“MƏN ƏSGƏRSİZ HEÇ NƏYƏM”




Altı yaşlı Fuadın əsas söz-söhbəti müharibədəndir. “Güllə”, “silah”, “ölüm” kəlmələri dilindən düşmür. Atası İlqar Dadaşovun igidliyi ilə elə hey öyünür. Tez-tez deyir: “Məni atamın yanına aparın”.
Bu günlərdə İlqar evə qısamüddətli məzuniyyətə gəlmişdi. Fuadın çöhrəsindən təbəssüm əskik olmurdu.  Cəbhəyə qayıtmaq vədəsi yetişəndə atasının qabağını kəsdi:
- Ata, daha müharibəyə getmə! – deyə ağladı.
İlqarın özü də kövrəldi. Göz yaşını zorla boğdu. Oğlunu qucağına alıb öpdü, oxşadı, başına sığal çəkə-çəkə dedi:
- Niyə ağlayırsan? Evdə mənim yerimə kişi kimi sən qalırsan.
Fuad bu sözdən sanki qürrələndi, sifətində bir ciddilik yarandı.
...İlqar Kəlbi oğlu Dadaşov ordumuzun bünövrəsinə ilk daş qoyan əsgərlərdəndir. O, Silahlı Qüvvələrimizin yarandığı vaxtdan əyninə əsgər libası geyərək Vətən uğrunda döyüşlərə atıldı. Bir ildən sonra əsgəri rütbə ilə zabit vəzifəsinə təyin edildi. Aradan bir il keçməmiş zabit rütbəsi də aldı.
...3 iyul 1992-ci il. Ağdabandan Ağdərənin Çapar kəndinə həmlə zamanı İlqargilin taqımı “dozor” kimi meşənin içərisindən keçirdi. 2-ci və 3-cü taqım, nədənsə, yubanırdı. Odur ki, 1-ci taqıma çatmaq üçün onlar maşına doluşub yollarına davam etdilər. Lakin bir az keçməmiş güclü partlayış oldu. Səsi eşidən İlqarın “dalağı sancdı”. Bildi ki, döyüşçü dostları minaya düşüblər. Kömək barədə götür-qoy etdi. Tez çıxış yolu tapdı: zəncirvari düzülüşlə Çapar kəndinə doğru hərəkət etmək!
Sən demə, düşmən ayıq imiş. PDM-dən atılan birinci mərmi boşa keçsə də, ikincisi düz “zəncir”in ortasına düşdü. Ucarlı Cabir Talıbov ayağından yaralandı. İlqar güllə yağışından qoruna-qoruna onu sürüyüb birtəhər yaxınlıqdakı silos quyusuna sala bildi, yarasını sarıdı. Sağ cinahdan hələ xəbər yox idi. Orada 1-ci bölük mövqe seçmişdi; qayçı şəklində hücuma keçib Çapar kəndini düşməndən azad etməli idilər. İlqar Dadaşov vəziyyətə uyğun müdafiə mövqeyi tutdu. Bir azdan düşmən əks-hücuma başladı. İki saatlıq mövqe döyüşü getdi. Heç kim geri çəkilmədi. Rəmzi Məmmədov sinəsindən güllə yarası aldı. Bunu görən İlqar “səhra cərrahlığı”na başladı: almazla dərini çərtib gülləni çıxartdı. Beləliklə, əsgər dostunu ölümdən xilas etdi.
Axşam düşürdü. Gecə döyüşünə alışmış taqım yenə hücumu ləngitməyi qərara aldı. Çünki 1-ci bölükdən hələ məlumat alınmamışdı. Əgər gecə döyüşünə çıxsaydılar, onlarla üz-üzə gələ bilərdilər. Odur ki, səhərədək gözlədilər. Tezdən komanda verildi. İlqar Dadaşov ön cərgədə döyüşürdü. Əsgərlər onun göstərişini dəqiq yerinə yetirirdilər. Əlverişli mövqe seçən PDM də sərrast atırdı. Tuşlayıcı-operator Qurban Qurbanovun, mexanik-sürücü Novruz Mirzəliyevin hərəkətləri dəqiq idi. Onlar düşmənin zenit qurğusunu susdurduqdan sonra piyadalarımız qısa müddətdə kəndi ələ keçirdilər.
...Səngərə əsgər kimi girən, aylar ötdükcə səriştəli zabit kimi yetişən İlqar Dadaşovla söhbət edəndə deyir ki, “mən əsgərsiz heç nəyəm”.
Bəs onun tabeliyində olan əsgərlər nə fikirdədirlər?
Qəbələli Adil Məmmədov:
- Komandirimizin həyata keçirdiyi əməliyyat zamanı biz, demək olar ki, itki vermirik.
Tovuzlu Feyruz Aslanov:
- İlqar Dadaşovun qranit kimi möhkəm iradəsi var. Döyüş zamanı bu iradə ilə çox qələbə çalmışıq.
Sumqayıtlı Məmmədəli Mikayılov:
- İgid arxasında igid gizlənər. Biz bir-birimizə arxayınıq. Komandir hər birimizə qardaş gözü ilə baxır.
Cəlilabadlı Hafiz Şahbazov:
- Bizim komandir çox işi bacarır: həm döyüşür, həm zabitlik edir, həm də həkim kimi yaramaza məlhəm qoyur.
Bakılı Şıxbala Hüseynov:
- Mənə döyüşməyin sirlərini öyrətdiyinə görə komandirimə minnətdaram. O olmasaydı, bəlkə də, mən çoxdan torpağa qarışmışdım.
Seysulan döyüşündə də İlqar Dadaşov böyük rəşadət göstərdi. Burada taborun üç zabiti yaralanıb sıradan çıxdı. İlqar azğın düşmənlə küçə döyüşünə girişdi. Gərgin bir məqamda qoz ağacına dəyərək istiqamətini dəyişən güllə ox kimi İlqarın sinəsinə sancıldı. Bu zaman düşmən cəmi iyirmi addımlığında idi. Döyüşü tək idarə etdiyindən geri çəkilmək fikrini beynindən qovub çıxaran İlqar axıracan səngərdə qaldı.
İlqar Dadaşovun döyüş yolunda həyəcanlı məqamlar, sarsıdıcı anlar çox olub. Necə deyərlər, bəlkə də, yeddi kəfən çürüdüb. Lakin heç vaxt ruhdan düşməyib. Qəlbindəki Vətən eşqi zərrə qədər də azalmayıb. Bax, buna görə də deyirlər ki, İlqarın bəxti həmişə ayaq üstədir. Bir də deyirlər ki, “Hərbi xidmətlərə görə” medalı ona ana südü kimi halaldır.
İlqar Bakıdandır. Xətai rayonunda anadan olub. Mülki sənəti dülgərlikdir. 94 nömrəli texniki peşə məktəbində bu dəyərli sənətə yiyələnib. Qurub-yaratmaqla arası sazdır. Tale elə gətirmişdir ki, İlqar formalaşmaqda olan ordumuzun sıralarında da bir zabit kimi öz əməyini əsirgəmir. Deyir ki, ehtiyac olsa, qələbədən sonra da qalıb xidmət edəcək. Təki sağlıq olsun...
                                                                                                            8 oktyabr 1994-cü il

P.S. İlqar heç vaxt ilqarından dönən oğul deyil. Onun döyüşkənlik ruhu daim coşmaqdadır. Öz doğma motoatıcı briqadasının mətin döyüşçüləri ilə mənəvi birliyi yeni qüvvələr formalaşdırır. Yeni nəsil onların döyüş ənənələrini mərdanə yaşadır. Tam əmindir ki, biz düşmənə tezliklə tutarlı cavab verərək ulu yurdumuzun torpaq işğalına birdəfəlik son qoyacağıq!...
                                                                                                  İbrahim MƏSİMOĞLU
                                          

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”