ƏYİLMƏZ DÖYÜŞÇÜ
Bu qoca dünyada hər kəsin bir ömür yolu, acılı-şirinli taleyi var. Psixoloji fərd kimi təkrarsız həyat yaşayan hər bəşər övladının fərqli xarakteri maraq doğurur. Onların müəyyən oxşarı da mövcuddur. Lakin heç kim eyniyyət təşkil edə bilməz. Adı və əməli ilə bir-birini kəskin inkar edənlər də az deyil. Bəzən adı Cəsarət olanın cəsarəti çatışmır. Yaxud Qorxmaz adı daşısa da içində bir qorxaqlıq yuvası salınır.
Qətiyyətlə onu deyə bilərəm ki, döyüşçü yoldaşım Rəhman Köçəri oğlu İsgəndərov adına layiq bir igiddir. Onun adı ərəb mənşəlidir. Mənası rəhmli, şəfqətli deməkdir. Həqiqətən rəhmdil insandır. Lakin döyüşdə elə başqalaşır ki, özümüzə yönəlik rəhmkarlığını itirməsə də, erməni kimi murdar düşmənə qarşı çox haqlı olaraq yazığı gəlmir. Rəhman tam yetkin halda əyilməz iradə timsalıdır.
Rəhman cənnətməkan Kəlbəcərimizin Qılınclı kəndindəndir. 1967-ci ilin qızılı payız ayında–sentyabrın 6-da doğulan bu igidimiz uşaqlığının ilk cağlarından etibarən vətənçi qüvvələr əhatəsində boy atmışdır. Həm ata, həm də ana tərəfindən babalar, dayılar, əmilər faşizmə qarşı döyüşlərin dəyanətli iştirakçıları olmuşlar. Atası Köçəri müəllim əsl kənd ziyalısı kimi təkcə öz kəndinin deyil, bütün kəlbəcərlilərin böyük rəğbətini qazanmışdır. İsgəndərovlar nəslinin mənəvi varisliyini Rəhmanın qardaşları da mərdanə davam etdirmişlər. Böyük qardaşı Rüstəm Kəlbəcər polis əməkdaşları sırasında döyüşə atılmış, ortancıl qardaşı Aslan 701 saylı hərbi hissənin tərkibində vuruşmuş, kiçik qardaşı Nüsrət sürücü kimi ön xətt döyüşçülərimizə xidmət göstərmişdir.
Hər sahədə həvəs güc gətirir. Rəhman Qılınclı kəndində orta məktəbi qurtardıqdan sonra onu 1984-cü ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbinə aparan həvəs məhz təmsil etdiyi nəslin mənəvi dünyasından güc almışdır. Hərbi məktəbin qapısından içəri ayaq basdığı ilk gündən etibarən öz məsuliyyətini dərk edərək döyüşçü sənətini yüksək şövqlə öyrənməyə başlamışdır. Dörd il ərzində əsl hərbçi kimi yetişən gənc zabit Karpatyanı Hərbi Dairəsinin 51-ci diviziyasının 170-ci alayında taqım komandiri vəzifəsinə təyin edilmişdir. Daha dəyərli amallar naminə üstün hərbi və iradi keyfiyyətləri ilə fərqləndiyinə görə bir il xidmət etdikdən sonra ona bölük komandiri vəzifəsi həvalə edilmişdir. Xidmət həyatında öncül sayılan gənc eloğlumuz sovetizmin doğurduğu milli bəlalardan biri kimi Qarabağ münaqişəsi başlayan gündən narahat günlər keçirmişdir.
Yad ölkədə Şuşanın işğal xəbərini eşidən zaman özünü sakit saxlaya bilməmişdir. Birbaşa diviziya komandirinin qəbuluna girərək onu xidmətdən azad etməyi xahiş etmiş və Azərbaycana gedərək doğma yurdun müdafiəsində iştirak etmək barədə ürək sözlərini açıqlamışdır. Milliyyətcə tatar olan diviziya kimandiri onun həyəcanlı fikirlərini səmimi dinləyərək məmnunluğunu bildirmiş və xidməti yerdəyişmənin qanuni yolla icra olunmasını tövsiyə etmişdir. Təcili surətdə Bakıya gələrək müvafiq dövlət orqanlarına müraciət etsə də, Rəhmanın bu təşəbbüsü nəticəsiz qalmışdır. Hər halda o, candan əziz tutduğu doğma məmləkətimizə qarşı amansız taleyin bütün dönüklüklərinə passiv şəkildə dözə bilməzdi. Onun ürəyi odlar yurdunun ürəyi ilə bir döyünürdü. Narahat günlər yaşayan eloğlumuz ümidsiz halda əllərini yanına salaraq sakit dayanmamışdır.
Nəhayət, bir gün axşam çağı kafedə öz hərbçi soydaşlarımızla birgə şam yeməyi zamanı televizorda diktor Laçının işğal edilməsi barədə informasiyanı elan etdikdən sonra belə bir açıqlama vermişdi ki, Azərbaycan Ordusunda hərbi peşəkar kadrlar olmadığına görə erməni işğalçılarına müqavimət göstərə bilmirlər. Bu kəlmələri eşidən andan etibarən Rəhmanın damarından qara qanlar axmağa başlamışdır. Sanki Ukrayna rəhbərliyi onun bu yurd ağrısına cavab olaraq həmin gün müvafiq qanun qəbul etmişdi ki, qeyri-ukraynalılardan kim istəsə könüllü surətdə rəsmən öz milli ölkəsinin ordusuna yollana bilər. Bu rəsmi xəbər Rəhmana sanki qol-qanad vermişdi. Beləliklə Ukraynaya “əlvida” deyərək doğma yurda qayıtmışdır.
Rəhman İsgəndərov 1992-ci il may ayının 20-dən etibarən Azərbaycan Ordusunda xidmətə başlamışdır. O, Laçın könüllülərindən ibarət döyüşkən taborun bölük komandiri təyin edilmiş və qərargahı Pircahan kəndində yerləşən bu fədakar taborun apardığı hərbi əməliyyatlarda qəhrəman döyüşçü həyatının ilk səhifələrini tarixə yazmışdır.
...4 avqust 1992-ci il. Laçın rayonunun Hoçaz kəndində mövqe tutan erməni işğalçılarını məhv etmək və onları geri qovmaq üçün 2-ci bölük Vaqif Rzaquliyevin komandanlığı altında axşam əməliyyatı keçirmişdi. Adi silahlarla silahlanan və tam təşkilatlana bilməyən bölüklərimiz hər bir əziyyətə qatlaşaraq öz sözünü deyir, düşmənə qulaqburması verirdi. Əfsus ki, bu axşam döyüşü təbii çətinliklər ucbatından ağır nəticələnmişdi. Belə ki, gündüz asanlıqla tanınan bir sıra yerlər axşam gözlə çətin seçildiyinə, əşyaların xarici görünüşü və cizgiləri dəyişdiyinə, üstəlik qaranlıqda gözlər gərginlik içərisində tez yorulduğuna görə qərargahı kənd məktəbində yerləşən düşmən dəstəsinin ehtiyat qüvvələrinin yerini 2-ci bölük düzgün müəyyən edə bilməmiş və əməliyyat uğursuz başa çatmışdır. Bu döyüşdə verdiyimiz 7 şəhidin qanını almaq üçün Rəhman İsgəndərov komandirlik etdiyi 1-ci bölüyü növbəti həmləyə dəqiq müşahidə nəticələri əsasında tam hazırlamışdı.
Rəhman bölüyü 3 qrupa ayırmazdan əvvəl adəti üzrə hər əsgəri təlimatlandırmış, ehtimal edilən təhlükəli halları sadalayaraq çıxış yollarını izah etmişdi...
