olan şəxsi heyətə ədalətsizcəsinə cəza vsrməyə hər an fürsət gəzibdi.
Az olsa da o vaxtlar xoşagəlməyən belə acı faktlar
olurdu. Hansı optik səmtdən, nöqtədən təqdim edilsə də, həqiqət qüvvəsinin, obyektiv fikrin mənbəyi
birdir:hərbi qulluqçuya edilən hər cəzadan sonra nə qədər müyyən vaxt ötsə də,
müqabil tərəfdən mütləq cavab reaksiyası veriləcəkdir. Birincisi, onu qeyd etməliyik
ki, əsgərin hərbi tərbiyəsini komandirin və ya rəisin ədalətsizliyi,
qeyri-obyektivliyi qədər heç nə poza bilməz. İkincisi, qeyri-müstəqim ənənəvi
platformaya malik olmayan əsgər digər namünasib hallara da təhrik edilə bilər.
Nitsşenin iddiasına görə həyatımızda
belə bir əxlaqi ülgü mövcuddur: “Ağlayan adama heç vaxt gülməyin. Amma bəzən
gülən adamlara ağlayın”. Bu təzadlı düşüncənin hikmətli mətləbini anlamaq çətin
deyil.
“N” bölüyündə xidmət göstərən Samir
adlı əsgərin taleyini bu fikrin real təcəssümü kimi qəbul edə bilərik. Samir
xidmətində bilə-bilə buraxdığı səhvlərə görə nə qədər həbs cəzası alırdısa, fərqinə
varmırdı. Necə deyərlər, həbslərin sayına görə şəxsi heyət içərisində “şeflənirdi”.
Silahdaşları, bəzən komandirləri də onun bu mənasız qüruruna nəinki rişxənd
edir, əksinə rüsxət verirdilər. Öyüncəkli hal kimi bəziləri deyirdilər ki, əsl əsgər
dustaqxana görən əsgərdir. Samir isə bu “əsl” əsgərliyin rekordçusu adı altında
xoşhallanırdı. Axırda Samir nəyə nail
oldu? Ağır cinayət törədərək azadlıqdan
məhrum olunmaq cəzasına layiq görüldü. Bu da “gülməyin” axırı...
Son vaxtlar ordu quruculuğu
prosesində baş verən müsbət dəyişikliklər bu sahədən də yan keçməyib. Bir neçə
dəfə işlədilmiş, təkmilləşdirilmiş nizamnamələr hərbi xidmətdə qarşılıqlı
münasibətləri nizamnamə çərçivəsində keyfiyyətli qurmağa imkan verir. Əvvəlki
illərdən fərqli olaraq indi çoxluq təşkil edən peşəkar hərbi kadrların çoxluğu
da öz bəhrəsini verməkdədir. Cəza tətbiqetmə prosesində mənəvi aspektlər, fərdi
yanaşma prinsipləri, şəxsiyyət problemləri və kollektivdaxili ünsiyyət
tarazlığı da böyük əhəmiyyət kəsb edir.
İntizam tələbi təbiidirsə, cəza
verimi də təbiidir. Hərbi borcuna səhlənkar münasibət bəsləyən hərbi qulluqçulara qarşı məcburiyyət tədbirlərinin tətbiqi istisna edilmir. Cəzasızlıq–hərbi
intizamın iflicidir. Lakin hər cəzanın
da öz qanun həddi, öz insaf dərəcəsi var. İndi komandir elə cəza verir
ki, hər hansı hərbçi büdrədiyi yerdə bir
də büdrəməsin. Zabit elə insaf nümunəsi göstərir ki, hərbçi əsgərlikdən həbsxanaya yox, öz ailəsinə,
öz evinə fiziki-mənəvi cəhətdən sağlam, fəzilətli, comərd bir insan kimi qayıtsın.
Biz bu cür müvəffəqiyyətlərə artıq nail olmuşuq və bundan böyük uğurlara da
qadirik. Axı, hər şey öz əlimizdədir, mənəvi qüvvələr özümüzə xasdır, biz öz
iradəmizin sahibiyik, biz öz Silahlı Qüvvələrimizi qururuq, biz öz xalqımızın
oğullarına hərbi tərbiyə veririk.
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий