ƏSL BAYRAMLIQ HAÇAN OLACAQ?!


                                     

        Nə qədər sonu bilinməyən ideya və məqsədlər naminə gecə-gündüz arzulasan da ideal hədəf sandığın o məqama səni çatdırmaq üçün zaman öz gərdişini dəyişən deyil. Nə də hər gün üzümüzə açılan səhər səni hədsiz bezikdirən o həsrətə con sözünü demir. Bax, Bayramın bəlası da bundadır. Ali istəklər uğrunda bütün varlığı ilə çalışsa da, hətta zaman dialektikası o vətəncanlı zabit həmkarımıza hələ heç nə vəd etmir. Axı, insaf da yaxşı şeydir, Bayramın qəlbi neçə illərdir bayramlığa həsrətdir. Özü demişkən, ulu Qarabağımızla bahəm doğma yurdu Zəngilan erməni işğalından qurtarmayınca bu barədə söz açmaq olmaz. Düzdür, gündən-günə qüdrətləşən ordumuzun aprel zəfərinin təntənəsi içərisində hamımız bayram libası geyinmişdik. Bayram da bizə qoşulmuşdu. Amma bu bayram əsl bayram deyildi.  Bəs, Bayram üçün əsl bayramlıq haçan olacaq?!
        Yurd sevgili zabit həmkarım ehtiyatda olan polkovnik-leytenant Bayram Məmmədovu yaxından tanımayanlar üçün açıqladığımız mətləblər, söz yox ki, tam mənası ilə tez aydınlaşa bilməz. O, peşəkar hərbçi olmasa da, peşəkar pedaqoq kimi hərbçiliyin zəruri vərdiş və sirlərinə təcrübə yolu ilə sahib olmuş bir şəxsiyyətdir. Onun əsl həyat imtahanları 10 noyabr 1991-ci il tarixindən sonra başlamışdır. Həmin gün Bayram Zəngilan özünümüdafiə taborunun komandiri təyin edilmişdi. İxtisas uyğunluğu olmasa da, doğma rayonun ictimai həyatında fəal mövqeyinə və dövlət işində qazandığı səriştəyə istinadən ona bu məsul vəzifə təklif edilmişdi. Cavabdehlik yükü çox olsa da irəli sürülmüş təklif ürəyincə alınmışdı.
        Bayramın iç dünyasında daşnak erməni xəyanətinə qarşı döyüşkənlik ruhu çoxdan qaynayırdı. Bu səbəbdəndir ki, tabor komandiri təyin edildiyi ilk gündən başlayaraq  hərbi idarəetmə qabiliyyətini dərindən əxz etmək üçün real imkanlardan bacarıqla istifadə etməyə can atırdı. Ölkəmizin ağır siyasi-iqtisadi böhran və savaş şəraitində döyüş komandiri cavabdehliyini yaxşı dərk edən Bayram Məmmədovu Zəngilan camaatı bu vəzifə üçün təsadüfi adam hesab etmirdi. Çünki ictimai həyatda çox sayılıb-seçilirdi. Zəngilan torpağında yetişən yüksək amallı gəncliyi yaxşı tanıyırdı. Üstəlik körpə çağlarından varlığında qaynayan döyüşçülük cövhəri tükənən deyildi. Bu onun öz gücünə və cəsur yurdkeşlərinə olan inamdan irəli gəlirdi.
           O zaman ən böyük problem ondan ibarət idi ki, Azərbaycan dövləti hələ öz ordusunu yaratmağa başlamamışdı. Ziddiyyətli ictimai-siyasi situasiyalar hər kəsi usandırmışdı. Sovet ordusunun qüvvədə olan hissələri qaynar nöqtələrdə ikili mövqe tutmuşdu. Bəzən daşnak erməni xəyanətinə uyaraq  hər cür murdar oyunlara cəlb edilirdilər. Rayonun Şayıflı kənd ətrafında guya sülhməramlı missiya həyata keçirən sovet hərbçiləri cürbəcür qəfil silahlı basqınların qarşısında aciz qalırdılar. Digər kəndlərdə isə əli silah tutan cavan və yaşlı nəsil gecələr növbə ilə yaşayış məntəqələrinin giriş yollarında keçik çəkirdilər. Silah azlığı müdafiə işini qurmaqda bir nömrəli problem sayılırdı. Məktəblərdə hərbi kabinetlərdən və kəndlərdən kütləvi şəkildə silahlar yığılsa da, tək-tək əllərdə ov tüfənkləri qorunub saxlanmışdı. Həm fiziki, həm də mənəvi möhkəmliyi Bayramı əlacsız qoymadı. Əsl vətənpərvər və qorxmaz oğullardan ibarət bir taborun yaradılması üçün var gücü ilə fəaliyyətə başladı. Doğrudan da, ümidsizlik yalnız zəif adamlara xas bir xüsusiyyətdir. Ümidi olmayanlar tədricən gücsüz bir vəziyyətə düçar  olur və son nəticədə məğlubiyyətlə barışmaq məcburiyyəti qarşısında qalırlar.
        Taborun rəsmən yaradılması bir neçə müzakirə prosesindən keçməli oldu. Birinci mərhələ Zəngilanın yerli rəhbərliyi tərəfindən təşkil edilsə də, bu sahədə aparılan uzun-uzadı diskussiyalar nəticəsiz qaldı. Bakı şəhərində və Üçtəpə poliqonunda keçirilən toplantılarda da Bayram  Məmmədova hər hansı təyinat və konkret tapşırıqlar verilmədi. Nəhayət, noyabrın 10-da rəsmi qərar qəbul edildi. O zaman baş leytenant rütbəsində olan Bayram Məmmədov Zəngilan rayon özünümüdafiə taborunun komandiri təyin edildi. Tabor 361 nəfərlik ştatdan ibarət idi. Bayram qısa vaxt ərzində ehtiyatda olan təcrübəli zabitlərdən və vətəncanlı gənclərdən ibarət tabor qərargahını formalaşdırdı. Həmin dövrdə bəzi rayon taborlarına xas olan intizamsızlıq hallarına burada yol verilmirdi. Çünki döyüşçü münasibətlərində yaranan ən kiçik səhvlər yerindəcə aradan qaldırılır və lazım gələndə müvafiq cəzalar verilirdi. Bu pozulmaz hərbi intizam ovqatının davamlı inkişafını  Bayram özü istiqamətləndirirdi. Özü də qayda-qanun tələblərinə tam əməl edirdi ki, kimsə ona irad tuta bilməsin.  Bu zəruri hərbçi  xüsusiyyətlərini 1978-1980-ci illərdə sovet ordusu əsgərliyində əxz etmişdi.
      
Dəyərli bir fakt: Zəngilan rayonunun “Kənd həyatı” qəzetinin hərbi vətənpərvərlik guşəsində əsgər yoldaşı Nikolay Kvelidzenin “Bölmə komandiri” sərlövhəli yazısında oxuyuruq: “ Biz Uzaq Şərqdə xidmət edirik... Mən bu məktubumda azərbaycanlı əsgər Bayram Məmmədov haqqında söz açmaq istəyirəm. O, bölük komandiri, kiçik serjantdır. Hərbi xidmətdən əvvəl Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib... “Əlaçı bölmədən əlaçı bölməsinə” – Bayram Məmmədovun başçılıq etdiyi bölmənin əsgərləri bu deviz altında çalışır, xidmət göstərirlər... Bayram öhdəsində olan döyüşçülər arasında hərtərəfli siyasi-tərbiyə işi aparır. Bəzən öz şəxsi istirahətinə ayrılmış saatları da döyüşçülərin hərbi və siyasi hazırlığına sərf edir. Buna çoxlu misal göstərmək olar...” Bu səmimi və çox hərarətli sözlər Bayramın hərbi konteksdə fəaliyyət kamilliyini özündə əks etdirən real tarixi cizgilərdir. Təbii ki, bunlar onun zəhmətə qatlaşan şəxsi təbiətindən doğur. Vətən söhbəti gedən yerdə biganə qalmır, ictimai fayda verən nümunəvi hərəkətlərində yersiz olaraq dayanmağı xoşlamır, səmərəsiz əməlləri qəbul edə bilmir, hər cür fəaliyyətsizliyi inkar edir. Bayramın bu vətəncanlı mövqeyi müstəqil dövlətimizin müdafiəsində ikiqat güc almışdı.
