HƏRBİ HƏKİM FƏDAKARLIĞI
Müstəqil həyatımızı əngəlləmək
üçün daşnak erməni əli ilə törədilən Qarabağ savaşının qəribəlikləri az deyil və
ordusu yenicə ayaq açan bir məmləkət üçün bu təəccüblü hallar təbii
sayılmalıdır. Özüm canlı şahid olmuşam. Bəzən adi bir taksi sürücüsü tabor
komandiri vəzifəsinin yükünü çəkməli olmuşdur. Bəzən ömründə birgünlük hərbi təlim
görməyən əsgər elementar bilgisi olmasa da, düşmən minasını zərərsizləşdirmək məcburiyyətində
qalmış və bilərəkdən canını torpaq eşqinə qurban vermişdir. Bəzən də savaş təcrübəsi
olmayan həkim öz şəfaverici missiyası ilə yanaşı əlinə silah alaraq düşmənlə
üzbəüz döyüşə atılmışdır. Bu qəribəliklər kadr kasadlığı ucbatından baş versə də,
sözün kəsə anlamında onu demək olar ki, yurdumuzun müdafiəsi vətən sevgili insanları hər şeyə vadar etmişdir.
Həyat qanunlarını kimsə dəyişdirə və redaktə edə bilməz. Zərurət baş
verən zaman çarəsizlik məngənəsinə düşən hər kəs adi vaxtlarda mövcudluğu təxmin
edilən qüvvəyə sahib olur. Necə ki, vücudu sağlam, zəkası parlaq, qəlbi aydın olan
gənc bir həkim kimi hərbi əməliyyata sadə tibb çantası ilə gedən İmran Qurbanov
fələk göydən yerə ensə də, yüksək amallar uğrunda canını fəda etməli idi. Axı,
onun içində alışıb-yanan yurd eşqi, vətənçilik məramı, hərbi xidmət mətləbi heç
bir halda İmranı məhdud bir fəaliyyət xəttində saxlaya bilməzdi. Tutarlı həyat
planı olan bu cəsur vətənoğlumuz ürəküzən yoxluğun, cansıxıcı təsadüf və əngəllərin quluna cevrilməyi qəbul edərdimi?!
Nə qədər ağır olsa da, qarşıya çıxan çətinliklər onu əsas hədəfdən yayındıra
bilməmişdir. Əksinə şəxsi fədakarlıq hesabına vətənçilik yoluna tədricən yaşıl işıq
yandırılmışdır. İldən-ilə güclənən dövlətimiz və toplanan təcrübə sayəsində mövcud
geriliklərin sayı azalmışdır. Problemlərin çoxuna son qoyulduqdan sonra İmran həkim
özü kimi mətin silahdaşları ilə birgə milli hərbi təbabətimizin təməl daşlarını
qoya bilmişlər...
Dünyaya göz açdığı məkan–Qərbi
Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndi İmran Qurbanovun yuxusuna tez-tez
girir və çəkdiyi acıları təkrarən yaşayır. Namusunu alverə qoyan erməni daşnak
xəyanətinin acısını hələ orta məktəbi bitirən zaman çəkmiş bu göyçəli igidimiz daha
sonra ali təhsillə bağlı ağrılı günlər keçirmişdir. Belə ki, orta məktəbi
yalnız “əla” qiymətlərlə başa vursa da, rayon təhsil şöbəsinin nasist erməni rəhbərliyi
ona qızıl medal verməyi “rəva görməmişdir”. Layiqli qiymətini ala bilməyən gənc
məzun xeyli sarsıntı keçirmiş, lakin erməni ayrı-seçkiliyinin adi hal olduğunu
dərk etdiyinə görə öz ovqatını kökləyə bilmiş və həkim olmaq məqsədilə sənədlərini
Azərbaycan Tibb Universitetinə vermişdir. Qəbul imtahanlarından uğurla keçən İmran əczaçılıq fakültəsinə
daxil olmuşdur. Di gəl ki, bu qismət onun peşə seçiminə tam cavab vermirdi. İmran müalicə
həkimi olmaq istəyirdi. Yaxınları nə qədər təkid etsələr də, inadından dönmədi
və ona təqdim edilən tələbə biletini cıraraq əsgərliyə getdi.
Niyyəti baş tutmayanlar öz
məramından asanlıqla vaz keçmirlər. İlahi hökm belədir. Son nəfəsədək niyyət
tükənmir. Bəzən niyyətin ünvanı güman edilməyən hədəflərlə birgə qərarlaşır. Bəzən
də qaranlıq bir məkanda özüllənir. Bu səbəbə görə “insanın niyyətindən qaranlıq şey yoxdur” –
deyirlər. Xüsusən gənclik illərində bu “qaranlığın qatılığı” azacıq artır.
İmran əsgərlik həyatının bəzi məqamlarda tərəddüd içərisində qalaraq niyyətindən
düşsə də, həkimlik xəttindən kənara
çıxmaq fikrindən vaz keçmədi və hərbi həkim olmaq qərarını qəbul etdi. Lakin
yenə də erməni daşnak bəlası onun bu niyyətini sabun köpüyünə döndərdi. Belə
ki, əsgərlikdən birbaşa olaraq sənədlərini Sank-Peterburq Ali Hərbi Tibb
Akademiyasına verdi. Rayon hərbi komissarlığından müvafiq sənədlər göndərilmədiyinə
görə onu güzəştli şərtlərlə iki imtahana buraxdılar. “Yaxşı” qiymət alsa da,
rayon hərbi komissarlığının şöbə rəisi Artur Qriqoryan akademiyanın müvafiq rəsmi
tələbinə qərəzli şəkildə əməl etmədi və öz-özünə hirsli-hirsli deyindi: “ Hərbi
həkim akademiyasına türkün qəbulu üçün mən sənəd göndərə bilmərəm. Öz millətimə
dönük çıxımmı?!” Bu erməni qərəzindən qeyzlənən İmran Qurbanov əlini murdar
qana batıraraq azad həyatına son qoymaq, həmin alçaq xislətli dığanı öldürmək qərarına
gəldi. Amma dığanın əcəl fərmanı Allah tərəfindən verildi. İmran doğma Nərimanlı
kəndinə çatar-çatmaz xəbər yayıldı ki, Artur Qriqoryan qəfil infarkt keçirmiş və
cəhənnəmə vasil olmuşdur.
Bu xəbərdən sonra İmrana dəyən
zərbənin ağrısı tez kəsildi. Təcili olaraq sənədlərini yenidən Azərbaycan Tibb
Universitetinə təqdim etməli oldu. Tale elə gətirdi ki, 3-cü imtahanı Azərbaycan
KP MK-nın xüsusi komissiyasının nəzarəti altında verdi və çox sevdiyi müalücə həkimi ixtisası üzrə bütün
sınaqlardan müvəffəqiyyətlə keçdi. Hətta onun fərqli abituriyent kimi imtahan
uğurlarını “Vışka” respublika qəzetində işıqlandırdılar.
Tələbə həyatı maraqlı və çətin
sınaqlarla dolu olsa da, İmran üçün quş qanadlı illər sürətlə keçdi və ali məktəbi
fərqlənmə diplomu ilə başa vuraraq
Respublika Klinik Xəstəxanasının internaturasına qəbul edildi. Qarabağ
savaşının yaralı xəbərləri onu dinc buraxmadı. 1992-ci il may ayının 19-dan
etibarən gənc və vətənpərvər həkim İmran
Hümbət oğlu Qurbanov şərəfli hərbi xidmət həyatına başladı. Belə ki, o,
respublika televiziyasında elan edilən orduya çağırış kampaniyasına cavab
olaraq könüllü surətdə hərbi komissarlığa müraciət etmiş və ən ağır cəbhə bölgəsinə
göndərilməsini təkidlə xahiş etmişdir. Bu, İmranın Qərbi Azərbaycan
sıxıntısından yaranmış həyat məramı idi. Doğma Göyçə dərdinin üstünə böyük vətən
dərdinin gəlməsi onu dinc yaşamağa qoyardımı?! Cismən
yox olmaq onu məmnun edərdi, lakin belə bir dərdi mənən yaşamağa heç vaxt
razılaşmazdı!
