“TAKTİKADAN DÜZGÜN İSTİFADƏ HƏMİŞƏ UĞUR GƏTİRƏR”
MÜSAHİBİMİZ GENERAL-MAYOR YAŞAR AYDƏMİROVDUR
- Cənab general, gəlin
söhbətimizə “taktika” sözü ilə körpü salaq. Taktika nə deməkdir? Yeni yaranmış
ordumuzda “taktika” məfhumu necə dərk edilir?
- “Taktika” yunan sözü olub, “qoşunları düzmək” sənəti
deməkdir. Hərb sənətinin tərkib hissəsi olsa da, bütün hərb elmləri taktika ilə
sıx bağlıdır. Bunsuz heç bir ordu yarana bilməz. Döyüşün müxtəlif qoşun növləri
tərəfindən aparılması, onların hazırlığı, nəzəriyyəsi və təcrübəsi məsələlərini
əhatə edən bu fənn həmişə inkişafdadır. Taktika neçə-neçə əsgərin qanı bahasına
yaranır. Taktiki fikir əsasən səngərdə, döyüşdə, qanlı-qadalı hərbi əməliyyatlarda
meydana gəlir, cilalanır. 5-6 illik müharibənin tarixinə əsasən təəssüf hissi
ilə deməliyəm ki, bir sıra ordu hissələrində taktika sənətinin imkanlarından az
istifadə etmiş, bəzən isə buna heç cəhd də göstərməmişik... Bəzən əsgərdən
soruşanda ki, səngərin eni nə qədər olmalıdır, cavab verə bilmir. Bu hal hərbi
şüursuzluğa, taktikasızlığa dəlalət edir. Axı düşmənin hiylə ilə qurduğu
“sürpriz” minalar, aldadıcı maskalanmalar taktiki səhvləri bağışlamır. Vətənin
azadlığı uğrunda döyüşə qalxan zabitin ən başlıca mənəvi qidası taktikadır. Mən
hər dəfə ehtiyac hiss edəndə əlimi döyüş nizamnaməsinə atır, nəzəri müddəanı təcrübi
biliyimlə əlaqələndirirəm.
- İndi ordumuzun
döyüş nizamnamələri hazırlanır. Bir mütəxəssis kimi bu barədə, yəqin ki, deməyə
sözünüz var...
- Döyüş nizamnamələrinin hazırlanması çox vacibdir.
Əsas məxəz keçmiş Sovet ordusunun təcrübəsidir.
Çox dəyərli və sınanmış mənbədir. Amma unutmaq olmaz ki, dilimizə çevirdiyimiz
bu kitablar çoxdan yaranıb. Biz onun hər sətrindən bacarıqla bəhrələnərək öz
nizamnamələrimizi yazmalıyıq. Müstəqil ordumuzun özünəməxsus, spesifik döyüş
nizamnaməsi olmalıdır. Mən Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbində bu
barədə təşəbbüs irəli sürmüşdüm. Təşəbbüsümü bəyənən çox oldu, amma kömək edən
tapılmadı. Əlim hər yandan üzüləndə qərara aldım ki, döyüşlərdə, uğurlu hərbi əməliyyatlarda
iştirak edən kursantlara Azərbaycanın təbiətinə, coğrafi şəraitinə və yer
quruluşuna uyğun taktiki referatlar yazmağı tapşırım. Az-çox iş görüldü. Geniş
fikir mübadiləsi apardıq. Cəbhə bölgələrində bəzi uğursuzluqlara düçar olsaq
da, şəxsi təşəbbüskarlığı, cəsarətliyi və hərbi məharəti ilə seçilən neçə-neçə
igid zabitimiz meydana çıxıb. Ancaq aşağı pillə zabitlərimiz təzə-təzə yetişir.
Taktika elminə bələd olan, bu dəyərli sənəti öz mübariz, döyüşkən əməlləri ilə
zənginləşdirməyə can atan oğullarımız var. Lakin bu hələ azdır. Qarşıda möhtəşəm
vəzifələr durur. Bir sözlə, torpaqlarımızda gedən döyüşləri hərtərəfli təhlil
etməklə, əməliyyatların təşkili, aparılması üsullarını işləyib hazırlamaq,
bütün bölmə, hissə və birləşmələrin döyüş təcrübəsini öyrənib ümumiləşdirməklə
ayrıca taktika nəzəriyyəsi hazırlanmalıdır.
- Siz taktiki biliklərinizi
döyüşlərdə tətbiq edə bilmisinizmi?
- İgid əsgərlərimdən beyləqanlı Ceyhun Quliyev,
bakılı Elçin Məmmədov, zərdablı Anar Vəliyev, İmişlidən olan Fariz Fərəcov
aprel ayının axırlarında dörd gün düşmən içərisində qalaraq mühüm tapşırıqları
yerinə yetirmişlər. Geri qayıdarkən 15 ermənini məhv etmişlər. Özünüz deyin:
onlar ekstremal şəraitdə işləməyin üsullarını mənimsəməsəydilər, düşmən əhatəsində
4 gün ac-susuz qala bilərdilərmi? Sevindirici haldır ki, əsgərlərim onlara öyrətdiyimiz
taktiki yolları əməliyyat zamanı düzgün həyata keçirə bilmişlər. Onu da əlavə
edim ki, kəşfiyyat işinin öz taktiki xüsusiyyətləri var. Ordumuzda qısa bir
vaxtda bu keyfiyyətləri mənimsəmiş kifayət qədər təcrübəli əsgər və zabitlərimiz
yetişib. Bu igidlərimiz birbaşa döyüşlərdə formalaşıblar. Halbuki əsl kəşfiyyatçı
ən azı yarım il təlim keçməli, özündə möhkəm iradəlilik, soyuqqanlılıq, yüksək
psixoloji hazırlıq kimi keyfiyyətlər əxz etməlidir.
Adi bir misal çəkim. Füzuli bölgəsində bir neçə yüz
əsgərin ala bilmədiyi yüksəkliyi mənim altı döyüşçüm qısa taktiki məsləhətləşmədən
sonra ələ keçirmişdir. Onlardan üçü şəhid olmuş, ikisi isə yüngül yaralanmışdı.
Bu döyüşdə taktiki üsullardan, maskalanmadan ustalıqla istifadə olunmuşdu.
Hərbdə “taktiki biclik” termini var. Bu terminə çox
mətləblər daxil etmək olar. Məsələn, “radio-rabitə döyüşü” ilə əməliyyatdan əvvəl
düşməni elə bir psixoloji çıxılmaz vəziyyətə salmaq mümkündür ki, rəqib heç bir
müqavimət göstərə bilmədən itki verərək geri çəkilmək məcburiyyəti qarşısında
qalsın. Füzuli bölgəsində Aşağı Əbdürrəhmanlı kəndi uğrunda döyüşdə biz sol tərəfdən
hücuma keçməli idik. Axşamdan gecə yarıyadək bir zabitimizin müşayiəti altında
bir tank və dörd avtomobilimiz maskalanmadan istifadə edərək arxa mövqedən ön
mövqeyə hərəkət edirdi...
Taktiki bicliyimiz baş tutdu. Nəticədə düşmən elə zənn
etdi ki, hücum sağ cinahdan olacaq. Ona görə səhərin gözü açılanacan dığalar
sağ cinahı işıqsaçan silahlarla atəşə qərq etdilər. Bizim əsgərlər isə səngərdə
rahatca oturub düşmənin qopardığı bu faydasız hay-küyə tamaşa edərək gülürdülər.
Səhərə yaxın sol cinahdan bölmələrimiz qəfil hücuma keçib böyük müvəffəqiyyət
qazandılar. Mən həmin əməliyyatda iştirak edən zabitlərin adını çəkmək istəmirəm.
Çünki müəyyən səbəblərə görə bunu aşkarlamaq məsləhət deyil.
Taktiki bicliklərin bir qismi rabitə ilə bağlı olsa
da, bundan biz hələ lazımi səviyyədə istifadə etmirik. Rabitə nizam-intizamına döyüş zamanı çox ciddi əməl
olunmalıdır. Sovet ordusunun rabitə maşınlarında yazılmış sözləri xatırlayaq:
“Diqqət, düşmən qulaq asır!”. Bəzi zabitlərimiz bir də görürsən bu sözləri
unudurlar. Belələri döyüşün məsul anlarında efirdə açıq danışır, əməliyyat sirlərini
gizlətmir və qabaqcadan məxfi surətdə hazırlanmış danışıq cədvəlindən istifadə
etmirlər. Halbuki təkcə rabitə imkanlarına, rabitənin taktiki bicliklərinə
arxalanıb düşməni məğlub etmək mümkündür. Biz məhz bu vasitədən istifadə
etmişik.
- Azərbaycan əsgərinə
və fərarilərə münasibətiniz necədir?
- Mən fərariləri əsgər hesab etmirəm. Onlar yalnız
ölümə məhkumdur. “Əsgər” dedikdə mən səngərdə ömür sürən, Vətən üçün ölüm-dirim
savaşına qalxan igidləri nəzərdə tuturam. Bu mənada deyə bilərəm ki, Azərbaycan
əsgəri dünyada bəlkə də ən güclü əsgərdir. Bəzi zabitlər, ola bilsin ki, bu
sözlərimə güləcəklər. Amma mənim fikrim qətidir. Öz təcrübəmə əsaslanıb deyə
bilərəm ki, Azərbaycan əsgərini hərtərəfli hazırlayanda o, çox böyük qələbələrə
müvəffəq olur. Bunu dəfələrlə sübut etmişəm. Bizim əsgər əsasən nə tələb edir:
taktiki, mənəvi-psixoloji, fiziki, ideoloji hazırlıq. Azərbaycan əsgərini öz
ruhuna uyğun hazırlayanda o, mətin, qorxmaz, düşünüb hərəkət edən bir döyüşçüyə
çevrilir, məğlubedilməz qüvvəyə dönür.
- Mən çox şahid
olmuşam, siz cərgəyə düzülmüş əsgərlərinizə həmişə aşağı əyilərək ana torpağı
öpməyi əmr edirsiniz. Bu hərəkətdə hansı mənaları görürsünüz?
- Bu sualınıza ədəbi mühitdə öz təsirli deyimləri
ilə tanınmış Elman Ağaoğlunun sözləri ilə cavab vermək istəyirəm: “Əyilib
torpağı öpmək, bu torpağa heyranlıqdan və ya onun həsrətindən ağlamaq və bu
kimi “ağız şirinliyi” Vətən duyğusunun sonudur. Bu, yaxşı bəslənmiş, qəşəng
geyindirilmiş sevimli bir körpəni qucağa götürüb öpmək kimi bir şeydir. Vətən
üçün məhrumiyyətlərə dözmək, lazım gəldikdə həyat nemətlərindən keçməyi bacarmaq,
onun azadlığı və çiçəklənməsi naminə tər tökmək, qan axıtmaq və ya qanı
axıdılmaq isə bu duyğunun başlıca şərtidir”.
İbrahim MƏSİMOĞLU
11 oktyabr 1994-cü il

Комментарии
Отправить комментарий