           Zəngilan rayon özünümüdafiə taboru, təbii ki, ilk addımları çətinliklə atırdı. Hər gün bir təminat problemi yaşanırdı. Çünki Ermənistanın Qafan və Mehri rayonları ilə həmsərhəd bir ərazidə mövqe tutan bu tabor hər dəqiqə düşmənin hədəfində idi. Təcrübə azlığı, çatışmazlıq halları olsa da, qəfil erməni basqınlarının qarşısı mərdanə alınır və düşmənə real imkanlar hesabına cavab verilirdi. Könüllü döyüşçülərimiz əksər hallarda öz şəxsi imkanlarını işə salırdılar. Odur ki, müdafiə işi zəifləmirdi. Bu, səbəbsiz deyildi. O zamankı dövlət hakimiyyətimizin səbatsız fəaliyyəti başımıza gölənilməz oyunlar açırdı. Nizami ordumuzun yaradılmasına az diqqət yetirilirdi. Siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə döyüşçülərimizin ən yaralı yeri sayılırdı. Bəzən vəzifə davası aparanların şəxsi siyasi iddiaları elə bir həddə çatırdı ki, vətən torpaqlarımızın müdafiəsi ikinci plana salınırdı.
          Zəngilan rayon özünümüdafiə taborunun yardılmasında xüsusi xidməti olan Bayram  Məmmədov ordusuz günlərimizi belə xatıryayır:
        – Xalqımız tarix boyu erməni xəyanəti ilə üz-üzə gəlmişdir. Dövlət müstəqilliyimizin əvvəlində isə başımıza çox bəlalar gəldi. Daşnakların qabaqcadan hücum hazırlığı, bizim qəfil hücumlara qarşı müdafiəsiz qalmağımız və ordu yoxluğu problemi  torpaqlarımızın işğalına şərait yaratdı. Buna görə də rayon özünümüdafiə taborlarının yaradılması o dövrdə xüsusi əhəmiyyət daşıyırdı. Bəzi qüvvələr rayon camaatının yerli imkanları hesabına müdafiə təşəbbüskarlığını qeyri-hərbi peşəkarlıq faktı kimi vacib hesab etmirdilər. Bəs, nə etməli idik? Yoxsa əzazil daşnak əsarətinə düşməliydik?! Yaxşı ki, mərd xalqımız öz haqlı yolundan dönmədi. Vətəni dardan qurtarmaq üçün qeyrətli gənclərimiz sinəsini qabağa çəkərək azğın düşmənə layiqli cavab verdilər. Doğma yurdumuzun müdafiəsini hər şeydən üstün tutan qeyrətkeş qüvvələrimiz lazımi köməklik göstərsələr də, mövcud rəhbərlik tərəfindən məqsədli şəkildə bizə güclü təyziq edilirdi. Onlar açıq-açığına bütün məsələləri öz siyasi mənafeyinə uyğun surətdə həll etməyə can atırdılar. Çünki ordu quruculuğunun ləngidilməsi onlara sərf edirdi. Bir xalq məsəlində deyilir ki, dünyada üç şey təhlükəli hesab edilir: bıçaq uşaq əlində olanda, hakimiyyət axmaq əlində qalanda və tərif yaltaq dilindən düşməyəndə. Hikmətli sözlərdir. Biz həqiqətən axmaq siyasi qüvvələrin əlində qalmışdıq. Amma xalq buna çox dözmədi. Əgər həmin illərdə bütün imkanlar ordu quruculuğuna yönəldilsəydi, ermənilərin işğal niyyəti baş tutmazdı. Təəssüf ki, o dərdi biz yaşadıq. Mən xalqımızın mərd oğulları ilə qürur duyuram ki, onlar ümidsizliyə qapılmadılar. Min bir çətinliklərə, iyrənc siyasi hərc-mərcliyə baxmayaraq güclü inamımız vardı. Bəzən elə həlledici vəziyyət yaranırdı ki, uşaqdan tutmuş əli çəlikli ağsaqqallarımızadək hamı səngərdə düşmənə qarşı vuruşmaq istəyirdi. Elə anlarımız olub ki, döyüş mövqelərinə texnika çıxara bilməyəndə uşaqlı-böyüklü kənd camaatımız bizə yaxından kömək etməyə başlamış və düşməni yerində oturtmuşuq. 1992-ci ilin aprelində Ermənistanla sərhədi olan kəndlərimizə güclü basqın oldu. Əvvəlcə artilleriya atəşləri həyata keçirildi. Sonra iki istiqamətdə hərbi texnika və vertolyotlar vasitəsilə üstümüzə şığıdılar. Biz mülki əhali arasında dəhşətli həyəcan yaradan həmin daşnak həmləsini canımızla dəf etdik. Düşmən özü də məəttəl qalmışdı. Onlar kəndlərimizə soxula bildilər, amma qəhrəman zabit və əsgərlərimizin şücaəti sayəsində doğma obalarımıza yayılan murdar nəfəslər kəsildi. Kifayət qədər itki verən dığalar geri çəkilməli oldular...