Söz yox ki, insan xarakterində yüksək qiymətləndirilən
gözəl keyfiyyətlər – tükənməz enerji, qəhrəmanlıq, mərdlik, fədakarlıq və əsil
nəciblik məhz belə ülvi məramların icra axarında formalaşır və iradə qüvvəsini
davamlı surətdə hərəkətə gətirir. Keşməkeşli səngər güzəranında əvəzi heç bir
şeylə çıxılmayan mənəvi məsariflər, habelə qəfil könül zərbələri İmranın öz
idealına doğru yolda onu ümidsizlik girdabına sala bilməmişdi. Gənc həkim İmran
Qurbanov Kəlbəcər döyüş zonasında mövqe tutan 701 saylı hərbi hissənin tibb
bölüyündə ordinator kimi xidmətə başladığı gündən etibarən ilk dövrdə hər tibbi
xidmət tapşırığının icrası zamanı müxtəlif problemlərlə üz-üzə gəlmiş, hər çətinliyi
inadkar çalışqanlığı ilə dəf etmişdi. Həqiqi mənada motoatıcı briqadanın tibb
bölüyünün adı var idi, lakin özü yox. Bütün tibbi xidmət tapşırıqlarının yükü briqadanın
tibb xidməti rəisi Əhliman Əliyev, İlham Həyatov və İmran Qurbanov tərəfindən çəkilirdi.
Çətinliklərin axarında döyüş zonasında həkim ambulatoriyasının müdiri olan vətənpərvər
və çox cəsur həkim Habil Şirinov da
onlara qoşuldu. Kadr yoxluğu ucbatından
döyüş səhnəsində adi qanaxmalar hesabına nə qədər mərd igidlərimizi itirirdik.
Tibbi xidmət həcminin çoxluğu üzündən həkimlər gecələr gözünün acısını doyunca
ala bilmirdilər. Qızğın hərbi əməliyyatlarda isə yaralıların sayı dayanmadan artır və ixtiyarsız olaraq qeyri-tibb
personalı işə cəlb edilirdi.
...10 iyun 1992-ci il. Mənfur
erməni işğalçıları Ağdərə – Çələktar kəndləri istiqamətində Kəlbəcər rayonuna hücum etmişdilər. Bu, hərbi həkim kimi İmran
Qurbanovun iştirak etdiyi ilk döyüş sayılırdı. Təbii olaraq çox həyəcan
keçirirdi. Hücumu dəf etmək üçün bizim 2 PDM öndə gedirdi. Zenit qurğusu və
avtomatik dəzgahlı qumbaraatandan sonra sanitar maşın irəliləyirdi. Maşında
sürücüdən başqa yalnız İmran həkim vardı. Orta sürətlə gedən bir PDM-imiz dağlıq
yolun sərt döngəsində düşmən texnikası ilə qarşı-qarşıya gəldi. İlk toqquşmada
atəş aça bilmədilər. Lakin bir neçə çevik manevrdən sonra dalbadal açılan atəş
nəticəsində düşmən texnikasının üzərinə desant kimi oturmuş 6 döyüşçü sanki göyə
uçuruldu. Onun ikisinin cırıqlanmış meyiti iri gövdəli ağacın budağından asılı
qalmışdı. İgidlərimiz odlanan düşmən texnikasını itələyərək yoldan çıxardı və
PDM dərəyə yumalandı. Boğuq bir uğultu eşidildi. Bu zaman sanki yer titrəyib
silkələndi.
