“TORPAQ, QANIMIZ SƏNƏ HALALDIR!”



Bəzən acı bir sual az qalır ürəyimi deşsin: Ana torpağın işğalına dözə-dözə inildəyən qeyrətimizə kilidmi qoyulub? Rayon və şəhərlərimiz bir-bir əldən gedir, arxa cəbhə isə öz kefindədir. Belə sarsıdıcı məqamlarda “N” bölüyünün komandiri Sahib Aslanovla çox yox, beşcə dəqiqə söhbət edəndə əhvalım başqalaşır, ümidli duyğularım hərəkətə gəlir. Axır ki, təsəlli tapıram: Gündəlik azuqəmiz kədər olsa da, basılmazlığımız daimi deyil, çox müvəqqətidir bu məğlubiyyət...

Sahib kimdir? Onun dünyaya gəlişi milli vüqarımız olan Kəlbəcərin Yanşaq kəndindən başlayır. O, çox duyğulu, qəlbi düz, əməli saleh və Vətən üçün yanıb-yaxılan bir eloğludur. Sadə həyat tarixçəsi var. Bakı Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirib. Əmək həyatının tələblərinə cavab vermək üçün respublikadan kənarda ali təhsil alıb. İxtisasca qaynaq texnologiyası mühəndisidir. 1990-cı ildən Azərbaycan Neft və Kimya Zavodları Təmiri Trestində briqadir kimi əmək fəaliyyətini davam etdirib. Trest kollektivi adından Vətən müdafiəçilərinə xeyriyyə yardımı apardığı gündən belə bir qəti fikrə düşüb: “Namusumuza təcavüz edilir. Mən də bu millətin bir igidiyəm. Niyə kənarda durum? İgid ya el namusu çəkməli, ya da torpaq altına girməlidir”.
Qarabağ dərdi ilə yaşayan Sahib ilk dəfə könüllü olaraq Tərtər istiqamətində əlinə silah alıb. Seydimliyə, Səhlabada düşmən hücumu zamanı müdafiə dəstələrində fəal iştirak edib. 1992-ci ilə kimi qeyri-rəsmi döyüşçü olub. Sonra Bakı şəhəri Nizami rayon hərbi komissarlığına müraciət edib ki, onu qanuni yolla ordu sıralarına yazsınlar. Lakin bu nəcib təşəbbüsünə soyuq cavab verilib. Şəxsi işində ürək çatışmazlığı xəstəliyi qeyd edildiyinə görə komissar Sahibi döyüşə yararsız  sayıb. Doğrudan da, igid ilqarından, dəvə isə ovsarından dönməz. Xeyli get-gəldən sonra Sahib arzusuna çatıb: “Kənarda nöqsanlı ürəklə dərd çəkib ölməkdənsə, Vətən səngərində şəhid olmaq şərəflidir” sözünün qabağına komissar münasib söz tapa bilməyib.
Mayor Ç. Əliyevin başçılıq etdiyi taborda Sahib taqım komandiri təyin olunanda Vətən müharibəsinin ən yaslı-ələmli günləri keçirdi. 1993-cü il mart ayının axırı idi. Tabor Çiçəkli yüksəkliyinə qalxmışdı. Kəlbəcərə göstərilən xəyanətə heç kim inanmaq istəmirdi. Camaatın təlaş hissi artmaqda idi. Sahib öz taqımı ilə tuneldən gələn yolu bağladı ki, qaçhaqaç hay-küyü içərisində boğulan əsl həqiqətləri öyrənsin: Kəlbəcər niyə boşalır? Onu satan kimdir? Nəhayət, Sahibgilə də əmr gəldi ki, geri çəkilin və mühasirədən çıxan mülki qüvvələrə kömək göstərin. Kəlbəcərin dağ yollarının hər cığırını yaxşı bildiyinə görə komandir Sahiblə məsləhətləşirdi. Çıxılmaz  vəziyyət yaranmışdı: ev-eşiyini qoyub qaçan əhaliyə kömək etməli, ya düşmənlə döyüşə girməli? Anaların ahından, qarğışından, uşaqların naləsindən özünü itirmiş əsgərlər mövqe tutmaq üçün Qamışlı kəndinə düşdülər. Bir “Ural” maşınında xeyli yaralı gətirdilər. Sahib bələdçilik etməyi öhdəsinə götürdü və xeyli mülki qüvvəni vəhşiləşmiş ermənilərin əlindən xilas edə bildi. Camaatı yola salsa da, sakitləşmədi. Doğma kəndi Yanşağa qayıtdı. Lakin gec idi. Kəlbəcər təslim olmuşdu. Sahib isə Yanşağı döyüşsüz tərk edə bilmirdi. Gözləri sözünə baxmırdı. Damla-damla axan yaşları tez-tez silib itirirdi. Fəqət, düşmən texnikası Meydançayına düşdü. Bu zaman Sahib dayanıb durmağı faydasız saydı. Üz tutdu Ömər aşırımına. Yolda nələr tökülüb qalmışdı. Xəcalət təri basa-basa yollara atılmış pulemyot və avtomatları yığıb yüksəkliyə qaldırdı. Bu minvalla Kəlbəcər süqut etdi.
Doğma diyarı Kəlbəcərin işğalına Sahib çox acıyır: “Kəlbəcəri düşmən ala bilməzdi. Heç nədən təslim oldu. Mən indi yaşamağı şərəfsiz hesab edirəm. Çünki Kəlbəcərin işğalçılara verilməsi ilə biz öz doğma torpağımızı və namusumuzu təhqir etmişik. Namus ləkəsi tezliklə yuyulmalıdır. Yalnız qan ilə. Mən gözlərimlə görmüşəm. Əsir düşmüş ana-bacılarımız, qız-gəlinlərimiz erməni kötəyi yeyir, erməni dəyənəyi altında soyuq çay sularında paltar yuyurlar. Bu halda hansı kişilikdən danışa billərik? Kəlbəcərli tanıyıram ki, toyda yeyib-içib kişilik sağlığı deyir. Bu, olsa-olsa, yalnız nakişilikdir. Dözüləsi müsibət deyil. Torpağı olmayanın qeyrəti yoxdur, torpaqsızlıq heçsizlikdir”.
1 iyun 1993-cü il tarixdən Sahib taqım komandiri vəzifəsindən azad olundu. Ona “N” bölüyü komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsi təklif edildi. Bu təyinat əsassız deyildi. Çünki hərbi təhsili olmayan bu igid əməliyyatlarda əsl döyüşçü təmkini, hiyləsi, yüksək döyüş bacarığı göstərirdi. Açıq demək lazımdır ki, heç kəs keçilməz dağ yüksəkliyi ilə ucalan Murovu aşmağa ürək etmirdi. Sahib isə bu işin öhdəsindən mətanətlə gəldi. Qabiliyyətini, döyüşçülük dözümünü, komandirlik səriştəsini nəzərə alaraq kursa getmiş bölük komandirinin vəzifəsinin icrasını da Sahibə həvalə etdilər. 3 aydır ki, bu vəzifəni hərbi tələblər səviyyəsində həyata keçirir. Belə ağır, təhlükəli və məsuliyyətli işin müqabilində lazımi qədər hərbi təcrübəsi, ali təhsili olsa da, Sahibə zabit rütbəsi verilmir. Bu barədə hərbi hissə komandiri bir neçə dəfə nazirliyə təqdimat göndərib. Amma qaneedici nəticə yoxdur. Deyirlər ki, gərək hərbi təhsil alasan. Ailəsini ağır vəziyyətdə qoyub orduya könüllü gələn Sahib indiyə kimi komandir vəzifəsini icra etsə də, qəpik-quruş alır. Ailə çətinliyi, ordu zilləti onu boğaza yığır, lakin el namusu geri getmək istəyən ayaqlarının yolunu kəsir. Bölük əsgərləri möhkəm ülfət bağladıqları komandirə “yoldaş sıravi Aslanov” deməyi özlərinə sığışdırmır və təsəlli üçün “Sahib dayı” deyirlər.  Bu “dayılıq” yaş həddinə görə deyil. Onu hörmət mənasında “dayı” deyə çağırırlar. Bəlkə də, ordumuzda Sahib yeganə komandirdir ki, “dayı” rütbəsini daşıyır.
5 İYUN 1993-cü İL. Bakıdan Murovdağ döyüş bölgəsinə əsgərlər gəlmişdilər. Onlara başçılıq etmək vəzifəsi Sahibə tapşırılmışdı. Daş-kəsəkli dağ cığırlarını gözüyumulu getməyi bacaran cəsur komandir hamını arxayın etdi ki, qarşıya qoyulan tapşırıq uğurla yerinə yetiriləcək. Hərçənd, bəziləri şübhə etdilər. Sahib nəinki düşmənin ön postunu arxadan müşahidə etmək, hətta lazım gələrsə “dil” gətirmək – canlı qüvvə ələ keçirmək fikrini də söylədi. Əməliyyat başlandı... Ərazidə qarın həddindən artıq qalın olmasına görə döyüşçülər irəli getməkdən imtina etdilər. Hərə bir ehtimal söylədi. Qar uçqunu təhlükəsinə baxmayaraq, Sahib irəli getməyi qərara aldı: “Kora deməzlər ki, indi gecədir, ya gündüz! Biz əmr almışıq. Gəlin, yolüstü bəd danışmayaq”. Döyüşçü yoldaşı Xaqani onun tək getməsinə dözmədi və könüllü olaraq Sahibə qoşuldu. Xeyli yol gedib zirvəyə qalxdılar. Murdar erməni istilaçılarının əlində viran qalmış Kəlbəcər əl içi kimi görünürdü. Birdən Sahibin gözünə yarımboğaz çəkmə altlığı izi dəydi. Ehmalca dilləndi:
- Xaqani, görürsənmi izi? Burada nəsə olub. Sən məni müdafiə et, qoy qabağa sürünüm, bəlkə, bir şey əldə etdik. Ola bilməz ki, ötən dəfəki atışmadan bir erməni zərər çəkməsin.
- Komandir, gəl ehtiyatlı olaq. Erməni xəbər tutsa, əməliyyatımız pozulacaq.
- Özünü ələ al, igidin başı qalmaqalda gərək. Bu soyuğa erməni dözüb burada qalmaz.
Xaqani sakitləşdi: “Mən komandirin əmrinə tabeyəm”. Sahib çəkmə altlığının izi ilə sürünə-sürünə qayalığa yaxınlaşdı. Qabaqda üzü üstə uzanmış bir nəfəri görəndə ürəyi atlandı. Şadyana Xaqaniyə sarı dönüb başını özündən razı halda silkələdi və təmkinlə “əla, əla... mən deyəndir”, - dedi.
Məlum oldu ki, 5 gün əvvəl atışma zamanı erməni kəşfiyyat qrupunun tərkibində əməliyyatda iştirak edən rus əsgəri dağdan uçmuş və erməni silahdaşları onu köməksiz qoyduğuna görə boranda donmuşdu. Meyitin üstündə hazır vəziyyətdə bir ədəd avtomat silah, 4 ədəd F-1 qumbarası, süngü-bıçaq, 600 rubl pul aşkar edildi. Sahibgil əsas qrupu köməyə çağırdı. Qaranlıq qarışan kimi meyiti aşağı endirdilər. Həmin əməliyyatın uğurlu keçməsinə görə həm Sahibin, həm də Xaqaninin 20.000 rublla mükafatlandırılması barədə sərəncam verildi. Təəssüf ki, bu sərəncam yalnız söz olaraq qaldı.
Sahib Aslanov hərbi hissədə suyuşirin, xoşsifət, mədəni insan, diribaş, tədbirli, tələbkar komandir kimi sevilir. Düşmən gözündə isə çox zəhmli, qorxulu komandir kimi izlənir. Bu, Sahibi heç narahat etmir. Həyatını daim risqə qoyur. Nə təşəkkür, nə də mükafat almaq üçün vuruşmur. “Mənim mükafatım xalqımın azadlığıdır”,  - deyir. Kəlbəcərin işğalından sonra xarabazara çevrilmiş doğma rayonunda dəfələrlə azğın ermənilərlə döyüşə girib. Meydançayda 2 düşmən texnikasını sıradan çıxarıb. Düşmənin ön postunu 8 nəfərlə darmadağın edib. İki erməni qaçıb canını qurtara bilib. Köməyə gələn qüvvələr döyüşçülərimizi mühasirəyə alıblar. Lakin mühasirədən mərdliklə çıxıblar. Ümumən desək, Sahiblə keçən əməliyyatlarda çox az itki verilib.
- Uğurların səbəbi nədir?
- İstər əməliyyat prosesində, istərsə də mühasirə zamanı əsgərlərim özlərini mərd və soyuqqanlı aparırlar. Uğurumuzun əsasını mənim əsgərlərə, əsgərlərin mənə inam hissi təşkil edir. Bütün əməliyyatlarda müstəqil surətdə qərar çıxarıram. Heç vaxt arxadan kömək gözləmirəm. Hər an hiss edirik ki, torpaq uğrunda ölümə doğru gedirik. Lakin onu da bilirik ki, bu ölüm şərəfli ölümdür.
Ulu adətimizdir: Yerə düşmüş bir tikə çörəyi götürüb ehtiramla öpürük və gözümüzün üstünə qoyuruq. Hər anı ölüm qoxulu bu döyüşçülərin həyatında həmin müqəddəsləşən adətin bir bənzəri var. Onlar ayaq basdıqları doğma yurda əyilib torpağı öpür və dodaqaltı pıçıldayırlar: “Məğrur dur, ana torpaq, sənin nicatın üçün şəhid olmağa gəlmişik, qanımız sənə halaldır”. Torpaq öpüşü igid dizinə taqət, qoluna güc gətirir. Sahib bu tükənməz güc mənbəyinə bel bağlayır...

“Azərbaycan Ordusu” qəzeti,
10 noyabr 1993-cü il


P. S. Sahib Aslanov indi ehtiyatda olan bir zabit kimi dinc həyat yaşasa da, doğma yurdu Kəlbəcəri unuda bilmir. Dünyaya göz açdığı Yanşaq kəndi tez-tez yuxusuna girir. Bu səbəbdən də səngər ağrıları ucbatından qazandığı xəstəlikləri canından çıxara bilmir. Əgər işğal dərdimizə son qoyulsa, çox ehtimal ki, Sahibin bütün xəstəlikləri birdəfəlik yoxa çıxacaqdır...

                                                                                                          İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”