KÜRDMAHMUDLU KƏNDİNİN FƏXRİ




Yusif Müseyib oğlu Savalanov 5 il hərbi kafedrada öyrəndiyini zabitlər kursunda 3 ay müddətində möhkəm təkrar edərək dəyərli artilleriyaçı kimi ön atəş xəttinə qayıtmışdır. Kurs imtahanlarını yalnız əla qiymətlərlə verən Yusif hərbi hissədə vəzifəyə təyin edilərkən zabit Telman İbrahimov da onun daxilində yeni-yeni şəfəq saçan işartıları tez gördü:
- Yusif, qardaşım, sənin haqqında yaxşı eşitmişəm. Kurs müəllimləri səni bacarıqlı artilleriyaçı hesab edirlər. Söz yox ki, minaatan silahdan da başın çıxır. Mən məsləhət görürəm ki, minaatanlar batareyasının komandiri olasan.
Yusif tərəddüdsüz dilləndi:
- Gözüm üstə. Elə mənə də o vəzifə xoşdur ki, orada nəsə bir dönüş yarada bilim, zəhmətim itməsin, faydalı olsun.
Beləliklə, iyul ayının 1-dən vəzifəyə təyin edilən Yusif bir neçə döyüşdən sonra yoldaşları arasında “minaatan silahın dədəsi” ləqəbini  aldı. Kəlbəcər kimi dağlı-dərəli döyüş meydanında isə onun bacarığı, hərbi fərasəti tez çiçək açdı. Çünki dağ şəraitində minaatan silahın əvəzi yoxdur. Bu silah ən müxtəlif şəraitdə gizli hədəfləri vurmaq baxımından hərbi hissəyə Yusifin adı ilə çox uğur gətirdi və nəticədə igid zabitimiz “Hərbi xidmətlərə görə” medalına layiq görüldü.
...”N” yüksəkliyinin görünməz tərəfi geniş ərazini əhatə edirdi. Orada dərin səngər qazan qəsbkar ermənilər qəfil üzə çıxır və irəliləyən piyadalarımızı atəşə tuturdular. Tankçılarımız nə qədər əlverişli atəş mövqeyi seçsələr də, yüksəkliyin arxasında tülkü kimi gizlənən dığaları vura bilmirdilər. Tankın lüləsindən çıxan tüstünü görən kimi hamısı səngərə soxulurdu. Bu səbəbdən Yusif Savalanova xüsusi tapşırıq verildi ki, gizli hədəfi dağıtsın. Yusif batareyanın təcrübəli döyüşçüsü Xaliq Tanrıverdiyevi yanına çağırdı və nişan alınacaq yeri xəritə ilə müəyyənləşdirdi:
- Artilleriya durbinini götür ki, bir metr də səhvə yol verməyəsən. Hədəfi vura bilsək, həmlə yolumuz büsbütün açılacaq.
Döyüşçü Əziz Dadaşov hava telefonunu yoxlayıb elektrik yükünü yenidən doldurdu. Minaatan qurğu hazır vəziyyətə gətirildi. Ayaqları yerə möhkəm sancıldı. Bir saatdan sonra Xaliqin uğurlu sədası gəlib çatdı:
- Sola 0-10...
Yusif Savalanov ilkin göstəricilərə əsasən ümumi düsturla hədəfi təcili dəqiqləşdirdi. Gözlərini Yusifə zilləmiş çavuş Mahir Əzizov əmri gözləyirdi. Yusif “Ya Allah” deyib, ayaq üstə komanda verdi:
- Nişan 9-50, hədəf 100, bir mina, atəş!
İlk atəş hədəfi odladı. Partlayışın zəhmindən bağrı yarılan düşmən tankı yadından çıxartdı. Bilmədi qabağa, ya dala baxsın. İlk atəşlə 20-si qanına qəltan oldu. İkinci, üçüncü və dördüncü minalar atıldıqdan sonra yüksəklik düşməndən təmizləndi. İstər nişançı Məzahir, istər doldurucu Aleksey, istərsə də daşıyıcı Şəfayət elə ustalıqla hərəkət etdilər ki, hamı onların belə sərbəst döyüşmələrinə heyran qaldı.
35 yaşlı zabit Yusif Savalanov cavan ordumuzun tədbirli, fəndgir komandiridir. O, döyüş dəmində mövqe seçiminə ən azı bir saat vaxt sərf edir. Fikirləşir: Bizi top, “Qrad”, tank mərmisi ilə vura bilərlərmi? Hansı cinahımız zəifdir? Düşmən minası yanımıza düşsə, xilas ola bilərikmi? Hansı əsgərimiz yerində deyil? Bu suallara dürüst cavab tapa-tapa minaatan qurğunun özünə, bir də ki, batareyanın əsgərlərinə yöndəmli səngər hazırlayırlar. Buna görə də indiyədək onun ciyərli cəngavərləri sırasında itki olmayıb. Ötən qanlı döyüşlərdə yalnız 4 əsgəri yaralanıb.
Hərbi bilgiləri əsgərlərinə öyrətmək sahəsində Yusif çox səxavətlidir. Onun öz davranış parametrləri, tələbkarlıq ölçüsü var:
- Təzə əsgərlə mənim aramda savada görə sərhəd ola bilər. O da müəyyən müddətə qədər. Köhnə əsgərim əgər mənim bildiyimi öyrənib tətbiq edə bilmirsə, mənim əsgərim deyil, başqa sözlə desək, batareyamıza əlavə yükdür. Yaxşı ki, hələ beləsi bizim siyahıya düşməyib.
Yusif qaynar döyüş çağında bəzi komandirlər kimi çığırmır, hay-küy salmır. Özü də, əsgəri də minaatan silahın ustası kimi tərpənir. Ölümsaçan artilleriya atəşlərini səsindən tanıyırlar. Yusif işinə yaradıcı münasibət bəsləyir. Deyir ki, dinc dövrdə imkan olsa, minaatan silahın dönmə bucağının artırılması və nişangahların bərkidilməsi ilə bağlı səmərəli təkliflər irəli sürüb tətbiqinə çalışacaq.
Döyüş bölgəsindən qorxaqlıq edib qaçan əsgər Yusifin gözünün düşmənidir.
- Döyüşdə geri çəkilmək olar, amma qaçmaq faciədir. Çünki qorxub qaçan əsgər təkcə özünü yox, həm də çoxlarını məhv edir.
Yusif Savalanov əslən İmişli rayonunun Kürdmahmudlu kəndindəndir. Ali təhsil alıb. Təyinatla düz 3 il Ufa şəhərində mühəndis-texnoloq kimi fəaliyyət göstərib. Vətənsiz yaşaya bilməyən Yusif yenidən onu boya-başa çatdırmış Kürdmahmudlu kəndinə qayıdıb. Kolxozda mühəndis-mexanik vəzifəsində işləməyə başlayıb. Elə buradan da ehtiyatda olan zabit kimi cəbhəyə yollanıb...
Yusif Savalanovun həyat yoldaşı Xuraman xanım ona bu il martın 5-də bir oğlan “bəxş” edib. Bahar nəfəsli, yaz xəbərli bir oğlan. İndi Yusifin evində doğma Azərbaycanımızın Maarif adlı bir əsgəri də böyüyür.

6 aprel 1994-cü il

P.S. Yusif Savalanovu xarakterinə görə dözümlü bir döyüş veteranı kimi tanıyırıq. O, başımıza gələn bəlaları ibrət dərsi kimi qəbul edir, daim şükranlıq edirdi. Lakin nədəndirsə, indiki ahıl çağında səbri çox tükənir. Qarabağ savaşında qəti qələbə möhürünü vurmaq vaxtının ildən-ilə uzadılması onu çox narahat edir...

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”