ŞƏHİD STATUSU KİMLƏRƏ VERİLİR?


     Şəhidlik müqəddəs bir qismətdir. Şəhid olan kəs cismən bizdən ayrılsa da, qəlbən daim bizimlədir. Vətən naminə müqəddəsləşən insanlar heç vaxt unudulmur. Qarabağ savaşı başladığı gündən etibarən ictimai həyatımızda bu mövzu adiləşib. Bəzən bu məsələ ilə bağlı müəyyən suallar ortaya çıxarılır. Çünki ordu həyatında baş verən bəzi təsadüfi ölüm hallarını  şəhidliklə əlaqələndirmək olmaz. Bəs, şəhid statusu kimlərə verilir?
      Bəri başdan deyək ki, şəhid statusu müvafiq qaydalara əsasən verilir. Həmin qaydalar Azərbaycanın azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.  İlk öncə vəsatət qaldırılır. Yəni şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının, yaxud müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Bununla bağlı hərtərəfli araşdırma aparılır.  Ölüm hadisəsi necə baş verib? Ölümün səbəbləri nədən ibarətdir? Hadisənin mahiyyətində neqativ məqamlar varmı? Bu suallara verilən dəqiq və ətraflı cavablar müvafiq məhkəmə prosesində hökmən öz təsdiqini tapmalıdır.
       Ən mühüm 4 sənəd hazırlanmalıdır. Belə ki, ölən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin və qeydiyyatda olduqları hərbi komissarlıqların verdiyi arayışlarla təsdiq olunur. Digər fərqli bir məqam ondan ibarətdir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara isə hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. Ən axırda isə hazırlanmış arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən müavinətlər verilir.

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”