“SON DAMLA QANIMIZA QƏDƏR VURUŞDUQ”
Briqada komandiri polkovnik Əzizağa Qənizadənin
döyüş gündəliyindən bir neçə səhifə
2 aprel 1993-cü il. Saat 10.00 radələrində feldyeger-poçt rabitəsi
vasitəsilə mənə Müdafiə Nazirliyinin beş məxfi zərfi çatdırıldı. Zərflərin qəbulunu
imzamla təsdiqlədim. Yarım saat sonra düşmən həm səsucaldan, həm də radio rabitəsi
vasitəsilə bizə bağırmağa başladı: “Sizə
saat 14.00-dək vaxt veririk. Mənasız müqavimətə son qoyub təslim olun. Kim təslim
olarsa, yaşamasına zəmanət veririk, kim döyüş mövqelərində qalarsa, hamısı məhv
ediləcək!” Düşmənin bu hədələri ilə bağlı olaraq mən Qamışlı körpüsünün
müdafiəçilərinə inamlı notlarla müraciət etdim. Müxtəlif təsirli sözlərlə hərbçilərimizin
döyüş ruhunu, əhval-ruhiyyəsini yüksəltməyə cəhd göstərdim. Onları yersiz
çaxnaşma salmamağa, hərbi anda sadiq qalmağa səslədim. Kömək üçün ehtiyat qüvvələrin
yolda olduğunu açıqladım. Saat 11.30 radələrində 1-ci ordu komandiri
general-mayor Nəcməddin Sadıqovun yanına gələrək yaranmış döyüş vəziyyəti, həmçinin
düşmənin təslim hədəsi və hücum xəbərdarlığı barədə ona ətraflı məruzə etdim. Təxminən
bir saat sonra “Zil-131” markalı avtomobillə körpü yaxınlığında yerləşən mövqelərimizə
qayıdarkən leytenant Azad Həsənovla arxamızda gizlənmiş düşmənin təxribat kəşfiyyat
qrupunun pusqusuna düşdük. Avtomobili qumbaraatanlardan atəşə tutdular, lakin
qumbaraların heç biri bizə tuş gəlmədi. Biri avtomobilin arxasında, bir neçəsi
isə yol boyu partladı. Sürəti kəskin surətdə artıraraq özümüzü düşmən hədəfindən
uzaqlaşdıra bildik. Həmin təxribat-kəşfiyyat qrupunu məhv etməkdən ötrü lazımi
qədər qüvvəmiz yox idi. Saat 15.30 radələrində düşmən üstün qüvvələrlə həmləyə
keçərək “Çiçəkli” yüksəkliyini 3-cü dəfə əlimizdən aldılar. Yüksəkliyin itirilməsi
nəticəsində biz dar mühasirə halqasına düşdük. Mənimlə birgə 15 nəfər əsgər, gizir Qalib Rəhimov və leytenant Zakir Yaqnəliyev qalmışdı. Leytenant Azad Həsənov isə 1 ədəd tank,
1 ədəd PDM və 10 əsgərlə körpünün digər tərəfində mövqe tutmuşdu.
Biz düşməndən 20 metr aşağıda yerləşdiyimizə görə sərbəst
manevr imkanı əldə edə bilmirdik. Həmçinin körpünün digər tərəfindən bizi himayə
edən tankı düşmən tez sıradan çıxarmışdı. Mühasirə dairəsi tədricən daralırdı.
Əsgərləri atəş altından çıxarmaqla yanaşı yalnız bir tərəfdən atış sürətini
artıraraq mühasirədən qurtulmaq üçün əlverişli mövqe seçməyə can atırdıq.
Döyüşçülərə əmr etdim ki, bir-birini fasiləsiz
himayə etmək yolu ilə Lev çayına tərəf geri çəkilsinlər. Çünki çayın digər
sahilində qayalıq arasında möhkəm mövqe tutmaq imkanı vardı. Biz çaya çətinliklə
yaxınlaşa bildik və əl-ələ verərək çayı keçməyə başladıq. Əsgər Məlik Məlikov atışa-atışa bizi himayə edir və düşmən qüvvələrinin
dik sahilə yaxınlaşmasına maneçilik törədirdi. Həmin sahilin hündür hissəsi
bizi düşmən gülləsindən hifz edirdi.
Güclü su axını əl-ələ tutaraq yaratdığımız zəncirvari
düzülüşün axırında gələn gizir Qalib Rəhimovun ayaqlarını yerdən üzdü. O, məni
də özü ilə çəkib aparmağa başladı. Mən birtəhər iri daşlardan yapışmağa macal
tapsam da, onun əli mənim əlimdən sürüşüb çıxdı və axında görünməz oldu. Su
axını avtomat silahımı da əlimdən dartıb apardı. Çaydan çıxan kimi islanıb
ağırlaşmış kürkümü yerə sərdim. Həyəcanın şiddətli təsirindən suyun soyuqluğunu
o qədər hiss etmirdim. Üstümdə təkcə tapancam qalmışdı. İri daşların arxasından
düşmənə cavab atəşi aça-aça çıxış yolunu fikirləşirdim. Bu mövqeyimiz də o qədər
yaxşı deyildi. Hər an, hər dəqiqə güdaza gedə bilərdik.
Nəhayət, qayalarda mövqe seçməyi qərara aldım. Əvvəlcə
5 metrədək yuxarı qalxdım. Ətrafa nəzər yetirəndə təxminən 10 metrlik məsafədə
bir əsgər gözümə sataşdı. O, əli ilə yaxınlaşmağı işarə edirdi. Dərhal şübhə məni
basdı. Onun nəzərlərindən uzaqlaşmaq üçün yenidən sürüşərək əvvəlki mövqeyimə
qayıtdım. Yuxarıdakıların erməni olduğunu əsgərlərimə açıqlayaraq müşahidə
işini gücləndirməyi və ayıq olmağı əmr etdim. Arxamızda gözümüzü açmağa imkan
verməyən düşmən qüvvələrini çəpəki, çarpaz atəşlərlə, habelə yerimizi tez-tez dəyişdirməklə
azdırmağa can atırdıq. Demək olar ki, çıxılmaz hala düşmüşdük. Daldalanacaq
kimi istifadə etmək istədiyimiz ensiz gövdəli ağaclar da karımıza gəlmədi. Güllələr
bizi yaxalaya bilmədi. Yenə uzanaraq leytenant Z. Yaqnəliyevə əmr etdim ki,
ağaclar arasından bizə güllə yağdıran erməniləri atəşə tutsun. Lakin o da zəif
gördüyünə görə nişan verdiyim hədəfi seçə bilmədi. Onun avtomatını götürüb
atmağı da fikrimdən çıxardım. O, bu ümidsiz dəqiqələrdə məni düzgün başa düşməzdi.
Nə isə...
Açıq yerdə güllə yağışı altında uzanmaqdan daha
usandım. Təpəciyə sarı süründüm. Di gəl ki, bu təpəcik yalnız kürəyimə qədər məni
örtə bilirdi. Güllə yağışı az ara verirdi. Düşmən nişangahından çıxmağa fürsət
tapa bilmirdik. Arxa və ön tərəfdə olan düşmən qüvvələri bir-biri ilə
qışqıra-qışqıra danışırdılar. Məqsəd bəlli idi. Bizi əsir tutmağa cəhd edirdilər.
Bəlkə də, bu səbəbdən sərrast atmırdılar. Əsgər Zotov möhkəm qışqırdı:
“Komandir çaya!” Mən onun həyəcanını dərhal anladım. Cəsarət göstərmək anı
yetişdi. Cəld ayağa duraraq çaya tərəf qaçdım və özümü çaya atdım. Su axınının
səmtini yalnız iri daşlar dəyişdirirdi. Su məni daşlara çırpa-çırpa körpüyə tərəf
çəkirdi. Bircə başımı sudan çıxarırdım ki, nəfəsim kəsilməsin. Üzməklik halətim
yox idi. Özümü taleyin hökmünə buraxmışdım. Zorla ağacın suya qədər sallanmış
bir budağından yapışaraq özümü saxladım ki, azacıq rahat nəfəs alım. Uzaqdan
yolun üstündə dayanmış iki əsgərimizi gördüm. Onları var gücümlə səslədim, əfsus
ki, məni eşidə bilmədilər. Buz kimi soyuq suda donduğumdan daha ağac budağından
yapışıb qalacaq halda deyildim. Əlimi budaqdan üzməli oldum. Çay məni yenə
ağuşuna alıb apardı. Artıq son nəfəsdəydim. Hiss edirdim ki, batıram. İrəlidə
çay sağa burulanda əlimə bir şans düşdü. Gücümü toplayaraq çayın ortasından
uzaqlaşdım. Axın məni ixtiyarsız olaraq sahilə tərəf çəkdi. Təxminən 20 dəqiqə
hərəkətsiz vəziyyətdə qaldım. Canımda tabsızlıq hökm sürürdü. Barmaqlarım tərpətməyə
də taqətim yox idi. Canımı üşütmə aldı, nə aldı. İynə ucu qədər də ümidim
qalmamşıdı. Bu halda məni düşmən çox asanlıqla əsir tuta bilərdi. Amma qismət
belə deyilmiş. Yavaş-yavaş özümə gəldim. Tapançamı suda yaxalayıb təmizlədim.
Sürünə-sürünə bir ortaboylu ağacın dibinə özümü yetirdim. Gözlərimi bərk-bərk
yumaraq bir qədər götür-qoy etdim. Çantamda nə varsa hamısı zay olmuşdu. Hər
ehtimala qarşı məxfi zərfləri, döyüş əmrlərini və xəritəni didikləyib çaya
tulladım. Elə yorulub əldən düşmüşdüm ki, sanki qoltuq ağacına ehtiyac
duyurdum. Paltarımı palçıqla bulayaraq özümü maskaladım. Bir saat sonra yoldan
ötüb-keçən düşmən əsgərlərini gördüm. İrəlidə gedən erməni mənə tərəf baxırdı,
elə bil, məni qaralamışdı. Lal bir vəziyyətdə tərpənməz qaldım. Onlar ətrafa
güllə yağdıraraq irəli gedirdilər. Aramla diyirlənərək on addımlıq məsafəyədək
onların gözlərindən uzaqlaşdım. Elə fikirləşdim ki, son qərarımın vaxtıdır. Xəyalımdan
keçdi ki, bir erməni əsgərini yaxalayaraq özümü qoruyum, düşmənə əsir düşmək
fürsəti verməyim. Nədənsə bayaqdan məni gözü ilə qaralayan erməni qəflətən gözlərini
qabağa zilləyərək irəli qaçdı. Bayaq beynimə gələn fikirdən vaz keçdim. Araya
sakitlik çökdü. Qaş qaralandan sonra tanıdığım gizli yollarla özümü Qamışlı kəndinə
çatdırdım. Qərargah yiyəsiz qalmışdı. Nə rabitə maşını vardı, nə də digərləri.
Tanış adları səslədim, amma səsimə səs verən kimsə tapılmadı. Özümə ürək-dirək
verə-verə yola düzəldim. 100 metr aralıda 8 nəfərdən ibarət olan düşmən kəşfiyyatçıları
gözümə dəydi. Nə qədər cəld hərəkət etsəm də, məni sezdilər. Onların ikisi izimə
düşdü. Aldadıcı hərəkətlərlə onları azdıra bildim. Bir yüksəkliyə çıxaraq Lev
çayının məcrasına əsasən olduğum yerin səmtini müəyyənləşdirdim. Beləliklə,
Murovdağın aşırımına doğru hərəkət etməyə başladım. Aclıq hissi də bir yandan məni
ağırlaşdırmışdı. Yolda çobanlarla görüşəndə içimdə azacıq rahatlıq tapdım.
Onlar qoyun sürüsünü aşırıma sarı qovurdular. Yanşaq kəndində bir evə girib
dincəlmək istədim. Bərdə taborundan olan iki əsgərlə görüşüb xeyli məlumat
aldım. Onların taboru döyüşdə tamam sıradan çıxıbmış. Hətta tabor komandiri
Tahir Cəfərov da mühasirədə həlak olmuşdur. Demək, dayanmağın xeyri yoxdur. Əgər
ləngisəydik, biz də mühasirəyə düşə bilərdik. Əsgərlər mənə bir at tapıb gətirdilər.
Atın hünəri hesabına Ömər aşırımına yetişə bildim. Orada 3-cü taborun komandiri
polkovnik-leytenant Eldar Həsənovla görüşdüm. “Taborun başına nə gəlib” sualına
cavab verə bilmədi. Sakitcə köksünü ötürərək başını aşağı salıb dayandı. Bəli,
mənə hər şey agah olmuşdu. Ehtiyat qüvvəsi gəlməyən qoşun nə edə bilərdi?! Çəkdiyimiz
zəhmət hədər olmuşdu. Heyf, çox heyf!
Axşama qədər mühasirədən
çıxan bölmələrimizi ayırd edərək müdafiə planını hazırladıq. Gecə də dincəlmədik.
Səhərə qədər komanda məntəqəsini Toğanada təşkil edib başa çatdırdıq...
P.S. Ordumuzun əvvəlində
briqada komandiri olmaq hərbçi üzərinə ən çətin bir məsuliyyət qoyurdu. Hər gün
bir problem ortaya çıxırdı. Kömək edən, lazımi dayaq verən isə tapılmırdı. Qarşıya
çıxan məsələlər əksər hallarda şəxsi təşəbbüskarlıq hesabına həll edilirdi. Komandir
problemlər içərisində sanki boğulurdu. Əfqanıstan kimi müşkül savaş sınağından
çıxmış polkovnik Əzizağa Qənizadə o anları sahib olduğu döyüş təcrübəsinə
istinadən mərdanə yaşayıb. İndiki güclü ordumuzda isə briqada komandiri olmaq çətin
sayıla bilməz. Çünki ordumuz tam təminatlıdır və vahid komandanlıq altında saat
kimi dəqiq xidmət göstərir.
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий