15-19 APREL 1994-cü il: AŞAĞI ƏBDÜRRƏHMANLIYA HÜCUM



MƏHƏBBƏTİN ORDU MƏHƏBBƏTİ

Zabit Məhəbbət Qəribovu həmişə ordu üçün, milli hərbi qüdrətimiz üçün daxilən yanan görmüşəm. Mənən çox dözümlüdür. Tovuz rayonundandır. Savadlı, mədəni cavandır. Dünyanın hər cür işindən baş çıxarmaq üçün daim çalışır, öyrənir. İdealı Azərbaycan ordusudur. Kiçik qələbəmizi böyük hesab edir. Deyir ki, biz iki ölkə ilə vuruşuruq...
Məhəbbət orduya əsgər kimi gəlmişdi. İndi bölük komandiridir. Mənəvi və fiziki qüvvəsinin tam gərginliyi ilə döyüşür. Cəsur, dərrakəli, təşəbbüskar əməllərinə görə ilk zabit rütbəsi alıb. Dönə-dönə deyir ki, güclü ordu yaratmaq üçün əsas 3 şərt vacibdir: mənəvi-psixoloji hazırlıq, fiziki hazırlıq, hərbi hazırlıq. Onun sınaqdan dəyanətlə çıxmış bölüyü bu şərtlərə əməl etdiyinə görə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində erməni piyadaları qır-saqqız olub səngərdən yapışsalar da, bölüyün qarşısına qoyulan vəzifə yüksək döyüş göstəriciləri ilə yerinə yetirildi.

SIÇRAYIŞ

Aprelin 15-də Məhəbbətin bölüyünün sağ və sol cinahı nədənsə zəif döyüşürdü. Düşmən uzunmüddətli müdafiə səngərində elə qurğu qurmuşdu ki, ümid yalnız əl qumbaralarına qalmışdı. Bunun üçün qarşıdakı dik yamacı nəyin bahasına olursa-olsun qət etmək və mənfur dığalara sarsıdıcı zərbə vurmaq lazım idi. Manqa komandiri, kürdəmirli Rəmzi Məmmədov pulemyotundan bərk-bərk yapışmışdı. 1 il 9 ay ərzində döyüşün çəmini yaxşı öyrənmiş, dəfələrlə bərkə-boşa düşərək püxtələşmiş Rəmzi öz inamına, öz qeyrətli ərənlərinə arxayın olmuşdu. O, fasiləsiz atmırdı. Pusqu quraraq manqasını qəfil güllələrdən qoruyurdu. Gözlənilmədən bir dığa yalquzaq kimi sıçrayıb qumbaraatan silahla qabağa çıxdı. Rəmzinin gözü nişangahda, barmağı tətikdə idi. Ona görə hədəfi görməkdə gecikmədi. Düşməni gözündən odladı. Zəncirvari düzülüşdə irəliləyən manqanın həmləsi uğurlu alınırdı. Hər tərəfdə güllə vıyıldayırdı. Həyəcandan bədəni alışıb-yanan samuxlu Nəsimi Sadıqovun səsi eşidildi. Sanki bu səs quyunun dibindən gəlirdi:
- Komandir, gözümə torpaq dolub. Qabağı görə bilmirəm.
Yaşar Tağıyev hökmlə əmr verdi:
- Özünə təcili olaraq birnəfərlik səngər qaz və bizi himayə et.
Sumqayıtlı İntiqam Abdullayev sığınacağın böyründə dairəvi müşahidə aparır və öz silahdaşlarına operativ siqnallar verirdi. Real döyüş vəziyyətinin tələblərinə uyğun olaraq Məhəbbət Qəribov göstəriş verdi ki, ehtiyat və müvəqqəti atəş mövqeləri yaradılsın. İntiqam istəyirdi  ki, verilmiş komanda əsasında fəaliyyətə başlasın. Bu zaman qumbara atəşindən kontuziya aldı. Toz-dumanın içində çapaladı. Tovuzlu Davud Babayev onu güclə qucaqlayıb səngərə saldı. İntiqamın qulaqları tutulsa da, ağlı yavaş-yavaş özünə gəldi: “Ay dığa, yoxsa dəvəni zınqrovla qorxudursan?!” – deyib ayağa qalxdı və sanitar təlimatçısı İlham Mehdiyevin çiynindən tutub hünərlə dedi:
- Niyə durmusan, gedək irəli, gör indi dığaları necə kəlləpaça kimi ütürəm.
Məhəbbət bu an sürünərək onlara yaxınlaşdı. İntiqamın əhvalını soruşdu və sağ cinahda düşmənin mina-partlayış maneələrindən keçid açmaq tapşırığını ona həvalə etdi. İntiqamın qulağı onu darda qoysa da, ürəyində təpər vardı. Komandirin sözünü sorğu-sualsız yerinə yetirmək üçün güllə yağışı altında həmlə nöqtəsinə doğru hərəkət etməyə başladı. Minalanmış sahə təpənin alt cinahındakı yarğanda idi. Yolu kəsəsinə getdi. Sürünməkdən səhra geyim forması cırıq-cırıq oldu. Gördü ki, minalar çoxdan qoyulub. Üstünü xeyli ot basıb. Amma yəqin etdi ki, burada ən azı 6 mina var. İstehkamçıları səslədi. Ona tərəf avtomat gülləsi yağdırırdılar. Sifətində ötəri bir həyəcan hiss olunurdu. Biclik işlətdi. Torpağın bükümünə qısıldı. Kol-kosu üstünə yığdı. Daş kimi donub qaldı. Barıtlaşmış Vətən torpağının qoxusunu acgözlüklə içəri çəkdi. Qorxusu uzun çəkmədi. Nəhayət, minalar zərərsizləşdirildi. İntiqamın heç burnu da qanamadı.
Aprelin 17-də lənkəranlı Elxan Səfərov soyuqqanlı hərəkəti, cəsarəti ilə xüsusi qəhrəmanlıq göstərdi. O, qabaqca avtomatla döyüşə girmişdi. Sabirabadlı Altay Əmirov, saatlılı Famil Şakirov yara aldıqdan sonra komandirin göstərişi ilə Elxan pulemyotun arxasına keçdi. İstiqamətini dəyişə-dəyişə həmləyə keçən piyadalarımızı söyüd ağacının dibindən himayə etdi.
Elçin Rüstəmov əldə silah tutub vuruşmasa da, bu döyüşdə onun xidməti çox dəyərli oldu. O, həmlə zonası boyunca cəld hərəkət edir, əsgərlərə su çatdırır, sursatı tükənənlərə əl tuturdu. Amma həlledici məqamda, düşmənin məğlub olub geri çəkildiyi vaxt öz əzəmətli ürəyi ilə sevilən igidimiz yağı gülləsinə tuş gəldi. Yanında mövqe tutan cəbrayıllı Rəfail Məmmədov cəbhədaşına yardım etmək məqsədilə Elçini ağır nöqtədən çəkib çıxartdı. Qulağını cəbhədaşının sinəsinə dirədi. Ürəyini möhkəmcə ovxaladı. Lakin Elçinin ürəyi artıq dayanmışdı.

TANKDA DESANTLA HÜCUM

Günün axırında qısamüddətli dayanma barədə komanda elan edildi. İgidlərimiz düşmənin atəşlərindən qorunmaq üçün yerə qısıldılar. Kimi şəhid qardaşlarını xatırlayıb kövrəlir, kimi öz igidliyindən söz açır, kimi yorğun-yorğun yuxulayır, kimi də dodaqaltı əsgər marşını zümzümə edirdi. Məhəbbət manqa komandirləri ilə - Müşfiq Zeynalov, Mahir Heybətov və Rəmzi Məmmədovla qısa məsləhətləşmə apardı. Dizüstü cızılan plan 4 dəfə yazılıb-pozuldu. Nəhayət, müəyyənləşdirildi ki, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində ən strateji əhəmiyyətli təpə onların həmlə zonasında yerləşir. Bəs təpəni necə ələ keçirməli? Məhəbbət son sözünü dedi:
- Tankda desantla hücum etsək, həm az itki verərik, həm də düşməni qəfil qorxuya sala bilərik.
Aprelin 18-də saat 10 radələrində Məhəbbət bu barədə qətiyyətli əmr verdi. İrəli şığıyan tankımız nəzərdə tutulan nöqtədə sürəti azaltdı ki, əsgər manqası ona çatıb minə bilsin. Hər şey planauyğun oldu. Desant tankın üstündə oturdu. İldırım sürəti ilə gedən tankı düşmən hədəfə ala bilmədi. Təpənin bir tərəfi çox tez ələ keçirildi. Namiq Babayev, Azad Hacıyev, Vəfadar Bayramov ağır yaralandılar. Samuxlu Mübariz Kərimov isə mərdliklə döyüşüb şəhid oldu. Düşmən artilleriyası öz piyadalarının itirilmiş mövqedən çox uzağa çəkilməməsi üçün aramsız atəşə başladı. Və son dərəcə qalmaqallı vəziyyət yarandı. Dığaların qumbarasından zərər çəkmiş piyadalarımız təpənin aşağısında, güllətutan bir ərazidə uzanıb qaldılar. Bir neçəsi sürünüb dayaz arxa girdi. Amma yaralı olduqlarına görə sıçrayışla oradan çıxa bilmədilər. Bu vəziyyət 2 saat uzandı. Axırda Rəmzi Məmmədov cansıxıcı hərəkətsizliyə dözmədi və atəş aça-aça sürətlə irəlilədi. Ayağından və başından yaralanmış Vaqif Əliyev çətin də olsa, Rəmzinin cəsarətli fəaliyyəti ilə xilas edildi. Sonra Rəmzi yenidən risq etdi. Cəbhədaşları da ürəklənib ona qoşuldular. Bu minvalla 7 yaralımızın həyatı qorundu.
Aprelin 19-da düşmən səngərinin lap yaxınlığına gedib çatan igidlərimiz misilsiz döyüş nümayiş etdirdilər. Baş çavuş Müşfiq Zeynalov tank mərmisinin partlayışından sonra kontuziya aldı. Azərbaycan əsgərləri öz ideallarının böyüklüyünə inanaraq heyrətamiz döyüş səhnəsi yaratdılar. Düşmən hiss etdi ki, daha diz çökür.
Məhəbbətin təbiri ilə desək, əfsanəvi igidimiz, 30-a qədər erməni cəlladını məhv edən, yüksək taktiki biliyə malik, hər döyüşdə ən azı 5 əsgər gücündə döyüşən Feyruz Qurbanov snayper gülləsi ilə dünyasını dəyişdi, müqəddəs bir əbədiyyətə qovuşdu. Aşağı Əbdürrəhmanlı kəndinin azad olunduğu son dəqiqələrdə əvəzsiz igidimiz Vəzir Əliyevi də itirdik.
Düşmənin qoyub qaçdığı ön səngərində 7 erməni meyiti vardı. Fərəhli döyüş anları idi. Fasiləsiz, qətiyyətli həmlələrimiz nəticəsində düşmən 15 kilometrə qədər geri çəkilmək məcburiyyətində qaldı. Xəndək və yarğanlarda düşmənin qaçhaqaçda götürə bilmədiyi meyitləri səpələnmişdi. Rauf Zeynalovun, Cəmaləddin Quliyevin, Sədi Əzizovun bu dəfəki döyüş taleyi əyani surətdə sübut etdi ki, ağırlığına görə bəzən hara gəldi atdığımız dəbilqələr vuruşda ən yaxşı qalxana, ən etibarlı xilaskara dönür. Əsgərlərimiz vuruşa-vuruşa özünə səngər qazmaq məharəti ilə düşməni mat qoydular. Ən vacibi isə odur ki, Azərbaycan əsgəri canlı qüvvə üstünlüyünə görə yox, taktiki hərbi biliklə öz torpağını azad etməyin çəmini öyrənir...

İbrahim MƏSİMOĞLU
3 avqust 1994-cü il

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”