YA QARABAĞ, YA ÖLÜM, BAŞQA YOLU YOX ARTIQ!...


                     

         Həqiqət gözlə görünəndə, ürəklə seviləndə, sağlam düşüncə ilə dərk ediləndə daha güclü, daha bariz bir forma alır. Ordumuzda keçirilən “Açıq qapı” günlərinin ideya xətti məhz belə canlı ünsiyyət, əyani tanışlıq, gerçək söhbətləşmə və təbii çıxışlar əsasında çox rövnəqlənir. Bu minvalla ordu və xalq birliyinin  parlaq və inam dolu təntənəsi yaşanmaqdadır.
        Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən ordumuz üzərində ictimai nəzarətin gücləndirilməsi, ölkə müdafiəsi ilə bağlı şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daim artırılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov hər il müvafiq surətdə Azərbaycan Ordusunda “Açıq qapı” günlərinin keçirilməsi barədə hazırlanan tədbirlər planını təsdiqləyir.
  Səmimi ovqat ruhunda reallaşdırılan bu tədbirlər xalqımızın yaddaşında çox xoş təəssürat yaradır. Müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə əsgər valideynləri ilə görüşlər təşkil edilir, onları maraqlandıran məsələlərin müzakirəsi aparılır. Rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər  və rayon ictimaiyyətinin təmsilçiləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkir, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirak edirlər.
“Açıq qapı” günün ən böyük sosial dəyəri ondan ibarətdir ki, bu və ya digər hallarda qarşıya çıxan problemlər ordu rəhbərlərinin operativ müdaxiləsi sayəsində yerindəcə həll edilir, ictimai narazılığın miqyası məhdudlaşır. Vaxtilə kiçik bir çatışmazlıq, yaxud komandir-əsgər münasibətlərində təbii olaraq  meydana gələn adi bir inciklik biganəlik və soyuq münasibət ucbatından böyüyərək geniş əks-səda doğuran ziddiyyətli hallar yaradırdı. İndi  belə xoşagəlməz məqamlara az təsadüf edilir və problemlərin həlletmə prosesi ləngimədən başa çatdırılır.
 Bəzən elə təntənəli konsert proqramı həyata keçirilir, elə şənlik şəraiti qurulur ki, yaşanılan “Açıq qapı” xatirəsi silinməz bir tarixə çevrilir. Bəzən də qonaqlar üçün ordumuzun silahlanma sisteminə daxil olmuş müxtəlif döyüş texnikaları və silahların nümayişi təşkil olunur. Ordu ilə canlı təmas hər bir vətən övladında yüksək fərəh doğurur.
Əsgər valideynləri mənəvi cəhətdən ruhlanaraq söz demək üçün tribunaya çıxır və doğma Azərbaycan Ordusunun Cənubi Qafqaz regionunda  ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik bir ordu kimi yetişməsindən hədsiz fəxr hissi keçirdiklərini bəyan edirlər. Qüdrətli ordumuzun düşməndən üstün döyüş qabiliyyəti barədə açıqlanan fikir və mühakimələr, həmçinin əsl ordu  həqiqətləri ilə bağlı ictimai rəy məmnunluğu ixtiyarsız bir şəkildə bizi riqqətə gətirir. Heç bir halda çıxışlara məhdudiyyət qoyulmur. Ürəkdən gələn sevgi dolu əsgər ana və atalarının çıxışı sübutlandırır ki, xalqımız öz doğma ordusundan çox razıdır və düşmən üzərində qəti qələbə çalmaq üçün ordumuzun döyüş potensialının kifayət qədər qaneedici olmasından qürur duyurlar.
Bir qayda olaraq tədbirlərdə rayon icra hakimiyyəti tərəfindən əsgərlərə sovqat paylanılır, hədiyyə bəxş edilir. Zabit və əsgərlərimiz isə axırda söz alaraq göstərilən diqqət və qayğıya görə öz minnətdarlıq hisslərini səmimi sözlərlə ifadə edir və Dağlıq Qarabağ probleminin həlli naminə başlanacaq həlledici döyüşlərə tam hazır olduqlarını bəyan edirlər.
Daşnak erməniləri cəhənnəm oduna bələmək dəmi yetişməkdədir. Bəzi siyasi qüvvələr öz dar düşüncələrinə söykənərək nə deyirlərsə, deyib ürəklərini boşaltsınlar. Ordu və xalqın ümumi rəyi dəyişməz qalır: Düşmənə güzəşt edilməyəcək və dədə-baba torpaqlarımızın azadlığı uğrunda bu dəfə başlanacaq döyüşlərdə bizi yalnız qələbə gözləyir. Böyüklü-kiçikli hər birimizin yekdil rəyi belədir: Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!... 
                                                                               
                                                                                                            İbrahim MƏSİMOĞLU







Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”