XAİN XAİNLİYİNİN QURBANIDIR
Həyatda rastlaşdığımız bu və ya digər
hadisələr zamanı cavabdehlik məsələsini düyünləyən çox mübahisəli bir hikmət
var: deyirlər ki, hər bir insan öz zəmanəsinin övladıdır, hər kəs öz dövrünün məhsuludur.
Bu fikir cürbəcür açıqlanır. Kimsə öz üzərinə çox məsuliyyət götürmək istəmir.
Xüsusən xəyanət etmək, dönük çıxmaq, yaxud namərdlik yolunu tutaraq öz andını pozmaq,
elinə-yurduna xain olmaq məsələsində təkcə o cinayəti törədən şəxs deyil, habelə
onun ata-anası, bacı-qardaşı, qohum-əqrəbası qınaq və danlaq obyekti kimi
qarğışlanır. Amma “insanlıq” deyilən dərin bir mövzunu tamam-kamal öyrənənlər
daha müdrik mövqe sərgiləyir və törədilən günahların çoxtərəfli şəriklənməsinin
düzgün olmadığını iddia edirlər. Gəlin haqqımızı necə gəldi itirməyək. Bilək
ki, hərə öz əməlinin sahibi kimi cavabdehlik daşıyır. Xain xainliyinin
qurbanıdır. Onu valideyn mənsubluğuna, qohumluğa görə bölüşmək ədalətsiz bir
mövqe kimi dəyərləndirilməlidir. Vətən xainlərini
üzristəmə yolu ilə bağışlamaq olmaz. Onları bağışlamaq həm də Allaha xəyanət etmək deməkdir.
Sözün düzü, bir müharibə veteranı kimi xainlik
mövzusunda yazı yazmaq heç xoşuma gəlmir. Bu yazını ictimai tələblərə uyğun
cavab vermək məqsədilə hazırlamaq istəyirəm. Bütün qazilərə yaxşı məlumdur ki, 1-ci
Dağlıq Qarabağ savaşında apardığımız hərbi əməliyyatların bəzi məqamlarında düşmən
tərəfə casusluqetmə hallarının acısını biz
də yaşamışıq. Çox utanc doğururdu. Casusluq təsiri altında itkilərə məruz qalanda
hər şeydən şübhələnirdik. Bəzən ön atəş xəttində bizim nəzarətimizdə olan
ərazidə gecə sərbəst hərəkət edə bilmirdik. Kəlbəcərin Yanşaq kəndində hərbi
hissəmizin arxa cəbhə bölgəsində bir dəfə yataq çadırımiz axşam avtomat atəşinə tutulmuşdu. Halbuki qəfil
axtarış əsasında orada bir erməni kəşfiyyatçısını da ələ keçirə bilmədik. Çox
məəttəl qalırdıq. Briqadamızın əməliyyat sirlərini düşmən bizdən qabaq bilirdi.
Bəzən ön xətdə hücuma keçən döyüşçülərimizə arxadan, yəni öz tərəfimizdən güllə
atılırdı. Mən çox ikrah doğuran belə təhlükəli hadisələrin canlı şahidi
olmuşam. Xüsusi kəşfiyyat orqanlarımız o zaman aparılan məxfi əməliyyatlar
nəticəsində müəyyən etmişdilər ki, xəyanətdə dayısı erməni olan sakinlərimiz
xüsusi rol oynamışlar. Bu barədə
xəbərlər biz döyüşçülərə çatdıqdan sonra öz aramızda da ayıq-sayıqlığın
artırılmasına xüsusi diqqət yetirirdik. Əvvələr isə inana bilmirdik ki,
içimizdə xainlər ola bilər. Halbuki aramıza saxta yolla qanuni sənədi
hazırlanmış erməni agentləri soxulmuşdu. Dilimizi də yaxşı işlədirdilər.
İnsan psixologiyası çox mürəkkəbdir. Bəzi
psixoloqlar belə bir mühakimə irəli sürürlər ki, fizioloji dəyişikliklər
prosesində bioritmlər insanı ay ərzində haldan-hala salır. Tez-tez təsadüf
edirik ki, günün müəyyən çağlarında qəzəbli xarakterə malik olan bir şəxsin
inana bilmədiyimiz bir halda sakit və təmkinli anlarını da müşahidə edirik.
Yəni zəif və iradəsiz insanların daxilində bioritmlər öz axarını pozaraq insanı
ya əyri yola, ya da düz yola sürükləyir. Bu pozuntular bəzən tamah, bəzən də düşmənin
yaratdığı utandırıcı hədə-qorxu ucbatından daha sərt xarakter alır. Son
nəticədə ixtiyarsız bir halda xəyanət addımı atılır. Bu bəla hansı millətin başına gəlməyib?! Təbii ki, yer üzünün hər məkanında xainlik nəfəsi var. Bunun kökünü kəsmək üçün təhsil sistemində, həmçinin ictimai həyatımızın bütün
sahələrində kamil ideoloji iş görülməlidir.
Biz dünya ölkələrinin keçmiş casusluq
tarixindən bilirik ki, vətənə xainlərin çoxu təzadlı psixoloji təsirlər
altından çıxdıqdan sonra törətdiyi ağır cinayətə görə özünü intihar etmişdir. Oxşar
kontekstdə çəkilmiş tarixi kinofilmlərdə də bu sayaq biabırçı situasiyaların
epizodlarını çox görmüşük. Onu da görmüşük ki, hərb tarixində xainlik barədə
yazılmış müharibə qanunlarına uyğun olaraq döyüşün gedişində tez aşkarlanmış
vətən xaini yerindəcə komandir tərəfindən güllələnir. Bəyənilən fakt odur ki, xainliyi
aşkarlanan xain hər hansı istintaqın başlanacağını gözləmədən özünə qəsd edir.
Bu yaxşı anlaşılan fərdi bəşəri qərardır, insan daxilində təhqirə məruz qalan
qürur hissinin, necə deyərlər, inqilabi çıxışıdır.
Biz ordumuzun uğurlu 2016-cı il aprel döyüşlərində də xəyanətkar əməllərlə
üz-üzə gəldik. Eyibli hal odur ki, bu utandırıcı mövzunu özümüz çox çeynədik.
Murdar əməlləri yerli-yersiz söhbətlərlə daha da murdarladıq. Halbuki gizli
olsa da, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları
tərəfindən Azərbaycan Müdafiə
Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış
məntəqələrinə qarşı planlaşdırılmış “genişmiqyaslı təxribatdan” xəbərdar
olmuşduq. Həqiqətən bir qrup hərbi
qulluqçu və onlara qoşulan digər mülki şəxslər kəşfiyyatçılarla məxfi
əməkdaşlığa cəlb edilərək hərbi sirr təşkil edən məlumatları qarşı tərəfə
ötürüblər. Təhqiqatlar, araşdırmalar və gerçək həqiqətlər hər şeyi ortaya
qoydu.
Acıq deməliyik ki, istintaq səhvlərinə
də yol verildi. Amma şikayətlər əsasında verilən bəraitlərin açımında konkret
vurğulandı ki, buraxılan səhvlər istitaq aparanlardan çox xəyanətkarların
bədxahlığından törənmişdi. Necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş
axtarır” adlı ictimai fikir fəlsəfəsinə ciddi məhəl qoyulsaydı, o səhvlərə yol
verilməzdi. Xəyanət yeni xəyanət doğurdu. Hədər yerə haqlar haqsızlıq içində
boğuldu. Verilən məlumatlara görə 16 nəfər xainimiz öz cəzasını həbsxana
həyatında çəkməkdədir. Onların xəyanət əməlləri ictimaiyyətə yaxşı məlumdur. Özləri
də etiraf edirlər ki, vətən savaşında xainlik etməklə ən ağır cinayət törətmişlər.
Amma bir millət təəssübkeşi, bir müharibə veteranı və bir ədalətli bəşər övladı
olaraq demək istəyirəm ki, onların ata-analarını, bacı-qardaşlarını, o cümlədən
qohum-əqrəbasını biz heç bir halda hədəfə almamalıyıq. Hər kəs öz xainliyinin
cəzasına təklikdə məhkumdur. Xain xainliyin qurbanı olmalıdır. Onlar insanlıq
yolunda azmış nakəslərdir. Demək olar ki, bütün dünya savaşlarında belə namərd
əməllər həmişə təkrarlanıb. Lakin vətən qapısı bütün ölkələrdə xainlərin üzünə
bağlı saxlanılır. Sizcə, o qapı haçansa, açıla bilərmi?! Tam inanırıq ki, bu
ağır çözümlü məntiqə uyğun olaraq verilən suala heç kimdən müsbət cavab
eşitmərik. O qapı onların üzünə yox, yalnız izdihamsız bir halda torpağa
gömülən iyrənc tabutlarına açıla bilər.
İbrahim MƏSİMOĞLU,
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий