DÖYÜŞ PƏHLƏVANI





Vətənin, doğma torpağın qədri barədə bəlağətli sözlər işlətməyə nə var! Qeyrətli oğul odur ki, gündəlik fəaliyyətində çörəyini yediyi yurdun azadlığı uğrunda canını qoysun, özünü fəda etsin. Tarixi yaddaşımızın gözünü heç kim örtə bilməz. Vaxt gələcək, qələbə çalacağıq. Fəxri kürsülərə çıxıb öz pəhləvanlığı ilə öyünən “bahadırlar”ımız qələbəmizdə şəxsi payı olmadığına görə baş qaldırıb qürurla gəzə bilməyəcəklər. Belələrinə “N” hərbi hissəsinin zabiti, məmləkətimizin məşhur pəhləvanı leytenant Rasim Məmmədnəbi oğlu Abdullayev indidən öz hünərli sözünü deyir: “Kim güclüdürsə, öz gücünü həqiqi döyüş meydanında sınamalıdır. Bu gün o pəhləvana mən pəhləvan demirəm ki, torpağı işğal altında ola-ola gedib hansısa bir idarə başçısının canqoruyanı olsun, ya da polis postunda durub gün keçirsin. Milləti dərbədər olmuş pəhləvan səngərə girməyibsə, başına papaq qoymağa haqqı çatmır”.
Daşqaldırma üzrə birinci və ikinci respublika spartakiadalarının qalibi, milli pəhləvanlarımızın Şuşa festivallarının laureatı olan Rasim cəbhəyə getməzdən əvvəl “Məhsul” kənd könüllü bədən tərbiyəsi və idman cəmiyyəti Göyçay rayon təşkilatında təlimatçı işləyirdi. Axırıncı Şuşa festivalından sonra Xankəndi yaxınlığında düşmən gülləsi dəyməsin deyə, onu zirehli döyüş maşını içərisində evə yola salarkən az qaldı ki, ürəyi dayansın: “Xalqım qan ağlayır, mən də festivalda pəhləvanlıqmı edim? Bu hansı kişiliyə sığar?”. Evdə anası nə qədər dil-ağız elədisə, kara gəlmədi. Rasim könüllü olaraq cəbhəyə yollandı. Naəlac qalan ana xeyir-dua verdi: “Get, mənim balam, Allah köməyin olsun!”.
Nə ali, nə də hərbi təhsili olan Rasim iki ay təlim keçdi. Motoatıcı qrupa komandir təyin edildi. Turşsuya getdi. İlk sınaq, ilk döyüş səhnəsi. Təşviş hissi, ölüm təhlükəsi, düşmən texnikasının vahiməsi pəhləvan cüssəsində dərhal əriyirdi. Düşmənin pusqu yerlərini izləyə-izləyə əzəmətli Böyük Kirs dağına çıxdılar. Düşmən Kiçik Kirsdə mövqe tutmuşdu. Əldə edilən məlumatlar operativ olaraq komandirə çatdırıldı. Axşam çağı onlar düşmənlə üz-üzə gəldilər. Rasimgilin mütəşəkkilliyi, səmərəli manevrləri döyüşü asanlaşdırdı. Qarın əriməsindən yollar, cığırlar palçığa dönsə də, igidlərimiz hər çətinliyə mətanətlə dözərək işğalçılara möhkəm zərbə vurdular. Çaş-baş qalmış düşmən ağır itki verdi.
Motoatıcı dəstənin komandiri ilk əməliyyatda öz pəhləvanlığını, döyüş şücaətini parlaq surətdə sübuta yetirən Rasimə təşəkkür elan etdi. Ona “leytenant” hərbi rütbəsi verilməsi barədə kadrlar idarəsinə təqdimat hazırlamağı tapşırdı. Bu, cəsur Rasimin halal qisməti idi. Aldı və mənən ucaldı. Yarış pəhləvanı döyüş pəhləvanı kimi tanındı.
Rasim Azərbaycan ordusunun ilk irimiqyaslı döyüş əməliyyatının ən fəal iştirakçısı olub. Bu, nankor qonşumuzla savaş tariximizə qızıl xətlə yazılan Goranboy əməliyyatıdır. Həmin döyüş ruhunun, qələbə əzminin işartıları indi də Rasimin qəlbini işıqlandırmaqdadır.
Goranboy əməliyyatından bir yarpaq döyüş xatirəsi:
- 1992-ci il iyunun 14-də Sarısuya çatdıq. Komandirimiz F. Şabanovun rəhbərliyi altında səhər saat 8-də Bala Canbaz dağına hücum başlandı. Artilleriya atışlarından sonra dəstəmiz düşmən üzərinə şığıdı. Ortada mən gedirdim. Sol cinahda gizir Elşad Çəndirli, sağ cinahda isə baş leytenant Davud Əzizov irəliləyirdi. Düşmən möhkəm müqavimət göstərirdi. Göydən başımıza od-alov yağsa da, yaralansaq da, yerimizdən tərpənmədik. Ara-sıra cavab atəşi açdıq. Mən qəti hücuma keçmək üçün hədəfi tam aşkar etdim. Ratsiya ilə arxaya xəbər göndərdim ki, minaatanlar işə düşsün. Birinci atılan mina göydə yana-yana gedərkən yarı yolda sönüb yanımıza düşdü. Bəxtimiz gətirdi ki, partlamadı. Döyüşçülərimizin məyus olduğunu görən kimi qərarımı dəyişdim: “Yalnız sürünə-sürünə irəli getməli!”. Hamı əmrə tabe oldu və cürətləndi. Düşmən bizim dönməzliyimizi görüb dəhşətə gəldi. Erməni vay-vayı ətrafı bürüdü. Bir-bir geri qaçmağa başladılar. Düşmən səngərinə birinci mən düşdüm. Çox çəkmədi ki, döyüş bizim xeyrimizə qızışdı. Murdar erməni döyüşçülərinin çoxu sinədən yox, arxadan güllələndi. Namərdliklərini bu döyüşdə yaxşı ağartdılar. Dəyanətli əsgərlərlə Bala Canbazı aldıq. İki şəhid verdik. 4 nəfərimiz minaya düşüb kontuziya oldu. Döyüşdən sonra heç kim azacıq nəfəs almaq, dincəlmək istəmədi. Əvvəla, düşmənə tənəffüs vermək olmazdı. İkincisi, hər tərəfdən şad xəbər alırdıq. Ən cəsarətsiz əsgərimizə belə sürünmək komandası verilsə də, ayaq üstə addımlayırdı. Qorxu xofu hamının canından çıxmışdı. Gülüstan kəndini mühasirə ilə ələ keçirdik. 40-a qədər erməni döyüşçüsünü əsir tutduq. O qədər hərbi qənimət əldə etdik ki, gəl görəsən. Bax, əsl qələbə döyüşü onda idi... Talış kəndinə doğru əsgər yoldaşım Ələsgər Məmmədovla irəlilədim. Hər ikimiz cəld və düzgün istiqamət seçməyi yaxşı bacarırdıq. Birdən gördük ki, ağaclıqdan bir PDM-in lüləsi bizə tərəf tuşlanıb. Ətrafından erməni səsləri yayılırdı. Hiyləyə əl atdıq. Avtomatla atəş açıb yerimizi dəyişdik və dəstəmizi köməyə çağırdıq. Heç beş dəqiqə çəkmədi ki, düşməni mühasirəyə aldıq. Mən komanda verdim ki, təslim olun, sizi əsir kimi dəyişəcəyik. Lakin tabe olmadılar. Atışma başlayan kimi erməni cavanları geri qaçdılar. Yaxınlaşıb nə görsək yaxşıdır, bir ədəd “MAZ” markalı maşın palçığa batmışdı. Həm içi, həm də üstü arvad-uşaqla dolu idi. Hirsimdən özümü saxlaya bilmədim. Ana-bacısını, uşağını qoyub qaçan namərdlərə söydüm: “Tüpürüm sizin kişiliyinizə! - dedim- “MAZ”ın yanında qalmış avtobusun içərisində isə qana bulanmış bələkli erməni uşağını görəndə lap dəhşətə gəldim, nitqim qurudu. Özü ilə apara bilməyən ata (əgər ona belə demək mümkünsə) öz körpəsinin ürəyinə bıçaq sancmışdı...
Qanlı bələyə baxa bilmirdim. Bütün dünyaya öz mənəvi paklığından, qədim mədəniyyətindən, yazıqlığından haray salan erməni atasının mənəviyyatı budurmu?! Kim bilir, bəlkə də, həmin əclaf ata öz körpəsinə göstərdiyi xəyanəti bizim ayağımıza yazıbdı. Bu, mənəvi alçaqlıqdır!
Rasim Goranboy əməliyyatında 8 kəndin və üç yüksəkliyin alınmasında mərdliklə döyüşüb. Bir ədəd düşmən tankını 30 metrlik məsafədən vuraraq sıradan çıxarıb, 1 ədəd yüz millimetrlik topu və bir ədəd PDM-i hərbi qənimət kimi döyüşdə ələ keçirib. Onunla birgə döyüşə gedən, əsgər süfrəsində çörək yeyən, səngərə atılan silahdaşları şəkk-şübhə etmədən deyirlər: “Pəhləvan belə olar. Yarışda da, döyüşdə də əsl milli bahadırımızdır. Anasının südü, atasının çörəyi halal olsun Rasimə!”.
Leytenant Rasim Abdullayev bir ay əvvəl “N” hərbi hissəsinin fiziki hazırlıq və idman işləri üzrə rəisi təyin edilsə də, komandirlərin qarşısında öz sözünü inadla deyib: “Hansı vəzifə verilsə də, döyüş mövqeyinin ön sırası mənim yerim olacaq. Xain düşmənə ilk güllə atan, onun gözünü çıxardan mən özüm olacağam”.
Son zamanlar Rasim öz pəhləvanlıq vərdişlərini itirməmək üçün asudə vaxtında hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edir və özünə ehtiyat qüvvə toplayır. Rasim 32 kiloqramlıq daşlarla təkrarolunmaz tryuklar göstərir, dəmir zənciri məharətlə dartıb qırır, armaturu əyib qoluna dolayır, əks tərəfə hərəkət edən 2 avtomaşını əlləri ilə saxlayır, 3 ədəd 200-lük mismarı barmaqları ilə dolayır (respublikada bu pəhləvanlıq fəndini 2-3 adam edir. Onlardan biri Rasimin müəllimi, məşhur idman ustası Hikmət İsmayıllıdır), beşlik taxtaya mismarı əli ilə basıb dişi ilə çıxarır...
Çilyaz dağının müdafiəsində əsl fədakarlıq göstərdiyinə görə Rasimə qol saatı təqdim edilib. Bir neçə dəfə pul mükafatına layiq görülüb. Dağ ürəkli pəhləvanımıza mən yeni döyüş nailiyyəti arzu edəndə o, köks ötürüb dedi: “Qəti qələbə çalmayınca, heç bir mükafata yaxın durmaram. Mənim mükafatım yalnız Qarabağın azadlığı ola bilər”.

İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”