Avtomatik dəzgahlı
qumbaraatanımız əlverişli mövqe seçərək düşmən tərəfini hədəfə aldı. Hər tərəfdə
barıt qoxulu tutqun tüstü göyə ucalırdı. Bir neçə dəqiqə keçməmişdi ki, düşmən
vertolyotunun qara kölgəsi onlara yaxınlaşdı. İmranın ürəyinə elə gəldi ki,
vertolyot sanitar maşınımızı nişana almışdır. Bunu hiss edən zaman sürücü sanitar maşınını söndürdü və düşərək qaya altına sığındı. İmran sürücü ilə eyni anda maşından
çıxa bilmədiyinə görə labüd ölüm qarşısında qalmışdı. Ara vermədən açılan güllələr
onun müəyyən sığınacaq yerinə qaçmasına fürsət vermirdi. Üstəlik vertolyot tərəfindən
yağış kimi yağdırılan güllələr yol və ətraf ərazini od içində yandırırdı. Güllələr
qayalara dəyərək şaq-şaq şaqqıldayırdı. İmranın sağ qalmaq şansı tükənmək üzrə
idi. Nəhayət, İmrana daxili bir güc gəldi. O həddindən artıq təmkin göstərərək
tibb çantası ilə birlikdə sanitar maşından düşdü. Bu an düşmən qumbarası
vıyıltı ilə onun yarım metrliyindən ötüb keçərək qayaya sancıldı. Həm
qumbaranın, həm də qayanın iti qəlpələri onun tərəfə yön alsa da, İmranı
yaxalaya bilmədi. O qabaqcadan göz altına aldığı nəhəng bir qaya daşının altına
qısıldı.
İki yaralı gətirdilər. İmran
həkim ilkin tibbi yardım göstərməyə başladı. Onun bu döyüşdə xəsarət almaması
sırf təsadüf hesab edilə bilər. Çünki atılan qumbaralar üstündən uçub keçsə də,
yaxın ərazidə partlasa da, İmran öz işində idi. Sadəcə əlləri azacıq əsirdi. Rəngi
də bir qədər qaçmışdı. Onu anlamaq çətin deyildi. İlk döyüş, ilk sınaq, ilk həyəcan... Təkbaşına 4-cü yaralıya
ilkin tibbi yardımı lazımınca başa çatdıraraq ayağa duran kimi sürücünü səslədi:
”Tez ol, maşını işə sal, gecikə bilərik.” Şiddətli həyəcan təsirindən üzü saralmış
sürücü kəkələyə-kəkələyə cavab verdi: “Sizin kimi həkimin əlində yaralı ölməz!”
Bu sözlərin səmimiyyətindən xoşlanan İmran həkim gülümsündü: “ Ümid
Allahdandır. Kimsəni ölümün əlində qoymaram!”
Bu qeyri-bərabər döyüşdə
düşmən hücumunun qarşısı cəsur döyüşçülərimizin fədakarlığı hesabına alındı və
İmran Qurbanov ilkin tibbi yardım göstərdiyi 4 yaralını sanitar maşınla təxliyə
edərək döyüş mövqeyindən uzaqlaşdı. Yol boyu baş verən təhlükəli hallardan çətinliklə keçərək
yaralıları Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına salamat çatdırdı və birbaşa cərrahiyyə
stoluna çıxartdı. Narkoz üçün imkan tapılmasa da, efir maskası hesabına xəstəxananın
baş həkimi Vaqif Həsənov və çərrah Əli Əliyevlə birlikdə lazımi əməliyyat cəhdləri
sayəsində yaralılar ağır vəziyyətdən çıxarıldı...
Hərbi əməliyyatlar zamanı
tibb xidmətinin mövcud natamam durumu çox davam edə bilməzdi. Tibb bölüyünün
komplektləşdirilməsi ilə bağlı məsələ İmranı
narahat edirdi:
– Dərmanları özümüz
hazırlayırdıq. Əksər hallarda ibtidai üsullardan istifadə edirdik. Hər halda
bir sıra müsbət nəticələr qazanmışdıq. Çətinliklərimiz çox olsa da, Qarabağ müharibəsində hərbi təbabətimizin təməl
daşını qoyanlardan biri kimi briqadamızın tibb xidməti rəisi Əhliman Əliyevlə
birgə təşkilati işlərimizi tədricən həyata keçirə bildik. Ayrıca təlim əsasında
taborlar üzrə tibb təlimatçılarını hazırlamaqla yanaşı Bakı şəhərində sovet əyyamından
qalmış ”Qızıl Şərq” hərbi şəhərciyində tibb bölüyümüzün formalaşdırılması üçün
həkim Aslan Həşimova xüsusi tapşırıq verildi. Sovet ordusu hissələrindən
toxunulmaz tibb ehtiyatını qəbul etdikdən sonra Aslan həkimin fəal təşkilatçılığı əsasında “AP-2” markalı avtomobil
üzərində qurulmuş əməliyyat otağımızın təminatı zənginləşdirildi. Bu işlərin
uğurlu icrasında təcrübəli feldşer Elman İsmayılov köməyimizə çatdı.
