AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR



Torpağın dəyişməz təbiəti insanlığa yaxşı bəllidir. Hər əkilən gül öz vədəsində solur. İnsan qəlbində əkilən güllər isə heç vaxt solmur. Doğma yurd savaşı veteranları üçün həmin qəbildən olan güllər əziz və unudulmaz səngər dostlarıdır. Onlar müqəddəs bir dünyanın sahibi və əvəzedilməz könül dayaqlarıdır. Bu gün cəsur səngər qardaşım Pyotr Kuvşinovdan söz açmaq istəyirəm.
       Pyotr canı və qanı ilə Azərbaycanımıza bağlanmış qeyrətli Bakı rusudur. Əksər hallarda onu “azərbaycanlı Pyotr” deyə səsləyirəm. Bu, səbəbsiz deyil. Pyotr məmləkətimizin adi vətəndaşı sayılmır. Uzun illər Qırmızıbayraqlı Xəzər Donanmasının idman klubunda su polosu ilə məşğul olan Pyotr “KKF”in heyətində çempion olmuşdur. SSRİ Silahlı Qüvvələrinin kubok sahibi kimi dəfələrlə ölkə çempionatında yüksək yerlər tutmuşdur. SSRİ xalqlarının spartakiadasında xüsusi fəallıq göstərmiş və idman sahəsində əldə etdiyi yüksək müvəffəqiyyətlərə görə Azərbaycan rəhbərliyinin diqqətindən heç vaxt kənarda qalmamışdır. Daim ehtiram mərkəzi olaraq Azərbaycan məmləkətinin şərəfini uca tutmasına görə hamı tərəfindən səmimi bir şəkildə sevilmişdir.
        Gizir Pyotr Kuvşinov 1992-ci ilin avqust ayından etibarən könüllü olaraq erməni işğalçılarına qarşı döyüşlərə atılmışdır. Milli hərb tariximizdə tanınmış 1-ci taborun igidlərindən biridir. Döyüşlərdə əyilməz döyüşçü xarakteri ilə seçilən bu gizirə briqadamızın fədakar komissarı İntiqam Mirzəyev tərəfindən “Polad” ləqəbi verilmişdi. Səngər tariximizdə onunla bağlı yazımdan çox maraqlı bir sitat gətirmək istəyirəm:
    “...Mən Azərbaycan ordusunun könüllü döyüşçüsüyəm. Öz Vətənimin azadlığı uğrunda vuruşuram.
    - Bunu necə başa düşək? Axı sən russan!
    - 1957-ci ildə Bakı şəhərində doğulmuşam. Atam Anatoli, anam İvetta da bakılıdır. Dədə-babamız bu torpağın çörəyini yeyib, biz də. Demək, onu müdafiə etməyə borcluyuq.
    - Səngər ömrü səni bezikdirmir?
    - Bezikdirsə də, torpağımız düşməndən təmizlənənədək hər cür əzab-əziyyətə dözməliyik.
      - Sən qorxmursan ki, döyüşməyin barədə qəzetdə yazaram, bütün Rusiya səndən xəbər tutar?!
      - Mən bu barədə fikirləşmirəm. Qətiyyətlə bildirirəm: mən Azərbaycan rusuyam və öz ana yurdumu müdafiə etməyi özümə şərəf hesab edirəm”.
       Bu dialoq 1994-cü ilin ilk günlərində Murovdağda uğurlu döyüşlərimiz gedən zaman “İzvestiya” qəzetinin müxbiri ilə “N” bölüyünün texniki, gizir Pyotr Kuvşinov arasında olub. Yaxşı xatırlayıram: qaşınmayan yerdən qan çıxartmağa, milli ədavəti qızışdırmağa həvəsli olan Rusiya müxbiri azərbaycanlı rusun dönməz və mətin mənəviyyatı qarşısında necə aciz göründü. Təəssüf ki, bu söhbət barədə “İzvestiya”nın nə cür yazı verdiyini izləyə bilmədim. Lakin mənim gözümdə Pyotr dağ kimi əzəmətləşdi.
         ... Murovdağda düşmənin ən güclü postları ayazlı-şaxtalı bir günün içində məhv edilmişdi. Yüksək döyüş əzmi, qələbəlik ruhu yaranmışdı. Axşamçağı idi. Yorğun döyüşçülər bir-birinə söykənib yuxulayırdılar. Səhər düşmən üzərinə hərtərəfli həmlə etmək planı hazırlanırdı. Pyotrun yuxusu gəlmirdi. Fikirli-fikirli siqaret çəkirdi. Gözlənilmədən sağ cinahdan bir güllə səsi gəldi. Axşamın əndişəli sakitliyində bu qəfil səs yaman əks-səda verdi. Pyotr ani olaraq hiss etdi ki, ayağına nəsə dəydi. Əyilib çəkməsinin iplərini açdı. Ağrını duydu. Gördü ki, güllə ayağını zədələyib. Amma bilmədi ki, bu “ağılsız” güllə istiqamətini hara dəyişib. Bərdəli Musa Vəliyevin ağrılı-ağrılı ufuldadığını görən Pyotr ayağını unudub özünü Musanın üstünə atdı:
       - Musa, nə oldu? Hara dəydi? Cavab ver!
        Lakin Pyotrun ayağına dəyib istiqamətini dəyişən güllə Musanın həyatına son qoymuşdu. Pyotrun ürəyini parçalayan da hadisənin bu yolla baş verməsi idi.
       - Kaş güllə mənim ayağımı dağıdaydı, amma bölüyümüzün pəhləvanı Musaya heç nə olmayaydı!.. – Pyotrun gözləri doldu.
       Pyotr Musaya yaxşı bələd idi. O, gülləyə baş əyən oğul deyildi. Ona görə ayağından qan axsa da, döyüşçü yoldaşını aparmağı öz üzərinə götürdü. Göz yaşını silə-silə, ayağını çəkə-çəkə qabağa durdu. Axsadığını görən əsgərlər onunla razı olmadılar...
       1992-ci il avqustun 25-dən – cəbhəyə gəldiyi gündən Vətənə sədaqətlə xidmət edən bizim Pyotr belə Pyotrdur. Cəsur döyüşçü kimi biz onunla həmişə fəxr duyuruq.
       Cəsur gizirimiz Pyotr Kuvşinov Azərbaycan Ordusunun ilk təməl daşını qoyan motoatıcı briqadanın tərkibində Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Füzuli, Ağdam, Tərtər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Erməni dığalarına divan tutulan uğurlu hərbi əməliyyatlarda öz fədakar əməlləri ilə fərqlənmiş və iki dəfə ağır yaralanmışdır. Onurğa nayihəsindən aldığı ağır qəlpə yaralarına görə üç ay müalicə olunduqdan sonra yenə cəbhəyə qayıtmışdır.
       1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından tərxis olunan səngər qardaşımız yenə öz sevimli idman həyatına qayıtmışdır. Mətin müharibə əlili olaraq hazırda Bakı Ali Neft Məktəbində bədən tərbiyəsi kafedrasının baş müəllimi vəzifəsini də şərəflə daşıyır. Su polosu üzrə idman ustası olduğuna görə 2017-ci ilin İslam oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilmiş və layiqli nəticələr qazanmışdır.
                                                                                                   İbrahim MƏSİMOĞLU


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”