ÖNDƏ OLAN BİR AĞACI GÖRÜR, LAKİN O AĞACIN ARXASINDA OLAN MEŞƏNİ GÖRƏ BİLMİRLƏR!
Torpaq işğalımızın dünəni, bu günü və gələcək həlli
barədə fikir və qənaətimiz müxtəlif olduğu qədər hüdudsuz əsəb, bezikdirici
hiddət doğurur. Xüsusən sosial şəbəkədə bu və ya digər erməni saytlarından
yayılan paylaşımları nəzərdən keçirən zaman özümüzü danlayırıq, bəzi vətəndaşlarımız
söyüşə güc verir, ölkə rəhbərliyimizin Dağlıq Qarabağ problemi ilə bağlı səbirli
mövqeyini tənqid atəşinə tuturlar. Ümumiyyətlə təqsir hamının adına yazılır.
Gileylilər arasında milli maraq və dəyərlərimizi ayaqaltı edənlərə də təsadüf
edilir. Hər şey anlaşıqlıdır. Lakin məsələnin bir görünməz üzü var. Axı, başbilən
hikmətli söz adamları deyirlər ki, kimisə dərindən anlamaq istəyirsənsə, onun nə
dediyini yox, nə demədiyini aşkarla.
Məsələn, bu günlərdə qondarma
respublikanın əldəqayırma prezidentinin köməkçisi Tiqran Abrahamyan yeni hərbi
hissə yataqxanasının istifadəyə verilməsi barədə sosial şəbəkədə məlumat vermişdi.
Məlumatla yanaşı qoyulmuş fotoşəkillərə baxdıqca ixtiyarsız olaraq sinirlərimiz
odlanırdı. İlk baxışdan görünürdü ki, döyüş bölgəsi olsa da, istifadəyə verilən
hərbi hissə müasir tələblər səviyyəsində hazırlanıb. Açıqlanırdı ki, yeni hərbi
hissələrin yaradılması prosesi 2020-ci
ildə də davam etdiriləcək. Bir neçə gün əvvəl isə Cəbrayıl rayonunda daha bir hərbi
hissənin açılışı olub. Nə isə... gerçəklik ondan ibarətdir ki, erməni erməniliyindən
geridə qalmır.
Gəlin
faktlara bir neçə rakursdan işıq salaq. Öncə onu deyim ki, döyüş bölgəsində gedən
quruculuq işlərinə dair düşmən tərəfdən də baxışlar əks mövqelidir. “Ermənistan
iqtisadiyyatı” saytında Armen Babayan sözügedən hərbi hissə yataqxanasının
tikintisi ilə bağlı belə rəy yazır: “ Ümid edirəm ki, divarlar içi boş bir
blokdan qoyulmamışdır, yoxsa adi yivaçanla deşilə bilər”. Başqa birisi isə belə
söz atır ki, yeməkxanası niyə köhnə üslubdadır. Müsbət münasibət göstərənlər də
var. Bəc, biz nə deyirik? Təbii ki, fikirlər acıqlıdır. Daşnakların belə arxayın tikinti və quruculuq işlərinə əsaslanaraq deyirik ki, düşmən həm Dağlıq Qarabağda, həm də ətraf
rayonlarda həyəcansız yaşamaqdadır və İrəvanın Dağlıq Qarabağ problemini sülh
yolu ilə həll etmək barədə bəyanatları riyakarlıqdan başqa bir şey deyil. Yəni Ermənistan tutarlı yumruq yeməsə, öz
işğalçılıq siyasətindən imtina etməyəcək.
İctimai tələblər kəskin şəkildə qoyulur:
Dağlıq Qarabağ müharibə yolu ilə azad edilməlidir, başqa yol yoxdur. Bəs, deyiməyən
digər münasib bir yol varmı? Nələr deyilmir, hansı mətləb aşkarlanmır? Bu suallara
cavab verməzdən öncə “Ermənistan iqtisadiyyatı” saytında İrəvan şəhərində bəzi
yaşayış binalarında liftlərin təzələnməsi ilə bağlı iki erməni fikrini misal
çəkmək istəyirəm. Liftlərin təzələnməsindən
azacıq sevinən Arutyun Akopyan yazır ki, dövlətin pulu lazımi yerlərə
xərclənmir, Serj Sərkisyanın vaxtında belə deyildi, büdcənin pulları onun
dəstəsinin ciblərinə gedirdi. Pullar talan edilirdi. Spartak Yegiazaryan
adlı başqa bir erməni isə fikrini daha sərt bir şəkildə ifadə edir: “Taron
Markaryan 7 il şəhərin meri idi, heç bir şey etməmişdi, yalnız torpaqları
satmış və pulları cibinə yığmışdı. Ayk
bir il ərzində zibil problemini həll etdi...”
Qərəz, həm ermənilər, həm də öz
vətəndaşlarımız tərəfindən deyilmiş fikirlərə müəyyən qədər aydınlıq gətirdik. Faktlar
anlaşma baxımından qaneedicidir. Əks tərəfdə, yəni Ermənistanda aparılan siyasi
kursda tükənməyən nöqsanlar, çətin və
yüngül düzəlişləri zəruri edən sosial çatışmazlıqlar, siyasi qarşıdurmalar, habelə
hərbi xətalar, taktiki səhv və boşluqlar xirtdəyə qədərdir. Bəzən sülh
danışıqlarında daha əhəmiyyətli strateji istiqamətlər üzrə prinsipial səhvlər
edilir, hətta düzəlməz nəticələrə gətirib çıxara biləcək yanlış fikirlər
söylənilir. Di gəl ki, həmin sadaladığımız hallara baxmayaraq erməni diaspor təşkilatları “erməni
soyqırımı”nın tanınması üçün kütləvi şəkildə təbliğat səylərinə dəstək verməklə
yanaşı xeyriyyə işi görür, Ermənistanın iqtisadi inkişafı üçün daim
maliyyə vəsaiti ayırır və bu istiqamətdə dayanma yoxdur. Bax, bu məsələyə
istinadən bizim tərəfimizdə deyilməyən,
lakin əsas mətləb sayılan bir məqamı vurğulamaq gərəklidir. Sual olunur: Düşmən
tərəf savaş təhlükəsi ola-ola Dağlıq Qarabağda niyə tikinti və abadlıq işlərini
kəsmir?! Dığalar, görəsən, daha çox kimə arxalanır?! Kəsə deməliyik ki, bu
reallığın arxasında daha çox erməni
hakimiyyətinin tamahı durur. Hər tikinti, yaxud abadlıq işində xeyli pul
yuyulur və şəxsi ciblər dolur. Bu gün Ermənistan məhkəmələrində Robert Koçaryan
da, Serj Sarkisyan da məhz o yeyintilərin əsas qurbanı kimi ittiham edilir. Çox
şükürlər olsun ki, artıq erməni erməniyə qənim kəsilməkdədir. İnşallah, dığa
dığanın qanını içdikcə bizi narahat edən bütün məsələlər asan bir axarla öz
həllini tapacaqdır.
Hər bir halda gerçəkliyi dana bilmərik. Hələ
də ürəklərimizdə səksəkə, baxışlarımızda intizar qalmaqdadır. Təki səbrimiz
tükənməsin. Bu günümüzün bir aktual tövsiyəsi var: Torpaq işğalına dair bütün məsələlərin
dərinliyinə baş vura bilməyən bəzi vətəndaşlarımız, necə deyərlər, öndə olan
bir ağacı görür, lakin o ağacın arxasında olan meşəni görə bilmirlər! Bu
qəbildən olan bədbin yurddaşlarımızı daha dərindən düşünməyə və nikbin olmağa
səsləyirik...
İbrahim MƏSİMOĞLU
müharibə
veteranı, ehtiyatda olan polkovnik-leytenant
Erməni mənbələr: 1. https://vk.com/wall-96067016_82631
2. https://vk.com/wall-96067016_82490

Комментарии
Отправить комментарий