Demək olar ki, hər taqıma gücünə uyğun tapşırıq verilmişdi. 2-ci taqım düşmənin ehtiyat qüvvəsinin yolunda pusqu qurmuşdu. 3-cü taqım birbaşa qərargah üzərinə həmlə etmək tapşırığı almışdı. 1-ci taqım isə yüksəklikdə mövqe tutaraq digər qrupları himayə etməyi öz üzərinə götürmüşdü. Rəhman özü 3-cü taqımla birgə irəliləyirdi. Onunla yanaşı gedən döyüşçü (həkim-tələbəmiz) Qəşəm Rzayev yüksək dərəcəli idmançı olduğuna görə fiziki gücü hesabına bir neçə düşmən qüvvəsini məhv etdi. Taqım komandiri Cabbar Alışovun, manqa komandiri Mehman Ağayevin fədakar fəaliyyəti və cəsur döyüşçü Asif Məmmədovun ağıllı himayəsi sayəsində Rəhman gizlin hərəkətlərlə kənd məktəbinin lap yaxınlığına qədər çata bildi. O, qabaqcadan düşünülmüş hiyləgər taktiki gedişlər vasitəsilə iki erməni dığasını cəhənnəmə vasil etdi. 2-ci qrupumuz isə qərargaha köməyə gələn ehtiyat qüvvələri yola çıxan kimi gülləbarana saldılar. Bir ədəd “ZİL” markalı yük və bir ədəd “Niva” markalı minik maşını içi dolu erməni döyüşçüləri ilə bərabər tamam darmadağın edildi.
Düşmən qüvvələrinin canına vəlvələ düşmüşdü. Dəlmə-deşik edilmiş məktəbin qapı və pəncərələrindən aramsız açılan güllələrin səsi kəsilmişdi. Yalnız yaralı erməni əsgərlərinin zarıltısı aləmi başına almışdı. Müqavimət göstərə bilmədiklərinə görə erməni komandir maneə arxasından rusca bizə təkbətək döyüş təklifi səsləndirdi. Halbuki onlar mühasirəyə düşmüşdü, təslim olmalı idilər. Ruhi böhran içində çabalayan erməni komandirin bu həyasızlığından Rəhmanın hirsi başına vurdu:
– Qudurasan ay erməni küçüyü! Boğazı əlimizdə ola-ola bizə kişilikdən dəm vurur. Erməni hara, kişilik hara?!
Erməni komandirin, necə deyərlər, bizim cəsarətimizi çeynəmək cəhdi Rəhmana çox ağır gəldi. Döyüş tələblərinə uyğun olmasa da, onun fikrini qəbul etdi. Rəhman irəli çıxanda erməni komandir elə zənn etdi ki, o, sıravi döyüşçüdür:
– Mən komandirlə duelə çıxmaq istəyirəm. O məni öldürsə, qərargah təslim olacaq – deyərək titrək bir səslə öz fikrini bildirdi.
Əsəbləri tarıma çəkilmiş Rəhman başını bir qədər də dik tutaraq kəskin cavab verdi:
– Komandir mənəm. Təkbətək döyüşə hazıram!...
Doğrudan da, hədəfi vurmaq üçün sərrastlıq deyil, cəsarət tələb olunur. Başını itirmiş erməni komandir birinci atəş açsa da, aslan ürəyi yeyən Rəhmanımız cəld sıcrayışla güllədən yayınan kimi cəsarətli atəşi ilə daşnak küçüyünü gözündən deşdi. Qəfil yaranan ölüm sükutu təxminən bir dəqiqə çəkdi. Lakin özünü tülkülüyə vuran düşmən qüvvələri nə gəbərmiş komandir meyitinə sahib çıxdı, nə də onun tərəfindən verilən vədə əməl etdilər. Bir də ki, daşnak hara, kişi sözü vermək hara?! İldırımsürətli həmlə sayəsində 15 erməni döyüşçüsü cəhənnəmə vasil edildi və bir əsir ələ keçirildi...
Səngər duz-çörəyini, döyüşçü qardaşlığını uca tutan Rəhman öz bölüyündən ayrılmaq istəmirdi. Lakin yuxarı komandanlıq tərəfindən könüllü döyüşçülərin tərxis olunması barədə əmr verilmiş və o, 701 saylı motoatıcı briqadanın kəşfiyyat xidmət rəisi təyin edilmişdi. Bu mühüm vəzifənin təsiri altında məsuliyyətini xeyli artırmışdı. Bu yolda hara gedəcəyini, hansı sərt sınaqların onu gözləyəcəyini yaxşı dərk edirdi. İti hərbçi zəkası, çılğın qəlbi səhv edə bilməzdi. Necə ki, rastına qəfil çıxan əngəlləri birnəfəsə dəf etmişdi. Döyüş təhlükələri, sərt səngər imtahanları qarşısında əyilməzliyi Rəhmanın odlu-alovlu varlığında basılmaz döyüşçü xisləti yaratmışdı.
...Rəhman aldığı kəşfiyyat məlumatlarına əsasən belə qərara gəlmişdi ki, düşmən Kəlbəcərə hücuma hazırlaşır. Gündən-günə bu məsələ daha qabarıq xarakter alırdı. Həm strateji əhəmiyyətli sərhəd rayonu, həm də zəngin sərvəti olan bir torpaq kimi Kəlbəcəri həzm-rabedən keçirmək niyyəti xain qonşu tərəfindən açıq-aydın görünürdü. Rəhman ehtimal edilən həmlə istiqamətlərini briqada komandiri polkovnik Əzizağa Qənizadə ilə birgə götür-qoy etdikdən sonra yuxarı komandanlığa müvafiq real əsaslı məlumat çatdırılmışdı. Məsələni köklü müzakirə etmək məqsədilə onlar Kəlbəcər rayon icra başçısının yanına getmiş və hücum ehtimalının real cəhətlərini açıqlamışlar. Əfsus ki, həyəcan dolu haqlı suallar cavabsız qalmışdı.
Hərbi hissə komandiri hər ehtimala qarşı Kəlbəcərə Ağdərədən gələn yolu bağlamaq və orada toplaşan düşmən qüvvələrinin qabağını kəsmək planını önə çəkmişdi. Bununla bağlı tapşırıq 1-ci tabora və Rəhmanın kəşfiyyatçılarına həvalə edilmişdi. Beləliklə briqadamızın müdafiə xətti üç dəfə uzadılmışdı.
...Bir neçə gün əvvəl sıdırımlı dağ keçidində avtomobil qəzasında sol ayağından zədə alan Rəhman çətinliklə yeriyə bilsə də, verilən tapşırığın icrası üçün təyin edilmiş mövqeyə yollandı.1-ci taborumuz 130 nəfər canlı qüvvə ilə Çələktar kəndində Ağdərə–Kəlbəcər yolu üzərində yüksəkliklərdə mövqe qurmuşdu. Briqadamızın müdafiə zolağı qarşısında, demək olar ki, bütün istiqamətlərdə inadlı müdafiə ilə üz-üzə gələn düşmən itki verərək geri çəkilmişdi. Döyüşçülərimizin bu fədakar əməllərinə baxmayaraq 120 km-ə qədər uzunluqda səpələnən briqadamızın sağ və sol cinahları, həmçinin arxası və mərkəzi boş qalmışdı. Vəziyyət çox ağırlaşmışdı.
Düşmənin məxfi niyyətini tam öyrənmək məqsədilə Rəhman öz döyüşçüləri ilə Ağdərədən gələn yolun sağ və sol tərəfində kəşfiyyat aparmaq, imkan daxilində “dil” ələ keçirmək tapşırığı almışdı. Rəhman zorla yeriyirdi. Sərt yoxuşları çəlik hesabına qalxırdı. Düşmən mövqelərinə yaxınlaşan zaman 3 erməni əsgəri gözünə dəydi. Dərhal öz döyüşçülərinə göstəriş verdi ki, onu himayə etsinlər. Sürünərək daha əlverişli bir təpəyə çıxdı. Dığalar qarışıq addımladığına görə üçündən birinin ayağını hədəfə ala bilmirdi. Nədənsə birdən dayandılar. Rəhman bu fürsəti əlindən qaçırmadı və ilk atəşlə birini ayağından yaraladı. Daha sonra yaralıya yardımın qarşısını almaq üçün onlara qəsdən öz yerini bildirməklə yanaşı dığaları qorxuya salaraq qaçırtmağa cəhd göstərdi və niyyəti tez baş tutdu. Ermənilərin ikisi arxaya baxmadan qaçdı. Yaranmış bu fürsətdən çox sevinən Rəhman ayağının sızıldısını yadından çıxartdı. Kəməndinə saldığı dığanın başının üstünü kiçik addımlarla tullana-tullana aldı. Əllərini onun boğazına keçirərək bir –bir suallarını yağdırmağa başladı. Di gəl ki, erməni rus dilində bilmədiyinə görə kara gəlmədi və düşmənin gizli planlarını daha dərindən öyrənmək şansı boşa çıxdı. Bir xəbər əldə edə bilmədiyindən hirslənən Rəhman avtomatın lüləsini zarıyan erməni əsgərinin ağzına soxaraq tətiyi çəkdi...
Kəşfiyyat əməliyyatında real nəticə əldə edə bilməsə də, gecə müşahidələrindən yəqin etdi ki, düşmən Kəlbəcər üzərinə güclü hücuma hazırlaşır.
Briqadanın qərargahı Qılınclı kəndində yerləşmişdi. Qərargahla Rəhmangilin evi arasında təxminən 50 metr olardı. Ürəyinə dammışdı ki, düşmən ona hərbi-siyasi dayaq duran güclü qüvvələrə arxalanaraq Kəlbəcəri də işğal etmək və ikinci Xocalı faciəsini bizə yaşatmaq fikrindədir. Üstəlik briqadamızın və ümumən desək, ölkəmizin hərbi ehtiyatları xeyli tükəndiyinə görə ehtimal edilən müsibətin törədilməyəcəyinə şübhə yeri qalmamışdı. Odur ki, Rəhman evdə qalan atası Köçəri müəllimi və bibisi Solmaz xanımı hökmən təxliyə etmək istəyirdi. İki gün qabaq ana və bacısını yola salan zaman heç bir problem yaranmamışdı. Lakin indi təxliyə prosesi çətinləşmişdi. Qamışlı körpüsü neytral zona kimi həm bizim tərəfimizdən, həm də düşmən qüvvələri tərəfindən nəzarət altına alınmışdı. Körpünü keçənlər atəşə tutulurdu. Ömər aşırımı marşrutu istiqamətində mülki şəxslərin təxliyəsi düyünə düşmüşdü. Bu zonada hərbi tapşırıqların icrasına nəzarət işi Müdafiə Nazirliyindən ezam olunmuş bir kəşfiyyatçı zabitə həvalə edilmişdi. Rəhman ata və bibisinin Qamışlı körpüsündən salamat keçməsinə zəmanət verməyən həmin zabitə təklif etdi ki, PDM-in idarə olunmasını ona həvalə etsə, problemin həllini tapa bilər. Onlar tez razılığa gəldilər. Rəhman tuşlayıcı kimi PDM-də öz yerini tutdu və mexanik-sürücüyə “irəli” komandasını verdi. Texnikanın qəfil önə çıxması düşməni çaşdırdı və tələsik atılan mərmi yan keçdi. Rəhmanın birinci atəşi də düşməni yaxalaya bilmədi. Lakin Rəhmanın ürək açan cəsarəti sürücü-mexaniki heç nədən çəkinməyərək daha cəld hərəkət etməyə sövq elədi və nəticədə ikinci mərmi hədəfin düz üzərinə yönəldi. Mərmi düşmən PDM-nin anten hissəsini dağıtdı. Üçüncü zərbənin altına düşməkdən qorxan düşmən heyəti qaçmağa üstünlük verdi və pusquda duran tank da ona qoşuldu.
Qamışlı körpüsü düşmən nəzarətindən qurtulduqdan sonra Rəhman öz atası və bibisini arxayınlıqla yola saldı. Rəhmanın bu cəsarətli fəaliyyəti nəticəsində xeyli mülki kəlbəcərli təxliyə edildi.
...Briqada komandiri Ə. Qənizadə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor N. Sadıkovdan aldığı tapşırığa əsasən Kəlbəcər Rayon İcra Hakimiyyəti binasından ehtiyat minaatanların gətirilməsi üçün Rəhmanı sanitar maşınla yola saldı. Onlar bəzi müəmmalı epizodlarla üz-üzə gəsələr də, nəzərdə tutulan yolu təhlükəsiz başa vurdular. Amma icra hakimiyyətinin binasına yaxınlaşanda yol boyu gözünə dəyən kamuflyaj geyimli döyüşçülərin yad nəfəsli olduğunu duydu. Əvvəlcə elə zənn etdi ki, rus qiyafəli hərbçilər Surət Hüseynovla “iş birliyi” yaradan rus generalı Şerbakın zabitləridir. Rəhman qapını təmkinlə açaraq sanitar maşından düşəndə icra hakimiyyəti binasının başından Dövlət bayrağımızın çıxarılmasını və yerə atılmasını görən kimi ona hər şey agah oldu. Binadan çıxan rus zabitləri “siz kimsiniz” deyə sual verərkən dar macalda onlara cavab verməyin, vaxt itirməyin mənasız olduğunu igid kəşfiyyatçımız o dəqiqə anladı. Sürücüyə “tez dön qayıdaq” deyərək onlara sual verən rus zabitlərini güllə qatarı ilə yerə sərdi. Əsas çıxış yoluna birtəhər özünü yetirən sanitar maşınımız atılan güllələrdən tam yayına bilmədi. Di gəl ki, güllələrin əksəriyyəti arxa şüşə yerinə pərçim edilmiş qalın dəmir örtüyə dəydiyinə görə Rəhman və sürücü əsgərə bir xətər toxundurmadı.
Sanitar maşın xeyli uzaqlaşsa da, onu izləyir və atəşə tuturdular. Birdən arxadan böyük zərbə dəydi, maşın zərbənin təsirindən yuxarı qalxaraq yerə bərk çırpıldı. Sürücü qanıyan başını arxaya saldı və tərpənmədi. Rəhman cəld qapını açıb yerə yıxıldı və bir neçə cavab atəşi açdı. Təxminən 20 metr aralı bir yerdən hündür boylu sarışın bir zabit çıxdı və Rəhmana rusca çığıraraq “silahı at və təslim ol” dedi. O həmin sözləri ağzında deyib qurtaran kimi Rəhman onu sərrast atəşlə susdurdu və sürətlə qaçaraq daş hasara dırmaşıb özünü bir evin həyətinə saldı. Onlar tərəfindən verilən komanda aydın şəkildə eşidildi:
–2-ci manqa, evi mühasirəyə alın, yolu bağlayın və onu diri tutun!...
Rəhmanın məğrur hərəkətləri rus hərbçilərini yaman pisikdirmişdi. Bu səbəbə görə onu diri tutmaq, məğrurluğunu coşan rusların emosiya qılıncı ilə qılınclamaq istəyirdilər. Amma bilmirdilər ki, Qılıncı kəndinin mərd oğlunun üstünə hər kəs qılınc çəkə bilməzdi.
Daş hasarı aşdıqdan sonra həyəcan hissləri onu boğsa da, Rəhman bu dar macalda can qurtarmağın yollarını beynində çək-çevir elədi, öz mahir kəşfiyyatçı düşüncələrini işə saldı. Öz tərəfimizə yox, düşmən tərəfə üz tutub qaçdı. İki toqquşmanı dəf edən Rəhman hər şeyin sona çatdığını düşündü. Başında dolaşan təhlükə nidaları onun varlığını dəniz kimi dalğalandırdı, sanki ağır bir fəlakətin üz verəcəyini gözləyirdi. “Əsir düşərək namərd düşmən əlində zəlil olmaqdansa, çayda qərq olmaq şərəflidir”– deyərək dərin bir ah çəkdi. Kəlbəcərin can alan uca dağlarına həsrətlə nəzər yetirməyə başlayan zaman birdən-birə qoluna, canına təzə qüvvə gəldi və ətrafı müşahidə edə-edə xəlfətcə həyət hasarının görünməz açıq yerindən sürünərək özünü Tərtər çayına saldı. Suyun soyuğu ona təsir etmədi. Bədən həyəcan selinin təsirindən o qədər qızmışdı ki, su sanki onun bədəninin hərarətindən isinirdi. Dağ çayı içərisində