ÇAPÇI İNDİ İGİD KOMANDİRDİR



Cəbhədən əvvəlki Elmanla indiki Elmanı bir-birinə oxşatmaq olmur. Üzüntülü psixoloji məqamlar onun sakit, mülayim təbiətini dəyişib. Lakin ana südü ilə qəlbində lövbər salan Vətən məhəbbətinin özül daşları nə sınıb, nə də laxlayıb.
Kiçik leytenant Elman Həsən oğlu Quliyev vətən səngərinə girməsinin səbəblərini belə nəql edir:
- “Azərbaycan” nəşriyyatında çapçı işləyirdim. Eyni zamanda BDU-nun jurnalistika fakültəsində qiyabi təhsil alırdım. Nəşriyyatda bir çox rəngli qəzetlərin çapını mən yerinə yetirirdim. Qəzetlərdə milli qeyrət, namus, torpaq mövzusunda yazılan məqalələr həyata baxışlarımı elə oynatdı ki, Qarabağ uğrunda vətənpərvərlik yürüşünə könüllü getməyi qərara aldım. İş yoldaşlarım dedilər ki, sənin əməyinə nəşriyyatda ehtiyac çoxdur. Vətənə əmək cəbhəsində də xidmət etmək lazımdır. Fikrimdən dönmədim. Dedim ki, səngər mənim kimi sağlam cavanlar üçündür. İş yerimdə məni əvəz edən tapılar.
1 noyabr 1991-ci il. Bu tarixdə Elman “N” hərbi hissəsinin əsgəri kimi cəbhə həyatına başladı. Qanlı-qadalı həyatı, amansız ölümü daha yaxından gördü. Doğma torpağa övladlıq borcunu igidliklə yerinə yetirdikcə heç vaxt özündən razı qalmayan Elman odlu ürəyinə minnətdar oldu. İnsanın hər üzünü mikroskop kimi açıb göstərən ordu çətinlikləri, ölümü qoynunda gəzdirən, el cəngavəri yetişdirən soyuq səngər şəraiti onu fiziki cəhətdən aşınmaya məruz qoysa da, bəzən bədbinliyə qapılsa da, aslan ürəkli, el qeyrətli cəbhədaşları Elmanı yaşatdı, ümidlərini sönməyə qoymadı. Haçansa bütün varlığı ilə jurnalist olmaq istəyən Elman cəbhə həyatında yalnız iki dəfə əlinə qələm aldı. Yazı-pozu işi onu qane etmədi. Hərbçi olmaq, milli mənliyimizin paklığını silahla qorumaq arzusu şəxsi iradəsinə güc gəldi.
Sözarası bir sual verdim:
- Gələn il jurnalist diplomu alacaqsan. İnşallah, o vaxta qədər dava da qurtarar. De görək, yenidən öz iş yerinə qayıdacaqsan, ya yox?
Cavab qəti oldu:
- 2 il 5 aydır ki, döyüşlərdəyəm. Orduya sıravi əsgər kimi gəlmişdim. İndi kiçik leytenant hərbi rütbəsi almışam. Bölük komandiriyəm. Gənclik həyatım tamam başqalaşıb. Bəzən özüm-özümü tanıya bilmirəm. İnanmıram ki, diplom alsam da, jurnalist olum. Mən artıq müharibə alovunda diplom alan hərbçiyəm və indi bu sənəti müstəqil dövlətimizdə dövrün şah sənəti hesab edirəm.
Elman Quliyevin ilk döyüşü Kərkicahan qəsəbəsində olub. O zaman inanmırdıq ki, qondarma Qarabağ problemindən doğan məhəlli münaqişələr uzunmüddətli, genişmiqyaslı müharibəyə dönəcək. Ordu quruculuğuna da az fikir verilirdi. Bir neçə mövqedə yalnız müdafiə xarakterli döyüşlər gedirdi. Elmangilin tutduğu mövqe ilə Xankəndidə yerləşən 366-cı rus alayı arasında 25 kilometr məsafə vardı. Erməni gavurları ilə gizli saziş bağlayan peşəkar rus hərbçiləri hər gecə ZDM ilə Kərkicahanın başına od ələyirdilər. Gecə əməliyyatlarında Elmangil də tutarlı cavab atəşi açırdı. Biz də itkiyə məruz qalırdıq, hiyləgər düşmən də.
...Malıbəyli kənd camaatı qara günlərini yaşayırdı. Analar, gəlinlər öz körpələrinə beşik başında dinc laylay deyə bilmir, səksəkəli ömür keçirirdilər. Həftədə bir neçə dəfə ermənilərin güclü basqını baş verirdi. Həyət-bacada yas mağarlarının sayı artırdı. Nəriman Zeynalov, dəvəçili Ədalət, bir də ki, Elman çətin günlərdə malıbəylilərə pənah gətirdilər. Onlar günahsız adamların keşiyində bir partizan kimi dayanırdılar. Bir gün yerli camaat xəbər gətirdi ki, kəndin yuxarı başında, Daşlıdağda erməni quldurları məskən salıb, dinc əhaliyə divan tuturlar. Elman iki silahdaşı ilə həmin dağa getdi. Yaxınlıqda dəmiryol stansiyası yerləşirdi. Onlar gecədən səhərədək süngü ilə üç əlverişli səngər qazdılar. Səhər 3 ədəd “KamAZ”da gələn dığaları stansiyaya yaxınlaşanda aldadıcı istiqamətlərdən atəşə tutdular. Düşmən böyük sayda tələfat verdi. Təxminən 1 ay oradan dığaların ayağı kəsildi.
İlk döyüşlərdən ordu həyatına vurğun olan Elman Quliyev müstəqil olaraq həm hərbi dərsliklərdən, həm də gündəlik atışmalardan dəyərli döyüşçü keyfiyyətlərini, hərbi sirləri əxz etdi. Ötən günləri xatırlayarkən cəsur döyüşçü çox təəssüf hissi keçirir:
- Neçə-neçə qeyrətli, qartal hünərli igidlərimizi vaxtsız itirdik. Onların qədrini bilən az oldu. Əgər dövlətimiz Qarabağın həyasız, xain, məkrli liderlərinin niyyətini poza biləcək ordumuzu vaxtında yaratsaydı, ədalətli davamız bu qədər uzun çəkməzdi. İtkilərimiz də az olardı. Gərək döyüşçüyə haqlı fərq qoyulsun. Mərdlərin mükafatı qeyrilərinə qismət olmasın.
Bu gileyli sözlərdən sonra qeyri-ixtiyari olaraq soruşdum:
- Cənab zabit, ordumuzun uğursuz əməliyyatlarını kimin ayağına yazaq?!
- Mən qanlı döyüşlərdə yetişmiş hərbçiyəm və yalnız iştirak etdiyim döyüş barədə mülahizə söyləyə bilərəm. Biz taborumuzda, həmçinin bölüyümüzdə ilk anlardan elə ordu ab-havası yaratmışıq ki, müqəddəs əsgər andına xilaf çıxmırıq, döyüşü ağılla idarə edib taktiki, operativ tapşırıqların öhdəsindən gələ bilirik. Bizdə əsgərin əsgər yeri, zabitin zabit yeri var. Təzə qüvvə qəbul edərkən işimiz bir az çətinə düşür. Amma çağırışçılar da tədricən xasiyyətimizi, savaş məharətimizi öyrənir və bizə qaynayıb-qarışırlar. Ürək sözümdür – xalqımız bizim taborun igidlərindən arxayın ola bilər. Biz döyüşməyi bacarırıq. Düşmənin güclü hərbi qüvvələri ilə üz-üzə gələndə belə ən ağır situasiyalarda az itki verir, onun gözünün odunu alırıq.

