HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ
Nacins ermənilərə qarşı savaşın əvvəlində
hər cür ağrı və ilkin çətinliklərə dözə-dözə Azərbaycan Ordusunun bünövrəsini
qoyan 701 saylı motoatıcı briqadanın 7 tibb işçisi vətən yolunda canını fəda etmişdir. Onlar həmişə
var olan, xatirəsi əziz tutulan müqəddəs
ruh dünyamızda yaşamaqdadır. Şəhadətə yetişən bu qəhrəman oğullar heç vaxt
unudulan deyil. Onlardan ikisi feldşer,
biri sanitar, ikisi sanitar sürücü, biri sanitar-təlimatçı, biri isə həkimdir.
Bu şəhadətliyin içərisində hərbi həkimliyin Kamil zirvəsindən söz açmaq istəyirəm.
Bəli, həqiqi mənada Kamil! Ona pay verilən ömrünü yurduna, xalqına bəxş edən
bir igid... Daim könlü açıq, yolu açıq olmuş bir vətənoğlu...
Fərqli döyüş yolu keçən, hərbi həkim
olsa da, zəruri hallarda əlinə silah alaraq düşmənlə qabaq-qənşər vuruşan və hərb
tariximizə adını şərəflə yazan Kamil Həsən oğlu Əliyev yüksək sayğılı müqəddəs
ömür qazanan şəhidlərimizdən biridir.
Gənc
istedadlı hərbi həkim Kamil Əliyev min bir sifətə girən erməni əməlbazlığının təsirindən
nə qədər acı günlər yaşasa da, heç vaxt taleyindən şikayət etməzdi. Qərbi Azərbaycan
torpağının ona bəxş etdiyi məğruranə hərəkətləri ilə vətənsevərlərin qəlbinə tez
yol tapırdı. Bütün varlığı ilə bağlandığı doğma yurdunu – hazırda murdar daşnak
nəfəsi içində boğulan Göyçə mahalının Toxluca kəndini yadından çıxara bilmirdi.
Vətən söhbəti, yurd təəssübkeşliyi önə çəkilən yerdə onun əməlpərvərliyi hər kəsi
heyran edirdi. Səngər həyatına da təsadüfən qovuşmamışdı. Hərbi çağırış məntəqəsində
onun hərbi xidmətə göndərilməsinə razılıq verilməmişdi. Çünki ümumi fiziki vəziyyəti
qənaətbəxş olsa da, gözləri çox zəif görürdü. Bir həftəlik get-gəldən sonra yalnız
hərbi həkimliyi və hədsiz vətənpərvər münasibəti nəzərə alınaraq arxa cəbhədə
xidmət etmək məqsədilə Kamilin göndəriş sənədləri imzalanmışdı.
Qürur doğuran səngər həyatında xoş xatirə və ümidlərlə xidmət etməyi sevən
Kamil Əliyev qarşıya qoyulan təcili tibbi tapşırıqları yerinə yetirmək, yaralı
döyüşçüləri güllə yağışı altında ölümün ağzından almaq üçün təhlükəli hallarla
üz-üzə gəlsə də, bu xüsusi cəsarət və mərdlik
tələb edən əməllərindən mənəvi zövq alırdı. Ağır vəziyyətə düşən yaralı
döyüşçülərimizə müntəzəm qan verirdi. Təxliyə işlərində həmişə can atırdı ki,
birinci olsun. Bu az imiş kimi ona ağır hərbi əməliyyatlardan sonra müəyyən
sakit günlərdə komandanlıq tərəfindən məhdud dincəlmə dəqiqələri ayrılsa da,
Kamil həkim yenə boş dayanmır, bütün vaxtını zəruri xidməti işlərin icrasına sərf
edirdi. Gözlərinin zəif görməsinə baxmayaraq tükənməz fiziki enerjisi vətənçilik
istəyindən doğan ağrı və əziyyətlərlə həmahəng gəlirdi. Savaş fədakarlığı ideal
arzularının gerçəkləşməsi yolunda ən dəyərli vastə sayılırdı. Görmə çətinliklərinə
görə ön xəttə getməyini rəva görməyənlər belə məsul məqamlarda şərtsiz olaraq Kamil
həkimlə razılaşırdılar.
Toğana kəndi... Göygöl rayonunun bu dağ vüqarlı kəndi çox möhtəşəm
qaya-səngərləri ilə döyüşçülərimizin mübarizliyini qranitləşdirən Murovdağın
sıldırımlı qoynunda erməni işğalçılarına qarşı gedən qarlı-çovğunlu vuruşmalar
barədə çox məlumatlıdır. Burada yerləşən 701 saylı hərbi hissənin hərbi səhra
hospitalının fəaliyyəti kəndin tarixi yaddaşında daha çox yer tutur. Bütün fəsillərdə
tükənməz mənbəyini Murovdağın zirvələrində sızqa-sızqa qaynayan durna gözlü
bulaqlardan götürən Kürəkçay hospitalın yanından axıb-keçir. Çayın gecəli-gündüzlü
kəsilməyən şırıltısı, ətraf meşədən qopan quşların şaqraq nəğməsi və kənd təbiətinin
xoş nəfəsi burada müalicə olunan
döyüşçülərdən ötrü sanki məlhəmə cevrilmişdi. Qanlı-qadalı döyüş səhnəsindən bu
şəfa ocağına yaralı axını artan zaman
içimizə nüfuz edən həyəcan seli sadalanan gözəlliklərin nəşəli təsirini heçə
endirir, halımızı qarışdırırdı. Bizi xoş hal edən yalnız öz şəfqətli əməlləri
ilə ölümü öldürən hərbi həkimlərin fədakarlığı idi.
1993-cü ilin yay aylarında 701 saylı motoatıcı
briqadanın döyüşçü heyəti ön atəş mövqeyində möhkəm durmaqla yanaşı ehtiyata
çıxarılmış bölmələrlə güclü döyüş hazırlığı aparılırdı. Kəlbəcər işğalının
hayıfını almaq üçün əsaslı tədbirlər görülürdü. Söz yox ki, düşmən qüvvələri bu
hazırlıqdan duyuq düşmüşdü. Daha ətraflı məlumat əldə etmək məqsədilə erməni təxribat-kəşfiyyat
qrupu iyun ayının 5-də gecə radələrində Murovdağ silsiləsinin sıldırımlı dağ
keçidlərindən keçərək Toğana kəndinədək gəlib-çıxmışdı. Keçilən yol az deyildi
və düşmən bu qədər cəsarət göstərməklə özünü tam təhlükə altına salmışdı. Onlar
zənn etdiklərinin əksini gördülər. Briqadamızın hərbi səhra hospitalının
qarovul xidmətinin sayıqlığı erməni təxribat-kəşfiyyat qrupunu daha çox vahiməyə
salmışdı. Nəzarət-buraxılış məntəqəsi tərəfindən keçə bilməzdilər. Çünki işıqlı
idi. Ətraf aydın görsənirdi. Təxminən gecə saat 02.00 radələrində “dil” tutmaq
məqsədilə hospitalın iki cinahından həyətə soxulmağa cəhd etdilər. Həmin
istiqamətlərdə həm zil qaranlıq hökm sürürdü, həm də çayın şırıltısı hərəkət və
danışıq səslərini udurdu.
Bu dəqiqələrdə qarovul və növbətçi
tibb heyətindən savayı hamı yatırdı. Kamil Əliyev yatağına girsə də, hələ gözünə
yuxu girməmişdi. Görünür, bu da taleyin bir sınaq məqamı imiş. “Həyəcan”
siqnalı verilən zaman o, erməni kəşfiyyatçıları ilə vuruşan qarovul əsgərimizin
köməyinə birinci yetişdi. Sayı dəqiq bilinməsə də, aşkarlanmış düşmən qaçmağa
üz tutdu. Hospitalın həyətindən uzaqlaşdıqca qaranlıq qatılaşır, göz gözü
görmürdü. Qərargahdan kəşfiyyat bölüyümüz gələnədək bütün tibb personalı əlinə
silah alaraq nə qədər görünməz olsalar da, daşnakların qarasınca atəş açdılar.
Güllə səslərinə diksinən kənd
camaatı da oyandı. Səksəkəli halda çölə çıxan hər kəs öz həyət işığını
yandırdı. Ətrafda qismən işıqlanma əmələ gəldi, lakin erməni kəşfiyyatçıları
gözə dəymirdi. Onlar bir göz qırpımı içərisində ilim-ilim itmişdilər. Kamil həkim öz silahdaşlarına nisbətən daha
çox riskli hərəkətlər edirdi. O, əsgər Cəlal Mikayılov və Əziz Qurbanovla yan-yana
irəliləyir və müşahidə apara-apara atəş açırdı. Ondan iki-üç addım kənarda irəliləyən qarovul əsgərimiz Rizvan Əhmədov həkimin iradəli
xarakterinə bələd olsa da, geri çəkilməyi xahiş etdi:
– Həkim, onlar sayca cox
deyil, xahiş edirəm geri çəkilin. Onları əzməyə bizim gücümüz çatar.
– Əsgər, narahat olma, siz sağa-sola
tez seyrəlin ki, bu murdar dığaların qaçmağa imkanı olmasın...
Kamil həkimin ağzında sözləri
qurtarar-qurtarmaz düşmən tərəfindən özünümüdafiə üçün çalın-çarpaz halda geriyə atılan
güllərə tuş gəldi. Onu iki güllə
tutmuşdu. Biri ürəyinə dəymişdi. Neçə-neçə nər igidimizi amansız ölümün
caynağından alan Kamil həkimin özü bu dəfə ölümə baş əyməli oldu və sağalmaz
güllə yarasının ağrısı bütün döyüşçü yoldaşlarına sərt acılar yaşatdı...
Bir həftə sonra Kamil Əliyevin
çoxdan gözaltı elədiyi sevgilisinə nişantaxma mərasiminin keçirilməsi nəzərdə tutulmuşdu.
Nişan üzüyü, hətta nişan bəzəyi vurulası quzu Toğana kəndindən alınmışdı. Əfsus
ki, Kamilin bu arzusu çin olmadı. Hərbi səhra hospitalı qəm dəryasına batmışdı.
Həm hərbi həkimlər, həm tibb bacıları, həm də əsgərlər hamının boğazını sıxan qəm
zəncirini qırmağa cəsarət etmir, haldan-hala düşürdülər. Nəhayət, motoatıcı
briqadanın düşmənə qarşı həyata keçirdiyi növbəti hərbi əməliyyatqabağı tibb
bölüyünün komandiri kapitan İmran Qurbanovun şəxsi heyət qarşısında Kamil
Əliyevin yüksək vətənpərvərliyi, yurd naminə fədakar əməlləri, habelə düşmən
qüvvələrindən onun intiqamının alınması barədə təsəlliverici çıxışından sonra
müəyyən qədər mənəvi toxtaqlıq əmələ gəldi və nişan üçün alınmış quzu Kamil tərəfindən
boynuna salınmış ipdən açılıb sərbəst buraxıldı...
Kamil həkimin kamillik sükanı onun
ağıl və iradəsinin ixtiyarında idi. Bu ixtiyarilik mənəvi güc ehtiyatını daim zənginləşdirirdi.
Verilən ömrün yetkin cağından etibarən ata-anası ilə yanaşı doğma yurda özünü borclu
sanmış bu saf qəlbli igidimiz öz hədəfinə tez yetişdi. Candan əziz tutduğu ulu
vətənə borclu qalmadı – şəhadət şərbətini içərək müqəddəsliyə qovuşdu...

Комментарии
Отправить комментарий