ÇƏKDİYİMİZ ZƏHMƏT HƏDƏR OLMUŞDU



Polkovnik Azad Əsədovun döyüş xatirəsindən bir yarpaq 

1-ci motoatıcı tabor 1992-ci ildə Laçın rayonunun şimal-qərb hissəsində payız-qış aylarında altı aydan çox idi ki, fasiləsiz olaraq döyüş əməliyyatları aparırdı. Hər döyüşdən-döyüşə yorulan şəxsi heyətin döyüş qabiliyyətini bərpa etməyə imkan tapılmırdı. Ona görə ki, bu və ya digər bölüyü ön cəbhədə əvəz etmək məqsədilə ehtiyat qüvvə toplaya bilmirdik. Üstəlik ağır dağ şəraiti qarşımızda müxtəlif əngəllər törədirdi. Briqadanın həyat və döyüş fəaliyyətini müntəzəm təmin etmək üçün əlimizdən gələni əsirgəmirdik. Bəzən ana təbiətin nemətləri köməyimizə çatırdı. Əfsus ki, bəzən lap əlacsız qalırdıq. Xüsusilə, döyüş texnikasının təmiri ilə bağlı məsələlərin həllində çox çətinlik çəkirdik. Ehtiyat hissələrinin qıtlığı təxliyyə tədbirlərinin operativ icrasını ləngidirdi. Lakin heç vaxt ümidimizi itirməmişik. Ümidini itirməyəni isə məğlub etmək çətindir.
Döyüş əməliyyatları zonasında yol şəbəkəsi yararsız hala düşmüşdü. Qar yığımları, sürüşmələr, sel axınları, dağ çaylarının daşması ucbatından dağ keçidləri, bərələr, körpülər, yollar dağılıb xarab olmuşdu. Bunun nəticəsində döyüş bölmələrinin operativ təminatı, yaralıların təxliyyə edilməsi, habelə qüvvə və vasitələrlə manevrlərin icrası tez-tez pozulurdu. Di gəl ki, biz ortaya çıxan hər bir çətinliyə qarşı mərdanə sinə gərir, necə deyərlər, yoxdan var yaradırdıq. Axı, hər hansı işi görmək çətin deyil, çətin odur ki, özünü həmin işi icra etmək üçün lazım gələn vəziyyətə gətirə bilməyəsən.
Sadalanan çətinliklər mühəndis-istehkam bölüyünün iradəli əsgərləri tərəfindən aradan qaldırılırdı. Onlar həm mina-partlayıcı maneələr qurur, həm də gecə və gündüz bölmələrin döyüş mövqelərinə gedən yolları bərpa edirdilər. Çətin keçimli yerlərdə mövqe tutan qüvvələrimizin təminatı əksər hallarda piyada getməklə həyata keçirilirdi. Yaralılara tibb bölüyündə ilkin yardım göstərildikdən sonra onlar yalnız əlverişli hava şəraitində vertolyotla təxliyyə edilirdilər.
Ötən günlərdən bir neçə xatirə söyləmək yerinə düşər. 1993-cü il fevralın 14-də mən xidməti maşınla Bakıdan  Laçına yollandım. Maşını Fikrət sürürdü. Maliyyə xidməti zabiti də bizimlə gedirdi. İki yük maşını ilə taborun ərzağını aparırdıq. Saat 14.00 radələrində kiçik kolonumuz Aterk kəndinə gəlib çatdı. Burada təxminən 2 min nəfərə qədər əsgər və xeyli döyüş texnikası cəmləşdirilmişdi. Getavan yolu ermənilər tərəfindən bağlanmışdı. Düşmən yoldan keçən texnikaları atəşə tuturdu. Biz məktəbin həyətində dayanmalı olduq. Orada kursant yoldaşım polkovnik Azər Əliyevlə təsadüfən görüşüb bir-birimizdən hal-əhval tutduq. Mənim Laçına doğru gedəcəyimi biləndə xəbərdarlıq etdi ki, ön tərəfdə vəziyyət çox ağırlaşıb. Həmçinin məlumat verdi ki, PDM-2 atəşi ilə polkovnik İlham Aslanovun maşını da vurulub. O, ağır yaralıdır. Təcili olaraq Kəlbəcər xəstəxanasına aparıblar. Mən ağır vəziyyət olsa da taborun ərzaq yükünü gecikdirə bilməzdim.  Azər Əliyevlə sağollaşıb təcili yola çıxdıq. 200 metr yol qət etmişdik ki, polkovnik Aslanovun yanan xidməti maşını gözümüzə dəydi. Sürücünü agah etdim ki, sürəti artırmaq lazımdır. Bu an düşmən bizi də PDM-in atəşinə tutdu.
