NİSGİLİ YOX OLMAYAN ÜRƏK
Silahlı Qüvvələrimizin qızıl fondunda döyüşçülükdən hərbi
həkimliyə qədər şərəfli yol keçən hərbçilərimiz də var. Bu yol fərqli hünər və
mərdlik yoludur. Vətənin dar günündə belə qoçaqlıq hər kəsə qismət olmur. Qoca
tarixin müxtəlif dolaylarında erməni millətçiləri tərəfindən öz yurdundan pərən-pərən
edilən, amansızcasına qırılan və cürbəcür təhqirlərə məruz qalan
soydaşlarımızın intiqamını almaq üçün daim
fürsət gəzən cəsur həkim Aslan Həşimov bu yolda bütün sınaqlardan mərdanə
çıxmışdır.
Ulu yurdumuzun bir qismini kor qoymuş erməni gavurlarının
xislətinə çoxdan bələd olan Aslan həkim, necə deyərlər, klassik dəyərə malik Qərbi Azərbaycan torpağındandır. Dərələyəzlidir.
Bu qədim türk mahalının Ağkənd kəndində 1965-ci ildə doğulub boya-başa
çatmışdır. Uşaqlıq cağından erməni fitnəsinin hər üzünü görmüşdür. Çox
maraqlıdır. Aslan həkim müstəqil həyatının əvvəlini kənd təsərrüfatı ilə
bağlamışdır. O, orta təhsildən sonra 1980-ci ildə İrəvan-Dəmirçi Kənd Təsərrüfatı
Texnikumunun zootexnologiya fakültəsinə daxil olmuşdur. Əsgərlik həyatında isə
təsadüf üzündən tibb məntəqəsində feldşer təyin edilən gənc əsgərimizin bəxt
yolu dəyişilmişdir. Belə ki, tədricən tibb elminə artan marağı, habelə özünün
güçlü qabiliyyəti ixtisas seçimində dəyişiklik etmək meylini gücləndirmiş və
son nəticədə qətiyyətli surətdə həkim olmaq qərarını qəbul etmişdir.
Çalışqanlığı, hərtərəfli bilgi qazanmaq həvəsi, öz istəyi naminə fədakarlığı,
yorulmaz və inadkar xarakteri ona əngəlsiz yaşamaq şansı qazandırırdı. Beləcə
uğur axarına düşən əsgər Aslan Həşimov tərxis olunmazdan əvvəl hərbi hissə
komandanlığına bu istəyi barədə məruzə edərək Xabarovsk Dövlət Tibb İnstitutuna
zəmanət almış və qəbul imtahanlarını uğurla verərək müalicə profilaktikası
fakültəsinə daxil olmuşdur.
SSRİ adlı bir məmləkətin dağıldığı ərəfədə qürbət eldə,
yad dildə heç bir himayə olmadan ali təhsil almaq asan məsələ deyildi. Bir tərəfdən
də dədə-baba yurdu Dərələyəz dərdi, didərginlik kədəri. Süni yaradılmış Ermənistan
dövlətində çoxdan gözlənilən erməni xəyanəti kəskin vəba xəstəliyi kimi bütün Qərbi
Azərbaycan əhalisini bürümüşdü Bəla və çətinliklərin
dözülməz ağırlığı altında Aslan daha da mətinləşdi. Döyüşkən ruhlu bir tibb mütəxəssisi
kimi yetişdiyinə və ana yurdumuz Azərbaycanın
başını qara buludlar aldığına görə yad
bir ölkədə rahat və dinc iş yeri axtarmağı özünə ar bildi. Ali məktəbdən sonra
həkim diplomunu almaq üçün onun qarşısında internaturanı keçmək dururdu. Lakin
daha vaxt itirməyə hövsələsi çatmadı. Bəzi yalançı vətənpərvərlər kimi ağzını
köndələn qoyaraq hərzə-hərzə danışmadı. Hələ tələbə-həkim hesab edilən Aslan Həşimov
tanışları tərəfindən xoş həyat vəd edilən təkliflərə məhəl qoymayaraq doğma Azərbaycana
gəldi və ordumuzun ilk qaranquşu kimi könüllü döyüşçülərdən ibarət yeni yaradılan birinci motoatıcı taborun
sırasına qoşuldu.
