QAN QARDAŞLIĞI



Sənədli hekayə 
Tibb xidməti leytenantı Bəhlul Yusifzadə həkim kimi ön atəş xəttindən müəyyən məsafədə uzaq dayansa da, səngər qaynarlığını yaxından görməsə də, döyüş gedən saatlarda cürbəcür gərgin hisslər keçirdiyinə görə yemək boğazından keçmirdi. Ancaq axşamlar top, mərmi səsi, yaralı harayı kəsilib qulaqları dinclik tapanda süfrə arxasında oturur, küskün iştahasına güc gəlir və naharın əvəzini birtəhər şam yeməyindən çıxırdı. Gündüzlər həyəcan, gecələr isə cansıxıcı düşüncələr, qəmli xatirələrə calanan sonsuz xəyallar Bəhlulun sinirlərini silkələsə də, “Vətən yolunda əzab çəkmək şərəfdir” deyərək daxili güc toplayır, zərrə-zərrə qazanılan hərbi uğurlara görə Allaha şükür oxuyub sakitləşirdi.
Yaralı gəlişi kəsiləndə bekar qalmış Bəhlul dərindən duyğulanırdı. Odlu düşüncələri çözələyən bir hiss onu tənhalığa çəkib aparırdı. İnsan əməyinə, qayğısına həsrət qalan, ülgüc qəlpələrin zərbindən didik-didik olub çılpaqlaşan, Allah ümidinə azacıq bar verən üzüm tənəklərinin arasında oturaraq fikirləşir, öz-özünə danışır, coşan duyğularını cilovlayırdı. Uzun-uzadı xəyallara daldıqca sanki beyninə dolmuş tutqun duman topaları asta-asta çıxıb ondan uzaqlara çəkilirdi. Yüngülləşdiyini hiss edəndə qurumuş, amma bal şirinliyini itirməmiş üzüm gilələrini çərəz kimi ovcuna yığıb bir-bir ağzına atırdı. Bəzən də torpaqlarımızın işğal dərdinə qərq olaraq müharibə cəfalarına qatlaşır, özünü itirir, haldan-hala düşürdü. Bu zaman gözləri olduğu halda sanki heç nə görmür, qulaqları varkən heç nə eşitmirdi.
Dekabrın 26-da gecə saat 4.00 radələrində yaralı gətirildi. Bəhlul yaralı əsgərin zarıltısından dik atıldı. Hava küləkli olduğuna görə konserv qutusundan süni yaradılmış lampa tez-tez sönürdü. Yaralı elə bir cantaraq oğlan idi ki, xərəyə zorla sığırdı. Onu sarğı stoluna uzatmaq üçün həkimin özü də kömək etdi. Bəhlul güllə yarasının kənarını təmizləyərkən, yenə lampanın işığı kəsildi. Əsgərlərə qarşı hirsini boğa bilmədi:
- Axı sizə dedim ki, andır konserv qutusunu tullayın. Maddi təminat bölüyündən neft lampası gətirmək lazımdır. Eşitdinizmi?!
Sanitar maşınının sürücüsü Ayaz Nağıyev həkimə qətiyyətlə söz verdi:
- Oldu, yoldaş leytenant, bir saat keçməmiş lampa burada olacaq.
Düşmən gülləsi kəllə sümüyünü zədələsə də yaralının sağalmaq ümidi çox idi. Bu ümid həkimin arxayın əl hərəkətlərindən də aydın sezilirdi. İlk yardımı xətasız, əngəlsiz icra etdikdən sonra bayaqdan ürəyini deşən bir sualı dilinə gətirərək gözlərini həyəcanı avazıyan əsgərə zillədi:
- Əsgər bala, deyəsən, günah özündə olub, ha! Döyüş başlamamış sənin başını o çər dəymiş düşmən gözləri hardan görüb tuşlayıbdı?
Əsgərin utandığından yanaqları azacıq allandı. Bunu həkim tez duydu:
- Utanma, kişisənsə, düzünü de.
- Elədir, həkim, komandirim də Siz deyəni deyirdi. Tankdan çıxıb havamı dəyişmək üçün səngərdə siqaret çəkə-çəkə dik yeriyirdim. Şeytan məni yaman aldatdı. Xəyal etdim ki, döyüş başlamamış erməni güllə atmaz. Sən demə, düşməndən kişilik gözləmək hədər şey imiş.
- Eh, əsgər bala, yüz ətəklə, yüz yalvarsan da, namərd gəlib mərd ola bilməz.
- Sağalıb gələndən sonra bir də belə qələt eləmərəm, - deyə əsgər boğazdan yuxarı söz deməyi sevməyən həkimin haqlı iradı ilə razı olduğunu etiraf etdi. Anket göstəriciləri kitabçaya yazıldıqdan sonra əsgəri sanitar maşını ilə hospitala yola saldılar.
Ehtiyacın kəskin dərəcədə azlığına və ya çoxluğuna baxmayaraq, əlahiddə tank taborunun tibb məntəqəsinin ixtiyarında iki sanitar maşını vardı. Biri ayrıca inşa edilmiş istehkamda yaralı marığına dururdusa, digəri təcili təxliyyə vəzifəsini yerinə yetirirdi. Yeni hücum istiqamətində məntəqə o qədər də çox hədəfaltı olmayan bir mövqedə - Əhmədbəyli kəndində taleyi döyüşçülərə bəlli olan, bəxtiqara bir kasıbın evində yerləşdirilmişdi. Hərbi əməliyyatlar zamanı evin aynabəndində sən deyən aynabəndlikdən əsər-əlamət qalmadığından, eləcə də yataq otağının pəncərələri çilik-çilik olduğuna görə döşəməsiz mətbəxdə ilk yardım işi aparılırdı. Bəhlul evin ətrafında artilleriyadan qorunmaq, həmçinin lazım gələrsə, atışıb geri çəkilməmək üçün dərhal müdafiə istehkamı, yeraltı qazma düzəltdirmişdi.
Düşmənə etibar göstərmək cəhdinin bəlasına düşmüş bayaqkı əsgərin yaralanması, elə bil, hücum üçün bəhanə imiş. Qarşı tərəfin hərbi əməliyyat müddəti də pozuldu. Döyüş ötən günlərə nisbətən bir saat tez – 4.00 radələrində başladı. Bunu məntəqədə o zaman dəqiq yəqin etdilər ki, atılan minalar həkimlərin başı üstündən vıyıltı ilə keçib xeyli arxada partlayırdı. İkisi lap yaxınlıqda ətrafı oda bürüyəndə Bəhlul komanda verdi ki, hamı bir nəfər kimi yeraltı qazmaya keçsin. Daha bir mərmi onlara sarı gəlib aləmi toz qarışıq alova qərq etdi. Barıt tüstüsü burum-burum burularaq qazmaya doldu. Bəhlul əlləri ilə tüstünü yelləyib küncə qısıldı. Onları ağır bir öskürək tutdu.
Ayaz ikinci yaralını maşınla gətirəndə Bəhlul qazmadan çıxıb onu səslədi:
- Ayaz, yaralını sarğı otağına aparma! Ora mərmi düşə bilər. Ehtiyatı əldən verməyək. Dava-dərmanı götürüb qazmaya gəl!
Yaralı çiyin boşluğundan güllə yarası almışdı. İlk baxışdan hiss olunurdu ki, dözümlü, qıvraq əsgərdir. O, həkimin sözlərini tez anlayıb özünü qazmaya yetirdi. Dalınca Ayaz da gəlib çatdı. Qəlpələri yeri cıra-cıra ətrafa yayılan mina partlayışı kəsilmirdi. Ayaz dava-dərmanı verib müşahidəçi postunda durdu. Bəhlul cəld yaranın yerini təmizləyib sarıdı. Sonra öz bacarığına arxayın olaraq ümidverici bir tərzdə gülümsündü:
- Əsgər, bəxtin gətirib ki, çiyin sümüklərini güllə sındırmayıb. Müşkül yara deyil, hospitalda səni sapsağlam edəcəklər.
Həkim sözünü deyib qurtaran kimi yaxınlıqdakı xəndəkdə partlayan əl qumbarası ətrafı elə bir tozanağa çevirdi ki, bir anda hər şey gözəgörünməz oldu.
- Qumbaranı kim atdı? – deyə Ayaz qazmanın pəncərə əvəzi qoyulmuş deşiyindən ətrafa nəzər yetirəndə gözlərinə iki döyüşçü göründü. – Həkim, bizimkilərə oxşamır, qollarında nişanə yoxdur. Güman ki, qumbaranı da bizim səsimizi eşidib səmtimizə atıblar.
Bəhlul qoçaqlıq, hünər göstərməyə fürsət gəzirdi. “İgid oğul düşmənə əyilməz” deyib qazmadan çıxdı. Döyüş mövqeyi seçəndə qarşı tərəfdən avtomat atəşinə tutuldu. O, üzüqoylu yerə yıxıldı. Nəinki özünü itirmədi, hələ üstəlik həssaslığını artırdı. Hiss etdi ki, güllələr onu tutmayıb. Lakin buşlatının hər iki qoltuq altından keçən güllə deşiklərini gördü. Tapançasını çıxardıb yerini dəyişməklə atəş açmağı bir an içərisində oldu. Atəş hədəfi yaxaladı. “Yaşa həkim, dığanın düz alnından mıxlamısan”, - deyə Ayaz sevincini bildirdi O biri düşmən əsgəri ara vermədən atəş açırdı. Beş dəqiqə əvvəl yarası sarınmış, lakin sozalmış sifətinin əlamətləri tamam yox olmayan əsgərimiz səndələyə-səndələyə qazmadan çıxıb həkimə astadan öz xahişini söylədi:
- Yoldaş leytenant, xahiş edirəm, siz atımayın. Sizi vura bilərlər. Qoy ölsəm də mən ölüm. Onsuz da yaralıyam, hiss edirəm ki, qanım içəri axır.
- Əsgər, həkimliyimə baxma, mən də döyüşçüyəm, - deyə həkim içində həyəcan, təlaş onu sərbəst danışmağa qoymasa da, cavab verib öz qürurunu sındırmadı.
Bu an digər düşmən əsgərini Ayaz cəhənnəmə vasil etdi. Bir müddət ötdükdən sonra məlum oldu ki, yolunu azmış dığalar iki nəfər imiş. Təhlükə sovuşdu. Bəhlulun köməkçi həkim yoldaşı Adil də gəlib çıxdı. Adil həyəcanla bildirdi ki, Aşağı Seyidəhmədli istiqamətində köməksiz qalan yaralılarımız var. Hökmən irəli gedib özümüz operativ yardım işi aparmalıyıq. Bütün cəbhə boyu ordumuz əks-hücuma keçmişdi. Erməni qəsbkarları ağır itki ilə geri çəkilirdilər. Tibb məntəqəsinin vacib avadanlıq və ləvazimatları tez toplandı. Bəhlul qərargahla rabitə əlaqəsi yaradıb Ayaza xüsusi tapşırıq verdi:
- Ayaz, sən yaralımızı təcili hospitala apar və tez qayıt! Mən Adil həkimlə qabağa gedirəm. Aşağı Seyidəhmədli istiqamətində olacağıq. Özünü tez yetir, ha!..

***

Axşamüstü idi. Kürdmahmudlu, Alxanlı kəndlərinin azad olunması xəbərindən sevinən Bəhlulgil sanitar maşını ilə artilleriya atəşləri altında dayanmadan irəli şütüyürdülər. Bəhlul çiynindən yara almış əsgəri xəyalından çıxara bilmirdi. Özünü danlayırdı ki, heç adını da soruşub öyrənmədi. Nə də imkan olmadı ki, qeydiyyatdan keçirsinlər. Bəs nəticəsini necə öyrənəcək, yaralıların siyahısını necə dəqiqləşdirəcək? Amma ciyərli, iradəli əsgər idi. Kaş Ayaz onun adını öyrənəydi. Üzüntülü xəyallar həkimin ovqatını, könül dünyasını nə qədər ağırlaşdırsa da, qorxunc top atəşlərinin ölüm təhlükəsi ona təsir etmirdi. Bircə ara-sıra sürücüyə inadkeşliklə deyirdi ki, sürəti artır, tez sür, qorxma aşmarıq, Allah bizim Allahdır, əlini üstümüzdən çəkməz.
Müharibənin törətdiyi viranəlikləri acı-acı seyr edən həkimlər yol kənarında ağır bir yaralıya rast gəldilər. Onu “Qrad” qəlpəsi tutmuşdu. Şok vəziyyətində idi. Döş qəfəsi daha ağır hala düşmüşdü. Bəhlul havanın döş boşluğuna sorulmasının qarşısını almaq üçün fərdi sarğı paketinin yastıqçalarını qoymazdan əvvəl yaranı paketin rezinləşmiş hissəsi ilə bağladı. İlk yardımdan sonra yaralı şok vəziyyətindən çıxdı. Bir döyüşçü həkim kimi bəxtəvərlik mənbəyini döyüşçüyə imdad etməkdə arayan Bəhlul yadından çıxarmamaq şərti ilə əsgərdən əlüstü olaraq adını soruşdu:
- Əsgər, adın nədir?
- Fə-tə-li...
- Danış görüm, qanın neçənci qrupdur?
Fətəliyə birdən-birə güc gəldi:
- Birinci qrupdur. Həkim, kişilik göstər, qoyma mən ölüm!
Yalvarış mənasından çox mərdanəlik ifadə edən bu sarsıdıcı sözlərdən Bəhlulun tükləri biz-biz oldu. Gözləri yaşardı. Sadiq həmkarı Adil Əlibəyliyə üz tutub dedi ki, tez ol, məndən qan al, mənim qanım da birinci qrupdur. Xoşbəxtlikdən artilleriya atəşləri ara vermişdi. Adil əməliyyatı maneəsiz icra etdi. Alınmış qan Fətəlinin damarına aram-aram süzüldükcə gözləri işığa gəlir, süst dodaqlarında ölüm saçan ağartılıq yoxa çıxırdı. Bəhlul istiqanlı bir hərəkətlə yaralının başını tumarlaya-tumarlaya təskinlik verir, heç olmasa ümidli sözlərlə onu ovundurmaq istəyirdi:
- Fətəli, igid yarasına igid dözər, ilk yardıma qədər tab gətiribsənsə, demək, sən sağalacaqsan. Amma məni unutma, axı biz qan qardaşı olduq...

***

Bütün cəbhə boyu atəşkəs elan olunmuşdu. Tənəffüs üçün yaxşı fürsət qazanılmışdı. Vaxtsız saç ağartmış Bəhlul ötən qanlı döyüşləri indi yuxuda görürdü. Xeyli sakitləşmişdi. Bir gün qısa məzuniyyət alıb Bakıya ailəsinə baş çəkməyə getdi. “Gənclik” metrosunun yeraltı keçidində təsadüfən Fətəli ilə görüşdü. Gözlərinə inana bilmirdi. Fətəli mülki geyimdə idi. Öz xilaskarını, qan qardaşını uzaqdan tanıdı. Həkim ilə möhkəm-möhkəm qucaqlaşıb öpüşdü, bir qədər ağladı. Qəribə mənzərə yaranmışdı. Söz tapıb danışa bilmirdilər. Yalnız gözlər, dərin mənalı baxışlar danışırdı. Nəhayət, toxdadıqdan sonra Fətəli təəssüf hissi ilə dilləndi:
- Həkim, mən sizə çox borcluyam. Əfsus ki, cəbhəyə qayıda bilmədim. İkinci qrup müharibə əliliyəm. Qan qardaşı kimi sizi heç vaxt unutmayacağam...
Fətəli Bakıda yaşayır. Əslən Masallının Boradigah kəndindəndir. Qan qardaşı Bəhlul həkimlə tez-tez məktublaşır. Söz verib ki, ikinci qrup əlil olsa da, döyüşlər başlayanda cəbhəyə gələcək, tibb məntəqəsində qan qardaşı ilə bir sırada öz müqəddəs Vətən borcunu yerinə yetirəcəkdir. Bu, elə-belə söz xatirinə deyilən söz yox, əsl kişi sözü idi. Bəhlul həkim də cəbhə həyatında qazandığı onuncu qan qardaşının sədaqətindən, vəfalı münasibətindən qeyri-adi qürur hissi keçirirdi.
Vətən savaşının mənəvi qanunları çox ülvidir. Bu mənada cəbhədə döyüş qardaşlığının yazılmış bir növü varsa o da qan qardaşlığıdır. Qan doğmalığı ilə mayalanan bu mənəvi qanun müqayisəyəgəlməz bir dərəcədə pozulmazdır.

                                                                         İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”