ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!


       Əsl insan övladı həm yaşamalı, həm də yaşatmalıdır. Şükürlər olsun ki, Qarabağ dərdimiz canüzücü dərdimizə çevrilsə də, Azərbaycan adlı sosial dünyamız mənəvi baxımından kəsirli deyil. Cəmiyyətimizin iki mühüm qüvvəsi kimi kişilərimiz  də, qadınlarımız da öz fərqli dəyərləri  ilə seçilir və ulu vətənimizi mərdanə yaşatmağa can atırlar.
        Pozulmaz mənəvi dəyərləri müstəqil fəaliyyətində birləşdirən yurddaşlarımız ictimai həyatımızda xüsusi ad sahibi olur, üstün mövqe tuturlar. Söz yox ki, öz şəxsiyyətinə hörmət qoyan hər bir kəs qazandığı milli və şəxsi dəyərlərini daim qorumalı, daha dərin və ülvi məziyyətlərlə zənginləşdirməlidir. Bu gün yurda laqeydlik bizdən ötrü ölüm deməkdir. Kişi olan kəsin ən şərəfli qisməti ana vətənimizə əsgər olmaqdır. Obyektiv səbəblərə görə əsgərlik həyatını yaşamaq şansını əldə edə bilməyənləri də qınaya bilmərik. Bu da bir fərqli taledir. Hər qəlbin vətənimiz üçün öz töhfəsi var. Dar günümüzdə hamı sınaqdan çıxmaqdadır. Qaranlıq gecələr olmasaydı, bizə işıq verən ulduzları biz necə görüb sevə bilərdik?!
         Biz çox qürurlu bir xalq olaraq heç vaxt dədə-baba torpaqlarımızın işğalına dözən deyilik. Peşəkar zabit və əsgər potensialımızla yanaşı maddi-texniki bazamızın gücü daim artmaqdadır. Beşik başında ana laylası ilə yanaşı Babək öyüdü alan oğullarımız öz əsgərlik ömrünü ləyaqətlə yaşayırlar. Nə qədər işğal dərdi çəksək də müharibə xofu içimizə girməyə imkan tapa bilməyəcək. Xain qonşumuza qahmar çıxan dili uzun siyasətçilər  dilindən, əli uzun olan ermənipərəstlər isə əlindən məhrum olacaqlar. Murdar xislətli səfeh hay liderləri, necə deyərlər, haydan gəlib vaya doğru gedirlər. İnşallah, mətin və basılmaz Azərbaycan əsgəri onların insanlığa yad olan kirli qanlarını çox axıdacaq və qəti qələbəmiz üçün bütün real imkanlarımız tezliklə gerçəkləşəcəkdir. İkili standart bəlası cövlan edən beynəlxalq siyasi arenada bizə tuş gələn qaranlıq kölgələr Ali Baş Komandanımızın kəsərli söz qılıncının işığı ilə boğulacaqdır.
       Ötən il Müdafiə naziri Zakir Həsənovun ordumuzun şəxsi heyətinə ünvanladığı  müraciət yaxşı yadımızdadır: "Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir. Bu gün siyasi-iqtisadi, həmçinin hərbi potensialına görə regionda lider olan ölkəmiz bu məsələni həll etmək üçün kifayət qədər gücə malikdir. Hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir".     
        Əlbəttə, çox mükəmməl bir müraciətdir. Qoy, düşmən papağını qarşısına qoyaraq düzgün qərar çıxarmaq barədə düşünsün. Yoxsa ikinci aprel tufanı qopacaq.  Düşməni qana bulayacaq kinimiz heç vaxt susan deyil. Savaş meydanında qana qan almağa daim hazırıq!...
        Düşmənimiz bizə və dünyaya yaxşı bəllidir. Siyasətbaz erməni sarsaqlığı, murdar daşnak siması, başıpozuq erməni əsgəri ilə bağlı informasiyalar sosial şəbəkədə daim yayılmaqdadır. Bu günlərdə yelbeyin bir erməni əsgəri tərəfindən internetdə paylaşılan  videosüjet çox gülünc mənzərə doğurur. Ehtimal edilir ki, həmin video Talış kəndi istiqamətində qurulmuş ön xətt istehkamında çəkilmişdir. Erməni əsgər heç bir hərbi taktiki tələblərə əməl etmədən pulemyot silahından bizim tərəfə fasiləsiz atəş açarkən tez-tez yerində səndələyirdi. Az qalırdı ki, yıxılsın. Zahirən hiss edilirdi ki, sərxoş haldadır. Atəşi baş qaldırmadan icra edir və  hədəfi dəqiq müəyyən etmədən güllə sandığını boşaldırdı. Bu, iyrənc düşmən içalatını açıqlayan adi bir səngər faktıdır. Görün axmaq, biçarə və döyüşçü görkəmi olmayan bir erməni əsgəri düşkün ədalarla gözümüz qarşısında necə canlanır. Üstəlik səngərdə belə sərbəst çəkiliş aparılırsa, o zaman hansı hərbi intizam şəraitindən söz açmaq olar. Düşmən belə bir fərsiz döyüşçü heyəti ilə bizim qarşımızda duruş gətirə bilərmi?!
        Ötən hər gün bizi qələbəyə doğru aparır. Nakişiliyi üstün tutan uğursuz düşmənin canından can almağa az vaxt qalıb. Əfsus ki, düşmənin qəlbinə iti bir xəncər kimi sancılmaq əvəzinə öz əhvalımızı öz içimizdən pozmağa can atanlar da var. Belə cəhdlərə nə ad qoyaq?! “Xainliyinizdən vaz keçin” deməyə də dilimiz gəlmir. Axı, siz də bizlərdənsiniz. Şəxsi ambisiyaları, siyasi mənafeləri, qərəzli münasibətləri biryolluq tərgidin, boş və mənasız sözatmalarala düşməni özümüzə güldürməyin. Sizlərin böhtanlı söz-söhbəti ciyərimizi toz-torpağa bürüyür. Sizlərə üz tutarkən nə qədər təmkinli mövqe tutsaq da, içimiz  içimizi gəmirir. Gəlin heç bir halda şeytanla bazarlıq etməyin. Ordunun bahadarlığını şübhə altına almaq deyin görüm kimə nə verir? İnanın ki, əvvəlki Qarabağ savaşlarında ordumuz indiki qədər güclü olmayıb. İndi biz təkcə arxalı düşmənə qarşı deyil, dünya orduları üzrə sayılıb-seçilən bir qüdrətli orduya sahib çıxmışıq. Ordu rəhbərlərimiz kamil, generallarımız döyüş təcrübəli, əsgərimiz isə basılmazdır!
       Möhtərəm yurdsevər xalqımız, yurd qayəli sözümüz Sizlərədir! Allaha əmanət olun, gəlin mərdanə surətdə qalibiyyət ruhlu bəxtiyarlığımıza sahib olaq! Bizim ən güclü silahımız vətən sevgisidir. O müqəddəs və ülvi sevgini yaşadan Azərbaycan əsgəridir. Biz həmişə göydə uca Allahımıza,  yerdə isə bu gün bizləri hifz edən öz əsgərimizə qibtə etməliyik! 

                                                                                                                 İbrahim MƏSİMOĞLU
                                                    müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant


Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”