arxası üstündə uzanaqlı halda gözlərini yumaraq su axını istiqamətində təxminən 4 km-ə qədər aramla yol qət etdi. Daha düşmən qüvvələrini səs-səmiri kəsilmişdi. Lakin hər ehtimala qarşı gözlərini açmaq və ətrafa nəzər yetirmək istəmirdi. Qulağına doğma səslər çatanda isə qeyri-ixtiyari olaraq gözlərini açıb başını dikəltdi. Öz döyüşçülərimizi görsə də ehtiyatı əldən vermədi. Nəsə ani çaşqınlıq yarandı. Rəhman çaydan çıxanda tabor komandiri Balay Nəsibovu geyim formasına görə rus zabitlərinə oxşadaraq ona atəş açdı və çox şükürlər olsun ki, çaşqın halda atdığı güllə ondan yan ötdü. Əsgərlərimiz onunla tez ünsiyyətə girdilər ki, Rəhman onları düşmən kimi qəbul etməsin. Tanış səslər, sevimli üzlər əyilməz igidimizi yaman qəhərləndirdi. Əvvəlki həyəcan və çaşqınlıqdan əməlli-başlı ayılıb özünə gəldi və dərindən bir ah çəkərək yerə yıxıldı. Zədəli ayağı şişdiyinə görə onu təcili hospitala təxliyə etdilər...
Kəlbəcərin işğalı yurd nəfəsli Rəhmana hədsiz acı yaşatdı. Ona təskinlik verən bircə o oldu ki, Kəlbəcərin dinc əhalisi erməni soyqırımına məruz qalmadı – Bunun səbəbkarı Pəhmanın doğma briqadasının arxası köpəkli düşmənə mətanətli dirənişi oldu...
Gənc ordumuzun yarandığı ilk illərində aparılan hərbi əməliyyatlarda döyüş vəziyyətini hərtərəfli qiymətləndirmək və düzgün qərar qəbul etmək üçün gərəkli olan peşəkar kəşfiyyatçılarımız çatışmırdı. Onlar barmaqla sayılırdı. Bəzən kəşfiyyat fəaliyyəti olmadan aparılan döyüşlərdə qeyri-peşəkarlıq ucbatından buraxılan səhvlər bizə baha başa gəlirdi. Bu sahədə Rəhmanın xidmətləri xüsusi çəkiyə malikdir. Onun gərgin zəhməti hesabına əfsanəvi kəşfiyyatçılar yetişmişdir: Sahib Aslanov, Filman Bədəlov, Gəray Həsənov, Turan Ellazov, Osman Allahverdiyev, Natiq və Namiq Qasımovlar, Natiq Salahov, Elsevər Səfərov, İsmət və Seyfulla Hətəmovlar, Fəxri Əliyev, Bəxtiyar Quliyev, Zülfü Kərimov, Ağasəf Niftalıyev, Bəhruz Sultanov, Sabir İbrahimov, Aqil Şərəfxanov, Elçin Həsənəliyev, Xanımzər Həsənova, Kəmalə Qəhrəmanova, Aliyə Piriyeva.... Onların uğurlu kəşfiyyat əməlləri, düşmən arxasında və içərisində cəsarətli kəşfiyyat fəndgirliyi milli hərb tariximizə “cəsur Rəhmançılar” adı altında yazılmışdır.
20 aprel 1994-cü il. Füzuli torpağının azadlığı uğrunda ağır döyüşlər gedirdi. Aşağı Əbdürrəhmanlı kəndində güclü müdafiə istehkamları quran erməni daşnaklarına qarşı hücuma keçmişdik. 2-ci tabor bir düşmən postunu ələ keçirə bilmirdi. Post darmadağın edilir, texnika və iri çaplı silahları susdurulur, lakin qısa vaxt ərzində posta ehtiyat qüvvə çatdırılırdı. Komandir Yaşar Aydəmirov həmin ehtiyat qüvvənin gəldiyi yola nəzarət etməyi kəşfiyyatçılara tapşırdı. Rəhman öz igidləri ilə müəyyən müşahidə işi apardıqdan sonra sübh tezdən növbəti həmləmiz başladı. Rəhman elə taktiki hiylə qurdu ki, daşnakların ehtiyat qüvvəsi ön postda döyüşən qüvvələrlə eyni vaxtda gəbərdilər və kəndimiz erməni daşnaklarının murdar nəfəsindən tamamilə təmizləndi. Di gəl ki, həmlənin gərgin anlarında Rəhman açıq mövqedə döyüşə atıldığına görə düşmənin aramsız atılan minaatan mərmilərinin qəlpələri onu qəfildən yaxaladı. Rəhman ağır yaralandı. Qəlpələr onun onurğasına da zədə yetirdi...