Aptekimizin yaradılmasında həkim Abhüseyn Abıyev xüsusi fəallıq göstərdi. Cəsur
tibb bacıları və feldşerlərlə yanaşı 27 əsgərdən ibarət güclü heyətimiz
yarandı. Cərrahlardan Teymur Əlləzov, Zakir
Həyatov, həkimlərdən Habil Şirinov, İlham Həyatov, Rüstəm Quluzadə, Kamil
Əliyev, Məharət Xasayev, Qalib Əmirov, diş həkimi Qaçay İsmayılov, burun-qulaq
həkimi Kərim Orucov, terapevt Lüdmila Andrey qızı Tkaçenko, epidemioloq Nuru Əliyev,
feldşer-rentgenoloq Ərəstun Əsədov, anestezioloq-reanimatoloq Şöhrət Verdiyev, o cümlədən maddi təminat taqım komandiri Əbdüləli
Seyidov, əşya-ərzaq anbarının rəisi Həşim Həşimov əsl fədakarlıq göstərərək
tibb bölüyümüzün inkişafı üçün öz layiqli töhfələrini bəxş etdilər.
İxtiyarımıza 13 maşın verildi. Yuxarı komandanlığın tapşırığa əsasən Müdafiə
Nazirliyinin Tibb İdarəsinin rəis müavini Cümşüd Hüseynovun rəhbərliyi altında
yeni formalaşdırılmış tibb bölüyümüz
Laçına yola salındı. Hacısamlı kəndində “taxta zavodu” deyilən yerdə
müvafiq mövqe seçdik. Çadır şəraitində ilk tibb bölüyümüzü elə qura bildik ki,
komandanlıq bizə təşəkkür elan etdi. Elektrik generatoru vasitəsilə günün istənilən
vaxtında fəaliyyət göstərməyə başladıq. 1992-ci ilin sentyabr ayında Laçında
Hocaz dağı uğrunda gedən döyüşlərdə xeylı yaralı qəbul etdik və döyüşçülərimiz bizdən razı qaldılar...
1992-ci ilin iyun ayında
İmran Qurbanov briqadanın tibb bölüyünün komandiri təyin edilmişdi. Briqadanın
döyüş yolunun Laçın dövründə hərbi-səhra şəraitində yaradılan hospitalın
formalaşdırılması İmran həkimin xüsusi fəaliyyəti sayəsində başa çatdırılmış və
3 mərhələli təxliyə prosesi təşkil edilmişdi. Ordu quruculuğunun həmin keşməkeşli
mərhələsində yüzlərlə yaralının həyatını
vaxtında aparılan ixtisaslaşdırılmış cərrahi yardım hesabına xilas etmək mümkün
olmuşdu. Vətəncanlı və fədakar hərbi həkimlərin, səngər güzəranına alışmış cəsur
tibb bacılarının hünəri nəticəsində
motoatıcı briqada tərəfindən keçirilən hərbi
əməliyyatlarda yaralananların ölüm faizi 5-7 faiz təşkil etmişdir. Bu yüksək
göstərici sayılır. Müqayisə aparmaq üçün onu qeyd etmək olar ki, ABŞ–Vyetnam
müharibəsində həmin göstərici 7-9 faiz olmuşdur.
Hərbi həkim İmran
Qurbanovun komandirliyi altında briqadanın tibb bölüyünün həkimləri gərgin
döyüşlər zamanı həyatla uyğun gəlməyən travmaların sağalması üçün misilsiz
tibbi xidmət nümunələri yaratmışlar. Bununla bağlı İmran həkimin cəbhə xatirələrini
yada salmaq yerinə düşər:
– Laçının müdafiəsi uğrunda gedən döyüşlərdə mina partlayışı nəticəsində
hər iki budun yuxarı üçdə bir səviyyəsində travmatik ambutasiyası, hər iki
yuxarı ətrafın cırılmış və didilmiş yaraları ilə xəsarət alan döyüşçümüz Həsən
Əliyev ön xətt mövqeyində ilk tibbi yardımın göstərilməsi, operativ surətdə
tibb bölüyünə çatdırılması və vaxtında aparılmış ixtisaslaşdırılmış cərrahi
yardım hesabına sağ qalmışdır. 1993-1994-cü il ikinci Kəlbəcər döyüşlərində
briqadamızın himayəsinə verilmiş Şəmkir taborunun komandiri Xəqani Hüseynovun baş-alın
təpəsi nahiyəsində beyin qapağının üst hissəsini artilleriya mərmisinin iri qəlpəsi
kəsib atmışdır. Ona ilk tibbi yardım göstərildikdən sonra Toğana kəndində yerləşən
səhra hospitalımızda 4 gün müalicə edilmiş və Respublika Neyrocərrahiyyə Xəstəxanasına
təxliyə olunmuşdur. Daha sonra onun üzərində Moskva şəhərində plastik əməliyyat
keçirilmişdir. Müntəzəm müalicə hesabına 20 il yaşaya bilmişdir. Cəsur döyüşçümüz Göygöl
rayon sakini Asif Məhərrəmov Murovdağ döyüşündə qarın və döş qəfəsinin çoxsaylı
dəlib-deşən odlu sılah yaralanmaları, qara ciyərin, sol böyrəyin, dalağın,
bağırsaqların müxtəlif zədələnmələri ilə aqonal vəziyyətdə meyitlərin içərisindən
götürülərək əməliyyat olunmuşdur. Bu əməliyyat 12 saat çəkmişdir. Onun sağ
qalması üçün özüm də qan vermişəm. Nəhayət,
böyük cəhdlər hesabına Asif qardaşımızı
ölümün pəncəsindən zorla ala bilmişik. O, hazırda yaşayır.
... 1992-ci il avqust
ayının əvvəli idi. Ağdərə ərazisində uğurlu döyüşlər gedirdi. Qərargahımız
Çapar kəndində yerləşirdi. Yaralı gəlişində fasilə yaranmışdı. Buna baxmayaraq
günün istənilən vaxtında olduğu kimi tibb bölüyü gücləndirilmiş xidmət rejimində
öz fəaliyyətini ahəngdar davam etdirirdi. İmran həkim təminat məsələlərinin həllində
şəxsən iştirak edir, meydana çıxan problemləri dəf edərək yardım və təxliyə
prosesini öz axarına salırdı. Saat 17.00 radələrində sanitar maşının uzaqdan dalğa-dalğa
gələn fasiləsiz siqnalının doğurduğu həyəcanın
təsirindən hamının gözləri giriş yoluna
dikilib qaldı. İmran həkimin özü maşının qabağına qaçdı. Məlum oldu ki, taqım
komandiri baş leytenant Əli Məmmədov ağır yaralanmışdır. Dəzgahlı avtomatik
qumbaraatan mərmisi onun burnunu, üst və alt çənəsini dodaqlarla birlikdə üzüb
atmışdı. İçəri axan qan nəfəs yolunu tuturdu. Özünü yamanca itirmişdi. Çətinliklə
nəfəs alırdı. İmran həkim birinci növbədə qanaxmanın qabağını kəsdi, şok əleyhinə
tədbirlər gördü. Yaralı hökmən təcili surətdə rayon xəstəxanasına təxliyə edilməli
idi.
Yolun uzaqlığı ilə bağlı
problem yaranmışdı. Belə ki, Ağdaban yolu ilə getmək çox vaxt apardığına görə bu
yaralını yolda itirə bilərdik. Getevan yolu
isə düşmənin yaxınlığından keçirdi. Lakin yol qısa olduğuna görə sərfəli
sayılırdı. İmran həkim təhlükəli olsa da, yaralının xilası üçün ötən hər dəqiqənin
gərəkli olduğunu nəzərə alaraq Getevan yolunu seçdi: “ Bir azdan qaranlıq düşəcək.