       
Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan oktyabrın 29-da çox çətin döyüş vəziyyətinə düşdü. Yağı hücumlarına həmişə mərdanə sinə gərən əhali bu dəfə qeyri-bərabər bir mübarizədə geri çəkilməli oldu. Dinc əhali öz döyüşçüləri ilə birgə çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi ehtimalı yarana bilərdi. Geri çəkilmə dəqiqələrində Bayramın damarından qara qanlar axırdı. Ağır itkilərdən doğan  həyəcanlı dəqiqələrdə keçirdiyi sarsıntılı epizodlar, bəlkə də, onun ömrünü on il geri saldı. Amma hər cür təhlükəyə qarşı sinə verməkdən çəkinmədi. Çalışdı ki, Zəngilanın dinc əhalisi erməni əlinə əsir düşməsin...
        Zəngilanın o ağır işğal günü Bayram Məmmədov acı aqibətli düşmən hücumunun təəssüratı altında qaranlıq düşənədək ah çəkdi. Ona aydın şəkildə aşkar idi ki, daşnaklar belə yüksək təminatlı hücumu təkbaşına icra etməmişdi. Mətin döyüşçülərimiz bəzi məqamlarda gülləsiz qalsa da, geri çəkilmək istəmir, köməyin gələcəyinə ümid edərək yerində möhkəm dayanır və müxtəlif aldadıcı taktiki priyomlardan istifadə etməklə düşmən qüvvələrini azdırırdılar.   
        İşğaldan sonra Bayram bir gecə yuxusuz qaldı.  İtkin düşən döyüşçü yoldaşları haqqında ürəksızladıcı fikirlər onu tərk etmirdi. Hər səhər baxışı zamanı sıraya düzülmüş cəsur döyüşçülər onun gözləri önündə canlanırdı: Baloğlan Süleymanov, Sabir Paşayev, Emin Nəsibov, Qasım Mövsümov, Bəhram Adıgözəlov, Əlibaba Məmmədov... Elə bil, doğma qardaş kimi qəlbən bağlanmış fədakar cəbhədaşlarından ayrılmamışdı, sanki onlarla çiyin-çiyinə durmuşdu. Onları yenə öz yanında görmək istəyirdi. Lakin xoş xəbər gəlmədikcə o qəlbən çox sarsılır, bədbin fikirlərin altında başı gicəllənirdi...
       Doğma yurdun işğal dərdi Bayramı ordu həyatına daha dərindən bağladı. Bir tabora komandir olmaq təcrübəsi hərbçilik sahəsində növbəti addımlar üçün əsaslı şərait yaratdı. Təşkiletmə, əlaqələndirmə, nəzarətetmə qabiliyyəti, əxlaqi saflıq, cəsarət, məsuliyyət hissi, yüksək mədəni davranış, ədalət və obyektivlik duyğuları – bütün bu məziyyətlər onu irəliyə doğru apardı. Təmsil etdiyi şəxsi heyətin “hörmət şkalası”nda daim birinci yeri tutdu. Alay və hərbi hissə komandirinin müavini, Azərbaycan Respublikası Silahlı Qüvvələri Arxa Cəbhəsinin  kadrlar bölməsinin baş zabiti, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin hərbi attaşelər və hərbi nümayəndəliklərlə iş şöbəsinin baş zabiti və NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının həyata keçirilməsi bölməsinin rəisi vəzifələrində müxtəlif sınaqlardan bacarıqla keçdi. Tutduğu bir-birindən fərqli vəzifələrdə ordumuzun inkişaf pillələrini şəxsən özü addımlayaraq ümumi nailiyyət dəstinə layiqli şəxsi töhfələrini verdikcə işğal edilmiş torpaqlarımızın xilasına ümidi daha da mökəmlənir və hərbi qüdrətimizin  güclənməsindən xüsusi fərəh hissi keçirirdi.    
       2006-cı ildə polkovnik-leytenant rütbəsində ordu sıralarından ehtiyata buraxılanda nail olduğu bu sosial təminat onun maddi cəhətdən xeyrinə olsa da, gündəlik həyatında sanki bir boşluq yaratdı. Heç bir halda bekar qala bilmədi. Qarşı tərəfdən də tez üzə çıxan narahatlıq halları çox qabarıq şəkildə gözə göründü. Belə ki, peşəkar hərbçi kadrların hazırlanmasında bir pedaqoq kimi ona ehtiyacın çox olması pensiyaya çıxdığı ilk günlərdən etibarən komandanlıq tərəfindən gündəliyə salındı və ona yenidən iş təklif edildi. Söz yox ki, təklif Bayramın ürəyindən xəbər verirdi. Həmin ilin iyun ayından Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xarici dillər kafedrasının baş müəllimi təyin edildi. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini – baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin rəisi  vəzifəsində çalışdı. Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman və German dilləri bölməsinin baş müəllimi vəzifəsində üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirir. Eyni zamanda test və metodiki hazırlıq bölməsinin rəisi vəzifəsini icra edir.
      Bayram Məmmədov ona həvalə edilən bütün işlərdə çətinlik çəkmədiyinə görə onun perspektivi heç vaxt kölgə altına düşməmiş və şəxsi təşəbbüskarlığı sayəsində yeni fəaliyyət yolları açmışdır.  Bu baxımdan  ABŞ Müdafiə Nazirliyinin Hərbi Dil İnstitutunun məzunu kimi ordumuzda yüksək ixtisaslı komanda–qərargah zabitlərinin yetişdirilməsində onun əməyi xüsusi olaraq vurğulanmalıdır. Zabitlər tərəfindən ingilis dilinin mənimsənilməsi prosesində onlara tez bir zamanda  dil öyrənməyin ən səmərəli yol və vasitələrini sadə priyomlarla elə açıqlayır ki, tədrisin nəticələri həmişə ürəkaçan olur. Bu istiqamətdə yeni addımlar atmışdır. Belə ki, böyük zəhməti hesabına hasilə gələn ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə və ingiliscə hərbi söz qısaltmaları, ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə hərbi-siyasi lüğətlər hərbçilərimiz üçün çox dəyərli tədris vəsaitləri hesab edilir. Milli hərb sözlüyü tariximizdə onun açdığı bu cığırlar yeni qüvvələr hesabına davam etdirilir. Vaxtaşırı elmi məqalələrlə çıxış edərək Azərbaycan dilində hərbi leksikologiyanın təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmət göstərir. Hərbi Akademiyanın rəhbərliyi sanballı pedaqoji fəaliyyətini nəzərə alaraq ona fəxri adın verilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2015-ci il 24 iyun tarixli 1291 nömrəli sərəncamı ilə Bayram Məmmədova “Əməkdar müəllim” fəxri adı verilmişdir.   
        Söz yox ki, hər bir kəsə verilən fəxri ad xüsusi cavabdehlik yaradır. Bayram əsl müəllim kimi bu zirvəyə yüksəlmişdir. Mustafa Kamal Atatürk demişkən, müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır. Ona yaxşı bələd olduğuma görə deyə bilərəm ki, odlu-alovlu vətən savaşının hər üzünü görmüş bir ziyalı kimi Bayram Məmmədovun timsalında bu məsuliyyət anadangəlmədir. Onun varlığında geriləmə avazı heç bir halda kök ata bilməz. Tərcümeyi-halını bircə-bircə oxuduqca hərbçi qabiliyyətinə, pedaqoji təcrübə dərinliyinə, hərtərəfli  bilgi və fərasət dairəsinin genişliyinə heyran olursan. Dünyaya göz açdığı Zəngilanın Canbar kəndinin adı onunla bir dillərə düşməkdədir. O, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun məzunu olaraq elə bir ibrətli həyat yolu keçmişdir ki, şəxsi fəaliyyəti ilə bağlı ötən hər il onun adına şəxsi zəfər qazandırmışdır. Yalnız bir qaralı gün  tarixi  yurdumuzun işğal faktından doğur. Əsas fəaliyyətində gərginlik yaradan da bu kədərli ruhiyyədən irəli gəlir. Sovet əyyamında Zəngilan rayonunun bir neçə dövlət işində əldə etdiyi təcrübə ona çox kömək olmuşdur. Üstəlik Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirərək məsul dövlət işlərinin incəliklərinə yiyələnmiş və rəhbər kadrlara dair məziyyətləri hərtərəfli əxz etmişdir. Təxminən otuza qədər böyük xarici ölkələrdə keçirilən təlim, seminar, konfrans, iclas və digər görüşlərdə milli ordumuzu layiqincə təmsil edən bu zabit həmkarım həmişə yüksək mükafatlara layiq görülmüşdür. Vaxtaşırı jurnalistik fəaliyyətinə yer verir, aparıcı respublika qəzetlərində siyasi, hərbi, elmi və publisistik məqalələrlə çıxış edir. Öyündürücü faktlardan biri də odur ki, Bayram Məmmədov həm də Azərbaycan Respublikası Hap Ki Do Federasiyasının vitse-prezidenti kimi bu idman növünün ölkəmizdə xüsusi bir maraqla geniş yayılması istiqamətində öz doğma övladı, ehtiyatda olan leytenant Orxan Məmmədli ilə birgə çalışır və bu idman sahəsinə öz şəxsi töhfəsini verir. Belə ki, çəkilən zəhmət bəhrəsiz deyil, onun oğlu bu idman növü üzrə dünya çempionudur. Böyük oğlu mayor Rəhman Məmmədli isə Dövlət Sərhəd Xidmətində öz xidməti borcunu layiqincə yerinə yetirir. Həqiqətən çox qürurvericidir.
        Ordumuzun inkişafında xüsusi əməyi olan Bayram Məmmədov bu gün çox nikbin düşünür. Bu mövqe əsassız deyil. O, gündən-günə döyüş qüdrətini artıran ordumuzun  yağı düşmənimiz üzərində tutarlı qalibiyyət qazanacağına böyük ümid bəsləyir:
      – Vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı vahid amal uğrunda – Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə çalışmağa borcludur. Bu, hər bir kəsdən əvvəl gələcəyimiz olan gənclərə aiddir. Müdriklər gözəl deyiblər: “Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti ağır sınaq günlərində bəlli olur”. Qarabağ uğrunda gedən döyüşlərdə döyüşən əsgərlər vətən uğrunda şəhid oldular. Şəhid oldular ki, uğrunda can verdikləri vətən torpağı yağı əlində qalmasın. Azərbaycan xalqı Qarabağ münaqişəsinin acısını hələ də yaşamaqdadır. Amma indiki ordumuz 1992-ci ilin ordusu deyil. Çox inkişaf etmişik. Növbəti döyüşlərdə qələbə sözünü biz deyəcəyik. Düşmən sülhə gəlməsə, öz murdar qanı içərisində boğulacaq və müqəddəs dövlət bayrağımız Xankəndində dalğalanacaqdır...
       Vətən müdafiəsinin fəal əzabkeşi kimi ehtiyatda olan polkovnik-leytenant Bayram Məmmədovun bu nikbin sözləri mənasız təmtaraq yaratmır. Ordumuzun döyüş qüdrətinə bəslədiyi inamın etibarlı əsası mövcuddur. Ona görə ki, hərbi potesialımızın tükənməz təminatçılarından biri onun özüdür. Hər gün qələbə müjdəsi gözləyir. Çünki özgə gücü hesabına qüvvə toplayaraq saxta qürurluq göstərən xain ermənilərə Bayram öz döyüşçü həyatında yaxşı bələd olmuşdur. Onların şərəfsiz qələbə tarixinə  canlı şahiddir. Yaxşı bilir ki, gec-tez işğalçı daşnak ordusu bütövlüklə ölüm yatağına salınacaq!...
                                                                   İbrahim Məsimoğlu
                                        hərbi yazıçı-jurnalist, ehtiyatda olan polkovnik-leytenant

                   
                           

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”