...Murovdağ döyüşündə Elman bölük komandiri olsa da, “N” silahının ekipajına özünü də daxil etdi. 30 dəqiqə ərzində silahın arxasında mətanətlə dayandı. Tuşlamanın dəqiqliyinə xətər gətirmədən 182 mərmi atdı. Düşmənin hərəkətsiz və səyyar maneələrini dağıtdı. Cəsur komandirin sərrast atışından dərbədər olmuş erməni piyadaları müvəqqəti olaraq döyüş qabiliyyətini itirdilər. Elman sonra avtomat silahı götürüb qabağa düşdü. Öz igid əsgərləri ilə bir sırada irəlilədi. Son anda patronları qurtarsa da, coğrafi şəraitdən məharətlə istifadə edib qaya daşları ilə erməni quldurlarını çaşbaş saldılar. Bu tarixi döyüşün, güclü toqquşmanın canlı şahidi olmuşam. Elmanın bölüyü elə döyüş aparırdı ki, onların qəhrəmanlığını qələmə almaqda acizəm. Kaş bir kino kamerası olaydı, döyüşün təbii mənzərəsini anbaan lentə çəkəydim. Onda gerçək bilinərdi ki, bu gün Azərbaycan ordusunda necə misilsiz qəhrəmanlar döyüşür. Bu, Elman kimi yanımcıl, cəsur komandirlərin əməyinin məhsuludur. Demək, prezidentimizin fərmanı ilə təqdim edilən “Hərbi xidmətlərə görə” medalı kiçik leytenant  Elman Quliyevin halal qismətidir.
Vətən savaşının müdhiş günlərinin ağrı-acısını ürəyində əridən Elman Quliyevin ömrünün gündoğan çağıdır. Nankor  qonşumuz dava salmasaydı, bəlkə də, indi onun ev-eşik sahibi kimi ailə, məişət qayğıları başından aşardı. Amma yaşından irəli gələn həyati zərurətlərə ana torpaq naminə göz yumur:
- Qələbəyədək subay qalmaq istəyirəm. Məncə, müharibə vaxtı sağlam kişi yalnız səngərdə olmalıdır və döyüş, qələbə haqqında düşünməlidir.
Ailədə 3 qardaş, 3 bacıdırlar. İki qardaşı tələbədir. Anası Firuzə xanım Tovuz rayonunun Pələngli kəndində kolxozçudur. Atası da torpaq adamıdır. Övladcanlı ana ürəyi yol verməsə də, ciyərparasının cəbhəyə gedişinə yalnız “əhsən” deyir. Bütün Pələngli camaatı Elmanla fəxr edir.

30 mart 1994-cü il

 P.S. Medallı igidimiz Elman Quliyev mənəvi cəhətdən çox varlı bir səngər qardaşımızdır. O, vətən üçün doğulub, vətən üçün yaşayan və lazım gələn məqamda ana yurdumuz naminə öz şirin canından keçməyə hazır olan bir cəngavərdir. Ehtiyatda olsa da, ordudan ayrıla bilmir. Hazırda Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında öz ixtisası üzrə çalışır. Döyüş kəlməsi heç vaxt dilindən düşmür. Erməni ilə sülh danışıqlarını ölkəmizə rəva görməyən igidimiz təkidlə deyir ki, “biz dədə-baba torpaqlarımızı sülh yolu ilə geri alsaq, şəhidlərimizin ruhu bizi bağışlamayacaq. Bu dünyada xain erməni barədə yalnız bir hökmü dəstəkləyirəm: erməni ölümə məhkumdur!”

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”