Sürücünün çevik və cəld hərəkətləri bizi bəladan xilas etdi. Axşam saat 20.15 radələrində Kürdhacıya yetişdik. Qərargahda gərgin vəziyyət yaranmışdı. Briqada komandiri Əzizağa Qənizadə möhkəm soyuqlamışdı. İstilik içində yansa da, xidmətdən uzaqlaşa bilmir və Getavanda davam edən döyüşləri idarə edirdi. Həmin gün ermənilər Tərtər-Kəlbəcər yolunu ələ keçirmişdilər. Döyüşlər ara vermirdi. Briqadada təxminən 7 günlük ərzaq, yanacaq-sürtgü materialları və döyüş sursatı ehtiyatı qalmışdı.
Bəlamız ondan ibarət idi ki, Murovdağ yolunu da qar bağlamışdı. Təminat məsələlərinin həlli düyünə düşmüşdü. Polkovnik Ə. Qənizadə Kəlbəcər rayon icra başçısı ilə görüşüb yolun qardan təcili təmizlənməsinin vacibliyini onun nəzərinə çatdırdı. Bir həftəyə yaxın müddət ərzində gərgin təmizləmə işi görüldü. Briqadanın maddi-texniki təminatı böhranlı həddə çatmışdı. Yeganə yolumuz Murovdağdan – Ömər aşırımından keçirdi. Ömər aşırımı da çox çətin və təhlükəli eniş-yoxuşları ilə qəzaların sayını artırırdı. Çovqunlu havada bu yolu getmək olmurdu. Qarın qalınlığı 2 metrəyədək qalxırdı. Çətinliklərə baxmayaraq, briqadanın maddi-texniki təminatı təşkil edilirdi. Mən bu məqamda maddi-texniki təminat taborunun zabit, gizir və əsgər heyətinin nə qədər mərd və cəsarətli olduqlarını vurğulamaq istəyirəm.
Briqada komandiri Ə. Qənizadə komandanlığa vəziyyətin ağır olduğu barədə vaxtaşırı məruzə etsə də, tutarlı tədbir görülmürdü. Böhran dərinləşirdi. Şəxsi heyəti dəyişmək lazım idi. Əsgərlər 7 aya çatırdı ki, ehtiyata çıxmamışdılar. Çünki ehtiyat qüvvə yox idi. Dayanmadan, dincəlmədən soyuq, qarlı səngərdə döyüşmək onları tamamilə taqətdən salmışdı. Bəzi əsgərlər bu ağırlığa tab gətirməyərək döyüş mövqelərini tərk edir, qalan əsgərlər isə fiziki cəhətdən yararsız hala düşürdülər.
Martın 14-də briqada komandiri ilə döyüş mövqelərini yoxlamaq məqsədilə Mişni kəndinə getdik. Daha sonra Hoçaz dağında yerləşən 2-ci taborun döyüş mövqelərinə baxış keçirdik. Komandir zabitlərə öz tövsiyə və tapşırıqlarını verdi. Döyüş xəritəsi üzərində yeni hücum və müdafiə planını açıqladı. Gecə orada qaldıq. Səhər “URAL” maşınında geri qayıdarkən qəzaya düşdük. Maşınımız qəfil sürüşmədən dərəyə yuvarlandı. Komandirin ayaq sümüyü çatladı, mənim isə sol ayağım sındı. Sürücünün durumu daha kəskin idi. Bizi “taxta-zavod” adı ilə tanınan kənddə yerləşdirilmiş səhra hospitalına təxliyyə etdilər. Mən ayağımdan əməliyyat olundum, bir ayağım gipsə salındı. Martın 16-da məni Bakıya – mərkəzi hərbi hospitala göndərdilər. Müalicə olunduqdan sonra martın 31-də yenə cəbhəyə qayıtdım. Artıq erməni hərbi birləşmələri muzdlu rus ordusu ilə birləşərək üç istiqamətdə güclü hücuma keçmişdilər. Heyf, çox heyf! Çəkdiyimiz zəhmət hədər olmuşdu...

 P.S. Görəsən, bir də belə nəcib xarakterə, yüksək mənəvi dəyərlərə malik olan vətənpərvər bir oğul dünyaya gələcəkmi?! Bəlkə də, gələcək, amma polkovnik Azad Əsədovun əvəzini heç bir halda tam verə bilməyəcək. Qəbri daim nurlu olan səngər qardaşımız Azad Əsədovun əziz xatirəsi bizim qəlbimizdən heç zaman silinməyəcəkdir!... Allah qəni-qəni rəhmət eləsin!...

                                                                                                    İbrahim MƏSİMOĞLU,
                                             müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant



Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”