Qəhrəman kəşfiyyatçımızın müalicəsi onun ovqatında üzüntülü hallar yaratsa da, ümidsizliyə qapılmadı, döyüşdən-döyüşə qranitləşən dözümlü hissləri onu bütün ağrılı tibbi mərhələlərdə çətin məqamlardan çıxartdı. Bu gün 2-ci qrup müharibə əlili kimi onun bədənində hələ də qəlpələr gəzməkdədir...
Müalicə olunduqdan sonra Rəhman İsgəndərov “N” saylı xüsusi təyinatlı dəstədə əməliyyat bölmə rəisi vəzifəsinə təyin edildi. Yeni və güclü xüsusi təyinatlı qüvvələrin yetişdirilməsində öz əlindən gələni əsirgəmədi və döyüş təcrübəsində əxz etdiyi bilgiləri onlara öyrətdi. Lakin ağır hərbi əməliyyatlarda iştirak etməyə onun səhhəti imkan vermədi. Fiziki imkanlarını nəzərə alaraq ona müəllimlik missiyası həvalə olundu. Bir müddət Azərbaycan Politexnik Universitetinin hərbi kafedrasında pedaqoji fəaliyyət göstərdi. Daha sonra SQ-nin Təlim və Tədris Mərkəzində qərargahın dəyərləndirmə bölməsində öz nümunəvi və dəyərli keyfiyyətləri ilə komandanlığın rəğbətini qazandı. Nəhayət, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının şəxsi heyət bölməsinin rəisi vəzifəsini müvəffəqiyyətlə yerinə yetirərək 2016-cı il 15 may tarixindən etibarən ehtiyata buraxıldı.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Rəhman Köcəri oğlu İsgəndərov qədim Qarabağ torpağımızın azadlığı naminə savaşlarda düşmənə qan udduran zaman rastına çıxan təsadüfi şanslar hesabına qalib çıxmışdır desək, çox yanılarıq. Xain düşməni necə susdurubsa, qəfil həmlələri necə uğurla başa vurubsa, öz döyüşçü məğrurluğunun sındırılmaması üçün necə fədakarlıq göstəribsə, hamısı gerçək bir zərurətdir. Vətənin bir çimdik torpağını da düşmənə verməyi böyük qəbahət sayan yurd sevgili müharibə veteranımız işğal dərdinə dözə bilmir. Axı, Rəhman kimi qürurlu yaşamağı üstün tutan səngər qardaşlarımız üçün işğal olunmuş torpaq alçaldılmış torpaq deməkdir. Bu dözümsüzlüyə görə bizləri kim qınaya bilər?!...
P. S. RƏHMAN İSGƏNDƏROV ORDUMUZUN QIZIL FONDUNA DAXİL OLAN PEŞƏKAR HƏRBÇİ KADRLARINDAN BİRİDİR. BU ƏYİLMƏZ DÖYÜŞÇÜ BİZİM QƏLBİMİZDƏ MİLLİ QƏHRƏMAN KİMİ DAİM SEVİLMƏKDƏDİR!... O BƏNZƏRİ OLMAYAN BİR İGİDDİR. BİZ ONUN QƏHRƏMAN ƏMƏLLƏRİ İLƏ HƏMİŞƏ ŞƏRƏF DUYURUQ!...
Ehtiyatda olan polkovnik-leytenant
İbrahim MƏSİMOĞLU



Комментарии
Отправить комментарий