Deyirlər
ki, xəstəlik keçicidir, lakin sağlamlıq keçici sayılmır. Bu sözləri məna yaxınlığına
görə “yalnış” və “həqiqət” sözlərinə də aid etmək olar: yalnış fikirlər sürətlə
yayılır, həqiqət isə pak bir vicdanın zümzüməsi kimi ləng sürətlə azad könüllərə
bənd olur. Qarabağ savaşının ilk səhifəsi kimi Daşaltı döyüşünün həqiqətləri də
bax beləcə intişar etməkdədir. Bu döyüşün iştirakçısı olaraq ağır və çox təhlükəli
hərbi tapşırıqları yerinə yetirən və güllə yarası alan tələbə-həkim Aslan Abbas
oğlu Həşimov Daşaltı həqiqətləri ilə bağlı qeyri-məmnun hisslər yaşamaqdadır.
Heç bir halda kiçik bir uğursuzluğu böyük məğlubiyyət kimi qəbul etmək istəmir.
Hərbi əməliyyatın hərbi məntiqi sonluğu onu necə həyəcanlandırırdısa, indi də
tarixləşmiş həmin döyüş barədə yayılan yalnışlıqlardan ibarət bir müəmma ilə
üz-üzə qalmaqdadır. Nə qədər çətin anlaşılan hərbi məsələ olsa da, nər igidlərimiz
Daşaltı döyüşündə vətənimizin müdafiəsi naminə özlərini fəda etmiş və qəhrəmanlıq
nümunələri göstərmişlər. Bəs necə olmalıydı?! Yenicə doğulmuş ordu, təlim görməmiş
könüllü döyüşçü bölmələri, döyüş səhnəsinə təzə qədəm basan nabələd əsgərlər,
taktiki xətalar, rabitə əlaqəsinin yoxluğu, hərbi sirlərin faş edilməsi və üstəlik
ağlımıza gəlməyən bələdçi xəyanəti. Bir
də ki, məğlubiyyətin üzünə gülməsən, qələbə qapısı sənin üzünə açıla bilməz. Daha
nə deyim?! Bu həqiqətlərin üzərinə qara
pərdənin çəkilməsi kimsəyə xeyir gətirməz.
...1992-ci
il yanvarın 25-də axşam saat 20.00 radələrində başlayaraq yanvarın 26-da axşamın
qaranlığı düşən zaman uğursuzluqla
sonuclanan Şuşanın Daşaltı hərbi əməliyyatında Aslan Həşimov tələbə-həkim olsa
da, ehtiyac üzündən baş leytenant Akif Məmmədovun komandirlik etdiyi 2-ci
bölükdə döyüşçü vəzifəsini yerinə
yetirirdi. İlk döyüş sınağı olduğuna görə çox həyəcan keçirirdi. Üstəlik qış fəslində
dağlıq ərazidə üzbəüz döyüşə girmək çətinlik törədirdi. Güclü qar yağışı
dayanmaq bilmirdi. Hər yan qar örtüyünə bürünmüşdü. Qarlaşan dağ cığırlarında
rahat addım atmaq olmurdu. Hava elə soyumuşdu ki, güllədən çox şaxta adamın
canını alırdı.
Çətinliklərə və qaya-səngər mərhumiyyətlərinə baxmayaraq Aslan Həşimovun
üzü gülürdü. Döyüşçü kimi hərbi əməliyyata qoşulduğuna görə bəzən öz-özünə
danışaraq daxili fərəh hissi keçirir, ruhunu bir qədər təzələyirdi: “ Ah,
döyüşçü olmaq nə yaman qürurludur. Özümü çox güclü görürəm. Bu gün nankor erməniyə
nankorluğunun acısını yaşatmalıyıq. Qoy anlasınlar ki, biz gücsüz deyilik. Torpağımıza
tamah salanı peşiman edəcəyik. Qarabağ bizə dədə-babamızın əmanətidir. Ölərik,
amma onu yad nəfəslərin əsarətinə salmarıq. Bu azğın ermənidən soruşan gərəkdir:
sən kimə güc göstərirsən?! Dünya tarixini yaradan, yer üzündə mərdanə döyüş sənətinin
əsasını qoyan biz türklərəmi?! Bizlərin qarşısında dılğır dığalar nə edə bilər?! Üzüntüyə
qapılmaq olmaz. Uca Allahım bizə verilən səbrini əskik eləmə... Düzdür, səbir acıdır, lakin nəticələr
dadlı olur...”
Hərbi
əməliyyatın əvvəlində ərazinin taktiki imkanlarını nəzərə alan bölük komandiri
A. Məmmədov 3 qrupla həmlə etməyi üstün saydı. 1-ci qrup öz başçılığı altında
daha qəliz sayılan kəndin ferması
istiqamətində irəliləməli idi. 2-ci qrupa ön mövqedə yerləşən ən hündür təpəni
aşaraq kəndə girmək tapşırığı verildi. 3-cü qrup Daşaltı çayı boyunca gedərək
körpü tərəfindən kəndə qəfil həmlə etməli idi. Aslan bu qrupa düşmüşdü. O,
döyüşçü tapşırığını yerinə yetirirdi. Lakin özünə mənəvi borc bilərək kiçik
tibb çantası da götürmüşdü ki, imkan daxilində döyüşçü yoldaşlarının köməyinə
çata bilsin.
Dan yeri yenicə ağaran zaman Aslangil təyin edilmiş
mövqeyə çatdı. Sürətlə yağan qar dənələri döyüşçülərin gözünü elə qamaşdırırdı
ki, hündür mövqeləri zorla müşahidə edirdilər. Üfüqdə işartıların miqyası
genişləndikcə onların hərəkəti uzaqdan qaraltı kimi sezilirdi. Heç kim masxalat
geyinməmişdi. Bu barədə düşünən olsa da, taktiki maskalanma məqsədilə əməli tədbir
görmək üçün təminatçı yox idi. Digər tərəfdən ətraf meşəlik yarpaqsız halda çılpaq
göründüyünə görə onun içərisində gizli hərəkət şansı axtarmaq sıfıra bərabər
sayılırdı. Üstəlik qüsurlu istehsal olunmuş əksər avtomat güllələri açılarkən
qeyri-xarakterik tüstülər əmələ gəlirdi və hər açılan atəş nöqtəsinin qabarıq
görüntüsü düşmən üçün fədəfi seçim zamanı oriyentir rolunu oynayırdı. Bəs nə
etməli ki, düşmənin atəş hədəfindən yayınasan. İstəsə də, istəməsə də bu fikirlər
bezikdirici hal olaraq Aslanın beynində asta-asta dolanırdı.
Digər istiqamətlərdə axşam vaxtı düşmənə tutarlı dərs
verilmişdi. Ağır itkiyə məruz qalan erməni qüvvələri həmləmizdən xəbərdar
olaraq bir neçə strateji yüksəklikdə pusqu qurmuşdular. Di gəl ki, Aslangil
rabitə əlaqəsinin yoxluğu səbəbindən pusqu barədə məlumat almamışdı. Təxminən
saat 07.00 radələrində çay yaxınlığında yerləşən kənd evinə çatar-çatmaz qəfil
atışma başlandı. Düşmənin iki cinahdan fasiləsiz atılan pulemyot atəşləri ara
verəndə snayperlər işə düşürdü. Aslangilin qrupunda birinci sumqayıtlı Elşad Rizvan
oğlu Nərimanov yaralandı. O, Əfqanıstan döyüş yolu keçmiş təcrübəli bir döyüşçü
olsa da, movcud pusqu şəraitində özünü qoruya bilmədi. Snayper gülləsi onun
budundan dəymişdi. Aslan bir qədər aralı yerləşən qaya daşının arxasında
uzanaqlı halda düşmənin atəş nöqtələrini susdururdu. Elşadın harayına çatmaq
üçün mövqeyini dəyişmək zərurəti yarandı. Aslana ehtiyac hiss edildiyi bir məqamda
operativ çıxış yolu tapmağa onun özünü borclu sandığını döyüşçü yoldaşları da
yaxşı duymuşdu. Lakin bu dar macalda mövqe dəyişməsi real ölüm riski yaradırdı.
Cəsur ləzgi balası Şahin Qasımovun himayəsi altında Aslan iri sıçrayışla Elşada
özünü yetirə bildi. Elşad iki daşın arasında güllə yarasının şiddətli
ağrısından qıvrıla-qıvrıla qalmışdı. Şok əleyhinə iynə vurulduqdan və yarası
bağlandıqdan sonra titrəyişi yavaşıyan Elşad soruşdu:
– Hə, nə deyirsən, yaşamağa ümid varmı?!
– Əsas odur ki, qanaxmanı kəsdik. Ürəyini buz kimi saxla,
əsas yardımı mən elədim, daha fikir eləməyə dəyməz – deyə Aslan nikbin səslə
onu sakitləşdirdi.
Elşadı təxliyə etmək məqsədilə iki döyüşçümüz ayrıldı və
atışma səngiyən zaman onu açıq mövqedən çətinliklə çıxararaq Daşaltı çayı
boyunca Nəbilər kəndinə doğru apardılar. Aslan yaralı Elşadın vurulduğu mövqedən
xeyli atəş açdı, lakin irəli getmək mümkün olmadı. Düşmən qüvvələri elə yüksək
və əlverişli mövqe seçmişdilər ki,
bizimkilər nəinki qabaq tərəfə–kəndin içərisinə sarı getməyə, həm də yerdəyişmə
üçün müvafiq manevrləri həyata keçirməyə fürsət düşmürdü. Belə imkansız vəziyyətdə
davamlı döyüş aparmaq taktiki cəhətdən məqbul sayıla bilməzdi. Düşmənin müəyyən
hissəsini sərrast atəşlə məhv edə bilsələr də, geri çəkilmə labüd hesab
olunurdu. Bölük komandirinin əmri olmadan geri çəkilmək istəməyən döyüşçülərimiz
onun arxasınca bir nəfər göndərdilər və iki saat keçsə də, ondan xəbər gəlmədi.
3-cü qrup fövqəladə vəziyyətdə müstəqil qərar qəbul edərək geri çəkilməyə
başladı. Yenə qusarlı Şahinin hünərli himayə hərəkətləri hesabına döyüşçülərimiz
iki-iki çayın kənarına çəkilə bildilər. Amma düşmənə qarşı növbəti üzbəüz şiddətli
toqquşmada Aslanın, necə deyim, iynəsi tikiş tutmadı. Onu dalbadal atılan iki
güllə yaxaladı. Bəxti onda gətirdi ki, hər ikisi onun zirehli gödəkçəsinə dəydi.
Bircə onu hiss etdi ki, ayaqları yerdən üzüldü. Əlbəttə, çox dəhşətli bir durum
əmələ gəlmişdi. Tibbi yardım edənin özünə yardım etmək ehtiyacı yaranmışdı. Bəs,
bu işi kim görməli idi?!...
Aslanın vurulmasından təxminən 10 dəqiqə sonra qusarlı
Şahinin də döyüş taleyi üzünə gülmədi.
Onu snayper vurmuşdu. Yoxuşlu cığırın dik mövqeyində səmtsiz yıxılması və həmin
yerin düşmən tərəfindən açıq-aşkar görünməsi üzündən Şahinə yaxınlaşmağa kimsənin
gücü çatmadı. Geri çəkilən döyüşçülər elə güman etdilər ki, Şahinin yarası ağır
deyil. Bir azdan özünə gələr. On dəqiqəlik gözqoymadan sonra ümid kəsildi. Onda
heç bir həyat əlaməti görünmədi. Şahinin artıq şəhid olması aydın müşahidə
edilirdi.
Bir müddət keçdikdən sonra göyün üzünü qatı bir duman
bürüdü. Yerdə uzanıqlı qalmış Aslanın sanki qapısını Əzrayıl kəsmişdi. Bircə o
zaman bəxti gətirdi ki, yıxıldıqdan sonra ona tuşlanmış güllələr yan ötüb
keçdi. Qaranlıq düşəndə Aslan sanki yuxudan ayıldı. Əvvəlcə ehtiyat edərək tərpənmək
istəmədi. Öz qəmli fikirləri ilə yalqız qalan igidimiz azacıq kövrəldi. Təsəvvüredilməz
bir dərəcədə kədər içində boğulan igidimiz nəfəsini zorla alırdı. Zirehli gödəkçə onun ölümünün
qarşısını alsa da, güllənin zərbə dalğası ilə yanaşı səmtsiz surətdə qaya
daşına çırpılması ona ağır fəsadlar törətmişdi. Yorğun bədənində, demək olar
ki, ağrısız bir yer yox idi. Baş verənləri bütün təfərrüatı ilə xatırlamağa
çalışdı, lakin vurulmadan sonrakı anları yadına sala bilmədi. Tam qaranlıq çökəndən
sonra çala-çuxur, dikdir yerləri sürünə-sürünə keçərək təxminən 100 metrə qədər
məsafəni qət etdi. Fəqət, düzən yerə çatanda dayandı. Bu dəfə iri bir daşa söykənmiş
vəziyyətdə oturan və üzü qana bulaşmış qazaxlı Məzahir Sadıqov gözünə sataşdı.
Onu görcək bir qədər ürəkləndi:
– Demək, tək deyiləm...
Məzahir boğuq bir səslə, sözləri uzada-uzada deyərək ona əl
hərəkəti ilə çıxıb getməyi işarə elədi:
– Mənə... baş qoşma...
get...
Bu sözlər Aslanın ürəyini titrətdi. Kədər yükü çoxalsa
da, Məzahirə tərəf sürünməyə gücü çatdı və ona yaxınlaşan kimi təkidlə öz
etirazını bildirdi:
–
Yox... ya birlikdə şəhid olmalıyıq, ya da birlikdə çıxmalıyıq...
Məzahirin
ağzından qan axırdı. Kirpikləri bir-birinə qarışmışdı. Düşmən gülləsi burnundan
girərək çənəsindən elə çıxmışdı ki, zorla danışırdı. Aslan ağır-ağır tərpənsə də,
birtəhər şok əleyhinə iynə vurduqdan sonra ağız nahiyəsində olan zədə yerlərini
bintlədi və qanaxmanın qarşısını tamam kəsdi. Lakin Məzahir özünü ümidsiz
aparırdı, gözlərini vahiməli bir qaranlıq bürümüşdü. Aslan isə dəqiq bilirdi ki,
Nəbilər kəndi tərəfində Şuşa özünümüdafiə taboruna məxsus sanitar maşını növbə
gözləməkdədir. Hökmən hərəkətə gəlmək, ruhdan düşməmək lazım idi. Əvvəlcə özü
ayağa durdu. Ağrıkəsici hesabına qamətini saxlaya bilirdi. Sonra Məzahirin
qoluna girib onu qaldırmağa cəhd göstərdi, lakin Məzahir çəkinərək burun səsi ilə
mızıldandı, əlləri ilə işarə elədi ki, mənsiz get... Aslan razılaşmadı. Növbəti
dəfə onu yerdən qaldıra bildi və səndələyə-səndələyə 10 addımlıq yol gedərək
sıldırım bir qayanın qarşısında dayandılar. Artıq atışma səsi eşidilmirdi.
Aslan ətrafı iti bir nəzərlə gözdən keçirdi. Onun fikri və diqqəti yalnız bir məsələ
ətrafında toplanmışdı – tezliklə sanitar maşınına yetişmək... Birdən avtomat
silah tətiyinin səsini eşitdi. Məzahir özünü öldürmək istəyirdi. Yaxşı ki,
silah açılmadı. Aslan yaralı silahdaşının bu bədbin hərəkətdən xeyli dilxor
oldu və silahı onun əlindən alaraq kənara tulladı. Araya sanki ölüm sükutu
çökdü. Yalnız acı və soyuq baxışları ilə bir-birini danladılar. Nəhayət, Aslan
çox xahişanə tərzdə dilləndi:
–
Qardaşım, daha mızıldamağın mənası yoxdur, kor şeytana lənət oxu və sakit dur.
Nə qədər ki, mən sağam, səni köməksiz qoymaram... Axı, kimə acıq edirsən?! Öz
canınamı? Gəl sən acığını bir az bas. Dığaların axırına çıxmadan ölmək bizə
haramdır...
Növbəti
cəhd yaxşı nəticə verdi. Gecə yarısınadək soyuq qar yağışı altında fasilə-fasilə xeyli yol qət etdilər. Nəbilər kəndi
istiqamətində dayanmış sanitar maşınının qaraltısını görəndə Aslan toxtaqlıq
tapsa da, Məzahirlə birlikdə yerə sərildi və uca bir səslə tibb təlimatçılarını
harayladı. Onların da gözləri yolda imiş. Sürətlə Aslangilə yetişdilər. Maşın
yerindən tərpənəndə Aslan çiynindən ağır
yük götürülən adam kimi rahatlanaraq dərin bir ah çəkdi: “Ah... bu od-alovun
içindən də salamat çıxmaq olarmış!...”
Aslangili
Şuşa Rayon Xəstəxanasına gətirdilər. Palatalar yaralı ilə dolmuşdu. Nəinki dəhlizdə,
hətta pilləkənlərdə necə gəldi yerə uzadılan yaralı döyüşçülərə yardım göstərilirdi.
Lazımi tibbi müayinə və qısa müalicədən sonra vəziyyəti ağır qiymətləndirilən Aslanı
vertolyotla Bakıya göndərmək qərarı verildi. Həmin vertolyot Şuşaya enən
zaman erməni işğalçıları tərəfindən məhv
edildi. Bu səbəbdən Aslan Yevlax polisini gətirən avtobusla Bakıya yola
salındı. Hələ rus hərbi həkimlərinin ixtiyarında olan Mərkəzi Hərbi Hospitalda
47 gün müalicə edildikdən sonra ona 60 gün məzuniyyət verildi. Lakin ürəyi
silahdaşlarının yanında qaldığına görə Aslan Həşimov cəmi 3 gün dincəldi və cəbhəyə qayıtdı...
Üzüntülü
anlar yaşayaraq qanlı-qadalı döyüş çarpışmalarında yarımcan taqət ilə amansız
ölümə qalib gəlməyin kamil düsturunu həyatda sınaqdan keçirən fədakar tələbə-həkim
döyüşçümüz Aslan Həşimov özünü məğlub hesab etmirdi. Güclü cəsarət hissi,
sonsuz inam, bir də ki, doğma yurda olan sönməz sevgi – bu dəyərlər birləşəndə
amansız ölüm sənin nə qəlbinə hakimlik edə bilir, nə də dizini birdəfəlik bükür...
Cəsur
tələbə-həkim Aslan Həşimov həqiqi hərbi xidmətə döyüşçü kimi başlasa da, 701 saylı motoatıcı briqadanın tibb xidməti rəisi
Əhliman Əliyev tibbi peşəkarlığını nəzərə alaraq onu hərbi-səhra şəraitində
hospitalın formalaşdırılmasına cəlb etmişdi. Əvvəlcə tibb bölüyünün baş çavuşu
təyin edilmiş və səhra hospitalının təşkili ilə bağlı qarşısında mühüm məsələlərin
həll edilməsi qoyulmuşdu. Xidmət rəisinin etimadını artıqlaması ilə
doğrultduğuna görə hospital taqımının ordinatoru vəzifəsi də ona həvalə edilmiş
və kamil həkimlik diplomunu almaq üçün sənədləri ATU-nun internaturasına göndərilmişdi.
701
saylı hərbi hissənin bəxt onda gətirmişdi ki, döyüşçüləri kimi tibb personalı
da hünərvər oğullardan ibarət idi. Aslan həkim öz silahdaşları ilə birlikdə həm
tibb təlimatçılarını, həm də onlarla birgə xidmət edən əsgərləri əsl tibb mütəxəssisi
kimi yetişdirdilər. Arif Məhərrəmov, Vüqar Quliyev, İlham Həsənov, Cəmil
Quliyev, Şahrza İbadullayev, Zaur Alxasov, Mübariz Kərimov, Fariz Səfərov, Elşən
Süleymanov, Mahir Bədəlov, Kamil Səmədov, Adil Abbasov və digər əsgərlər hərbi əməliyyatların ən kəskin
məqamlarında fasiləsiz yaralı axını zamanı həkim qədər qabiliyyət nümunəsi göstərirdilər.
Məsələn, sarğıların dəyişdirilməsi, venadaxili qan və qanəvəzedicilərinin köçürülməsi,
portativ rentgen aparatı ilə rentgen şəkillərinin çəkilməsi, ətrafların gips
sarğılarının imobilizasiyası, lazım gəldikdə cərrahiyyə əməliyyatlarında tibb
bacısı ilə bağlı tapşırıqların icra edilməsi, odla işləyən avtoklavların istismar
olunması və sair işlər zamanı təcrübəli əsgərlərimiz həkimlərdən geri
qalmırdılar. Sanitar maşın sürücüləri döyüş səhnəsindən yaralıların təxliyə
edilməsində, ilk tibbi yardımın göstərilməsində
cəsarət və fərasətli əməlləri ilə inanılmaz dərəcədə təhlükəli vəziyyətlərdən
salamat çıxır və çox qan itirən döyüşçülərimizin həyatını xilas edirdilər. Əlbəttə,
bu müvəffəqiyyətlər heç nədən yaranmamışdı. Fədakar həkim Aslan Həşimovun və
onun dəyərli silahdaşlarının damla – damla axıtdığı zəhmət təri hesabına hasilə gələn bu uğurlu nəticələr döyüşdə mühüm
rol oynayan mənəvi potensialımızı tükənməz axara salmışdır.
Həkim
Aslan Həşimovun həyəcanlı səngər xatirələrinin bəzi məqamlarını yada salaq:
–
Mən belə düşünürəm ki, döyüş səhnəsindən yaralı çıxarmaq döyüşçü kimi döyüşməkdən
həm çox təhlükəli, həm də on qat şərəfli
sayılır. Nə qədər özünü soyuqqanlı aparsan da, yaralı ah-naləsindən yaman dərdlənirsən.
Bəzən ağır yaraların zahiri təsirindən vücudun silkələnir. Bəzən də sənin təcili
yardımın hesabına neçə-neçə igidin canı ölümün caynağından zorla alınır, böyük
savab yiyəsi olursan. 1992-ci ildə Laçın rayonunun Hocaz dağı uğrunda aparılan
döyüşdə ön xətt mövqeyində döyüşçülərimizlə birgə fəaliyyət göstərirdik. Uğur
bizim tərəfdə idi. Düşmən qəfil həmləmizdən qan ağlayırdı. Günorta saatlarında
üç yaralımıza yardım etməli olduq. Birinin
bud arteriyasını mina qəlpəsi kəsmişdi. Sanitar maşınımız kəskin
eniş-yoxuşlu dağ yolunda sürətlə getdiyi
bir vaxt birdən dərin bir çuxura düşdük. Sürücü birtəhər maşını aşmağa qoymadı.
Qan üzümüzə fışqıranda məəttəl qaldım. Sən demə maşın təkəri çuxura düşərkən
yaranmış silkələnmə anında yaralı xərəyinin
ayağı yaraya bağladığım rezin sıxıcını dartıb üzmüşdü. Başqa əlacım yox idi.
Arteriyanın deşilən hissəsini barmağımla tutub saxladım. Hocazdan Pircahana qədər
2 saat yol getdik. Hər üç yaralını ölümdən qurtardıq. 1993-cü il 2-ci Kəlbəcər əməliyyatı
zamanı ilkin həkim yardım məntəqəsini peşəkar səviyyədə yaratmışdıq. Gecə və
gündüzümüz fərqlənmirdi. Uğurlu Yanşaq döyüşündə düşmənə cəhənnəmi dirigözlü yaşatdıq. Dığa
meyitləri yerlə yeksan idi. Düşmənlə müqayisədə şəhidimizin sayı az olsa da, Yanşaq kəndinin azad olunduğu həlledici gün yaralılarımızın
sayı 53-ə çatmışdı. Sanitar maşın sürücüləri Qiyas Vəliyev, Niyaz Poladov, Əziz
Qurbanov, tibb təlimatçısı Cəlal Mikayılov və mən bütün gecəni səhər saat 5-ə qədər
yaralılara ilkin tibbi yardım göstərdik. Maşınlarımızda yer olmadığına görə
özümüz Medançaydan düz Ömər aşırımınadək şiddətli çovğun içərisində piyada
qalxmalı olduq. Biz min bir əzaba qatlaşaraq yurdumuzun azadlığı naminə canını
güllə qabağına verən mərd oğullarımızın həyatını qorumuşuq. Müxtəsər onu deyə
bilərəm ki, 701 saylı motoatıcı briqadamızda tibb xidmətimiz fəaliyyətə
başlayanda cəmi-cümlətanı 4 ədəd tibb çantamız vardı. Onu da sonralar dünyasını
dəyişmiş böyük ürəkli silahdaşımız, briqadanın ilk tibb xidməti rəisi zəngilanlı həkim Əhliman Əliyev hədiyyə
vermişdi. Adi tibb çantasından başlayan bu döyüş yolumuz peşəkar hərbi səhra
hospitalının formalaşdırılması ilə tamamlandı və milli hərb tariximizdə şərəfli
bir tarix yazdıq...
Həqiqətən
çox şərəfli tarixdir. Atəşkəsdən sonra Aslan həkimin xidmət taleyi onu doğma
701 saylı motoatıcı briqadadan ayırsa da, dəyərli hərbi xidmət həyatını müxtəlif
vəzifələrdə uğurla başa vurdu və 1999-cu ildə ordu sıralarından tərxis edildi.
İndi 2-ci qrup müharibə əlili kimi pensiyaçı ömrünü sürür və respublikamızda
vüsətlənən hərbi vətənpərvərlik həyatında fəallıq göstərir. Özü kimi dörd vətənpərvər
övladı böyüməkdədir. Nə qədər yarıdinc, yarınarahat bir tərzdə yaşasa da,
işğalçı qoynunda inildəyən Qarabağımızın nisgili ürəyindən yox olmur...
Ehtiyatda olan polkovnik-leytenant
İbrahim MƏSİMOĞLU
hərbi-yazıçı jurnalist

Комментарии
Отправить комментарий