Axşamın qaranlığında düşmən bizi görə bilməz. Hazırlaşın, qaş qaralan kimi yola
çıxarıq.”
İmran həkim düzgün qərar qəbul
etmişdi. Axı, hər qaranlıq gecənin ümidgözlü bir işığı da olur. Axşam həmin təhlükəli
mövqedən keçən zaman sanitar maşınının işığı söndürülsə də, mühərrikin səsi
düşmən qüvvələrini duyuq saldı. Sürücümüz maşını elə iti sürətlə sürdü ki,
dığalar yalnız arxamızca bir avtomat silahdan güllə qatarı göndərməyə imkan
tapdı və o güllələr maşını deşik-deşik etdi, lakin heç kimə xəsarət yetirmədi. Yaralı
Kəlbəcər Rayon Xəstəxanasına lazımi məqamda çatdırıldı və ehtimal edilən bütün
təhlükələr sovuşdu.
...14 iyun 1993-cü il – bu
tarix İmran həkim üçün kədərli tarix sayılır. Onun başçılıq etdiyi tibb bölüyü
indiki Göygöl rayonunun Toğana kəndində yerləşirdi. Gecə saat 12.00 radələrində
erməni təxribat-kəşfiyyat qrupu Murovdağın nəzarətsiz qalan sıldırımlı yerlərindən
keçərək hərbi-səhra hospitalımıza basqın etmişdi. Məcburən bütün həkim və
feldşerlər silaha sarılaraq düşmənə
müqavimət göstərmişlər. Təxminən 20 dəqiqə davam edən vuruşmada hərbi qüvvələrimiz
köməyə gələnədək erməni təxribat-kəşfiyyat qrupu tibb bölüyü tərəfindən mərdanə
dəf edilsə də, çox cəsur hərbi həkim Kamil Əliyev ağır güllə yarası almış və
onun həyatını xilas etmək mümkün olmamışdır. Şəhid həkimin xatirəsi döyüş
yoldaşları tərəfindən daim anılmaqdadır.
Qarabağ savaşında atəşkəsin
elan edildiyi vaxtdan etibarən 1997-ci ilin noyabr ayınadək Müdafiə
Nazirliyinin Baş Qərargah Poliklinikasında cərrahiyyə şöbəsinin rəisi kimi xidmət
göstərən İmran həkim hərbi qulluqçulara öz şəfaverici fəaliyyətini davam etdirərək ehtiyata buraxılmışdır. Hazırda
Respublika Klinik Xəstəxanasının şöbə rəisi vəzifəsində sevimli həkimlik
missiyasını yerinə yetirir. Ömür-gün yoldaşı Sevinc xanım şüa diaqnostikası üzrə
həkimdir. Vətən dərdini ön plana çəkdiyinə görə birgə tələbəlik həyatından
sonra 1992-ci ildə təyin olunmuş toy günü təxirə salınsa da, ailə xoşbəxtliyinə
əngəlsiz nail olmuşlar. Ali təhsil almış iki oğlu – Fərhad və Etibar da döyüşkən
ruhlu atanın vətənçilik ideyalarını daim öz əməli işləri ilə yaşadırlar...
Belə müdrik bir kəlam var:
“ Rəftar əksən, söz yox ki, adət biçməli olacaqsan. Adət əksən, şübhəsiz,
xasiyyət biçəcəksən. Xasiyyət əksən, son nəticə olaraq, tale biçəcəksən və
verilən ömrü bu talenin hökmü ilə yaşayacaqsan.” Bu, insan xarakterinin müdrikcəsinə
düşünülmüş inkişaf modelidir. Hərbi həkim, ehtiyatda olan tibb xidməti kapitanı
İmran Qurbanovun taleyini bu model üzrə düzümləsək, həqiqətən çox nikbin və
qürurverici ovqat qazanarıq. Onun hərbi təcrübəsi, dərin tibbi biliyi, gözəl rəftarı,
dəyərli adəti, xoşagəlimli xasiyyəti və səngərləşən taleyi xeyirli nəticələr bəxş
edərək bizi daim şərəfləndirir.
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий