“ MƏN CƏSUR DÖYÜŞÇÜ VURĞUNUYAM “


                                                   
                             

          Hərbçi xarakteri özünə inam olmadan güclü ola bilməz. Güvənc hissi bu xarakteri məğlubedilməz axara salır. Bəs, hərbçi həyatında ən çətin sayılan məsələ nədən ibarətdir? Qəfil verdiyim bu suala ehtiyatda olan polkovnik-leytenant Xəyyam Həsənov bir qədər ləng cavab versə də, gözlədiyim fikirlər onun qısa açıqlamasında aydın şəkildə öz əksini tapdı. Xəyyam hərbçi olmağın cavabdehlik məqamlarını bir-bir sadalayaraq sözlərini belə tamamladı: “ Hərbçi həyatında asan olan nə var ki?! Lakin biz çətinliklərə dözə bildiyimizə və vətən şərəfini həyatımızdan uca tutduğumuza görə hərbçi olmuşuq!”
         Zabit Xəyyam Şahsuvar oğlu Həsənov əsl peşəkar hərbçi həyatı yaşasa da, onun ixtisas təhsili və orduya gedən yolu müəyyən qədər fərqlidir. 1975-ci ildə doğma Zəngilan torpağında 2 nömrəli şəhər orta məktəbini bitirdikdən sonra Ukraynanın Dnepropetrovsk şəhərində Metallurgiya İnstutuna qəbul edilən bu 17 yaşlı gənc öz yaşıdları kimi çox sevinmirdi. Çünki qəbul imtahanlarından uğurla keçərək müvəffəqiyyət qazansa da, taleyindən razı deyildi. Bir fərd olaraq cəmiyyətdə özünü təsdiqetmə imkanı onu digər daha çətin sınaqlara doğru çəkirdi. Bu Xəyyamın daxili meyarından doğan bir narahatlıq idi. O, öz qəlbinin qəbul etmədiyi yolları tədricən qapandırdı. Metallurgiya İnstitutunda ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra  Sumqayıt boru-yayma zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlasa da, şəhər hərbi komissarlığına müraciət edərək zabit kimi həqiqi hərbi xidmətə getmək istədiyini bildirmişdir. Lakin onun bu müraciətinə “yox” deyilmişdir. Xəyyam əllərini yanına salmadan növbəti dəfə sovet əyyamında ictimai nüfuzu ilə çox oxunan “Kosomolskaya pravda” qəzetinə öz istəyi barədə məktub göndərmişdir. Beləliklə Moskvadan verilən əmranə göstəriş respublika hərbi komissarlığı tərəfindən sözsüz yerinə yetirilmişdir.
            Doğrudan da, hər kəs öz qismətinə layiqdir. Zabit Xəyyam Həsənov 1981-ci ildə öz arzusu ilə həqiqi hərbi xidmətə çağırılmış və Zaqafqaziya Hərbi Dairəsində tank taqım komandiri vəzifəsində müqəddəs hərbçilik həyatına qədəm basmışdır. Ruhuna uyğun sahədə inkişafın təməl daşlarını ilk gündən etibarən elə qoymuşdu ki, komandanlıq onu Əfqanıstan döyüşlərinə göndərmək qərarına gəlmişdi. Sanki bu göndəriş Xəyyama  taleyin verdiyi xeyirli bir fürsət idi ki, gələcəkdə müstəqil Azərbaycanımızın müdafiəsi üçün döyüş təcrübəsi qazansın. Bu döyüş sınaqları cəmi-cümlətanı 2 il çəksə də, Sovet Qoşunları tərkibində neçə-neçə millət nümayəndələri arasında cəsur eloğlumuz əsl qəhrəmanlıq nümunələri göstərmiş və  “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
            Gərgin Əfqanıstan döyüşlərindən sonra zabit Xəyyam Həsənov 1985-ci ildən etibarən yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanlığının sərəncamına verilmiş və hərbi xidmətini tank bölüyünün komandiri vəzifəsində davam etdirmişdir. O, qəfil məqamda dürüst qərar qəbul etməyi və  öz qərarlarına hörmət etməyi bacaran layiqli hərbçi kimi yetişmişdi. Üstəlik Əfqanıstan savaşı ona yaşıdlarını təcrübədə qabaqlamaq şansı vermişdi. İnkişaf çəhətlərini nəzərə alaraq yuxarı komandanlıq Xəyyamı diqqət mərkəzinə çəkərək onu Varşava Müqaviləsinə əsasən Almaniyada fəaliyyət göstərən Qərbi Qoşun Qrupu daxilində xidmət etməyə göndərmişdir.
            Doğrudan da, ürəkdən çəkilən zəhmət həyat çırağının yanacağını daim artırır, dinamik və sağlam düşüncə isə onu sönməyə qoymur. Alman torpağında keçən hərbi həyat onun təcrübə arsenalını daha da zənginləşdirdi. Nəhayət, zaman öz sözünü dedi. Dövlətimiz müstəqillik qazandı və xalqımızın bu nailiyyətini gözü götürməyən qara qüvvələr Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini daha da qızışdıraraq torpaqlarımızın bir hissəsinin işğal edilməsinə şərait yaratdılar. Bu ağır dərd Xəyyamın da qəlbini yaraladı və o öz arzusu ilə Azərbaycana qayıdaraq yeni yaradılan ordumuzun 701 saylı hərbi hissəsində tank tabor komandiri kimi erməni işğalçılarına qarşı aparılan qanlı-qadalı döyüşlərə atıldı.
            Ən yaxın silahdaşı zabit Xaliq Vəliyevin döyüş xatirələrindən:
          – 1994-cü ilin çox şaxtalı  yanvar ayı idi. Murovdağın Ömər aşırımından başlanan uğurlu həmləmiz davam edirdi. Yanvarın 14-də taborumuza məsul tapşırıq verilmişdi. Mən xeyli darıxdırıcı dəqiqələr yaşayırdım. Çünki tabor komandirimiz mayor Xəyyam Həsənov iki gün əvvəl təminat məsələləri ilə bağlı təcili surətdə Bakıya getmişdi. Bu gün qayıtmaq üzrə idi. Açığı, qərargah rəisi kimi bütün məsuliyyət mənim üzərimə qoyulduğuna və təcrübəli tank heyətimiz az olduğuna görə çox narahatlıq keçirirdim. Cəmi altı tankla hücuma keçmişdik. Necə deyim, vəzifəmə uyğun olmasa da, adətimiz üzrə tuşlayıcı vəzifəsində döyüşə girmişdim. Sürücü-mexanikim Zahir Kərimov idi. Tank komandiri postuna Kamil Mustafayevi təyin etmişdim. Səhər tezdən düşmənin bağrını qana bulamışdıq. Uca dağların qoynunda atəş səsləri bir-birinə qarışmışdı. Sanki torpağın əsl sahibini görən dağların üzü gülürdü. Meydançayın hər iki tərəfi murdar erməni meyitləri ilə dolu idi. Dığaların içinə elə vəlvələ salmışdıq ki, çoxu qaçmağa üz qoymuşdu. Birdən rabitəmiz səsləndi. “Robot–1 mən Robotam” sözlərini eşidən zaman hədsiz  ruhlandım.  Doğma  səsin  hərarəti  qəlbimə  yayıldı. Bu  Xəyyamın  çağırışı  idi: ”Arxaya bax, dalınca gəlirəm, ehtiyatlı ol “ sözlərini ondan eşidərkən gücümə yeni güc gəldi. Mərmiləri boş yerə xərcləmirdik. Xəyyam daha əlveişli mövqe tutaraq düşmənin iki avtomobil texnikasını darmadağın etdi. Əməliyyat meydanında görünmək təhlükəli idi. Lakin Əfqanıstan savaşının bəzi məqamlarını bu döyüşlərdə yaşayan zaman Xəyyam bəzən fikirləşmədən qərar qəbul edirdi. Cünki belə qərarların icra nəticələri ona öz təcrübəsinə görə yaxşı bəlli idi. Bu səbəbdəndir ki, biz piyadalarımızın Yanşaq kəndinə doğru uğurlu hücum  yollarını yaxşı himayə edə bildik. Ümumiyyətlə, döyüşdə həyəcan yaşamaq adi hal sayılır. Hər halda gərək ürəyin coşan həyəcanına çox fikir verməyəsən. Ürək at belinə çıxıb atlandıqca onun doğurduğu qorxu sənə yavaş-yavaş güc gəlir. Səmimi sözümdür. Mən döyüşdə Xəyyamla bir sırada olanda ürəyim sözün həqiqi mənasında kef eləyirdi...
Zabit Xəyyam Həsənov milli ordumuzun inkişafında  xüsusi xidməti olan yetkin bir tankçıdır. Sual oluna bilər: Niyə bu fikri qətiyyətli inamla deyirəm. Əvvəla, Xəyyam döyüşçü yoldaşımdır. Sadə və mehriban xasiyyətə malik olan bu zabitin peşəkar əməllərini gözümlə görmüşəm. İkincisi, hər bir hərbçinin yetkinliyi keşməkeşli xidmət ərzində zərrə-zərrə əldə edilən biliyi, qazanılan vərdişləri, hünərvər bacarığı və zəngin təcrübəsi hesabına hasilə gəlir. Bu igid zabitin hərbi bilik diapazonu çoxşaxəlidir. Bu səbəbdən onun bütün silahdaşları birmənalı şəkildə deyirlər ki, tankçılıqda Xəyyamdan ötrü qaranlıq nöqtə yoxdur. Xəyyamın bu göstəriciləri həqiqətən göz dəyiləsi bir haldadır. Onun qabiliyyəti hesabına Müdafiə Nazirliyi sistemində xeyli tankçı kadrları yetişmişdir. Təkcə təcrübəli tankçı kimi yox, ali təhsilli peşəkar metallurq kimi X.Həsənov təmir üçün ayrılan  zirehli texnikaların, zəruri məmulat və ehtiyat hissələrinin içərisində bu və ya digər tez gözə dəyməyən defektli cəhətləri vaxtında aşkarladığına görə neçə-neçə ehtimal edilən qəzanın qarşısı qabaqcadan alınmışdır.
           ... 1992-ci il oktyabrın 18-də səhər tezdən başlayaraq əvvəlki iki günə nisbətən Xəyyam Həsənovun ürək ritmi öz normal ahəngini dəyişmirdi. Dəqiqələr onun üçün yüngülcə ötürdü. Hocaz dağına arxayın yiyəlik edirdik. Briqadanın əsas qüvvələri təzəcə geri qaytarılmış Hocaz dağında müdafiə mövqelərində möhkəmlənərək Laçın rayon mərkəzinin azad olunması istiqamətində hazırlıq tədbirlərini yerinə yetirirdilər. Axşam  komandir heyəti təcili surətdə müşavirəyə çağırıldı. Hocaz dağında yerləşən qüvvələrə rəhbərlik edən kapitan Çingiz  Əliyev düşmənin səhər tezdən möqelərimizə hücum planlaşdırdığı barədə əldə olunmuş kəşfiyyat məlumatlarını və müdafiənin möhkəmləndirilməsi ilə bağlı komandanlığın verdiyi tapşırıqları bizə çatdırdı. Xəyyam bu xəbəri sakit və layiq olduğu tərzdə qarşıladı. O, tankçılara mövcud durumu izah edərək bəzi məqamları müqayisəli təhlil etdi. Axırda qətiyyətlə dedi ki, “biz Hocazı murdar erməni nəfəsindən təmizləmişik və Laçın rayonu tam əlimizə keçməlidir. Sinəsi dağlı  yurd-yuvamız  daşnak ermənilərdə qalmamalıdır! Ümidsizlik bizə haramdır! Bizə şəhadət, düşmənə gəbərmək düşər?!” Bu sözləri Xəyyam elə sərt ifadə etdi ki, bütün tankçı əsgərlərin içinə cəsarət dolu intiqam havası doldu.
`           Hocaz dağında müdafiədə duran tanklara döyüş tapşırıqlarını verdikdən sonra tank taborunun qərargah rəisi baş leytenant Xaliq Vəliyevlə məsləhətləşərək onunla birgə tank heyəti kimi düşmənin zirehli döyüş texnikalarına qarşı pusqu qurmaq qərarına gəldi. Bu məqsədlə Xəyyam, Xaliq və Vüqar bir heyət olaraq tankı gecə ikən Hocaz dağının ən yüksək nöqtəsinə qaldırdılar. Laçın rayon polis şöbəsinin əməkdaşı baş leytenant Rəfail ərazini qarış-qarış yaxşı tanıdığına görə onlara bələdçilik etdi. Döyüş mövqeyi həm münasib yerdə seçilmiş, həm də ustalıqla maskalanmışdı. Atəş sektorunu, oriyentirləri və mühüm istiqamətləri dəqiqləşdirən Xəyyam özünü arxayın hiss edirdi: ”Laçın rayonu istiqamətindən Hocaza gələn yeganə yol tutduğumuz mövqedən aşağıda olduğuna görə tam bizim nəzarətimiz altındadır. Mövqeyimiz çox əlverişlidir. Düşməni qəfil zərbə ilə məhv edəcəyik.”
            Oktyabrin 19-da səhər saat 09.00 radələrində güclü artilleriya hazırlığından sonra düşmənin Hocaz dağına hücumu başladı. 4 ədəd Mİ-24 markalı döyüş vertolyotları düşmənə havadan dəstək verirdi. Dağın üzərindən onların bir neçə dəfə uçuş etməsinə və yüksəklikdə mövqe tutan bölmələrimizi atəşə tutmasına baxmayaraq orada bizim tankı aşkar edə bilmədilər. Qızğın döyüş getsə də, düşmən zirehli tank texnikalarından hələ  istifadə etmirdi. Yerimizin aşkarlanmaması üçün həmin müddət ərzində Xəyyamgil tərəfindən yalnız müşahidə işi aparıldı. 10 dəqiqədən sonra düşmənin 3 ədəd tankı və 1 ədəd piyada döyüş maşını üzə çıxdı. Onlar nəzarətimizdə olan yol ilə hərəkət edərək bizə təqribən 4 km qalmış dayandılar. Sonra tanklardan biri atəş aça-aça həkətini davam etdirməyə başladı. Bu məqamda Xəyyam öz komandasını verdi: ”Mühərriki işə salın, indi söz bizimdir!” Əvvəlcə tank maskalanmadan azad edildi. Sonra mühərrik və silahları idarəetmə sistemi işə salındı.
       Düşmən tankı seçdiyimiz nöqtəyə yaxınlaşanda tankımız gizləndiyi yerdən atəş mövqeyinə çıxdı. Xəyyamgil yan tərəfdən müşahidəmizi davam etdirərək atəş fürsətini gözləyirdi. Düşmən tankı piyadaları ilə yanaşı atəş aça–aça irəli gedirdi. Onlar nəzərdə tutulan nöqtəyə çatan kimi tankçılarımız atəş açdılar. Birinci mərmi hədəfdən azacıq yan keçdi, lakin ikinci mərmi erməni tankçılarını yerindəcə susdurdu. Tank partlayaraq yanmağa başladı. Düşmən yerimizi bilməsə də, Xəyyam geri çəkilmək komandasını verdi. O, tankdan düşərək müşahidə aparır və əlverişli məqam arayırdı. Təxminən beş dəqiqə sonra 2-ci erməni tankı yavaş-yavaş gələrək yanan digər tanka çatanda Xəyyam xüsusi işarə ilə “irəli” komandasını verdi və Xaliq Vəliyev onu da oda bələdi. Əfsus ki, iki tank itirən düşmən tərəf rabitə tezliyimizə girərək şərti adımızı öyrəndikdən sonra hiylə yolu ilə tankçılarımızı bir anlığa aldatmış və rus dilində “Robot irəli” komandası ilə bizi qabağa çıxarmağa  müvəffəq olmuşdur. Bu zaman pusquda duran düşmən bizim tankı vurmaq şansı qazanmışdır. Tankın içində yanğına məruz qalan Xaliq və Vüqarı çətinliklə olsa da, Xəyyam özü söndürə bilmişdir...
            Xəyyam Həsənovun mənəvi yetkinliyinə də söz ola bilməz. O, zabit şərəf və ləyaqətinin nə qədər müqəddəs xarakter daşıdığını dərindən anlayan və öz xidməti əməllərində bu dəyərləri qoruyaraq alicənab bir tərzdə yaşadan hərbçi kimi  daim sevilməkdədir. Xəyyamın şərəfli zabit taleyinin bəzən yüksələn, bəzən isə azalan zaman məsafələrində nisbi bir meyar gözlənilir. Bu meyarın dayaq nöqtəsi heç vaxt  yox olan deyil.
            Xəyyamın öz əsgərinə olan rəğbəti və etibarı ayrıca təqdir edilməyə dəyər. Bu xüsusiyyətinə görə ötən Qarabağ savaşında çox həyəcan yaşamışdır. Bəzən həyəcan selinin sərhədi bilinmirdi. Həyəcanının şiddəti qəlbini yerindən qopardacaq bir həddə qədər  yüksəlsə də, heç bir əsgərini yaddan çıxarmırdı. Ağır hərbi əməliyyat zamanı tankçılarla bağlı hər hansı itki xəbərinin, uğursuz həmlənin acı nəticələrinin müjdəçisi olmağı özünə rəva bilməyən bir tank taborunun komandiri kimi öz tankçılarına hər cür taktiki biclikləri öyrədir və onları qorxmaz bir qüvvəyə çevirirdi:
            – Mən cəsur döyüşçü vurğunuyam. Bu  mənada taleyimdən narazı deyiləm. İstər Əfqanıstan, istərsə də Qarabağ savaşlarında yaxşı əsgər sarıdan problem yaşamamışam. Zəiflər də rastıma gəlmişlər. Lakin onlara elə cəsarət dərsi keçmişik ki, qısa zaman içərisində tamam dəyişərək cəsurların sırasında durmuşlar. Mən təmtəraqlı sözlərin yox, mərdanə görülən işlərin tərəfdarıyam. Döyüşdə tankçı öz zirehli texnikası kimi cəsur olmalıdır. Belə bir reallığı da danmaq olmaz: cəsurluq bəzən həqiqi, bəzən də yalançı bir biçimdə təzahür edir. Döyüşün ağrı-acısını hələ yaşamamış bəzi gənc əsgərlərə xas olan təkəbbür cəsurluq deyil. Cəsurluğun real mənəvi bazası yoxdursa,  yalnız dil cəsurluğu hesabına kimisə arxayın etmək olmaz. Döyüşçü komandir həmişə tədbirli olmalı, əməllərini soyuqqanlı və ehtiyatla götür-qoy etməlidir. Əgər sən sərt və lovğa olsan, sənə heç kim rəğbət bəsləməyəcək. Əsgərin qəlb evinə qardaş kimi qonaq gələn komandir daimi əminlik sahibi olar. Komandirin dəyəri – tabelikdə olan əsgərlərin ona yönəlmiş səmimi münasibət və rəğbətinin ölçüsü qədərdir. Bu məqamda qorxuya baş əyməyərək mənfur düşmənə tutarlı zərbələr endirən bəzi tankçı zabit və əsgərlərimin adını sadalamaq istəyirəm: tovuzlu Xaliq Vəliyev, mingəçevirli Rasim Nağıyev, yevlaxlı Cəfər Əmirov, qaxlı Səməd Orucov, göyçəli Afiq Məmmədov, gədəbəyli İsmayıl Allahverdiyev,  gəncəli Şamil Ələsgərov, qəbələli Ağası Zülfüqarov, qazaxlı Zahir Kərimov, şuşalı Ramiz Ağayev, sabirabadlı Akif Cavadov, füzulili Təvəkkül Soltanov, qəbələli İlham Abdullayev və başqaları.
            Tank tabor komandiri postundan  briqada komandirinin müavini vəzifəsinədək yüksələn zabit Xəyyam Həsənov  Laçın, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə üstün komandirlik keyfiyyətləri ilə fərqlənmiş və atəşkəs elan edildikdən sonra 1994-2000-ci illərdə Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsində müvəffəqiyyətlə xidmət göstərmişdir. Daha sonra 7 il hərbi hissə komandiri kimi məsul bir vəzifəni bacarıqla yerinə yetirmiş və 2008-ci ildə ehtiyata buraxılanadək Siahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində öz ixtisası üzrə müəllimlik etmişdir.
            Sual olunur: ömrünün 59-cu baharını yaşayan zabit Xəyyam Həsənov yenidən yaşamalı olsaydı, şəxsi həyatını necə qurardı? Bəli, bu günümüzün çox təcrübəli və vüqarlı müharibə veteranından öz yaşam fəlsəfəsinə uyğun nikbin cavab alırıq: “Yenə zabit olardım. Axı, zabitlik hədsiz dərəcədə şərəf gətirən bir peşədir...”  
                                                                                
                                                                           İbrahim MƏSİMOĞLU





Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”